Türk şeir şəkilləri mənbələrdə
XV-XVI əsrlərdə
böyük türk dövlət xadimləri, mütəfəkkirləri
və şairləri olan Əmir Əlişir Nəvai
(1441-1501) və Zəhirəddin Məhəmməd Babur
(1483-1530) "Mizanül-övzan" və "Müxtəsər"
əsərlərində ümumtürk əruz elminin əsaslarını
yaratmış, türkdilli əruz vəznli şeirin
bütün xüsusiyyətlərini elmi şəkildə
araşdırmışlar. Nəvai və Babur
öz əsərlərində, eyni zamanda əruz vəznli
şeir sistemi ilə bağlı olmayan, lakin əruz vəznində
qələmə alınan bir neçə türk şeir
formasının da adlarını çəkirlər. Maraqlıdır ki, hər iki müəllif bu
janrların böyük əksəriyyətinin musiqi ilə
bağlı olduqlarını da söyləyib, onların xalq
arasında çox məşhur olub, musiqi üstündə
oxunduqlarını da bildirirlər. Bizcə,
bu məqamdan etibarən istər Nəvainin və istərsə
də Baburun adlarını çəkdiyimiz əsərləri
ilə təkcə ümumtürk əruz elmini sistemləşdirdiklərini
deyil, eyni zamanda türk xalq musiqisinə elmi münasibət bəslədiklərini
də söyləyə bilərik. Nəvaidə rast gəldiyimiz
həmin poetik janrlar və musiqi növləri
aşağıdakılardır: "tuyuq",
"qoşuq", "cəngi", "arazvari", "məhəbbətnamə",
"müstəzad" və "türkü". Babur isə
aşağıdakı janrların adlarını çəkir:
"tərxani", "öləng", "tuyuq",
"qoşuq", "türkü". Nəvai
"tuyuq"un rəməl bəhrinin
fA'ilAtün fA'ilatün fA'ilAn ölçüsündə
yazıldığını söyləyir. Bu barədə
danışarkən o yazır: "Türk ulusu xüsusilə
cığatay xalqı arasında yayılmış vəznlərdir
ki, onlar mahnılarını o vəzn ilə yazıb məclislərdə
söyləyirlər. Biri iki beytdən ibarət
"tuyuq"dur. Səy edilir təcnis ilə
deyilsin. Onun vəzni rəməli-müsəddəsi-məqsurdur.
Bu şəkildədir:
Yarəb,
ol şəhdü şəkər yaləbmüdür,
Ya məgər
şəhdü şəkər yaləbmüdür,
Canimə
peyvəstə navək atqali,
Ğəmzə oqin qaşiğə yaləbmüdür.
fA'ilAtün fA'ilAtün fA'ilAn".
"Tuyuq"un çevirməsi aşağıdakı
şəkildədir: Yarəb, o, bal şəkər və ya
dodaqmıdır? Yoxsa, bal və şəkər
yalamışdır? Canıma dalbadal ox atmaq
üçün, qaşını qəmzə oxuna yaymı
etmişmidir?
"Tuyuq" haqqında Baburda da maraqlı fikirlərlə
rastlaşırıq. Məsələn, o, fA'ilAtün fA'ilAtün fA'ilün
ölçüsündən danışarkən, Şeyx
Əttarın "Məntiqüt- teyr", Ruminin "Məsnəvi"si,
Əlişir Nəvainin "Lisanüt-teyr" və başqa
əsərlərin bu vəzndə
yazıldığını söyləyərək, fars
şairlərinin rübai vəzni yaratdıqları kimi,
türk şairlərinin də bu vəzni müəyyən həddə
salıb, bu vəzndə iki beytdən ibarət şeir deyərək,
onu "tuyuq" adlandırdıqlarını söyləyir.
Onun yazdığına görə, bu şəkil
və vəzn həddindən artıq xoşagələn
olduğu üçün, moğol xanları və türk
sultanlarının məclislərində çox məşhurdur.
