Sonsuzluq 

 

Hekayədə janrın diktə etdiyi fəlsəfəni anlamaq üçün onu həyat hadisələri ilə tutuşdurmaq, müqayisə etmək lazım deyildir (daha doğrusu, gözlənilən və istənilən nəticəni vermir...), çünki məhz bu müqayisə və tutuşdurma janr nümunəsinin kompozisiyasında birləşib qovuşan mətləbləri anlamağa, daha doğrusu, onları bütün incəliklərinə qədər dərindən duymağa mane olur. Əgər bu müqayisə və ona bənzər əməliyyatlardan vaz keçməli olsaq, ilk növbədə biz səth qatından dərinliyə doğru bir addım atmış oluruq, belədə təhkiyə ilə bədii mətnin "damarlarında" dolaşan enerjini hiss edə bilərik. Ancaq hər bir bədii mətn nümunəsi üçün onu nələrləsə müqayisə etmək qaçılmazdır, çünki beynimiz və duyğu orqanlarımız ilk növbədə bunu tələb edir. Bu səbəbdən istənilən bədii mətn nümunəsini bir neçə dəfə, bəzən təkrar-təkrar oxumaq lazımdır ki, onun alt qatında gəzib-dolaşan, "dili bağlı" mətləblərdən agah ola biləsən.

İ.A.Qureviç özünün "Çexovun nəsri: insan və gerçəklik" adlı monoqrafiyasında yazırdı: "Ümumiləşdirici bədii fikri sadə bir roman üzərində deyil, bir hekayə çərçivəsində açmaq üçün bu kiçik formanı maksimum tutumlu və çoxmənalı eləmək lazımdır". Bunun üçün də həmin kiçik formanın daxili strukturunda bir çox digər elementlər də ən ixtiyari şəkildə iştirak etməlidir, məsələn, hekayədə lətifə, qaravəlli fraqmentlərinin olması, belə deyək, bir nöqtəyə zillənən baxışları ordan ayırmaq, aldatmaq, başqa tərəfə yönləndirmək və nəticədə bədii mətləbi ümumiləşdirici bir fikir kimi deyil, sadəcə çoxfunksiyalı poetika vahidi kimi qavramağa yardım edir.

Şərif Ağayarın hekayələrinin poetikası üzərində bir çox yazılar yazılıb, bu hekayələrdən hər birini ayrıca incələməli olsaq, Qureviçin dediyi "kiçik formanın tutumu" ifadəsi bütün çalarları ilə göz önündə canlanar. Nümunə üçün Şərifin 2020-ci ildə yazdığı "Bığ" hekayəsini götürək.

Hekayənin fabulası belədir ki... hadisələr bir kənddə cərəyan edir, Hümmət kişi, oğlu Fəqan, qonşu Qəzənfər və Səhrad adında təhkiyə məkanında xatırlanan, artıq dünyasını dəyişmiş adam (həm də enerjisinin ən çiçəklənən çağında...). Müəllif Səhradı kənddəki ayamasına uyğun təsvir edir, yəni təsvir məqamı ayamanın "susqun" variantını tamamlayır, Səhrad evlənməyib, yaşından xeyli cavan və qıvraq görünür, onun həyətdə işləyərkən əl-ayağını görmək olmur, bu üzdən Səhradı (sərhəd, son nöqtə, qurtaracaq, həm də öləndən sonra kimsənin yadına düşməyəcək...) müşahidə edən adam onun eyni zamanda bir neçə yerdə olduğunu zənn edir. Hümmət kişi yaşlaşıb, kənddə dişinə keçən hər kəsi danlayır, üzü, sifəti balacalaşdığından yekə bığları artıq "müstəqillik" qazanmaq üzrədir, oğlu Fəqan Hümmət kişiyə dəfələrə yalvarıb ki, bığlarını qırxsın, çünki təhlükə var: bu lopa, böyük bığlar artıq kənddə anekdota (lətifəyə) çevrilməkdədir. Fəqan atasının nəsihətlərini eşidən kimi ürəyində onları "bığlı nəsihətlər" adlandırır, Fəqan atası ilə bağlı hər şeyə aşırı həssasdır, onunla danışanda yüz ölçüb, bir biçir ki, xətrinə dəyməsin, hətta bir dəfə "hər işi eləyirəm ki, bığın düzəlmir" əvəzinə "dodağın yenə düzəlmir deyir". Burda incə bir məqam var, əslində bu situasiyada elə "dodağın yer süpürür, yaxud düzəlmir" deyilməlidir, amma görünür, Fəqan özü də bilmədən kənddə Hümmət kişinin bığyla bağlı gəzib-dolaşan söhbətlərin təsirinə düşüb və şüuraltında atasının bığları haqqında o da elə "düşünür". Bu ifadə ("bığın düzəlmir") hekayə mətnində dinamikanın canlanmasını şərtləndirir, ən müxtəlif situasiyalarda bu bığlar o qədər əyilib-düzəlir ki, deyilən sözlər deyilməyən sözlərdən kəm gəlir. Və bu deyilməyən söz və duyulmayan işarələr gözlərimiz önündə mətndə semiotik ərazinin xəritəsini asır.

