"Uçurum"da uçurumlar...
Yunus Oğuzun
"Uçurum" romanı haqqında
düşüncələr
"Uçurum təkcə təbiət hadisəsi
deyil. İnsanın, cəmiyyətin,
dövlətin də təbiətində uçurum
var. Bu
qırmızı xətdir. Davranışında,
danışığında qırmızı xətti
keçdinsə, insanda, cəmiyyətdə,
dövlətdə reallıq və dəyərlər itməyə
başlayacaq. Beləcə, əvvəlcə
insan, xalq, sonra isə dövlət deqradasiya
olacaq".
Yunus Oğuz
Türkoloq-alim, siyasi xadim Yunus Oğuzun bədii yaradıcılığının aparıcı xəttini tarixi roman janrı təşkil edir. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında imzasını tarixi romanlar ustası kimi təsdiq edən Yunus Oğuz bu janrda fərqli mündəricəli romanlar ortaya qoymağa, Azərbaycan tarixi romanının yeni nümunələrini yaratmağa davam edir. Yunus Oğuzun yenicə çapdan çıxmış, Dövlət Gömrük Komitəsinin yaranmasının 30 illiyinə həsr olunan "Uçurum" əsəri də bu qəbildəndir. "Uçurum" romanına nəzər saldıqda əsərdə müəllifin daha öncə qələmə aldığı və Aprel döyüşlərinin qəhrəmanı, şəhid pokovnik-leytenant Murad Mirzəyevə ithaf edilmiş "Ovçu" romanı ilə oxşar məqamlar diqqəti cəlb edir. Həmin oxşar məqamları aşağıdakı kimi qruplaşdıra bilərik:
- Hər iki romanda həm müasir dövr, həm də tarixi hadisələr paralel təsvir edilir.
- Həm "Ovçu", həm də "Uçurum" romanı reinkarnasiya motivi üzərində qurulmuşdur.
- Ovçu romanında yaradılan kəşfiyyatçı, "Uçurum"da isə gizli əməliyyatçı obrazları vətənə sonsuz sevgisi olan mahir döyüşçülərdir.
- Hər iki romanda əsas qəhrəmanın ailə həyatına dair verilən nüanslar obrazların daxili aləminin, fədakarlıqlarının açılmasında mühüm rol oynayır.
- Hər iki romanda dövlətin öz xalqına olan qayğısı, bu qayğının reallaşmasını təmin edən gərgin iş şəraiti işıqlandırılır.
Erməni işğalçılarına qarşı açıq, döyüş meydanında mübarizədən bəhs edən "Ovçu" romanından fərqli olaraq "Uçurum"da düşmənlə mübarizə gizli və daxilidir. Açıq döyüşdən qorxan ermənilərin xalqımızı, dövlətimizi daxildən parçalamaq, zəiflətmək, məhv etmək planları olduqca məkrlidir. Azərbaycanın haqq səsinə 30 il səs verməyən dünyanın bəzi gücləri də bu işdə onlara dəstək olaraq xalqımızın genezisini məhv etməyə, onu qurd kimi içəridən yeyib dağıtmağa çalışır. Azad, güclü və düşmənlər üçün böyük təhlükə olan Azərbaycanı məhv etmək üçün qurulan planlardan biri və ən təhlükəlisi narkotik maddələrin təbliği, xalqın gənc övladlarının bu bəlaya düçar edilməsidir. XX əsrin Varpetinin planına görə "o taylı-bu taylı türkləri tiryəkə, narkotikə otuzdurmaq lazımdır. Əhalinin, xüsusilə də gənclərin tiryəkə, başqa uyuşdurucu maddələrə aludəçiliyi o qədər güclü olmalıdır ki, heç nə haqqında fikirləşə bilməsinlər. Nəinki Azərbaycan haqqında... heç analarını da xatırlaya bilməsinlər".
