Ədəbiyyat və idman,
yaxud uğursuz seçim
Bir dəfə hardansa oxumuşdum ki, Nabokov həm də
qızğın şahmat həvəskarı olub. Hətta o, vaxtının
ciddi bir qismini bu işə həsr edərək özündən
şahmat məsələləri də
hazırlayırmış. Hazırladığı bu
şahmat məsələlərini kitab şəklində
çap etdirən yazıçı sonralar öz xatirələrində
yazırdı ki, həmin kitab çap edilərkən
duyduğu sevinc ilk şeirlər kitabının ona bəxş
etdiyi sevincdən heç də az deyildi.
Bir dəfə
isə hardansa bunu
oxumuşdum ki, Alber Kamyu futbolu çox sevirmiş. Hətta o qədər
sevirmiş ki, onun bioqrafiyasından belə bir cümlə də
bu günün XXI əsr oxucularına yadigar qalmaqdadır:
"Mənəviyyat və öhdəliklərlə
bağlı bu həyatda nə öyrənmişəmsə,
hamısını futbola borcluyam".
Məşhur ingilis şairi Lord Bayronun
üzgüçülük sevgisindən və bir vaxtlar ona
"topal" deyən qızın acığına
özünü hələk-yesir edib Dardanel
boğazını üzərək keçməsindən də,
yəqin ki, çoxunuzun xəbəri var.
At yarışlarına pul qoyub qumar oynamağı,
balıqçılığı, dağ xizəkçiliyini
və başqa bu kimi məşğuliyyətləri xüsusi
hərarətlə sevən Ernest Heminquey isə öz xatirələrində
boksla necə məşğul olduğunu, hətta o
dövrün böyük şairlərindən biri Ezra Paunda bəzi boks hərəkətlərini
necə çətinliklə öyrətdiyini qeyd edirdi.
Və mən
tam dəqiq deyə bilmirəm ki,
bütün bunları nə vaxtsa oxumağımın təsirindən
idi, ya nə idisə, son zamanlar beynimə batmışdı
ki, mən də hər səhər yuxudan erkən oyanıb
idmanla məşğul olacam.
Uzun götür-qoydan sonra qərara gəldim ki, mənim
üçün elə ən uyğun idman növü
qaçış ola bilər. Üstəgəl,
hardansa eşitmişdim ki, daxildəki "in" və
"yan" enerjisinin sirri də məhz
qaçışdadır.
Nəhayət, həftənin ikinci günü, yuxudan erkən oyana bildim və
qaçış üçün aldığım təzə
paltarlarımı da həvəslə geyinib həyətə
çıxdım. Düzdür, hava hələ qaranlıq idi, amma o qədər
həvəslənmişdim ki, heç nə məni fikrimdən
daşındıra bilməzdi. Birinci küçəni qəhrəman
ədasıyla axıra qədər qaçdım. Amma ikinci
küçəyə təzəcə
dönmüşdüm ki, zeytun ağaclarının
altından nəsə pis bir hadisəyə əlamət olan
xışıltı eşitdim. Sürətimi azaltmadan
başımı robot kimi çevirib baxanda gördüm ki, 4
dənə yekə it ayağa qalxıb tərs-tərs mənə
tərəf baxır. Başımı döndərmək istədiyim
anda itlərin dördü də yerindən
götürülüb hürə-hürə üstümə
cumdular. Sürətimi ikiqat artırıb idman-midman demədən
necə qaçırdımsa elə bilirdim ki, arxamca
hürüşürən itlər bir-birlərindən "səhərin
bu vaxtında bu başdanxarab kimdi ə?", deyə
soruşurlar. Hətta onlardan biri "tutun, ə, o gicbəsəri",
deyə hürüb o birilərinə göstəriş də
verirdi. Küçənin axırına yaxın hiss elədim
ki, gücüm tükənib və itlər də çatmaq
üzrədir. Elə bu dəmdə qonşumuz Abbasqulu
dayının maşını döngədəcə siqnal
verib saxladı.
...Həyətimizin qapısına
çatanda hiss elədim ki, içimdəki
"in" və "yan" enerjisinin ikisi də qaydasına
düşüb... Necə gözəl məşq eləmişdimsə,
insafsızlar bir azca mehriban davransaydılar, indi onları şəxsi
məşqçilərim kimi xatırlayacaqdım və
yuxarıda adını çəkdiyim
yazıçıları da ürəyimdəki xoş
sözlərə hədəf etməyəcəkdim.
Təvəkgül BOYSUNAR
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.8.