Alatoranlıq
Bir soyuq axşamın alatoran səhifəsində
Tanrının barmaqları sığal
çəkir saçlarımıza...
Külək, külək,
"külək" - qoydunuz adını.
Günəşin üz çevirdiyi
sərt adamlardan,
saçları ağarırdı
bu şəhərin,
rəngi solurdu qapıların,
ağappaq qarğış
yağırdı göydən...
Qar, qar,
"Qardır" - dediniz.
İçimizdəki uçuşa susuz,
İçimizdə qanadı göy üzünə bulaşmış,
Mavi bir quşdur tənha...
Ürək, ürək,
"Ürəkdir" - dediniz.
Küçələr məndən küs,
məndə bir uşaq böyümür heç,
məndə boy atmır
məsum dəcəllik...
Kövrək, kövrək,
"Kövrəkdir" - dediniz.
Tragikpoeziya
Məndən bir tikə uzaqlarda,
Qalıb
yağış altında
Məndən gedənlərin biletlərində
"dönüş" yazılmır,
Külək ağacların kabusudur soyuq gecələrdə.
Pəncərələrin röyasında üşüyür
bir qadının barmaq izləri.
Əlləri çinar yarpağına
bənzər bir məhbus,
səsi işıq rəngindən olan birisi,
azadlıq naminə
Bəlkə yazdı bu şeiri
kamerasının divarına.
Bəlkə göyərçinin sinəsində doğdu bu yazı Günəş
yerinə
müharibədə o qızcığazın
güllə yerinə
bəlkə ürəyinə
sıxdılar bu şeiri...
"Bəlkə"lər ağrıdan
bir quşdur arzular səmasında,
Uçur...
Uçur... Puç olur.
Əllərimin keçmişi Yunan
Tanrılarıdır
Unudulub,
basdırılıb tarix qəbiristanlığında
Gözlərim...
Gözlərim gömüldü sənin
ucqar gözəlliyində.
Məni basdır tənhalığımla
payızın rənglərinə.
Payızdır...
Yarpaqlar
seçki bülletenidir,
Ağaclar səs verir ölümə.
Axtarış
Ağacların cinsindən olan
adamlar var,
Yarpaq rəngli,
Yağış səsli adamlar var...
Yaxında olan deyillər,
Çək gözlərini uzaqdan
da...
Dünən görünmədilər,
Bu gün olmadılar,
Sabah, sabah...
Sabahlardan
gələcək o adamlar...
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.9.