Bu məclislərdə hər bir kəs növbə
üzrə ayağ (qədəh) ona çatarkən, vəziyyətə
uyğun olaraq, bir "tuyuq" seçib oxuyur. Bu
sözlərdən sonra, Babur qafiyə ilə bağlı
olaraq "tuyuq"un daha bir neçə
növündən bəhs edir.
Nəvainin "Mizanül-övzan"da adını
çəkdiyi ikinci şeir şəkli və musiqi
növü "qoşuq"dur. O, "qoşuq"un mədid bəhrini
fA'ilAtün fA'ilün fA'ilAtün fA'ilün və yenə də
rəməl bəhrinin fA'ilAtün fA'ilAtün fA'ilAtün
fA'ilün ölçülərində
yazıldığını söyləyir. "Qoşuq"
haqqında Nəvai yazır: "Başqası
"arğuştaq" üsulunda yayılan
"qoşuq"dur. Bu üsul bəzi dairələr
(musiqi) kitablarında qeyd olunmuşdur. Bu
mahnı ərəbin dəvə sürərkən oxuduğu
hüda mahnılarının vəznində - mədidi-müsəmməni-salimdə
meydana çıxır. Əsli bu şəkildədir:
Vəhki,
ol ay həsrəti, dərdü daği-firqəti,
Həm
irür canimğə ot, həm həyatım
afəti
fA'ilAtün fA'ilün fA'ilAtün fA'ilün.
Amma bu lətif zamanda və şərif dövranda musiqi
və dairələr elmində mülayim istedadı bənzərsiz
igidlər bu mahnını rəməli-müsəmməni-məhzuf
vəzninə salıb, eşidilməmiş nəğmə və
musiqi ilə bəzəyib sultani-sahibqıranın məclislərində
söyləyirlər ki, onun mülayimlik və xoşagəlimliyi
vəsfə sığmaz, təsir və könül
xoşluğu dərəcəyə gəlməz. Bəlkə o
həzrətin (yəni Sultan Hüseyn Bayqaranın)
ixtirasıdır və bu, o həzrətin Məsihə bənzər
nəfəsinin nəticəsini sübut etmək
üçün çox münasib oldu. Beyt:
Səbzəyi-xəttinq
səvadi ləli-xəndan üstünə,
Xızır guya sayə salmış abi-heyvan
üstünə.
Babur da bu
vəzndən, yəni fA'ilAtün fA'ilAtün fA'ilAtün
fA'ilün ölçüsündən danışarkən,
"qoşuq" haqqında məlumat verir. O yazır:
"Türklər arasında bu vəznin adı
"qoşuqdur". Başqa sözlə desək, Babura görə
"qoşuq" daha çox bu vəzndə
yazıldığı üçün, Babur bu vəznin
adını "qoşuq" adlandırır. Qeyd edək ki, Nəvainin söylədiyi
"arğuştaq" ifadəsi V.V.Radlovun
yazdığına görə, türk musiqisində bir
üsul, musiqi tonu, musiqi alətinin adını bildirir. "Qoşuq" isə V.V.Radlova görə,
"arğuştaq" üsulunda oxunan şeir növlərindən
biri, eyni zamanda musiqi, rəqs zamanı oxunan mahnıdır.
V.V.Radlov fikirlərini daha da izah etmək üçün
aşağıdakı nümunəni verir:
Anlamayan
sözdə "tuyuq" bəhrini,
Qaysı tuyuğ, bəlkə "qoşuq" bəhrini".
Beləliklə, gördüyümüz kimi,
"qoşuq" xüsusi vəzni olan və xüsusi musiqi
üstündə oxunan türk musiqi və şeir
janrlarından biridir.
Nəvai
türk şeir şəkillərindən və mahnı
növlərindən danışarkən, "cəngi"nin də adını çəkir. Və
"cəngi"nin münsərih bəhrinin
müftə"ilün fA'ilAn müftə"ilün fA'ilAn
ölçüsündə yazıldığını
söyləyir. "Cəngi" haqqında danışarkən
o yazır: "Yenə "cəngi"dir ki, türk ulusu onu
zifaf gecəsi və qız köçürülən zaman
toylarda oxuyurlar. Çox təsirli mahnı olub,
iki növdür. Bir növü heç
bir vəznə uyğun gəlməz. Bir
növündə isə bir beyt söyləyirlər ki,
münsərihi-mətviyyi-mövquf bəhrindədir və
"yar-yar" sözünü rədif yerinə təkrar
edirlər. Beyt:
Qaysı
çəməndin isib, gildi səba, yar-yar,
Kim dəmidin
tüşti ot, canim əra, yar-yar".