Yunus Oğuz xalqımıza qarşı patoloji nifrətin və məkrli planların mahiyyətini açmaq üçün romanda reinkarnasiya metodundan istifadə edir. Hadisələr həm XVI əsrdə, həm də XX əsrin sonu - XXI əsrin əvvəllərində cərəyan edir. Qeyd etdiyimiz kimi, Azərbaycan ədəbiyyatında çox az işlənmə tezliyinə malik olan reinkarnasiya metodundan Yunus Oğuz daha öncə qələmə aldığı "Ovçu" romanında da istifadə etmişdi. Lakin "Ovçu" romanından fərqli olaraq "Uçurum" əsərində reinkarnasiya bir qədər fərqli istifadə edilmişdir. "Ovçu" romanında reinkarnasiyadan keçən yeganə obraz Muraddır. O, tarixin fərqli dövrlərində xalqının imdadına yetən, onu yağılardan qoruyan bir qəhrəman kimi zühur edir və öz şərəfli, müqəddəs missiyasını yerinə yetirir. Yunus Oğuz "Uçurum" romanında yalnız xalqın qəhrəmanını deyil, düşmənlərini və xainləri də reinkarnasiya prosesindən keçirir. XVI əsrdəki erməni tacir Varpet, xain divanbəyi, igid, dönməz qorçubaşı Natiq bəy XX əsrin sonu - XXI əsrdə yenidən tarix meydanındadırlar. Bu dəfə onlar oxucunun qarşısına İnterpolun axtarışında olan narkotacir Varpet Kasparyan, nüfuzlu məmur və gömrük işçisi Natiq kimi çıxırlar. Əsrlər keçsə də reinkarnasiyadan doğulanlar yenidən öz missiyalarını qüsursuz icra etməkdədirlər.
XVI əsrdə tacir Varpetin dəvələrlə
daşıdığı tiryəki müasir
dövrdə Varpet Kasparyanın narkoşəbəkəsi
tırlarla Azərbaycana yayır, gəncləri və gələcəyimizi
məhv edir. Romanda gömrük işçisi
Natiq öz sələfi,
qorçubaçı Natiq bəy kimi cəsur, fədakar, dövlətinə sadiq bir igiddir.
Gömrük işçisi Natiq
xüsusi tapşırıqla narkoşəbəkənin
rəhbərlərindən biri olan Baronun ən
etibarlı adamına çevrilir və
xalqının gələcəyini məhv edən düşmənlə
savaş üçün
canından belə keçməyə hazır olduğunu
əməlləri ilə təsdiq edir.
Yunus Oğuz müasir Natiqi sələfi
olan qorçubaşı Natiqdən daha əhatəli təsvir edərək bu obrazın timsalında Azərbaycan gömrük işçisinin
çətin və şərəfli yoluna
işıq tutmuşdur.
Qorçubaşı Natiq bəyi oxucu yalnız iş
başında görür. Gömrük işçisi
Natiq isə əsərdə həm iş, həm də ailə mühitində təsvir
olunur. Bu məqam
obrazın daxili aləminin, onun duyğu və
düşüncələrinin, qayğılarının, insani keyfiyyətlərinin
açılmasında mühüm rol oynayır. Narkoşəbəkəyə
qarşı mübarizənin önəmini yalnız bir gömrük işçisi, bir vətənpərvər
kimi yox, həm də bir ata, bir
ailə başçısı kimi dərindən
dərk edən Natiq Baronun
əzazilliyindən xəbərdar olsa da, cəsarətlə öz
missiyasını yerinə yetirir. O bu amansız mübarizədə öz canından belə keçməyə
hazırdır. Yetər ki, Azərbaycanın
gələcəyi məhv olmasın, Vətənimiz yadların
oyuncağına çevrilməsin. Azərbaycanlı Baronun pul naminə erməni
hiyləsinə vasitə olması, mənsub olduğu
xalqın düşməni ilə iş birliyi qurub onun
genezisini məhv etməsi Natiqi
dəhşətə gətirir. Beynini bir sual didir-dağıdır:
"Görəsən, Baron Seyidin erməni olduğunu bilirmi? Bilirmi???". Baronun ifşa olunarkən verdiyi cavab isə sualın özü qədər dəhşət
saçır: "Cinayətkarın
milləti və vətəni olmaz".
Nəinki
millətini və vətənini, hətta insanlığını da
pula satan Barondan fərqli olaraq onun sağ
əli olan və əməliyyatçı
Natiqə şəbəkəyə
sızmağa kömək
edən Kalış (Kamil) öz insan, vətən, millət sevgisi ilə oxucunun gözündə ucalır.
Ailəsini, balalarını yaxşı yaşatmaq naminə bir halqasına çevrildiyi bu narkoşəbəkənin
əsl mahiyyətini anladıqdan sonra özünün və ailəsinin həyatını
riskə ataraq Azərbaycanın gələcəyinin
qorunması uğrunda
mübarizəyə qoşulur.