Bütün bu adidən adi hadisələr sürətlə ötüb-keçir, həm də bir göz qırpımında, təhkiyə, nağıllama ritminin sürəti anlayışı həm də əks göstəricini də nəzərdə tutur, yəni hadisə becid şəkildə nəql edilirsə, demək təhkiyənin "kölgəsinin" düşdüyü ərazidə onun sakit axarlı, hər bir sözün mənasının ləng şəkildə açıldığı variantı da mövcud olur. Bu nə deməkdir? Bədii mətnin onu yazan, qələmə alan müəllifdən ayrılması, müstəqil şəkildə özünü tanıda bilmək cəhdi elə bir qəliz, son dərəcə mürəkkəb aurada baş verir ki, bu zaman nəql edilən hadisə ard-arda bir neçə şəkildəyişməsinə düşür, onlar aralarındakı narrativ əlaqənin gücünə orijinal hadisənin yox olmasına və nəticədə onun yerini tutmağa çalışırlar. Yəni təhkiyə quruluşunda meydana gələn bu "ölüm-dirim savaşı" deyiləcək, zühur edəcək mənaların daim, təhkiyə boyunca birləşib-ayrılmasını şərtləndirir. "Bığ" hekayəsində Səhrad bircə dəfə danışır, ancaq bu danışıq tərzi (həm də bir hadisə ilə bağlı məcbur olub dediyi sözlər sanki bir an sonra unudulacaq, həm də bir daha yada düşməyəcək kimi... Elə əvvəldə dediyimiz kimi, bu adam da dünyasını dəyişəndən sonra kimsənin yadına düşmür, kimsə onu xatırlamaq ehtiyacını duymur, Hümmət kişidən başqa, o da küçüklərlə bağlı oğlu Fəqana hirslənəndə) daim susan adamın sükutunun dilində ifadə olunur. Bu cəld, qıvraq, eyni zamanda bir neçə yerdə olmağı bacaran adamın "qəddarlığı" Fəqanı zaman-zaman sarsıdır, çünki kənddə nə qədər öldürülməli, azdırılmalı it-pişik vardısa, işarə edilən kimi Səhrad əlində torbası, belində beli gəlir. Fəqan ondan bu qəddarlığının səbəbini soruşanda Səhrad deyir: "Biri vardı, lap təzə doğulmuşdu, bədəni hələ qurumamışdı, quyuya atanda necə titrədisə məni ağlamaq tutdu!" - Səhrad kişi baxışlarını uzaqlara göndərib ah çəkmişdi. "Hekayə mətni (istənilən hekayə nəzərdə tutulur) üst qatda bilinməsə də, alt qatda və onun lay-lay süxurlarında yuva quran metamorfozaların ardıcıllıqla, bəzən tam əks şəkildə meydana gəlməsi hesabına qurulur, dəyişir və bu "şəkil dəyişmələri" biz hiss etməsək də mətnin mükəmməl şəklə düşməsinə təkan verir. Diqqət edin, bu yarusların birində Səhrad haqqında çox az şey bilirik, bizə çatan əsas informasiya odur ki, bu adam filankəsin yaşıdıdır, səliqəli geyinir, dinib-danışmır. Evlənməyib və sair. Digər bir yarusda onun əlində torba, belində bel görürük, yəni Səhradın qəddar sifəti açılır və bunun paralelində Hümmət kişinin ona qoyduğu "Sonsuz" ayamasını eşidirik, Hümmət kişi bu sözü soyuqqanlı şəkildə deyir, Fəqan dərhal Səhradın gözlərinə baxır, adam qətiyyən incimir, çünki artıq qəbullanıb. Başqa bir yarusda Səhradın qəddarlığının sirri açılır, onun Fəqanın sualına verdiyi cavabda "titrəmə" sözü (necə titrədisə məni ağlamaq tutdu...) obrazın rəsmini tamamlayır. Baxın: "- Səhrad kişi baxışlarını uzaqlara göndərib ah çəkmişdi.

Bu söhbətəcən Sonsuz Səhrada acığı tuturdusa, bu söhbətdən sonra yazığı gəldi. Çiynində bel, əlində torba seyrək dumanın içiylə gölə tərəf addımlaması dünyanın ən kədərli tablosuymuş...".

