Vüqarlı Dneprin suları axsın”

 

“Azərbaycan-Ukrayna ədəbi əlaqələri bizim üçün xüsusi önəmə malikdir”

 

Azərbaycan Yazıçılar Birliyinin daha bir nəşri - Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş və 30 ukraynalı şairin  şeirlərinin toplandığı “Vüqarlı Dneprin suları axsın” Ukrayna şeiri antologiyası nəşr olunub. Yeni DƏB” seriyasından çıxan kitabın  tərtibçisi, seriyanın baş redaktoru, şair Səlim Babullaoğludur. Nəşrin məsləhətçisi Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundovadır. “Mütərcimnəşriyyatında çap olunan kitab Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri,  hüquq elmləri doktoru Hikmət Cavadovun dəstəyi ilə nəşr edilib. “Ədəbiyyat qəzeti”nin oxucularına eksklüziv olaraq Hikmət Cavadovun kitab üçün yazdığıön söz” ü təqdim edirik.

 

 Xoşbəxtlikdən, tale elə yazıb, elə gətirib ki, dövlət xalq olaraq biz Ukrayna ilə eyni siyasi coğrafiyada yaşamışıq. Hətta bəlkə bu ifadə bir az da yerinə düşmür. Çünki biz eyni siyasi coğrafiyanı təşkil etmişik. Eyni taleyi bölüşmüşük: uğurlarımızla da, dərdlərimizlə . Ukrayna-Azərbaycan ədəbi əlaqələrinə ciddi bir töhfə olan hazırkı toplunun nəşri bir tərəfdən özümüzü bir başqa cür tanımaq, görmək  üçün yaxşı bir imkandır. Amma birinci  növbədə Ukrayna ədəbiyyatına bələdliyimizi əsaslı şəkildə artıran mənbədir.

 Azərbaycan oxucusuna, daha çox peşəkarlara Ukrayna ədəbiyyatı, əlbəttə ki, tanışdır. İvan VişenskiMletiy Smotritskinin polemik mətnləri, Ukrayna barokko dövrü ədəbiyyatı kimi təsnifləşən Feofan Prokopoviçin dramaturji əsərləri, xüsusən bu dövrün zirvəsi hesab edilən şairfilosof Georgi Skovorodanın yaradıcılığı, İvan Kotlyarovskinin burlesksayağı (travestik burlesk) “Eneida” poeması, Pyot Qulak-ArtyomovskiYevgeni Qrebenyokun satirik-komik əsərləri, Ukrayna dilinin təkcə komik əsərlərin aləti olmaıdığını sübut edən və onu zərif-lirik ifadə tərzi üçün “bəsləyən” Qriqori Kvitka-Osnovyanenkonın mətnləri zəngin Ukrayna ədəbiyyatının qiymətli səhifələridir.

        XIX əsrin ikinci yarısı və XX əsrin əvvəlləri İvan Franko, Lesya Ukrainka, Mixail Kosyubinski, İvan Neçuy-Levitski, Marko Vovçok,  Parnas Mirnı, Boris Qrinçenko kimi Ukrayna ədiblərinin adı ilə bağlıdır. Bu həm də ədəbi janr və növlərin formalaşması baxımından ən zəngin dövrdür. Sonra sovet epoxası başlayır, proletkult dövrü. Bir də, onunla mübahisəyə və dialoqa girməyən, ədəbi dəyərlər baxımından əks-qütbdə dayanan  neoklassisistlər: Ellan Blakitnıy, İqnat Mixayliçenko, Mixail Semenko, Nikolay Zerov. O cümlədən Qiroqori Kosınka, Nikolay Kuliş, Maksim Rılski və başqaları. Onların bir çoxu repressiya olundular.

Amma Ukrayna ədəbiyyatının bəzən öz milli klassiklərimizdən ayrı saymadığımız və salmadığımız böyük kobzar, ozan,  görkəmli şair və rəssam Taras Şevçenkonun (1814-1861) adı ilə bağlı olan dövrü Azərbaycanda daha çox tanınan bir dövrdür. Məhz 1840-cı il, ŞevçenkonunKobzarpoetik toplusunun nəşri Ukraynanın intellektual və ədəbi müstəqilliyinin elanı demək idi ki, bu da Ukrayna ədəbiyyatının sonrakı onilləri üçün təyinedici rol oynamışdı. Yeri gəlmişkən, hələ XIX əsrdə görkəmli Azərbaycan ədib və ziyalıları Şevçenko yaradıcılığıyla “Oteçestvennıje zapiski”, “Kolokol”, “Sovremennikkimi rus qəzet və jurnalları vasitəsi ilə az olsa da, tanış ola bilmişdilər. Bakıda fəaliyyətə başlayanProsvita” xeyriyyə cəmiyyəti Ukrayna xalqının böyük Kobzarının Azərbaycan torpağına “ayaq açmasına” zəmin yaratmışdı.

 Haşiyə çıxıb,  bütövlükdə Taras Şevçenko yaradıcılığı və ona Azərbaycandakı münasibətlə bağlı bəzi faktları xatırlamaq doğru olardı. Baxaq: 1934-cü ildə böyük şairin anadan olmasının 120 illiyi Azərbaycanda təntənəli şəkildə qeyd edilir;  Şevçenkonun şeirlər kitabı ilk dəfə Azərbaycan dilində çapdan çıxır.  “Azərnəşr”də dərc edilən “Kobzar” toplusundakı şeir və poemaları dilimizə Mikayıl Müşfiq və Əhməd Cavad tərcümə edirlər ki, əlinizdə tutduğunuz bu kitabın da həmin tərcümələrin bir parçası ilə açılması təsadüfi deyil.