Missiyasını mükəmməl şəkildə icra edən Kamil ailəsini Barondan qorumaq və adının təmizliyi naminə kamikadze kimi intihara bərabər
görüşə gedərək
öz həyatına şərəfli bir şəkildə son vermək
cəsarətini göstərir.
XVI əsrdə xain divanbəyi öz məqsədləri üçün
erməni tacir ilə iş qurur, Təhmasib şahın qadağan etdiyi şərab və tiryəkin vasitəsilə ölkə
daxilində öz məramlarını yetirməyə,
rəhbərliyi idarə
etməyə və dövləti daxildən zəiflətməyə çalışır.
Onun bu missiyasını müasir dövrdə nüfuzlu məmur icra edir. Onlar üçün Vətən,
Xalq, Dövlət anlayışları yoxdur.
Onların dünyasında sadəcə
pul və güc mövcuddur. Bunu əldə etmək üçün isə hər cür mənəvi deqradasiyaya, mənəvi uçuruma razıdırlar. Öz daxillərində
xəyanətin yaratdığı
uçurumlar dərinləşdikcə
onlar dövlət və xalqı uçuruma doğru sürükləyirlər. Lakin uçurumun kənarında
sağlam, qollu-budaqlı
bir ağac kimi duran Vətən
övladları son anda
həm xalqını,
həm də dövlətini fəci sondan qurtarır.
Romanda maraqlı
məqamlardan biri də hipertekstual əlaqədir. "Uçurum"
romanında Yunus Oğuz "Təhmasib şah" romanı ilə hipertekstual əlaqə yaradaraq həmin romanda olan dərviş və göy qaşlı üzüklə
bağlı məqamı
yenidən xatırladır.
"Uçurum"dakı Təhmasib şah qeyd edilən romanda olduğu kimi burada da
öz ağlı, cəsarəti və siyasi səriştəsi ilə seçilən qüdrətli bir hökmdardır. Onun erməni
tacirlə görüşdə
səsləndirdiyi "Sizin
tayfanız nadürüst
tayfadır" sözləri
onun həm də düşməninə
bələd olan, erməni hiyləsinə aldanmayan fəhmli bir hökmdar olduğunun sübutudur.
Yunus Oğuz
"Uçurum" romanında
yalnız narkotrafikə,
narkoticarətə qarşı
gömrük işçilərinin
mübarizəsindən bəhs
etməklə kifayətlənmir. Romanın
əvvəlində - proloqda
təsvir olunan insanın düşüncələri
fonunda ağ
ölümün mahiyyəti
açılır: "Qanad
açıb uçmaq
istəyirdi, amma özündə min məna
daşıyan göyün
ənginliklərinə necə
qovuşacağını bilmirdi.
Ağlına heç nə
gəlmirdi, bircə özünü dibsiz yarğana atmaq haqqında düşünürdü.
İndi onun üçün həyat və ölüm qaşla-göz
arasında idi. Hansını seçsin? Bəlkə taleyinə belə yazılmışdı, bilmirdi.
Amma yaşamaq istəyirdi, hamı kimi... bacarmırdı". Təbiətin yaratdığı uçurumun
kənarında dayanan
adsız qəhrəman
başqa bir uçurumun - narkotikə aludəçiliyin yaratdığı
uçurumun sakinidir.
Onun narkotikanın uçurumuna
düşməsinə səbəb
isə içindəki
uçurumlardan keçə
bilməməsidir. O öz
içindəki uçurumu
pul uçurumlarına,
xəyanət uçurumlarına,
siyasi uçurumlara yuvarlananların yaratdığı
narkotika uçurumu ilə doldurmağa çalışır. Lakin uçurumdan
uçurum doğur.
Çarəni real uçuruma
atlamaqda görən narkotik qurbanının acı düşüncələri
bu ağ
ölümün təhlükəsinin
anladılması baxımından
böyük önəm
daşıyır.
Yunus Oğuzun
Dövlət Gömrük
Komitəsinin narkoşəbəkə
ilə gərgin mübarizəsini bədii
boyalarla əks etdirən "Uçurum"
romanı bu dövlət qurumunun 30 illik yubileyinə dəyərli bir töhfədir. Fikrimizcə, "Uçurum" romanı həm narkoşəbəkə ilə
mübarizənin və
bu mübarizənin qəhrəmanlarının təbliği,
həm də narkotikdən istifadənin
fəsadlarının gənclərə
çatdırılması baxımından mühüm
əhəmiyyətə malikdir.
Elnarə Qaragözova
Fil.f.d, aparıcı elmi
işçi
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.22.