Pərvindən yeni kitab:
"Vəziyyət ruscadır"
"Ədəbiyyat qəzeti" həmişə
olduğu kimi, bir-birindən maraqlı layihələrlə
oxucuların görüşünə gəlir. Yarım ilə yaxın bir
zaman kəsiyində yazıçı Pərvinin "Vəziyyət
ruscadır" layihəsi "Ədəbiyyat qəzeti"nin tribunasında yer almaqda idi. Geniş
oxucu kütləsi və ədəbi-elmi ictimaiyyətin
marağına səbəb olan bu layihə yaxın günlərdə
kitab şəklində işıq üzü gördü.
21 essedən ibarət
olan "Vəziyyət
ruscadır" yazıçı Pərvinin qələmilə
iki əsrlik rus klassikasının yaradıcılarının
həyat yoluna işıq tutur. Kitabdakı "Ay səni,
Puşkin" adlanan ilk esse çağdaş rus ədəbiyyatının
banisi, rus ədəbi dilinin reformatoru Aleksandr Sergeyeviç
Puşkinə, "Zəmanə adamı" adlı ikinci
esse Puşkin dueldə öldürüləndən sonra bir
gecədə məşhurlaşan, "Zəmanəmizin qəhrəmanı"
romanının müəllifi Mixail Yuriyeviç Lermontova həsr
olunub. Mirzə Cəlilin "Danabaş kəndinin əhvalatları"nda
verdiyi epiqrafdakı kimi üçüncü essesini
"Qoqol, Allah sənə rəhmət eləsin"
adlandıran yazıçı bu essesində Nikolay Vasilyeviç
Qoqoldan, "Ölü evin diriləri" essesi
"Ölü evdən qeydlər", "Cinayət və cəza"
romanının müəllifi Fyodor Dostoyevskidən, "Atalar
yoxsa oğullar" essesində "Atalar və oğullar"
romanının müəllifi İvan Sergeyeviç Turgenevdən,
"Bütün hallarda sülh" essesində Tolstoyun "Hərb
və sülh" romanından, "Şekspir yalan oldu"
essesində isə Leskovun yaradıcılığından,
"Mtsensk əyalətinin Ledi Maqbeti" povestində ədibin
yaratdığı sevgisi uğrunda hər şeyə
hazır olan fədakar Katerina Lvovnadan danışır.
Bunlarla yanaşı, kitabda bir-birindən maraqlı "Bədbəxtlər
şəhəri", "Raskol - ikitirəlik, nifaq",
"Anna kimi", "Yaşamaq üzücüdü",
"XIX əsr... Suallar...", "Vətəni də
götürüb getmək...", "Nağıldan
yağmura", "İnsan taleyi", "Günün
hökmü", "Həyat və tale", "Təkəm
riyakarlıq dənizində mən...",
"Ölünün qeydləri", "Lolita" və s.
kimi esselər də yer almaqdadır.
Xalq arasında yarızarafatla işlənən "Vəziyyət
ruscadır" ifadəsini Klassiklərdən bəhs edən
belə ciddi bir rubrikaya başlıq seçməsini
müsahibələrinin birində müəllif belə izah edir:
"Əslində, çağdaş sosial şəbəkələr
zamanında insanların dərinə getmədiyini, elə
dayazda vaxt keçirməyə meyilli olduğunu
görürük. Amma bu bir həqiqətdir ki,
klassika öz aktuallığını heç zaman itirmir.
Rus nəsri ucu-bucağı görünməyən
bir dəryadı. Bu layihə sanki
özümə sifarişimdi. Həm öyrənirəm
- bəlkə, zamanında çox da diqqət etmədiyim məqamları
yenidən araşdırıram, həm də əsərləri
daha peşəkar oxuyub nasir kimi master-klass keçirəm
özümə... Eyni zamanda, daha dinamik, daha
çevik bir üslubda, bəzən zarafatyana bir üslubda
vacib bildiklərimi oxucuya çatdırmağa
çalışıram. Bu şəkildə
ciddi ədəbiyyatı sevdirmək, təbliğ etmək
üçün yeni yollar axtarmalı oluruq. Zamanın
diktəsi budur ki, ağır, uzun, akademik yazılar daha az
oxunur" - deyən müəllif elə kitabın sonunda da bu
qənaətini bir daha vurğulayır:
"Zaman göstərdi
ki, ədəbiyyat
xüsusi adamlar üçündü. Belə adamlar
da həmişə olacaq. Necə ki, bizə
qəribə gəlir, necə ki, arxeoloq gedir bir süxur
tapır, naməlum bir kəsəyin hansı əsrə aid
olmasını ömür boyu öyrənməyə
çalışır. Düşünürük,
buna zaman, həyat sərf olunarmı? Amma
var belə adamlar, həmişə olacaq. Ədəbiyyat
din kimidi, nə onun varlığını, vacibliyini, nə də
yoxluğunu təbliğ etməklə deyil. Söz
adamın ürəyinə düşməlidi,
iştahını çəkməlidi... Özümə
verdiyim sifarişlə iki əsrlik rus nəsrinin sevdiyim
imzalarından və əsərlərindən
danışa-danışa bu qənaətə inandım...".
Pərvinin sonda gəldiyi qənaəti onun düşüncəsinin
zamanla nəbzləşdiyi qədər də bizə kitabda
yazılanların oxucu üçün böyük təsir
edəcəyinə inandırır.
Xəyalə
ZƏRRABQIZI
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.7.