Nizami bizimlədir,
burdadır…
...Ölkələr
və xalqlar arasında sərhədləri hökmdarlar,
hökumətlər qurur, şairlər isə bu sərhədləri
dağıdırlar. Gəncədə doğulmuş və
bütün ömrünü orda sürmüş Azərbaycan
oğlu Nizami bütün bəşəriyyətə mənsubdur.
Təkcə Azərbaycanın deyil, həm də
İranın, eləcə də digər Şərq ölkələrinin
ədəbiyyatlarını Nizamisiz təsəvvür etmək
mümkün deyil. Bütün dünya mədəniyyəti
Nizamisiz daha kasıb, daha yoxsul görünərdi.
Nizami də
Homer və Firdovsi, Yunus Əmrə və Nəvai, Rustaveli və
Puşkin kimi bütün dünyanın fəxridir, amma, ilk
növbədə, əlbəttə, öz xalqının
övladıdır.
Müstəqil
Azərbaycan qurucularından Məhəmməd Əmin Rəsulzadə
böyük şairə həsr etdiyi qiymətli tədqiqatında
haqlı olaraq qeyd edir ki, "Nizami
yaradıcılığı forma (burda dil nəzərdə
tutulur - A.) baxımından Azərbaycana nisbətdə milli
deyilsə də, hissiyyat, duyğu, düşüncə,
şüur və şüuraltı varlığı ilə
yetişdiyi mühitə dərindən bağlıdır. Bu
bağlılıq bizim gözümüzdə onu azərbaycanlı
bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də
etmişdir".
Məhəmməd
Əmin Rəsulzadə Nizami dünyasında türklük
anlayışının nə qədər önəmli,
mühüm olduğunu da əyani dəlillərlə
sübuta yetirir. "Gözələ, böyüyə -
türk, gözəlliyə, böyüklüyə -
türklük, gözəl və böyük sözə -
türkcə, gözəllik və böyüklük
diyarına - "Türküstan" deyən Nizaminin əsərlərində
Rum şahzadəsi, "Rum nəslindən olan
türkdür". Bir kürd qızının gözəlliyini
ifadə edərkən o, "gözləri bir türk
gözü qədər gözəl idi", - deyir, Leylinin ətrafındakı
ərəb qızlarına "Ərəbistanda yaşayan
türklər" - deyir. "Çin padşahına -
Türk padşahı", - deyir. "Bu həbəşlikdə
türkcəmi anlayan yox" deyə şikayətlənir,
fars şeirinə onlara türk kəlməsi daxil edir.
Ümumi
türklük ruhundan başqa, Nizamini bir azəri türkü
kimi tanıdan onun əsərlərində Azərbaycan və
Qafqaz mühitinin ab-havası, ətridir.
Heç
şübhəsiz, Nizaminin mənəvi və bədii təcrübəsi,
şairin tədqiqatçıları Firidun bəy
Köçərli, Bertels, Krımski, Rəfili, Araslı, Qəzənvər
Əliyev və Rüstəm Əliyevin qeyd etdikləri kimi,
doğma Azərbaycan zəminində, Şərq və Qafqaz mədəni
arealında yetişmişdir. Gəncə, Şirvan,
Qarabağımızın bağrında Nüşabə
şəhəri Bərdə, Bərdənin füsunkar
bağları, doğma Azərbaycanın bütün
varlığı - onun əfsanə və rəvayətləri,
dastan və nağılları, musiqisi, memarlığı,
xalça sənəti şairin böyük epik əsərlərində
olduğu kimi, zərif lirik nümunələrində - qəzəllərində
də bədii təcəssümünü
tapmışdır. Gəncə, Şirvan, Dərbənd, Bərdə
yalnız Nizami dünyasının coğrafi adları deyil,
şairin ilhamla vəsf etdiyi doğma torpaqdır.
Öz
xalqına, torpağına, doğma mədəniyyətə və
folklora bu qədər bağlı olan Nizami eyni zamanda
ümumibəşəri dəyərlərdən, həyat və
ölüm, xeyir və şər, ədalət və
zülm, məhəbbət və xoşbəxtlik haqqında
elə dərin mətləblərdən söz
açmışdır ki, səkkiz yüz il ərzində həm
milli şeirimizə, sənətimizə, həm də Şərq
və Qərb ədəbiyyatına misilsiz təsir göstərmişdir.
