Sevgi də yoluxucudur...
Sevgilərin ən
böyüyü - təmənnasız sevgidir və ya sevməyi
bacarın ki, seviləsiniz...
Kurortdayam...
İki illik pandemiya məcburi aralığından sonra venoz xəstəliyindən
sözümə baxmayan ayaqlarımı və ehtiyacın,
canlı şahidi, ömürlük yol yoldaşım olan və
artıq üzə duran xəstə mədəmin
könüllərini almaq, acı-ağrılarını
azaltmaq üçün özümü şəfalı
suların insafına sığınmışam. Telefon
nömrələrimi də keçici istirahətə göndərmişəm
məndən əvvəl qoy bir az da onların qulağı
dincəlsin. Bircə üç-beş adamın bildiyi
vatsapım açıqdı...
Hər
şey Azər Qismətin vatsapıma gələn səsli
mesajından başladı. Heç vaxt üz-üzə gəlməsək
də, Azər Qismət imzası mənə yaxşı
tanışdı.
Məmməd
abi, axşamınız xeyir olsun. Azər Qismətdi
sizi narahat eləyən... Biz sizi o qədər çox istəyirik ki, vallah, həmişə
də çox istəmişik. Məmməd müəllim, Sevinc Yunuslu siz tərəflərdəndir
yəqin, Turan Uğur onun barəsində sizə demişdi. O sizin fanatınızdır, deməli,
kitab çıxarıb,
amma təqdimatını
sizin Türkiyədən
gəlişinizə saxlamışdı.
O istəyirdi ki, siz onun kitabının
təqdimatında iştirak
edəsiniz. Mən ona sizin Tovuza getdiyinizi söylədim, sonra yenə zəng elədi, mən ona indi də
sizin dincəlməyə
getdiyinizi söylədim,
çox pis oldu. Sentyabrın onunda kitabının müzakirəsini keçirmək
istəyir... İstəyirdi ki, heç
olmasa yarım saat orda siz
də iştirak edəsiniz. Mən belə insan görməmişəm; həqiqətən
mən görməmişəm
ki, bir insan
bir insanın belə vurğunu ola bilər...
İmkan varsa, mən sizin nömrənizi verim ona, özü sizinlə əlaqə saxlasın...
Əlbəttə, Azər bəyin sözünü yerə salmayacaq, telefonumu Sevinc Yunusluya verə biləcəyini söyləyəcəkdim.
Gənc
yaradıcı qüvvələrin
özünüifadə imkanı
meydanları olan "Gənclik" jurnalından,
Respublika Gənclik Ədəbi Birliyinin rəhbərliyindən uzaq
düşdüyümdən bu 26-30 ildə günümüz ədəbi
gəncliyinin boy artımını
bəzi istisnaları çıxmaq şərti
ilə izləmək imkanlarından da uzaq düşmüşəm.
Əlbəttə, burada son illərin
əsl şeirlərin
dəyərdən salındığı,
xüsusilə qadın
şairlərin (ya da şeir həvəskarlarının)
çoxluq təşkil
etdiyi internet təmaslarını
nəzərə almıram.
Azər bəydən əvvəl də "Sətirlər"
verilişinin ssenari müəllifi Turan Uğur da Sevinc
Yunuslu haqqında mənə bir şeylər demişdi. Sevinc qızımızın
fanatlığı mənə
illər öncə ünvanıma Leyla Xəlilovadan gələn məktubları xatırlatmışdı.
Sözün doğrusu,
Leyla xanımın ilk
məktubuna bir az şübhə
ilə yanaşmışdım.
Amma sonrakı məktubları
və məktub adlandırdığı şeirləri
mənim qadın şairlərinin şeirlərinə
əvvəlki şübhəli
təəssüratımı kökündən dəyişmişdi.
Sonra Leyla xanımın mənə ünvanladığı məktub-şeirlər
mətbuata yol tapıb ictimailəşmiş
və böyük rəğbətlə qarşılanmışdı...
Aydın
təsəvvür yaransın
deyə, o şeir-məktublardan
sadəcə bir neçə sətir misal gətirmək istəyirəm.
Buludlar dalında ocaq çatıb Ay,
Bəs niyə
tüstüsü təpəmdən
çıxır?
Leylanın məktublarından o danılmaz,
inkaredilməz təəssüratları
yaşasam da, internet qadın şairlərinin şeirlərini və onlara erkək şairlərin yazdığı
boğazdanyuxarı statusları
gizləmirəm şübhələrimi
birə ikiqat artırsa da Azər bəyə telefon nömrəmi Sevinc Yunusluya verə biləcəyini yazmışdım. Bunu etməyimin tək
səbəbi sadə idi. İnsan çox zaman heç ətrafındakı
qanıbir doğmalarından
təsdiq, bəyəni
sözlərini hər
gün deyil, bəzən həftələrlə,
aylarla eşitmir, səndən bir köynək uzaq olan birinin sənə
sevgi-sayqısı əslində,
bir Allah lütfüdür
və bunu zamanında dəyərləndirmək
hər ölümlü
insan oğlunun boynunun borcudur.
