"Sətirlər" və ətirlər
Gənc jurnalist Turan Uğurun ədəbi verilişləri haqqında
bir neçə söz
Azərbaycan teleməkanında çox az kanallar var ki, vaxtım və imkanım olanda baxıram; onlardan biri (bəlkə də birincisi!) "Mədəniyyət" kanalıdır. Kanalın ayrı-ayrı verilişləri və proqramları bəzən o qədər maraqlı olur ki, diqqət çəkir, gözümü-qulağımı ayıra bilmirəm. Bu yaxında gənc jurnalist dostum Turan Uğurun müəllifi olduğu və Xalq şairi Ramiz Rövşənə həsr etdiyi "Sətirlər"ə də maraqla baxdım. Sözün düzü, "Sətirlər"ə bundan əvvəl də bir neçə dəfə baxmaq imkanım olmuşdu və ekranda Xalq artisti Mehriban Zəkini görən kimi veriliş diqqətimi çəkmişdi. Elə simalar var ki, onları görəndə televizor ekranı doğmalaşır, mavi ekrandan uzun müddət küsdüyünü, incidiyini, hətta zəhlən getdiyini belə unudursan, düşünürsən: madam ekranda Mehriban kimi zəkası, istedadı, səsi, sözü, təbəssümü, geyimi, oturuşu-duruşu, estetik gözəlliyi ekrana yaraşıq verən "biçimli" bir xanım görünürsə, deməli, orda həm klassik, həm də müasir sənət var! Orda incəsənət var! Və orda həqiqi televiziya jurnalistikası var! "Sətirlər"dən aldığım xoş ətirli təəssürat həm də bu amilə görədir.
Bunu da mütləq qeyd etməliyəm ki, televiziya jurnalistikası çox çətin sahədir, mütəxəssislər bilir ki, onun informasiya, analitik publisistika və bədii publisistika kimi müxtəlif spesifik janr qrupları var; nəzərə alsaq ki, bura ayrı-ayrı verilişlər, proqramlar, sənədli filmlər və s. daxildir, o zaman televiziya jurnalistikasının nə qədər geniş imkanlara malik olduğunu görərik. Ekran üçün hazırlanan hər bir ədəbi verilişin təbii ki, məzmun və forması olmalıdır; bu bir klassik strukturdur, yanaşma müxtəlif ola bilər. Bu baxımdan son illər "Mədəniyyət" kanalında jurnalistika yaradıcılığı sahəsində sezilən yeni formal əlamətləri dəyərləndirməliyik. "Sətirlər"ə Turan Uğurun tematik müəllif verilişi də demək olar; orijinallıq təkcə adla bağlı deyil, həm də mövzu, forma və məzmundadır. Baxdığım verilişlərin mövzu əhatəsi, dünya və Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin həyat və yaradıcılığından yazdığı ssenarilər və ya mətnlər maraqlıdır; onlar Mehriban Zəkinin ifasında gah danışır, gah pıçıldaşır, gah da həzin nəğməyə dönüb zövqünü oxşaya-oxşaya sənin hiss və düşüncələrini, arzularını, ümidlərini yetişdirir, böyüdür, beləliklə, sən incə ruhlu, müəyyən mənada diqqətli və hazırlıqlı tamaşaçıya dönürsən. "Sətirlər" sənə Viktor Hüqodan danışır, Artur Rembonu təqdim edir, Antuan De Sent-Ekzüperinin "qağayı" dünyasını göstərir, Servantesin "Don Kixot"unu tanıdr, Robindranat Taqorun fəlsəfəsini anladır... "Sətirlər"də Xan qızı Natəvanın xanım-xatın şeirlərini eşidirsən, Əhməd Cavadı, Anna Axmatovanı, Folkneri, İsmayıl Şıxlını, Aqata Kristini, Orxan Vəlini, Rəsul Rzanı, Mikayıl Müşfiqi, Məmməd Arazı, Anarı, Məmməd İsmayılı, Əli Kərimi, Şamil Xurşudu, Almas İldırımı, Əziz Nesini... görürsən, bir daha duyursan, tanıyırsan, "Vətən qoxulu misralar"ın sehrinə düşürsən... və əmin olursan ki, Turan Uğurla bərabər çalışan yaradıcı heyət - rejissor Bəhram Yaqublu, redaktorlar, mənim dostum Azər Qismət, Flora Xəlilzadə, operatorlar Cavid Şərifov, Emin Tağıyev və adlarını unutduğum digər yaradıcı insanların gərgin əməyi sayəsində "Mədəniyyət"də hadisə baş verib.
Jurnalistika peşə olmaqla yanaşı, özü bir hadisədir. Düşünürəm ki, əgər televiziyanın sənədli-bədii
janr qrupuna aid verilişlərində müəlliflərin
həyat materiallarını
mənimsəmək bacarığı
və istedadı yoxdursa, deməli, orda nə hadisədən,
nə də jurnalistikadan danışmaq
olar. Turan Uğur gəncdir,
lakin onun bacarıq və istedadı məndə şübhə doğurmur
və inanıram ki, o, hələ bundan sonra da
mədəniyyətimizin, ədəbiyyatımızın
yaddaşını ləyaqətlə
qoruyacaq, mənəvi
həyatımız üçün
mühüm olan daha sanballı verilişləri ərsəyə
gətirəcək. Mən ona
və "Sətirlər"in
digər yaradıcı
heyətinə daha böyük uğurlar diləyirəm.
Kamran NƏZİRLİ
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.16.