"Xəmsə"sində
toplanmış beş poema, yüzlərlə şairin, o
cümlədən nəhəng söz ustalarının ilham mənbəyinə
çevrilmişdir. Əmir Xosrov Dəhləvi, Cami, Nəvai
kimi böyük sənətkarlar mövzularını Nizami
poemalarından almış, beşliklər yaratmışlar.
Nizami süjet və motivləri Anadolu şairi Cəlaləddin
Rumidən, azəri türkü Füzulidən tutmuş,
italyan Hotsiyə, alman Şillerə qədər Şərqin
və Qərbin bir çox məşhur sənətkarlarının
yaradıcılığında ifadəsini
tapmışdır. Şillerin müasiri, başqa bir alman
dahisi Höte Nizami poeziyasının heyranı idi.
Özünün "Qərb - Şərq
divanı"nın Nizami fəslində Höte Azərbaycan
şairinin Leyli, Məcnun, Xosrov, Şirin kimi surətlərini
təhlil edir. Nizaminin qələmə aldığı rəvayətlərdə
şairin dərin əxlaqi mövzulara varmağından heyrətləndiyini
bildirir. "Faust" müəllifi yalnız Nizami
yaradıcılığına vaqif deyildi, o, böyük
şairimizin Vətəni - Şimali və Cənubi Azərbaycan
haqqında biliklərə də malik idi. "Azərbaycan
çölləri"ni xatırlayan Höte Nizami
ömrünün bioqrafik ayrıntılarından da söz
açır: "Nizami özünün dinc sənətinə
uyğun dinc bir ömür keçirmiş və doğma
şəhəri Gəncədə dəfn olunmuşdur" -
deyir.
Həqiqətən,
Nizami zahirən çox adi, sadə və sakit bir ömür
yaşamışdır. Ancaq elə həmin Hötenin dediyi
kimi: "Yalnız xarakter mübarizələrdə
yaranır, istedad isə sakitlikdə yetişir".
Doğma
Gəncəsinin hüdudlarından kənara çıxmayan
Nizami öz dühası ilə bütün dünyanı
ağuşuna almışdı. Onun dünyasının
coğrafi ərazisi şərqdə, Çindən
başlayıb qərbdə Antik aləmin hüdudlarına qədər,
cənubda Afrikadan başlayıb şimalda sirli-soraqlı
ruslar ölkəsinə qədər uzanırdı.
Nizami
milli mədəniyyətin özünəqədərki sərvətlərinin
varisi olmaqla bərabər, eyni zamanda XII əsrə - öz
dövrünə qədərki bütün bəşər mədəniyyəti
xəzinəsini də öz mənəvi dünyasında ehtiva
etmişdi. Arximed, Fales, Əflatun, Sokrat, Ərəstu kimi yunan
filosoflarının, alimlərinin dərin hikmət dolu irsi də
bura daxildir, atəşpərəstlik
dünyagörüşü və etik konsepsiyası, onun
müdəqqəs kitabı "Avesta" da. İslama mənsub
olan bütün mənəvi zənginliklər də.
İslam dininin bütün fəlsəfi kompleksini, etik və
hüquqi dəyərlərini mənimsəmiş dindar
müsəlman şeyx Nizami, yəhudi, xristian
görüşlərini də dərindən bilirdi. Eyni
zamanda:
"Bilirəm
ki, hər ulduz bir cahandır,
Hər
biri bir dünya, bir asimandır"
- deyən
şair Cordano Bruno və Kopernik kimi böyük Avropa mütəfəkkirlərinin
kainat haqqında elmi fikirlərini 400 il qabaqlamışdır.
Nizami
kainatı zaman və məkan daxilində bir bütöv kimi dərk
edirdi. "İskəndərnamə"dəki tarixi anaxronizm
dövrlərin yerbəyer edilməsində təsadüfi
uyğunsuzluq deyil, müəllifin özü tərəfindən
dəqiq və aydın dərk edilən bir prinsipidir.