Həm bu borc hissi
və həm də Azər Qismət bəyin zövqü məndə ümid hissi yaratdı və Azər bəyə əlaqə telefonumu Sevinc xanıma verə biləcəyini yazdım və onu da yazdım
ki, şəxsiyyəti
və yaradıcılığı
ilə tanış olmadığım birinin kitab təqdimatında mən iştirak edib nə deyə
biləcəyəm ki,
yaxşı olar, mənə təqdimatı
keçiriləcək kitabdan
örnəklər göndərilsin.
Amma bunları bilə-bilə və yaşaya-yaşaya
el qızım Sevinc xanımdan gələcək
şeirlərin necəliyi
fikrimi məşğul
etməkdə idi: Birdən... Amma ortada tanışlığımıza
səbəb olan Azər Qismət ədəbi səviyyəsi
də vardı. Və bu səviyyə məni yanıltmamalı idi.
Çox keçməyəcəkdi ki,
Sevinc xanımın mesajı ilə birlikdə kitabının
mətni də gələcəkdi.
İlk öncə
kitabın adı
"Sonuncu dayanacaq -
SƏN" və müəllifin
kitaba yazdığı
ön söz diqqətimi çəkəcəkdi.
Əslində, bu ön söz tutarlı bir mənsur şeir dadındadır və kitaba salınmış şeirlərin
preslənmiş məzmunu
kimidir:
"...Səhrada yol almağa çalışan
bir gəmi düşün və o gəmiyə dəniz olmaq istəyən yağış... Yağışın inamı qədər olur bəzən insanın gücü.
Üzü göylərə hər gecə bir dua uçur
durnanın qanadında
dilindən. Səni
könlündə sevməkdən
başqa heç nə gəlmir o qadının əlindən...".
Şeirlərdən əlavə, kitaba şeir dadında S.Rüstəmxanlının təhlili
məqaləsi və rəhmətlik Məmməd
Dəmirçioğlunun və
Rəbiqə Namiqqızının
esselərində şairin
axtarış meyilləri
haqqında sıxılmış
meyillərinə işıq
tutulur.
S.Yunuslunun şeirləri ilə
ilk tanışlıq könül
rübabını çeşidli
ruhi hallara və forma biçimlərinə
kökləyən və
bu yolda uğur da qazanan
bir şeir sevdalısı ilə tanışlıq oldu:
Onsuz da bilirəm, bu görüşdə
ürəyim şam kimi yanacaq...
Odur qatar gəlir...
İçərişəhər...
Sahil...
Və Sən - son dayanacaq!
Bir anın ruhi halı bir neçə
misrada ancaq bir bu qədər
tutarlı yazıla bilərdi:
Ümidlərin sonudu
Baharın son buludu.
Başına yaylıq elə,
Əyninə don buludu
Və belə yaşa getsin...
"Belə"
...Sonuncu şamdı könlüm,
Əlinlə söndür, gedək.
Ta bundan anrı yol yox,
Bu yol da sondur, gedək.
"Gedək"
O qara gözlər badamı,
Dağıtdı getdi odamı.
Hardasa bir yol adamı
Yaman darıxır,
deyəsən.
"Deyəsən"
...Bilirəm günahım çoxdu,
Cəzamı çəkməyə gəldim.
Könlümdəki ağrıları
Gözümdən tökməyə gəldim.
"Gəldim"
Kitabdan örnək
aldığım bu sətirlərdən, gəncliyə
məxsus darıxan könüllərə yol
arayışları özünəməxsus
bir biçimdə misralandırılır.
...Ürəyim çökəklik
dərədi Tuğda,
Ümidim quraqlıq içində buğda.
Bu qədər sevgini ovcuna yığ da,
Gəl məni azad et,
əsir Azıxam.
Hər tikəm bir parça yolayrıcıdı,
Həsrətin zəhərdən belə
acıdı.
Yuxum başdan-başa dar ağacıdı,
Gəl məni
bu dardan qurtar acığa.
"Acığa"
Üç bəndlik şeirdən misal gətirdiyim aforizm gücündəki misralar kifayətdir ki, Sevinc Yunuslunun
şair taleyi haqqında ürəklə
danışasan. Əlbəttə, biz əlimizdə olan mətnlərdən yola çıxaraq bu fikirləri söyləyirik. Dağlardan
yola çıxan bütün çaylar dənizə qovuşmaq arzusunda olur, qovuşacaqmı, aran quraqlıqlarını buxarlanmadan
ötə biləcəkmi
bu, kənardan bu çayların dənizə qovuşma başlanğıc əzminə
dəyər verənlərdən
daha çox, çayın öz daxili enerjisinə inanmasından, ilk növbədə
özü-özündən güc almasından, özünə sonsuz inamından çox asılıdır.
Yəqin ki, Sevinc Yunuslunun
kitab təqdimatında
iştirak edəcək,
ürək sözlərimi
bildirəcək və
ona uğurlar diləyəcəyəm.
Tovuz-Əsrik-Yessentuki
Məmməd İSMAYIL
Ədəbiyyat qəzeti.- 2021.-
16 oktyabr.- S.23.