Qeyd edək
ki, "Mizanül-övzan"ı çapa hazırlayan
hörmətli türk alimi Prof. Dr.Kamal Əraslan bu
sözü "çenge", özbək alimi Prof.
Dr.İzzət Sultanov isə "çengi" şəklində
oxumuşlar. Bizcə, bu Azərbaycan musiqisində
də ifa olunan "cəngi" havası olub, yallının
bir növüdür.
Baburun "Müxtəsər"ində isə biz Nəvainin
"cəngi"si ilə eyni məzmunda olan "öləng"
termini ilə rastlaşırıq. Babur da bu mahnının - "öləng"
mahnısının türklər arasında çox məşhur
olduğunu, bu mahnının, adətən toylarda
oxunduğunu, eyni zamanda hər misrasından sonra
"yar-yar" sözünün təkrar edildiyini qeyd edir.
Fikrinə münasib olaraq, Babur, aşağıdakı beyti
misal gətirir:
Munca cəfa
canıma, çağlamadım, yar-yar,
Düşmən imiş dustlar, anlamadım, yar-yar.
Eyni
zamanda onu da söyləyək ki, vəzn etibarilə də Nəvainin
"cəngi"si ilə Baburun "öləngi"si
eynidir. Beləliklə, verdikləri izahatdan məlum olur ki, Nəvainin
"cəngi"si ilə Baburun "öləngi"si təqribən
eyni poetik və şərqi formasıdır.
Janrlar və mahnı növləri baxımından Nəvainin
əsəri Baburun əsərindən daha zəngindir. Belə ki, Nəvai türk
şeir şəkillərindən və mahnılarından
danışarkən, "arazvari" və "məhəbbətnamə"nin də adlarını çəkir. O,
"arazvari"nin həzəc bəhrinin məfA'İlün
məfA'İlün məfA'İlün məfA'İlün və
rəməl bəhrinin fA'ilAtün fA'ilAtün fA'ilAtün
fA'ilün ölçülərində, "məhəbbətnamə"nin
həzəc bəhrinin məfA'İlün məfA'İlün
məfA'İl ölçüsündə
yazıldığını söyləyir. Nəvai yazır:
"Və yenə də türk ulusunda bir nəğmədir
ki, ona "məhəbbətnamə" deyirlər. O, həzəci-müsəddəsi-məqsur
bəhrindədir. Və indi işlədilmir.
Beyt:
Məni
ağzinq üçün şeyda qilibsin,
Mənqa yoq qayğuni peyda qilibsin.
məfA'İlün məfA'İlün məfA'İl".
"Yenə İraq tərakəmə əhli
arasında yayılmış nəğmədir ki, ona
"arazvari" deyirlər. Onun beyti tamamilə həzəci-müsəmməni-salimdədir.
Beyt:
Səqahum
rəbbuhum xəmri
dodağinq
kövsərindəndir,
Bu meyni
içqaninq noğlı
hədisinq
şəkkərindəndir.
məfA'İlün məfA'İlün məfA'İlün məfA'İlün
- rəməli-müsəmməni-məhzuf vəznində
də söyləyirlər. Beyt:
Dövləti-vəsl
iltimasi ni hekayətdür mənqa,
Bu ki,
yadinq birlə can birsam kifayətdir mənqa.
fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilün".
Bizcə,
Nəvainin qeyd etdiyi İraq türkmanları arasında yayılmış
"arazvari" nəğməsi Azərbaycan muğam dəstgahlarında
da özünəməxsus yeri olan "arazbari" zərbi-muğamıdır.