Fəqan qancığı dartıb hinindən çıxaranda quyuda titrəyən küçüyü xatırladı. Aldırmadı amma. Əyilib rəngbərəng körpələri bir-bir hindən götürdü. Atası düz deyirdi. On iki dənə idi. Başı və quyruğu ala olanları ayırıb saxladı, o birilərini torbaya dolduranda əllərinin əsdiyini hiss elədi. Bunu it də gördü. Soyuq burnunu, isti dilini Fəqanın titrəyən əllərinə toxundurdu. Sonra ayağının altına yıxılıb beli üstə çevrildi. Fəqan itin bu qəribə hərəkətini öz aləmində belə yozdu: "Ayağının altında ölüm, balalarıma dəymə!".

Eyni sözləri başqa bir biçimdə Fəqan və Hümmət kişi haqqında da demək olar. Səhraddan fərqli olaraq Hümmət kişi bir obraz kimi daha "anlaşılandır", onun kobudluğu (daha doğrusu, sevgiylə, ürək ağrısı ilə söylədiyi sözlərin bu sevgi və ürək ağrısına sipər olması) artıq heç kim üçün problem deyildir. Əsas olan sözləri yox, bığlarıdır. Hər bir hərəkəti, hər sözü mütləq bığları ilə bağlı olur. Nə desə, bığlarına sığal çəkməyi unutmur. (Göl tərəfdən köndələn əsən külək adamı iliyindən üşüdür. Hümmət kişi and içir, deyir, ömründə belə soyuq görməyib. Dalınca qalın, gümüşü bığlarına sığal çəkib boğazını arıtlayır: "Dünyanın zayı çıxıb! Nə yazı yazdı, nə qışı qış!"). Hümmət kişinin daim oğlunu danlaması ürəyində qövr edən, ancaq dilinə gətirmədiyi mətləblə əlaqəlidir, oğlunun bu yaşda subay qalmasını sinirə bilmir. Bu danlağın cavabında Fəqan deyir ki, niyə axı, indiyəcən nə demisən eləməmişəm. Oxudum, indi işləyirəm, evə qazanc da gətirirəm, ancaq qəfil dayanır, çünki atasının əsas istəyini yerinə yetirməyib. İnsanlarla, xüsusən oğlu ilə münasibətdə dediyi sözlərin alt qatını Hümmət kişi bığları ilə çatdırırdı. "Hümmət kişi kiməsə hirslənəndə bığları əyilirdi. Atasının üzündə artıq canlı qəbul etməyə başladığı bu tük yığını Fəqanı tıncıxdırırdı. Dəfələrlə dilə tutub qırxdırmaq istəmişdi, xeyri olmamışdı. Düzdür, səliqəli adam idi, əyin-başı kimi, üz-gözünə də diqqət yetirirdi, di gəl, yaşlaşdıqca üzü balacalaşır, iri, çallaşmış bığları sifətindən aralanıb əlahiddə bədən əzasına çevrilirdi. Qonşuları Qəzənfər də müşahidə etmişdi bunu. Bir dəfə açıqca dedi. Dedi, ay Fəqan, elə bil, dədən özü balacalaşır, bığı yekələnir, yəqin, ölümü yaxınlaşır. Ölüm sözü Fəqanın içində izahı müşkül duyğular oyatmışdı. Bu, nə sevinməyə bənzəyirdi, nə də kədərlənməyə".

Hekayədə personajların davranışı ilə bağlı ifadələr də mətnin kompozisiya quruluşunun, daha konkret desək, davranışlarla bağlı mənaların çatdırılması zərurətini şərtləndirir. Hekayədə təhkiyə boyu, həm də xəsisliklə Səhradın hərəkətləri izlənir, onlara qiymət verilir, sürətlə işləməsi, eyni anda bir neçə yerdə olma "bacarığı" haqqında deyilir, amma yekunlaşdırıcı ifadə kimi "Belə adamlar qəfil yıxılır" deyimi obraz haqqında indiyə qədər deyilənləri həm tamamlayır, həm də bu ifadəyə qədər qurulan "qalanı" vurub yıxır. Məhz bu ifadədən sonra Səhrad tam başqa biçimdə görünür, onun təsvirindəki bütün nöqtələri altı səthə çıxır və hekayədəki digər məna seqmentləri ilə funksional əlaqə qura bilir. 

Hər bir hekayədə sonsuzluq stixiyası məhz bu şəkildə meydana çıxır və funksionallıq qazanır. Nöqtə və işarələrin dərinlərə gedən kökləri bəzən bir detal, bəzən "Bığ" hekayəsində olduğu kimi, bir ifadə ilə gözlərimiz önündə çoxmənalı bir mənzərəni canlandıra bilər.

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 16 oktyabr.- S.6.