Elmilik
Elmilik, fəlsəfilik və bədiilik
Əvvəli №39-da
Elm -
şübhə və təhlil, Fəlsəfə - təhlil
və sevgi, Din - sevgi və inam üzərində qərar
tutur.
Fəlsəfə elm, sənət və din arasında
inteqrativ bir rol oynayır. Təsadüfi deyil ki, "fəlsəfə
alimlər üçün ürək, şairlər
üçün ağıldır", - deyirlər. O, dini
hissi məntiqlə, rasional idrakı ruhla, düşüncəni
sevgi ilə tamamlayır.
- Bəs ədəbiyyat,
poeziya?
- Fikrin
yüyəni sözün əlində olanda - şeir,
sözün yüyəni fikrin əlində olanda - fəlsəfə
yaranır.
Əslində söz özü də məna
daşıyıcısı olduğundan, hər sözün
bir fikir yükü də var. Bu halda yol açan
sözdür, fikir isə onun yükü.
Eləcə
də, hər bir fikir söz(lər)lə
ifadə olunur. Bu halda yön verən fikir, söz(lər)
isə vasitə olur.
-
Hansı daha ilkindir?
- Bədahət
təfəkkürdən, bədiilik məntiqdən daha qədimdir.
Amma yaşadığımız dövr elm
eyforiyasına qapıldığından, sezgi və bədiiyat
məntiq və elmin qəsbkarlığına məruz
qalır.
"Fəlsəfəni elmiləşdirmək"
azmış kimi, dini də, dili də, ədəbiyyatı da
elmiləşdirmək cəhdləri - əslində
onların öz varlığını qəsb etməkdir.
Elə bir dövr gəlib ki, Dil dilçiliyin, Ədəbiyyat
ədəbiyyatşünaslığın, Din
dinşünaslığın/ilahiyyatın kölgəsində
qalır. Ən azı, təhsilin məzmunu elm
eyforiyasının təsirinə məruz qalmış,
insanın bir insan kimi yetişməsinə xidmət edən
sahələr isə təhsilin strukturundan
çıxarılmışdır.
Elmin qəsbkarlığı
Nə
olsun ki, Qərbdə elm var, bizdə də sevgi var: hətta
elmə də.
Deyirlər, kimdə nə çatışmırsa, ona
həsədlə baxır və bəzən hətta pərəstiş
edir.
Bizim elmə heyranlığımız, elmsizlikdən
çəkdiyimiz ziyandan daha böyük ziyan vurur.
Elmə əlimiz çatmadığına görə,
biliyi, məlumatı elmin yerinə qoyub, ona sitayiş edəcək
dərəcədə müti oluruq. Sanki hər şeyin
çarəsi elmdə imiş.
Elmdə önə çıxmaq çox çətindir. Elmi təcrübələr
kiçik dövlətlər üçün əlçatmaz
olacaq dərəcədə böyük xərc tələb
edir. Ona görə də elmə ən
çox ondan qazanc götürən dövlətlər maya
qoyur. O birilər isə ya sadəcə
görüntü yaradır, ya da nəticə etibarilə
qlobal güclərin dəyirmanına su tökür, özləri
də fərqində olmadan, onların alətinə
çevrilirlər.
Və bu elm canfəşanlığı fəaliyyətləri,
arzu və istəkləri, xəyalları yanlış istiqamətə
yönəldir. Prioritetlər düzgün seçilmir, təhsil
başdan-başa lazımlı-lazımsız biliklərin əzbərlənməsinə,
elmlərin əsaslarının öyrənilməsinə
yönəldilir. Əsl dəyərlər
dəyərsizləşir; fəlsəfə, din və bədii
ədəbiyyat təhsil dairəsindən kənarda qalır,
onlara sosial tələbat azalır; nəticədə
onların yönləndirilməsi nəzarətdən
çıxır və milli ideologiya xaricində olan naməlum
qüvvələr tərəfindən yönləndirilirlər.
Elmin təhsilin məzmununda tutduğu hegemon
mövqe ictimai şüurun bütün sahələrinə
pis təsir edir, mənliyi, mənəviyyatı
formalaşdıran əsas sahələr
başlı-başına buraxılır. Fəlsəfə
və ədəbiyyatın, hətta dinin "elmiləşdirilməsi"
kimi yanlış bir meyil də ən çox bu səbəbdən
baş qaldırır.
