Bu gecə
güzgüdə özümə
baxdım,
Gördüm ki, o deyil,
nəsə o deyil...
Daha
sənsiz keçər fəsillər, illər,
Ovudar həsrəti köhnə şəkillər...
Sevdanı köksümə sıxıb yaşaram,
Hər gecə adına şeir qoşaram...
Hə, bu
hava havaların həzini... -
Oxşayaram hər bucaqda izini...
Xatırlaram gülüşünü, səsini,
Gülümsərəm, gözlərimə
nur gələr...
Darıxaram, dünya mənə
dar gələr...
Özümü
Allahdan aralı qoydum,
Səni
uzaqlarda soralı qoydum...
Çiçək ürəyini yaralı
qoydum,
Hər şeyə, hər şeyə peşman elədim...
Özümü özümə düşmən
elədim...
Çox
xoşbəxt ol, gülüm, sənə dilərəm...
Səni
gəzən göz yaşımı silərəm...
Yanar sinəm, aram-aram ölərəm,
Kimsə
çatmaz harayıma,
hayıma...
Həsrət qaldım Tanrı
verən payıma...
Eşitməyim
həsrətlisən, naçarsan,
Unut məni elə indi, bacarsan...
Oğlun
olar, qızın olar, yaşarsan,
Oldu, keçdi, yarımadı
o sevgi,
Bizimlə bir qarımadı
o sevgi...
Anama
Mən də
sənin kimi lal-dinməz oldum,
Qorxuram söz-söhbət, dava-dalaşdan...
Qorxuram bir dostun acı
sözündən,
Qorxuram,
qorxuram hər qəlbi daşdan...
Mən də
sənin kimi sakit, fağıram,
Başımı beş yaşlı uşaq da
yozar...
Eh, nə sən böyüdün, nə mən
böyüdüm,
Vallah, elə bizim beş yaşımız
var...
Bir dili
qurumuş səsin qaldırar,
Yaxar bağrımızı kobudluq
közü...
Cavabın verməyə dilimiz
gəlməz -
Susarıq, udarıq, anam,
hər sözü...
Hər
şeyi malala, hər şeyi boşla,
Bilmirəm, həyatı düzmü
yaşadıq...
İllər nə tez keçir, baxıb deyirəm,
Ay Allah, bu ömrü bizmi
yaşadıq...
Biz ürək
yandırdıq hamıdan ötrü,
Heç
kəs öz oduna yiyə durmadı...
Nanəciblər bizə tənə
edəndə
Allah arxamızda niyə
durmadı?
Biz belə
gəlmişik, belə gedərik,
Çatarıq-çatmarıq arzuya kama...
Sənin
xasiyyətin kişiyə
getmir,
Ana, oxşayardım gərək
atama...
***
Baxdım
axan çaya, baxdım göylərə,
Baxdım
ağaclara, baxdım quşlara,
İnsanlara baxdım, özümə
baxdım,
Gördüm ki, o deyil, nəsə
o deyil...
Yoxluğun
sataşdı gözümə birdən,
Darıxdım, çəkildim özümə
birdən,
Amandı,
düşərsən izimə
birdən,
Gördüm ki, o deyil, nəsə
o deyil...
Axır
damcı-damcı qan ürəyimdən,
Kölə də çıxarmış
xan ürəyimdən...
Bu dəfə doğmalıq
duymadım səndən,
Gördüm ki, o deyil, nəsə
o deyil...
Qurbandı
bu aylar, bu illər sənə,
Qurbandı bu ürək, bu əllər sənə...
Çatmadı etdiyim haraylar sənə,
Gördüm ki, o deyil, nəsə
o deyil...
Ayrıldıq,
qırıldı bu yerdə baxtım,
Yerlərə çırpıldı sözlərim, əhdim...
Bu gecə güzgüdə özümə baxdım,
Gördüm ki, o deyil, nəsə
o deyil...
MƏHƏMMƏD
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.11.