Elm tale kimi
Akademik İsa Həbibbəylinin
doğum gününə
İsa müəllimlə
ilk görüşüm illər
öncəsi qədim
diyarımızda, Naxçıvan
Dövlət Universitetində
olub. Dissertasiya müdafiəsi işində
opponent kimi iştirak edirdim. Onda İsa müəllim
universitetin rektoru idi. Görüş zamanı yazılarımı
oxuduğunu və bəyəndiyini söylədi.
Heyrətləndim. Heç kim heç kimi oxumadığı bir dövrdə akademikin bir başqasının yazıları
ilə bağlı fikir söyləməsi
nadir hadisədir...
Bu kiçik yazıda
məqsədim akademik
İsa Həbibbəyli
ilə bağlı xatirələri danışmaq
deyil. Sadəcə, müşahidə etdiyim, duyduğum bəzi məqamlar üzərindən onun alim obrazı ilə bağlı tezisləri paylaşmaqdır.
2017-ci ildə Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
mənə "İlin
alimi" fəxri adını verdi. O zaman İsa müəllimə düz-əməlli
təşəkkür də
edə bilməmişdim...
Söhbəti ondan başlayım ki, İsa müəllim
poeziyanı çox sevir, poeziyanı milli ruhun sirri-sehri
kimi qəbul edir - bu, bəlkə
də bir filoloq üçün, ədəbiyyatşünas alim
üçün təbii
haldır. Bəlkə gəncliyində şeir yazması ilə əlaqədardır?
Bəlkə ruhunun təlabatıdır,
bilmirəm. Hər
halda şairlərdən
xüsusi sövqlə
və məhəbbətlə
yazır...
Desəm
ki, İsa Həbibbəyli üçün
də mif, əsatir gerçəklikdir,
yanılmaram.
Mif xalq müdrikliyinin təzahürüdür. İsa müəllim haqlı olaraq yazır ki, Ç.Aytmatov üçün mif həm
ədəbi priyomdur, həm də əsərin əsas qatıdır, konsepsiyasıdır
(məsələn, "Ağ
gəmi"də).
Mifopoetik dil yalnız hansısa janrın dili deyil, etnomədəni
yaddaşın dilidir. Məhz bu dil vasitəsilə yazıçı,
şair, alim ömür təcrübəsini sınaqdan
keçirir. Təsadüfi deyil ki, İsa müəllimin
poetik təxəyyülünü qidalandıran doğma
diyarın məkan mifləridir. Duzdağ, Gəmiqaya,
Arpaçay ilə bağlı əsatirlərə, Bəhruz
Kəngərlinin kətan üzərində sulu boya ilə
canlandırdığı Nuh peyğəmbərin məzarının
şəklinə də Naxçıvanla bağlı tarixi
qaynaq kim baxması bu üzdəndir.
Nədənsə həmişə inanmışam
ki, İsa müəllimin mental-etnik
yaddaşında da əfsanə janrının arxetipi
yaşayır.
Əfsanə tarixi gerçəkliyin ifadə
formasıdır. "Nuhçıxandan Naxçıvana"
kitabını ideyasını - məzmununu əfsanə-rəvayət
janrı müəyyən edir. Ona görə də
"Naxçıvan" sözünün etimoloji mənşəyini
əfsanə və rəvayətlərdə arayır və
"Nuh mifi" ilə əlaqələndirir.
"Arpaçayı nağıllı, əfsanəli
çay adlandırır". "Kitabi-Dədə Qorqud"
toponimlərini naxçıvan əfsanələr əsasında
bərpa edir və s.
İsa Həbibbəylinin
"Naxçıvan mətni"ndə
əfsanə arxetipi üst mövqeyə malikdir. Məhz bu arxetip ona ədəbi
və tarixi şəxsiyyətlərimizin "əfsanəvi
miqyasını" görməyə imkan verir.
İsa Həbibbəylinin
Azərbaycanı, Naxçıvanı
mifik və qutsal mənalardır. Coğrafi
məkanı mifik məkan kimi hiss etmək, yaxud qəbul etmək poeziya ruhundan gəlir. Əminəm ki, alimin coğrafi təxəyyülü
etstetik-bədii təfəkkürünün
vacib, ayrılmaz elementidir. İsa müəllim inanır
ki, "tarixin qədim qatlarından həmin coğrafiyanı tanımağın yolu ilə ədəbiyyat (əfsanə, mif, rəvayət) imiş".