Elm ancaq obyektiv reallığı öyrənir. Elmin
laboratoriyasında hətta insan da öz yaradıcı,
subyektiv özəlliklərindən "təmizlənərək"
obyektləşdirilir. Təkcə təbiət
deyil, ictimai varlıq da, bütövlükdə sivilizasiya və
mədəniyyət də, sənət və elmin özü
də elmin əlinə düşəndə öncə nəfəsini
və nəfsini təhvil verməli olur.
XIX-XX əsrlər
elmin fetişləşdirilməsi dövrü...
Biz bəşəriyyətin aqibəti, qlobal problemlər
haqqında düşünərkən, elmin acizliyi də
getdikcə daha çox üzə çıxır. Bəşəriyyət
özünü təkcə elmlə dərk etməyin yetərsizliyini
anlayır. Özünə dönməyin
yolu sadəcə özünü dərk etməkdən deyil,
özünü duymaqdan, insani təməllərin bərpasından
keçir.
Duyğu ilə rasionallığın yeni kəsişmə
müstəvisində yeni fəlsəfə yaranmaqdadır. Kim bu prosesə
vaxtında qoşula bilsə və gələcəyin təməli
olan yeni ideya hədəflərinin işlənib-hazırlanmasında
iştirak edə bilsə, gələcək onundur.
Elmin poeziyası
Elmin əsas instrumenti ağıl sayılır. Amma...
Bir var, elmi ideyaların elmi bilik halına
salınması, sistemləşdirilməsi və elmi-akademik
üslubda təqdimatı, - bütün elmi nəşrlər,
elmi jurnallar üçün bu akademik tələblər zəruri
şərtdir.
Və bir də var, - kəşfin özü.
Elmi kəşflər sadəcə məntiqi təfəkkürlə
mümkün olmur. Burda elmi və bədii təfəkkürün
sintezi labüddür. Yəni elmin
aşağı səviyyəsində hafizə, ağıl, məntiqi
mühakimə yetərlidir, amma yüksək səviyyəsi -
dahilərin yaradıcılıq bölgəsi təxəyyülsüz
olmur. Burda qapını ilham açır,
bələdçiliyi zövq və şövq edir. Ona görə də elmi kəşflərin sadəcə
məntiqi deyil, həm də poetik mündəricəsi olur.
İkincisi, elmin də, poeziyanın da əsas ilham mənbəyi
təbiətdir. Təbiətdə hər şey alimin tədqiqat
obyektinə çevrilməzdən öncə, onu yaradanın
sevgisi ilə yoğrulmuş, bəslənmişdir. Elm bu izlərə düşməsə,
yaradılışı öyrənə bilməz. Və bu izlərlə gedib, nəhayət,
böyük asfalt yola çıxanda məntiq/rasionallıq
yetərli olur. Geriyə dönəndə, dərinə
gedəndə isə yenə həmin ilk təəssüratlara,
duyğulara dönürsən... Və bu məqamda
elmin poetik qatı üzə çıxır.
Bu yerdə
Eynşteynin məşhur deyimini də xatırlamaq pis
olmazdı: "Mənim elmi axtarışlarıma
yazıçı Dostoyevski riyaziyyatçı Qaussdan daha
böyük təsir göstərmişdir". Bu, elmi
yaradıcılıqda bədii izlərdir... Amma
izlər elə-belə itib getmir. Onlar elmin
strukturunda da özünə yer edir və iti nəzərlər,
həssas təmaslar elmin nəinki poeziyasını, həzin nəğmələrini,
həm də simfoniyasını dinləməyə imkan verir.
Optikadan məlum olan işığın
interferensiyası hadisəsində iki işığın
görüşündən alınan mənzərədən
söhbət gedir. İşıq da dalğa olaraq yayılır və
dalğalar bir-birini ya gücləndirir, ya da
sıfırlayır: parlaq zolaqlar qaranlıq zolaqlarla əvəzlənir
və bir mozaika yaranır. Eləcə də,
iki səs dalğası - toplananda fərqli bir səs effekti ortaya
çıxır. Müxtəlif musiqi alətləri
eyni vaxtda səsləndiriləndə xaos da əmələ gələ
bilər, musiqi də.
Yəni maddənin quruluşu da ahəng prinsiplərinə
uyğun gəlir, səs və işıq effektləri də. Və bu məqamda ən
böyük sözü Azərbaycan elminin nümayəndəsi
demişdir: Xudu Məmmədov maddənin quruluşu ilə
xalça naxışları arasında heyrətamiz bir
oxşarlıq, hətta eyniyyət məqamları aşkar
etmişdir. Və bizim milli xalçalardakı
naxışların ahəngindən çıxış edərək,
o vaxta qədər alimlərin ağıl gücünə
aça bilmədikləri bir çox strukturları kəşf
etmişdir. Burada axtarışın istiqaməti
insanın bədii təxəyyülünün məhsulu olan
naxışlardan maddənin quruluşuna doğrudur. Yəni bütün dünya eyni bir ahəngdə qərar
tutur. Və burdan da vəhdəti-vücud
təliminə, daha sonra hürufiliyə yollar
açılır.
