"Nizami ili"ni kitab
və uşaq bayramına
çevirən Bakı Beynəlxalq Kitab Sərgisi
Bir Beynəlxalq
Kitab Sərgisini də geridə qoyduq. Kitabla, sənətlə görüş həmişə
xoşdur. Bir neçə
günlük də olsa, bütün ruhunla dörd bir yanı kitabla
bələnmiş dünyanın
içinə düşürsən
və adama elə gəlir ki, əsl möcüzələr
diyarı deyilən aləm bu imiş.
Amma möcüzələr diyarı
kimi aləm idi kitab sərgisi.
Elmlər Akademiyası metrosunun yanından sərnişinlər
üçün ayrılmış
avtobuslara minib Bakı Ekspo Mərkəzinə yola düşürük. Xatırlayıram ki, ötən
ay buna bənzər avtobuslarla arzularımızın
şəhərinə - Şuşaya
yollanmışdıq. Heydər Əliyev Fondu tərəfindən təşkil
olunmuş Vaqif Poeziya günlərinə.
Bəlkə də "Nizami
ili" olmanın səbəbindəndir, son zamanlar
daha çox ədəbiyyat, kitab, sənətlə bağlı
aktiv fazada qərarlaşmışıq. Bəlkə,
44 günlük Vətən
savaşımızdır, zəfərlə
bitən sonucu ilə bizlərə dinamik ovqat, ruh yüksəkliyi aşılayıb. Hər
bir halda mədəniyyət düşüncəmizin
yeni kontekstə, yeni müstəviyə adlaması zəruridir və səbəb kimi sıraladığım
hər iki amil - "Nizami" və "Zəfər"
ilinin təntənəsini
yaşamağımız qarşımıza
ədəbiyyatın, mədəniyyət
və incəsənətin
geniş üfüqlərinə
çıxmağın məsuliyyət
yükünü qoyur.
Bu il təşkil
olunan Bakı Beynəlxalq Kitab Sərgisində nəzərə
çarpan fərqlərdən
birini uşaq ədəbiyyatına diqqətin
çoxluğu və
buna ayrılan yerin sistemliliyi ilə əlaqələndirmək
lazımdır. Onu deyim
ki, hələ ilin əvvəlində Mədəniyyət Nazirliyinin
vətənpərvərliklə bağlı keçirdiyi müsabiqənin iştirakçıları
sırasında məktəblilər
də yer almışdı. İndi də
kitab bayramı və bu bayramda
məfkurəmizin qaynağı
olan uşaq ədəbiyyatının təbliğatı.
Belə bir həssaslıq ona görə riqqət doğurur ki, söhbət uşaqlardan gedir. Deməli, sağlam və təməlli nəsil yetişdirmək, onlarda kitaba, ədəbiyyata, sözə maraq, sevgi oyatmaq başlıca
qayəyə çevrilməkdədir.
Bunu sərgiyə təşrif
buyuran valideyn və uşaqların öz diqqəti, marağı mənasında
da qavramaq mümkündür. Uşaqları ilə sərgiyə gələn, kitabları əllərinə böyük
sevgi ilə alıb uşaqlarına nəsə anlatmağa çalışan, həssaslıqla
vərəqləyən insanların
izdihamı gözəl
bir mənzərə yaradırdı.
Bütün sərgi çərçivəsində
uşaq ədəbiyyatına
yer ayrılması, həm də bunu bütün yaş senzinə malik uşaqları nəzərə alaraq reallaşdırmaq səriştəsi
təqdir olunası faktdır. Nağıl saatlarının, kukla tamaşalarının
təşkil edilməsi,
uşaqlar üçün
master-klasların, seminarların,
daha çox valideynlərə ünvanlanmış
olan psixologiya və ədəbiyyat mövzusunda müzakirələrin
aparılması, uşaq
yazarlarının mətnlərinin
təqdimatı ilk dəfədir
ki, bu qədər
geniş və sistemli şəkildə aparılırdı. Sərgidə son dövrdə işıq üzü görən uşaq kitablarının təqdimatının əhəmiyyətini
isə ayrıca qeyd etmək lazımdır. Bu təqdimatlarda
Qarabağa, zəfərimizə
həsr olunmuş mövzularda yazılmış
əsərlər xüsusilə
diqqətimi cəlb edir: Zahid Xəlilin
"Dəmir Yumruq",
Solmaz Amanovanın
"Gözün aydın
olsun" və "Şuşanın sehrli açarları", Çinarə
Köçərlinin "44 gün Qarabağda", Aybəniz İsmayılovanın
"Xarıbülbülün nağılı" və
s. Deməli, qalibiyyətimizin
ilk rüşeymləri artıq
uşaqlar üçün
yazılmış əsərlərin
köksündə də
duyulmaqda, balaca fidanlarımız üçün
mənəviyyat təməlinə
çevrilməkdədir.