Özü qeyd edir ki, "hekayətimdə irəli-geri
çəkmələr görsənir, eyib tutmayın, bundan
qaçmaq mümkün deyil". Makedoniyalı İskəndəri
həm Misir fironlarının, həm də rus
knyazlarının çağdaşı etməklə, onu
müsəlman aləminin müqəddəs ziyarətgahı
Məkkəyə və uzaq Çinə aparıb
çıxarmaqla, əsrlərin və ölkələrin
yerlərini dəyiş-düyüş etməklə Nizami
dünyanın zaman və məkan fövqündə duran vahid
mənzərəsini yaradır, - bütün çoxcəhətliyi
və əlvanlığı ilə birlikdə bir
bütövlük təşkil edən dünyanın.
Dünyanın bütövlüyü, vahidliyi ideyasından
insanların birliyi, xalqların tarixi ünsiyyəti fikri
meydana çıxır.
Səkkiz
əsr bundan qabaq Nizami bəşəriyyətin vəhdətini
dərk etmişdi. Dərk etmişdi ki, müxtəlif ölkələrin
və xalqların təkrarsız özəllikləri
onların mehribanlıq, razılıq, dinclik şəraitində
qarşılıqlı anlaşmalarına əngəl
olmamalıdır.
Şairin
dünyasında ayrı-ayrı xalqların nümayəndələri
məskundur və onların hamısının bir ümumi vətəndaşlığı
var - Nizami vətəndaşlığı, yunan sərkərdəsi
İskəndər və Bərdənin azərbaycanlı
hökmdarı Nüşabə, İran şahları Xosrov, Bəhram
və türk Sultan Səncər, talelərinin girdabında həlak
olan ərəb aşiq-məşuqlar - Məcnun və Leyli -
tam siyahısını verə bilmədiyimiz bütün bu
Nizami personajları "Xəmsə"də bir dahi qüdrətiylə
rəsm olunmuş canlı, parlaq surətlərdir.
Nizami
dünyası, həqiqətən, intəhasız kosmosdur. Təsadüfi
deyil ki, bir sıra hallarda onun yaratdığı surətlər
də elə kosmik mahiyyət daşıyır: səyyarələr,
ulduzlar, günəş, Ay... Amma ilk öncə bu dünya
insanların dünyasıdır. Bu dünya ayrı-ayrı fərdlərin
zəngin xarakter qalereyası, talelər kataloqu, müdrik rəvayətlər
toplusu, son dərəcə zərif psixoloji məqamlar, insan qəlbinin
ən dəruni guşələrinə nüfuz etməklə
səciyyələnir. Həyatın mənası,
ömrün faniliyi, olum və ölüm, qüdrətli
imperiyaların süqutu, şöhrətin ötəriliyi,
hakimiyyətin etibarsızlığı, sarayların dəbdəbəsi
və düşkünlüyü, məhəbbətin incəliyi
- bütün bunlar var Nizami dünyasında.
Nizami
poemalarında təkcə "Leyli-Məcnun" tam halda
yalnız məhəbbət mövzusuna həsr olunub. Hətta
süjeti məhəbbət macəraları ətrafında
qurulmuş "Xosrov və Şirin" poeması da daxil
olmaqla, şairin bütün başqa əsərləri, sevgi
kolliziyalarının onlarda önəmli yer tutumasına baxmayaraq,
əsasən, mənəvi axtarışlara, dünyanın
yaradılışına, insanın varlıqda mövqeyini
müəyyənləşdirmək cəhdinə həsr
olunub. Metafizik-problemlərə şəksiz meyli,
açıq-aşkar təsəvvüf rəmzləri
(xüsusilə "Yeddi gözəl"də) və hətta
müasir istilahla desək, sürrealizm ünsürləri ilə
yanaşı, Nizami axtarışları yenə də
birbaşa dövrün gerçəkləri ilə
bağlıdır. Nizamini cəmiyyətin ən
ağrılı, ən bəlalı, ən kəskin problemləri
narahat edir. O, ədalətlə zülmün, qanuniliklə
özbaşınalığın tənasübü üzərində
dərindən-dərinə düşünür. Nəticə
etibarilə bu hökmdar və xalq, dövlət və dövlətlə
müəyyən qarşılıqlı münasibətlərdə
olan İnsan, Fərd, Şəxsiyyət haqqında
düşüncələrdir. Demək olar ki, hər bir əsərində
Nizami çağdaş olan böyüklü-kiçikli
hökmdarlara müraciətlə onları ədalətə,
xalqın qayğısına qalmağa, maarifə,
xeyirxahlığa çağırır. Gah öyüd-nəsihət
verir, gah inandırmağa çalışır, gah çəkindirməyə.