Sonradan  müxtəlif illərdə Taras Şevçenkonun yaradıcılığına digər tanınmış Azərbaycan şairləri – Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mikayıl Rəfili,  Mikayıl Rzaquluzadə, Məmməd Rahim, Osman Sarıvəlli, Abdulla  Faruq, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Böyükağa Qasımzadə də müraciət edərək qiymətli tərcümələr ortaya qoydular, şairin çoxcildliyi Azərbaycan dilində nəşr edildi. Rəsul Rza, Mikayıl Rəfili, Məmməd Arif, Hüseyn Mehdi, Pənah Xəlilov, Əkbər Ağayev, Yusif Qarabağlı, Vaqif Arzumanlı, Abbas Abdulla, Tamara Şərifli  başqa ədiblərimiz də Taras Şevçenko haqqında qiymətli oçerk və məqalələr yazdılar ki, bu yazılar həm zamanında dövri ədəbi mətbuatda və sonradan isə ayrıca toplular kimi dəfələrlə nəşr edildi. Şairin doğum və anım günləri təntənə ilə qeyd olundu.

 Əlbəttə, Azərbaycan şevçenkoşünaslığının nailiyyətləri də Ukrayna ədəbi ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilib. Məsələn, 1978-ci ildə Ukrayna SSR EA T.Şevçenko adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi ikicildlik “T. Şevçenko lüğəti”ndə (“Şevçenkevskiy slovenik”) Azərbaycan şevçenkoşünaslığının nailiyyətlərinə geniş yer ayrılıb, lüğətə “T.Şevçenko və Azərbaycan” mövzusundan başqa, “Məmməd Arif”, “Səməd Vurğun”, “Əhməd Cavad”, “Mikayıl Müşfiq”, “Mikayıl Rəfili”, “Rəsul Rza”, “Süleyman Rüstəm”, “Zeynal Xəlil”, “Pənah Xəlilov”, “Məmməd Cəfər”, “Abbas Abdulla” adlı ayrıca məqalələr daxil edilib.

Ukrayna ədəbiyyatının müstəqillik əldə etdikdən sonrakı 30 illik dövrü, heç şübhəsiz ki, XX əsr Ukrayna ədəbiyyatının ən rəngarəng, ən dərin, ədəbi-estetik planda ən maraqlı dövrüdür. Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 7 il əvvəl nəşr etdirdiyiDünya ədəbiyyatı” dərgisinin “Ukrayna ədəbiyyatı” xüsusi sayı bu mənada çox vacib nəşrdi. Çünki məhz buxüsusi say” vasitəsilə oxucular son 30 ilin (bir az da çox) Ukrayna ədəbi mənzərəsini geniş görə biliblər.

Ədəbi incilər sırasında təkcə Ukraynanın deyil, həmçinin bütün slavyan dünyasının ortaq mədəni irsiqürur yeri sayılan, eyni zamanda təkcə tarixi məlumatlar deyil, həm də epik nəğmələr, əfsanə və rəvayətlər toplusu olanKeçmiş illərin hekayətləri” (“Ïîâѣñòü âðºìѧííûõú ëѣòú”) salnaməsi, “İqor polku haqqında dastan” (“Ñëî́âî î ïîõî́äå È́ãîðåâå”) bəs edir ki, bir xalqın nə qədər zəngin və qədim ədəbiyyatı və tarixi olduğunu təsdiqləyəsən. Və belə bir tarix fonunda hər hansı sayda şairin şeirləri toplanmış istənilən kitab, toplu, antologiya, əlbəttə ki, həmin xalqın “poetik təmsilçilik” yükünün altına girə bilməz. Hərçənd, heç şübhəsiz, o xalqın bədii təfəkkür tərzi, düşüncələri və yaşantılarını nişan verə, qısa zaman kəsiyində də olsa, tarixinin bədii ifadəçisinə çevrilə bilər. Azərbaycan Yazıçılar Birliyinin, Birliyin katibi şair Səlim Babullaoğlunun təşəbbüsü və rəhbərliyi, eləcə də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun yaxından iştirakı ilə hazırlanan, qardaş Ukraynanın Müstəqilliyinin 30-cu ildönümünə həsr olunan və elə buna görə də 30 şairin şeirinin toplandığı, “Yeni DƏB” kitab seriyasında nəşr edilən  “Vüqarlı Dneprin suları axsın – Ukrayna şeirindən seçmələr” antologiyası elə bu yuxarıda söylənilən məqsədlə ərsəyə gəlib.

İnanırıq ki, dövlətlərimiz və xalqlarımızın arasındakı səmimi dostluq və qardaşlıq bağlarının möhkəmlənməsinə, ədəbiyyatlarımızın və insanlarımızın yaxınlaşmasına  öz mütəvazi töhfəsini verəcək bu antologiya tezliklə oxucusuna qovuşacaqdır.

Necə deyərlər, qoy vüqarlı Dneprin suları daim axar-baxarlı olsun!

 

Hikmət Cavadov

 

Ədəbiyyat qəzeti.- 2021.- 16 oktyabr.- S.14-15.