İsa müəllimin lüğətində
"xəritə" (atlas) sözü işlək sözlərdən biridir və "coğrafi mifologiya"sından gəlir
(Məsələn: Elman Həbibin
"Naxçıvannamə" poemasında Naxçıvan
diyarının bənzərsiz
poetik xəritəsini
cızır"). "Xəritə" ondan ötrü bir nəsnənin adı deyil, ədəbi-bədii,
mifoloji gerçəkliyi
ifadə üsuludur.
İsa Həbibbəylinin
"Naxçıvan mətni"
onun yaradıcılığını,
yaşam və düşüncə təcrübəsinin
məhvəridir. Naxçıvan onun "filoloji
xəritəsi"dir. Naxçıvan
əsilli şairlərin
(H.Cavid, M.Araz, H.Razi, E.Həbib, T.Qəhrəmanov və
b.) və rəssamların
yaradıcılığına həsr etdiyi silsilə yazılarda Naxçıvanın poetik
xəritəsini bərpa
edir. Bu şairlərin
peyzaj-landsaft təfəkkürünü
xüsusi fərqləndirir,
coğrafi təxəyyülün
obrazlılığı, simvolik
zənginliyinə diqqət
yetirir.
Görkəmli ədəbiyyatşünasın tədqiqatçı şəxsiyyətinin
bir özəl cəhətini də qeyd etmək istərdim - ədəbi mühiti canlı, obrazlı dillə təsvir edir. Dostluq, məsləkdaşlıq
kimi mənəvi-etik dəyərlər ictimai-siyasi
münasibətlərin fonunda
ədəbi-mədəni mühitin
dinamikasını görməyə
imkan verir. Dahi Cəlil Məmmədquluzadənin
müasirləri, məsləkdaşları
ilə münasibətlərini
"hadisələrin şahidi"
kimi elə qələmə almışdır.
Məsələn, "Azərbaycan
realist ədəbiyyatının proqramm əsəri kimi qiymətləndirilən
"Poçt qutusu"
hekayəsinin Mirzə
Cəlilin qoltuq cibindən ədəbi mühitin təmiz havasına çıxarılması
da Məmmədqulu bəy Kəngərlinin adı ilə bağlıdır" deyimi
ilə bir xatirə detalına işarə etməsi bu "şahidliyin" təsdiqidi.
Cəlil Məmmədquluzadə onun
ədəbi qəhrəmanı
deyil, doğması, əzizi, həm də sevimli məsləkdaşıdır. Bunu duyğusal
səfər qeydindən
bilmək olar.
"Başqa bir səfərdə (Fransaya
- R.K.) həyatımın mənasına
çevrilmiş böyük
demokrat yazıçı
və mütəfəkkir
Cəlil Məmmədquluzadənin
nəvəsi, yəni
ədibin oğlu Ənvər Məmmədquluzadənin
qızı Mehri Səqqətçiyanı tapmaq
üçün keçirdiyim
yaşantılar, Luvr muzeyinin qarşısındakı
eyniadlı otelin foyesində Azərbaycan çayı süfrəsi
ətrafında mehri xanımla olan söhbətlərimin həyəcanı
unudulacaq əhvalatlar deyildir".
İsa Həbibbəyli
vizual təfəkkürə
güclü rəng duyumuna malik alimlərimizdəndir. "Ulu torpağın rəngləri
və rəsmləri"
adlı məqaləsi
onun coğrafi obyektin, landşaftın mahiyyətini rənglərlə
görmək duyumunu aydınca göstərir:
"Təndir nəfəsli, qaya əzəmətli, kövşən ətirli
hər fəslinin öz görkəmi olan Naxçıvan ən böyük rəssamdır";
"Babək Abuzərli
Naxçıvan torpağındakı
açıq rənglərə
daha çox sənət həyatı verə bilir. Həmzə Sadıqov
da Naxçıvanı
açıq rənglərlə
ifadə edir. Nəriman Əliyev Naxçıvanın
işıqlı boz torpaqlarının rənglərini
lay-lay, qat-qat quaşla
kətana köçürür.