"Elm,
bilik sənətkara ağlın gözləri ilə
görünən aləmin üfüqlərini
açır", - deyirdi Xudu Məmmədov. Eləcə
də sənət, ədəbiyyat alimə qəlblə
duyulan aləmin üfüqlərini açır.
Duyduqlarımızmı daha önəmlidir, yoxsa
anladıqlarımız, - bizcə, bu iki dünyanı
qarşılaşdırmaq yox, onların bir-birini
tamamlamasına nail olmaqdır əsl məqsəd.
Bəli, bir sıra elmi problemlərin açarı sənətdə
"gizlənmişdir".
Poeziya - sadəcə sözün, dilin ahəngini deyil, -
fikrin də ahəngini üzə çıxarır. Fikrin ahəngi
isə həm də elmin yoluna işıq salır. Sonra, biz elmə məntiq və ya sevgi deyil, sezgi nəzərləri
ilə baxanda onun bətnindəki bu poetik/bədii qaynaqları
da görə bilirik.
"Ədəbiyyat elmi"
Elm və Ədəbiyyatın özlərinin və
onların haqqındakı elmlərin sosial təşkilatlanma
dərəcələri müqayisə edildikdə maraqlı
bir disbalansla üzləşirik. Elmşünaslıq və
ya "Elm haqqında elm" nəhəng elm institutu ilə
müqayisədə çox cılız görünür.
Elmşünaslığın sosial həcmi nəinki
bütövlükdə elm, ayrıca fənlərlə
müqayisədə də çox kiçikdir. Azərbaycanda
bu sahə ayrıca bir vahid kimi təşkilatlanmamış,
elmşünaslığa dair az saylı tədqiqatlar
isə "Fəlsəfə çardağı"nın
altında, AAK-nın təsnifatında isə "elm/bilik fəlsəfəsinin"
içərisində yerləşdirilmişdir. Ədəbiyyat
fəlsəfəsinə dair fərdi təşəbbüs
qismində rast gəlinən tək-tük tədqiqat(çı)lar
da Fəlsəfə İnstitutunda deyil, Ədəbiyyat
İnstitutunda sığınacaq tapmışdır. Yəni
fəlsəfəçilərimiz ədəbiyyatı sanki
unudublar; yəqin, belə düşünülür ki, onun
öz sahibi var, - Ədəbiyyat İnstitutu.
Ədəbiyyatda isə durum xeyli fərqlidir. Ədəbiyyat
elmi, ədəbiyyatşünaslıq öz sosial miqyasına
görə hətta ədəbiyyatın özünü də
aşmış kimi görünür. Ədəbiyyatın
özünün (bədii ədəbiyyatın) sosial təşkilatlanması
isə acınacaqlı gündədir. Sovetdənqalma,
"ənənəvi" təşkilatlanma forması, "ədəbiyyatın
yiyəsi" AYB olduğundan, bunun dışında
institutlaşma formaları "ağla gəlmir".
Amma sovet dövründə ədəbi prosesin, bədii ədəbiyyatın
sosial-iqtisadi və təşkilati aspektlərini, kitabların
nəşri və satışını, təbliğat və
reklam xidmətini Dövlət Nəşriyyat Komitəsi,
"Azərkitab" İstehsalat Birliyi kimi nazirlik statusunda
dövlət qurumları həyata keçirirdi. Bədii ədəbiyyatın, teatrın təqdimatı
və təbliği Televiziya və Radio Komitəsinin də
mühüm vəzifələrindən biri idi. Cəmi
bir TV kanalının olmasına baxmayaraq, tanınmış
ziyalılarımızın, şairlərimizin siması
hamıya tanış idi, onların efirdə
görünməsi, yeni əsərlərlə
tanışlıq, şeirlərin ifası gözəl bir ənənə
olmaqdan başqa, az qala rəsmiləşmişdi. Bazar
iqtisadiyyatına keçid dövründə bazardan xəbərsiz
bu saf, məsum ədəbiyyatı bazarın öhdəsinə
buraxmaq olmazdı, təbii ki... Amma bu sahədə
görülən tədbirlər real ehtiyaca adekvat olmadı.