Digər bir amil. Məsələnin nəzəri tərəfinin,
bunu uşaqlara aşılamağın yolları
kimi məqamların nəzərə alındığı
sərgidə "Nağılın
gənc nəslin təfəkkür inkişafında
mədəni irs kimi əhəmiyyəti"
(yazıçı Günel
Əsgərovanın təqdimatında),
"Uşaqlara kitab oxumağı sevdirməyin
yolları və düzgün kitab seçimi" kimi seminarlar valideyn-uşaq-kitab
münasibətlərinin tənzimlənməsinə
yönəlmiş kreativ
addım kimi səciyyələndirilməlidir.
Belə kreativ tədbirlər sırasında türkiyəli
uşaq yazarları ilə olan görüşü
də qeyd etmək istərdim. Oktyabrın
8-də "Azərbaycan və
Türkiyədə uşaq
ədəbiyyatı və
nəşriyyat evlərinin
cari vəziyyəti"nə
həsr olunmuş tədbiri yuxarıda qeyd etdiyim "oxu prosesi"nə, kitab seçiminin səmərəliliyinə xidmət
baxımından uğurlu
saymaq olar. Türkiyədən dəvət olunan
qonaqlar uşaq yazıçısı və
nəşriyyatçısı Melike Günyüz, uşaq yazıçısı
Tulin Kozikoğlu idi. Azərbaycan tərəfi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
"Uşaq ədəbiyyatı"
və "Ədəbiyyat
qəzeti"ndə ədəbiyyatşünaslıq
şöbəsinin müdiri
olaraq mən və "TEAS Press" nəşriyyat
evinin "Üç
alma" uşaq ədəbiyyatı
bölməsinin meneceri
Arzu Cəfərova təmsil edirdik. Bununla belə, görüşə
akademik İsa Həbibbəyli və
"Uşaq ədəbiyyatı"
şöbəsinin bütün
əməkdaşları, habelə
müxtəlif qurumları
təmsil edən insanlar da qoşulmuşdu.
Bütünlükdə yaradıcı
müstəvidə baş
tutan tədbir bir çox məqamları ilə faydalı oldu: hər iki ölkənin
uşaq nəşriyyatlarının
maraq dairələri, funksionallıq səviyyələri,
iş mexanizmləri, ədəbi mühiti, yazarlarla əlaqə qurma prinsipləri ilə bağlı çox geniş söhbət etdik. Tülin Kozıkoğlu uşaq mətnlərində söz
və rənglərin
harmoniyası, illüstrasiya
məsələrinə toxundu,
psixoloji nüansların
vacib olduğunu, valideyn-uşaq münasibətlərində
bunun rolunu irəli çəkdi.
Melike Günyüz nəşriyyat
işçisi olaraq, bu sahənin inkişafına nail olmağın
yollarından danışdı,
hədəflərinin Avropa
uşaq ədəbiyyatı
nəşrlərində yer
almaq olduğunu vurğuladı və bu yöndə hansı işlər getdiyini nəzərə çatdırdı. Arzu Cəfərova
Azərbaycan nəşriyyatlarındakı
vəziyyətlə bağlı
bilgilər ötürdü.
Mən uşaq ədəbiyyatını elmi-nəzəri
prinsiplər baxımından
öyrənməyin vacibliyindən,
bu istiqamətdə meydana qoyulan işlərdən, uşaq
yazarları ilə əlaqələrimizdən bəhs
etdim və sonda həm İsa Həbibbəyli, həm də mən türkiyəli yazarlara daim əlaqədə olmaq, birgə layihələr hazırlamaq, iki qardaş ölkənin uşaq ədəbiyyatının
bir-birinə yaxınlaşması,
çiyin-çiyinə çalışması,
biri-birini gücləndirməsi
ilə bağlı təkliflər səsləndirdik.
Zənnimcə, Bakı Beynəlxalq
Kitab Sərgisinin ən böyük müstəsnalığı bundadır:
dünyanın müxtəlif
tərəflərində yaşayıb
yaradan qələm adamlarını, söz sahiblərini bir araya cəm edib mənəvi məkan yarada bilməsində. Çünki çox isti
və məhrəm münasibətlər çərçivəsində
baş tutan bu görüş də gələcəyə
hədəflənmiş əməkdaşlıq,
dostluq sisteminin bir halqası idi. Onu da deyim ki, müzakirələrə
valideynlərin və uşaqların diqqət kəsilməsi, maraqla dinləməsi çox xoş idi və
qəribə bir bütövlük, birlik nümunəsi yaradırdı.
Axı bu müzakirə və söhbətlərin
baş qəhrəmanı
idi onlar.
***
Çağdaş zamanımızda kompüter
və telefonlara maraq göstərən uşaqların diqqətini
kitaba yönəltmək
baxımından kitab sərgisinin təşkili
ən yaxşı təbliğat vasitəsi sayılmalıdır. İnanaq ki, o kitabların oxucuları olan uşaqların içindən
nə vaxtsa böyük uğurlara imza atan şəxsiyyətlər,
fikir adamları yetişəcək və onlar bütün uğurlarının səbəbi
olaraq məhz bu amili əsas
gətirəcəklər: "Bir gün bir
kitab oxudum, bütün həyatım
dəyişdi" (O.Pamuk)!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.2.