İraq türkmanlarının
yaşadığı ərazinin tarixən Azərbaycan
torpaqları olduğunu və Araz çayının da Azərbaycandan
axdığını nəzərə alsaq, bu fikirlərin
elmi əsası da məlum olmuş olar. Mətndə
olan "Səqahum rəbbihum" birləşməsi isə
"Qurani-Kərim"in "İnsan" surəsinin 21-ci ayəsinin
bir hissəsidir. Mənası "rəbləri
onlara içirir" deməkdir. Beytin mənası
isə "rəblərinin onlara içirdiyi şərab sənin
dodağının kövsərindəndir. Bu şərabı içməyin dadı isə
sözlərinin şəkkərindəndir" deməkdir.
Nəvaidə musiqi növlərindən biri kimi
"müstəzad" termininə də rast gəlirik. Təbii ki, Nəvainin
türk nəğmə növlərindən birinə aid
etdiyi bu janr eyni zamanda, klassik ədəbiyyatda geniş şəkildə
yayılan "müstəzad" janrıdır. Biz bunu Nəvainin bu musiqi növü haqqında
dediyi fikirlərdən, eyni zamanda, verdiyi şeir nümunəsindən
də görürük. Nəvai yazır: "Və yenə
bu xalq arasında bir nəğmə var ki, həzəci-müsəmməni-əxrəbi-məkfufi-məhzuf
vəznində, beyt şəklindədir. Hər
misrasından sonra həmin bəhrin iki təfiləsini nəğmə
ilə uyğunlaşdırıb oxuyurlar. Ona
"müstəzad" deyirlər. "Müstəzad":
Ey
hüsnünqa zərrati-cəhan içrə təcəlli,
Məzhər sənqa əşya.
Sin
lütf bilə kövnü məkan əhliğa məvli,
Aləm sənqa məvla.
məf'Ulü məfA'İlü məfA'İlü
fə'Ulün
məf'Ulü fə'Ulün.
Baburda isə
Nəvaidə rast gəlmədiyimiz başqa bir nəğmənin
adına təsadüf edirik: "tərxani".
Bu nəğmə haqqında qısa bir məlumat
verən Babur, sadəcə olaraq, onun rəcəz bəhrində
yazıldığını söyləyir. Babur
yazır: "Türklər arasında "təxani"
adlanan bir mahnı da vardır. Bu vəzni ona aid
edirlər. O, iki dairə ilə bağlıdır: təqtisi
bir dairə ilə, musiqisi digər bir dairə ilə".
Beləliklə, Nəvai və Baburun bu fikirləri
türk şeirinin, xalq musiqisinin formalarının inkişaf
tarixini və türkdilli əruz vəznli şeirin
inkişafını izləmək baxımından nə qədər
qiymətlidirsə, Nəvainin "Mizanül-övzan"da
qeyd etdiyi bir fikir xüsusi əhəmiyyət
daşıyır. Nəvai yazır: "Ozanların
"ozmağı" və özbəklərin "buday-budayı"
heç bir vəznə uyğunluq göstərməz. Bu səbəblə onlardan örnək verilmədi.
Hər nə qədər örnəkləri
varsa da, əruz elminə ilgisi yoxdur". Qeyd edək ki,
"ozan" sözünə V.V.Radlovda həm "ozan",
həm də "ozançı" şəklində rast gəlirik.
Bu müəllifə görə, "ozan" oxuyan
sənətkara "ozançı" da deyirlər. Həmçinin, V.V.Radlov "ozan"
sözünün, eyni zamanda qırğızların
"jırı" kimi sərbəst ölçülü
seir növünü bildirdiyini də qeyd edir. Nəvai bu mahnıların və şeir şəkillərinin
nümunələri olduğunu qeyd etsə də, onlardan
heç bir nümunə vermir. Görünür,
bu nümunələr sırf türk şeirinin nümunələri
olduğuna və tamamilə heca vəznində
yazıldıqlarına görə, Nəvai onların əruz
elminə aid olmadıqlarını qeyd edir. Buradan, eyni zamanda Nəvai tərəfindən heca vəzninə
ilk elmi yanaşmanın başlandığını da qəbul
etmək olar. "Buday" sözünə gəldikdə
isə, V.V.Radlova görə "buday" özbəklərdə bir mahnı növüdür.