Bu məsləhətlər bəzən birbaşa, "Sirlər
xəzinəsi" poemasında olduğu kimi, didaktik şəkildə
verilir. Lakin şair bu məqsədə daha çox estetik təsir
yolu ilə nail olmaq istəyir. Xosrov şahın mənəvi
təkamülü, eləcə də "Yeddi gözəl"in
qəhrəmanı Bəhram şahın əxlaqi dəyişməsi
uzun, dolanbac bir yoldan keçir - hökmüylə,
iqtidarıyla məst-xumar olmuş bir hakimi-mütləqdən
öz rəiyyəti qarşısında borcunu dərk etmək
zirvəsinə qədər yüksələn bir yoldan.
Hakimiyyət sahiblərinin iltifatını qazanmaq niyyətindən
çox-çox uzaq olan Nizami öz vəzifəsini başqa
cür görürdü: zəmanəsinin
hökmdarlarından qat-qat müdrik olan sənətkar adil həyat
anlayışını onlara təlqin etməyə
çalışırdı. "Dünya heç bir
padşaha qalmayıb, sənə də qalmayacaq, cahanda əbədi
qalmaq niyyətindəsənsə, cahana faydalı ol, dövlət
işlərində dövlətin nüfuzuna tük qədər
xələl gətirən şeylərə yol vermə,
güclü ol, amma təmkinini saxla, tədbir sahibi olsan da,
başqalarının rəylərinə biganə qalma.
Ədalət axtarışlarına cavablarını yalnız
doğru sözlü adamlar vasitəsilə göndər,
verdiyin sözünə əməl et ki, hər kəs sənə
güvənə bilsin" - bu hikmətlər idi Nizaminin
hökmdarlara tövsiyəsi. Onun belə sözlər söyləməyə
mənəvi haqqı vardı.
Hökmdarlar
arasında şairin bu haqqını dərk edən adamlar
tapılırdı. Nizami "Sirlər xəzinəsi"ni ərməğan
göndərdiyi hökmdar nahaq deməmişdi:
"Mümkün olsaydı, bu kitab üçün mən
bütün xəzinə və sərvətlərimi hədiyyə
verərdim, çünki mənim adım dünyada yalnız
bu əsərin sayəsində əbədi yaşayacaq.
Şair və yazıçıların tərifi, ya töhməti
bu vəfasız dünyada yaxşı, yaxud yaman ad qazanmaq və
bu adla tarixə düşmək üçün yeganə
vasitədir".
İki
başlıca cəhət - döyüşdə zəfər
və müdriklik, gündəlik həyatda adillik Nizaminin son
poeması olan "İskəndərnamə"nin qəhrəmanı
İskəndərin surətində öz ifadəsini
tapmışdır. Poemanın birinci hissəsində -
"Şərəfnamə"də o, dünyanın
yarısını fəth etmiş müzəffər, qalib sərkərdədir.
İkinci hissədə - "İqbalnamə"də isə
Zülmət ölkəsinə ayaq basmış və
dünyanın da, şöhrətin də, fəthlərin də
faniliyini, keçəriliyini başa düşmüş
mütəfəkkir hökmdardır.
Yaradıcılığının son mərhələsində
Nizaminin düşüncələr axını onu xoşbəxt
ölkə, ədalətli cəmiyyət barədə xəyallara
qovuşdurur. Avropa humanistlərini - "Utopiya"nın
müəllifi ingilis Tomas Moru dörd əsr və "Günəş
şəhəri"nin müəllifi italyan Kampanellanı
beş əsr qabaqlayan Nizami xəyali ideal cəmiyyəti
"İskəndərnamə"də təsvir etmişdir.