Əslində bu ehtiyacların öyrənilməsi
də hələ təşkil olunmayıb. Əgər o
keçmiş ənənələrdən miras qalmış
AMEA-ya, "ədəbiyyat elmi" funksiyasını üzərinə
götürmüş Ədəbiyyat institutlarına və
universitetlərin filoloji fakültələrinə, onların
Elmi şuralarına müraciət etsək, bəlli olar ki,
onlar ədəbiyyatın təşkilati, sosial, iqtisadi problemləri
ilə məşğul olmur... Onda bəlkə
Fəlsəfə, İqtisadiyyat institutlarına, Dövlət
strateji araşdırma mərkəzlərinə müraciət
edək; onlar da ədəbiyyat bizlik deyil, - deyəcəklər.
Bəs onda necə olsun? Mən bir
elmşünas kimi, elmlərin təsnifatı və statusu ilə
məşğul olan mütəxəssis kimi belə hesab edirəm
ki, Dövlət qarşısında məsələ
qaldırmaq, əsaslandırılmış layihələr
hazırlamaq biz alimlərin, ziyalıların işidir; yoxsa
dövlət bunları necə araşdıra bilər və
ortaya çıxarılmamış, yetərincə əsaslandırılmamış
ehtiyacları necə təmin edə bilər?
Bədii obraza qarşı virtual insan
Obrazı
genomla və ya heç olmasa süni intellektlə müqayisə
etsək...
Müasir mərhələdə süni intellekt
böyük uğurlara imza atır. Mübahisəli məqam: o ancaq
verilmiş proqram üzrəmi çalışır, yoxsa
özü də yeni proqramlar hazırlamaq və
özünü yenidən, başqa səpkidə kökləmək
kimi qabiliyyətlərə də malik ola
bilərmi? Bəzi təcrübələr,
sınaqlar göstərir ki, bu robot/genomun özünü
proqramlaşdırması perspektivi var. Və bu imkan
böyük təhlükələrdən, narahat gələcəkdən
xəbər verir.
Obrazın nisbi müstəqilliyini, artıq
oluşmuş xarakter özəlliklərini nəzərə
alsaq, belə bir sual ortaya çıxır ki,
özünü proqramlaşdırmaq qabiliyyəti bədii
obraz üçün də keçərlidirmi? Yəni obraz əsərdə
yazılanlardan kənara çıxa bilərmi? Obrazın öz fəaliyyət meydanını
genişləndirməsi, təbii ki, gəlişmiş təxəyyülə
malik oxucunun əsərə ikinci nəfəs verməsi sayəsində
mümkün olur. Sual isə bundan ibarətdir
ki, yazıçı ona ayırdığı sərbəstlik
dərəcəsini, başqa sözlə desək, oxucu təxəyyülü
üçün saxladığı yaradıcılıq
meydanını hansı optimal həddə qədər
artıra bilər?
Bəli, əsər tamamlandıqdan sonra, obraz öz həyatını
oxucu təxəyyülündə davam etdirir. Və burada fərqli
situasiyalarla qarşılaşırıq: eyni dövrün və
eyni ictimai məkanınmı oxucusu, yoxsa... Yəni
tərcümələr sayəsində əsərin daxil
olduğu hər yeni məkanın öz aurası var və bu
yeni məkan-zaman kontiniumunun yetişdirməsi olan oxucu
keçmişdən və uzaq/yad ellərdən gələn
obrazı müasirliyin rənginə-ruhuna bürüməyəcəkmi
və nəticədə obraz özü də sadəcə
yeni qiyafət deyil, yeni mənəvi-estetik çalarlar əldə
etməyəcəkmi? Fəlsəfi
universumların, kateqoriyaların zaman-məkan dəyişikliklərinə
qarşı peyvəndi, keçərli immuniteti var; bəs ədəbi-bədii
obrazların?!
Bax, tam da bu zaman "klassika" anlayışı
dövrəyə girir. Hansı əsərlər, hansı
obrazlar cari həyat, lokal mühit üçündür,
hansılar məkan-zaman kontiniumunun sərhədlərini
keçərək özü olaraq qalmaq əzmindədir?
Klassik əsərin və klassik obrazların
özəlliyi məhz bu keçid qapısında üzə
çıxır. Zamanın
sınağından çıxmaq, zaman aşınmasına
qarşı davamlılıq - klassika üçün zəruri
şərtdir. Məkanın sərhədlərini
aşmaq baxımından isə klassika özünü iki fərqli
miqyasda təsdiqləyir: milli və ümumbəşəri
klassika.
Səlahəddin XƏLİLOV
Ədəbiyyat qəzeti.- 2021.- 16 oktyabr.- S.12-13.