Və nəhayət, "türkü". Babur
"türkü"dən bəhs edərkən, onun Sultan
Hüseyn Bayqara (1469-1506) zamanında meydana
çıxdığını söyləyir. Nəvai
isə "türkü" haqqında daha geniş məlumat
verir: "Yenə bir nəğmədir ki, ona
"türkü" deyirlər. Bu söz ona dərd
olubdur. O, məclislərdə oxunan, həddən
artıq bəyənilən, könül açan,
eyş-işrətə aludə kef əhlinə faydalı bir
nəğmədir. Sultanlar onu daha yaxşı
söylədiyinə görə, "türküquyluq" ləqəbi
ilə məşhur olanları himayə edər. O, rəməli-müsəmməni-məqsur
vəznində meydana çıxır. Beyt:
Ey səadət
mətləi ol arizi-mahinq sininq,
Əhli-biniş qibləgahi xaki-dərgahinq sininq.
fA'ilAtün fA'ilAtün fA'ilAtün fA'ilAn.
Bu vəzn hədsiz xoş, rəvan, ruh oxşayan və
səlis olduğu üçün, həzrəti-sultani-sahibqıran
bütün divanlar arasında bədən içrə can və
ulduzlar arasında parlaq günəş kimi olan öz
divanlarını başdan ayağa qədər bu vəzndə
yazıb, tərtib etmişdir".
Beləliklə, Nəvai "türkü"nün bir
poetik forma olmasından əlavə, eyni zamanda onun bir mahnı
növü olduğunu, xüsusilə daha çox şah
saraylarında oxunduğunu söyləyir. Nəvainin bu
sözləri, eyni zamanda "türkü"nün çox
böyük təsir qüvvəsinə - emosional qüvvəyə
malik olduğunu da bildirir. Nəvainin
sözlərinə görə, bu mahnı növü, hətta
o qədər məşhurdur ki, şahlar bu mahnını
oxuya bilənləri xüsusi olaraq himayə edirlər. Bu mahnı növünün poetik xüsusiyyətlərindən
danışan Nəvai, onun rəməl bəhrində
yazıldığını söyləyir. Həqiqətən də, türkdilli əruz vəznli
poeziyanın inkişaf tarixinə nəzər salsaq, rəməl
bəhrinin türk dillərinə daha çox yatımlı
olduğunu görərik. Bu mənada,
Sultan Hüseyn Bayqaranın da bu vəzndə divanlar
bağlamağı və Nəvainin də bunu xüsusi olaraq
qeyd etməyi tamamilə təbiidir.
Beləliklə,
bütün bu yuxarıda deyilənlər,
"türkü"nin bir nəğmə
növü və poetik bir janr kimi türk xalqları
arasında XV əsrdən etibarən yaranıb inkişaf
etdiyini və xalq arasında çox məşhur olduğunu
göstərir. V.V.Radlov da
"türkü"nün xalq mahnısı, xalq nəğməsi
olduğunu söyləyir. V.V.Radlova görə,
xalq arasında "türkü söyləmək",
"türkü bağlamaq" ifadələri də işlədilir.
Beləliklə,
istər Nəvainin "Mizanül-övzan" və istərsə
də Baburun "Müxtəsər" əsərlərinə
nəzər salsaq, görərik ki, onlar öz əsərlərində
"türkü", "qoşuq", "tuyuq", "cəngi",
"öləng", "tərxani", "arazvari",
"məhəbbətnamə", "müstəzad"
kimi poetik janrlardan danışsalar da, eyni zamanda xalq arasında
bu adlarla məşhur olan mahnı növlərindən də
bəhs etmişlər. Bu faktlar bir daha göstərir
ki, bu janrların xalq mahnıları ilə əlaqəsi
olduqca böyük olmuşdur. Bu fakt, eyni
zamanda onu da sübut edir ki, xalq arasında yaranan türk xalq
mahnılarının çeşidi də müxtəlif
olmuş, onlar ədəbiyyatla, poetik janrlarla da sıx əlaqədə
olmuşlar.
Tərlan QULİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 16 oktyabr.- S.10-11.