Hərbi yürüşlərlə dünyanın bu
başından vurub o başından çıxan fateh İskəndərin
keçdiyi yolu isə həqiqət axtarışı, mənəvi
kamillik, ideal hökmdarlıq zirvəsinə yaxınlaşma
yolu kimi mənalandırmışdır.
...Allah
vergisi ilə düha və xasiyyəti etibarilə yorulmaz zəhmətkeş
olan Nizami maddi cəhətdən xeyli sıxıntılı
ömür sürsə də, heç vaxt şirnikib saray məddahı
olmağı özünə rəva bilmirdi. Əsərlərini
ayrı-ayrı hökmdarlara həsr etsə də, onların
şəninə tərifli sözlər yazsa da Nizami ürəyi
yeyib çürüdən, çərlədən saray
intriqalarından uzaqlarda, hökmdar mərhəmətindən,
taxt-taca yaxın isti yerlərdən çox kənar məkanda,
vara-dövlətə, mənsəbə can atmadan, Gəncədəki
tənha guşəsinə sığınmış, ləyaqətini,
heysiyyətini, mənliyini qoruyub saxlaya bilmişdi. Nizami, əlbəttə,
bu sayaq müstəqilliyin, məğrurluğun nəyin
bahasına başa gəldiyini gözəlcə bilirdi. O,
qürurlu insan idi, buna görə də tənha idi. Müdrik
insan idi, buna görə də kədərli idi.
Tədqiqatçıları
xüsusi olaraq vurğulayırlar ki, təbiəti etibarilə
yumşaq və hamıya yaxşılıq diləyən
şair ona pislik istəyənlərə belə pislik etməkdən
çəkinmişdir. Öz sözlərilə desək,
pislik edərsə, bu pislikdən mənəvi əzab çəkəcəyini
bilirdi. Yaxşı olmaq, yaxşılıq etmək və
yaxşılıqdan yorulmamaq şairin əsas əqidələrindəndir.
Nizami
zahidanə bir həyat keçirdi, ancaq taleyin özü onun
sakit evinin qapısını amansız və vahiməli
yumruqla dönə-dönə döydü. Gəncədə
üç yüz min adamın həlakına bais olan zəlzələ
və onun nəticəsində təbiət incisi
Göygölün yaranması böyük şairə öyrətdi
ki, gözəllik çox vaxt əzab-əziyyətlərdən,
iztirablardan doğulur. Oğlunun anadan olması və sevimli
arvadı Afaqın - qıpçaq gözəli Appağın
ölümü kədərlə sevincin bir-birindən
ayrılmaz olduğunu göstərdi.
Gedir əldən
gecələr səbrü-qərarım sənsiz,
Aldığım
hər nəfəs atəşdi, nigarım, sənsiz.
Hicrinin
zülmü deyir: vəslinə and oslun, inan,
Qaçmayıb
tab edəcəm, yoxdu güzarım sənsiz.
Nə
gözüm var - arayım, ah nə o bəxtim ki, tapam,
Nə əlim
var ki, açım... bağlı bazarı sənsiz.
Sən
Nizamidən uzaq... mən gecə ulduz sayıram,
Fal
açıb gündüzə yalvarmada karım sənsiz...
Nizami, əlbəttə,
sevinc də dadmışdı, amma daha çox itkilərin
ağrısını duymuşdu, düşmən həsədi
və dost xəyanətini görmüşdü. Bütün
itki və iztirablarının əvəzində tale ona
böyük bir təskinlik bəxş etmişdi - əsərlərinin
ölməzliyini. Şair bu xoş iqbalını özü də
dərk edirdi.
Möcüzəvi
bir fəhmlə Nizami yalnız keçmişləri deyil, gələcəyi
də görə, duya, hiss edə bilirdi...
Nizami bu
gün də bizimlədir, bizim aramızdadır və bu barədə
hamıdan yaxşı o özü demişdir:
Yüz il
sonra sorsan, bəs o
hardadır?
Hər
beyti səslənər:
Burda, burdadır!
Sentyabr-oktyabr,
1991
ANAR
Ədəbiyyat qəzeti.- 2021.- 9
oktyabr.- S.2-3.