Onun rənglərində
günəş hərarəti
hiss olunur".
Başqa bir yazısından gətirdiyimiz örnək
kifayətdir. "İbrahim
Yusifoğlu Şərurun
qonur, çılpaq dağlarını və Arpaçay vadisini alaseyrək çiçəkli
badam sifətində görür. Həyatı
barmaqları bənbvşəyi
mürəkkəbli şagirdlərin
və müəllimlərin
arasında keçən
İbrahim Yusifoğlunun
bir çox misraları isə həm rəng çalarlarına, həm
də poetik mənasına görə
bənbvşə çiçəyinə
bənzəyir":
İsa müəllimin
bir çox nəzəri ümumiləşdirmələri
hələ də yadımdadır. Səməd Vurğunun "Bakının
dastanı"nda, "İçərişəhər"
fəsli ildə Vaqif Səmədoğlunun
"İçərişəhər"
şeirini muqayisəli
təhlili ata və oğulun üslubi qarşıdurması
kimi maraqlıydı.
Yaxud "realizmə
gedən yol Vaqif keçidindən adlayırdı" - səhv
etmirəmsə, təxminən
beləydi.
İlyas Əfəndiyev təhkiyəsinin
poetikası əsasında
bütöv yaradıcılığını
"Azərbaycan ədəbiyyatının
özünəməxsus nağılı"
adlandırır və
s.
Misraların sayını artırmaq olar.
C.Məmmədquluzadə həyat və yaradıcılığına, Azərbaycan maarifçiliyinə
həsr etdiyi dəyərli araşdırmasında
sosial institutlara diqqət yetirməsi nəzəri - metodoloji cəhətdən maraqlı
yanaşmaqdır. "Kitabi-Dədə
Qorqud"a həsr olunmuş son monoqrafiyasında Azərbaycan
ədəbiyyatını sosial
institut kimi "Kitabi-Dədə Qorqud"dan
başlaması da dövlətçilik təfəkkürü
və təcrübəsi
ilə bağlı məsələdir.
İsa Həbibbəylinin
yaradıcılığına bir marağım da, heç şübhəsiz, Cəlil
Məmmədquluzadəyə olan sevgimdən qaynaqlanır. İsa müəllimin "Cəlil
Məmmədquluzadə: mühiti
və müasirləri"
monoqrafiyası mənim
üz tutduğum əsərlərdən biridir.
Dəfələrlə bu əsərə
istinad etmişəm.
Bu araşdırmada dahi ədibin həyat və yaradıcılığının faktları, hadisələri
bir-birilə sistemli şəkildə əlaqələndirilir
və təhlil olunur.
İsa müəllim
öz məqalələrində
bir çox tədqiqat mövzularının
istiqamətini, yaxud anonsunu verib. Səni bu
mövzu üzərində
düşünməyə vadar edir. Bir-iki misal çəkim. Hörmətli akademik bəyan
edəndə ki, Mir Cəlalın publisistikası
bədii cəhətdən
hekayələrindən geri
qalmır, "bədii
yaradıcılığının baş məşqidir".
Və səmimi etiraf edim ki, istər-istəməz
fikrimdən Mir Cəlal
publisistikası oxumaq keçmişdi. Mirzə Cəlilin
sənət və ədəbiyyat görüşlərini
felyetonlarının içindən
"işığa çıxarması"
da maraqlı yanaşma kimi xoşuma gəlmişdi.
P.S. Sonda İsa müəllimin 16 yaşında
(3 yanvar 1965-ci il) yazdığı
"Təqvim" şeirinin
bir bəndini xatırlayım:
Səhər tezdən durub mən
Əl atıram
təqvimə.
Görən nə yazılıbdır
Bu gün kimin bəxtinə?
Azərbaycanın görkəmli alimi
və elm təşkilatçısı,
akademik İsa Həbibbəylinin tale yazısı
artıq müəyyən
qədər məlumdur.
Amma təqvimdə bu gün onun doğum
günüdür. Ürəkdən təbrik edir, möhkəm cansağlığı
və yaradıcılıq
uğurları arzu edirik.
Rüstəm KAMAL
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.16.