Azərbaycanın böyük və döyüşkən nəğməkarı 

 

Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

 

Başımın üstündə müqəddəs "Quran",

Sənə inanıram, ölkə rəhbəri.

Sənə inanıram, keşikdə duran

Ayıq Vətən oğlu, Vətən əsgəri!

Məmməd Araz

Azərbaycanın Xalq şairi

 

Məmməd Araz yaradıcılığında və xüsusən, onun istiqlal lirikasındakı tragizm, şübhəsiz ki, gələcək tədqiqatların da mövzusu olacaq. Böyük sənətkarı yalnız Azərbaycanla bağlı haqsızlıq və ədalətsizliklər deyil, bəlkə bütün postsovet məkanındakı başıpozuqluqlar və hərc-mərclik düşündürürdü. Demək olar ki, sabiq qardaş xalqların əksəriyyəti ağır və acınacaqlı duruma düşmüşdü. Dünyada məşhur və bir vaxtlar iqtisadiyyatı, mədəniyyəti coşqun yüksəliş mərhələsini yaşamış böyük bir məmləkət sanki humanitar fəlakətlə qarşılaşmışdı. Sabiq imperiyanın ən tragik və yaralarından qan sızan halqası isə, təbii ki, Azərbaycan idi. Çünki imperiyanın dağılması və müstəqil dövlətlərin yaranmasından doğan təbii və obyektiv çətinliklərdən başqa, eyni zamanda Vətənimizin düşmən işğalına məruz qalması bizim faciələrimizi birə-on artırmışdı. Bu dəhşətli sınaqlara və itkilərə baxmayaraq, Azərbaycan xalqı və onun mərd oğulları öz qəlbində qohum və qonşuların müsibətlərinə də yer ayırmağı bacarırdı. Qardaşlarla həmrəylik mövzusundakı şeirlərində Məmməd Araz da mənəvi sələfləri və ustadları Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Səməd Vurğun və Rəsul Rza kimi ümumbəşər faciəsini öz munis kədəri kimi yaşaya bildiyini yüksək sənətkarlıqla nümayiş etdirir.  

Məmməd Arazın bədii-fəlsəfi təhlilləri də ümiminsani dəyər daşıyır. Şair insanın varlığının və ölümünün mənasını açmaq istəyir. Göz önümüzdə mövcud olan şeylər - şəhərlər, kəndlər, məhəllələr, küçələr, yollar nəyə görə və necə bir andaca yoxluğa dönə bilər? Onları kimlər yaradır və kimlər məhv edir? İnsan niyə doğulur və niyə ölməlidir, daha doğrusu, öldürülməlidir? O dünyaya gələndə nə üçün doğulduğunu sormuruq və öldürüləndə isə onu kim və nəyə görə öldürdüyünü də bilmirik. Məmməd Araz bu adi və qədim suallara cavablar axtarır və bu sualların özü hansı mənadasa təkrar kimi duyulmur. Əksinə, şairin gərgin və dramatik suallarından fəlsəfi poeziyanın vüsəti və hikmətləri nəşət edir:

 

Bütün qoluzorlulara nifrətim var,

İnsan ölür,

Yurd dağılır göz qabağında,

Ölən niyə yaranmışdı?

Bu yurd niyə qurulmuşdu?

Körpə niyə doğulmuşdu?

Deyəmmədik - sən də, mən də.

 

Həqiqətən baş verənləri və öz gözlərimizlə gördüklərimizi real məntiq müstəvisində təhlil etmək, dəyərləndirmək mümkün deyil. Şairin özünün vurğuladığı kimi, "Çox qəribə davadı bu. Çox qəribə məntiqi var bu qırğının, Çox qəribə sualı var, Cavabı yox bu qırğının, Cavabı yox...". Müəllif çox düşünüb-daşındıqdan sonra real müstəvidə tapa bilmədiklərinə irreal kontekstdə cavab tapır. Dahi Hüseyn Cavidin yüzilin başında insanın gücü və gücsüzlüyü haqqında öncə söyləməsi həmin yüzilin sonunda bir daha öz amansız təsdiqi ilə üzləşir: "İblis nədir? Cümlə xəyanətlərə bais, Ya hər kəsə xain olan insan nədir? İblis!". İnsan və İblis qarşıdurmasında insanın növbəti və daha ağır məğlubiyyətini Məmməd Araz məharətlə bədiiləşdirib: "Öldürənin böyründəcə sən də vardın, Mən də vardım şeytanla bir. Sözə baxın: Şeytan insan öldürürdü, insanla bir. Şeytanın da, insanın da Birgə təlim keçdiyini Özüm gördüm öz gözümlə. İnsanın başında şeytan papağı, Şeytanın başında insan papağı. Özləri beləcə dəyişmişdilər, Aylarla beləcə döyüşmüşdülər. İnnən belə deyin görüm: Öldürən kim, ölən kimdi? Deyin görüm: qıran kimdi? Quran kimdi? Bölən kimdi?".

"Sənə inanıram" (1995) şeiri Məmməd Arazın istiqlal lirikasında xüsusi mövqeyi və çəkisi olan şeirlərindən biridir. Çağdaş gerçəkliyin tragizmi və ziddiyyətləri bu şeirdə də öz əksini tapıb. Müəllif yenə də vəziyyətdən çıxış və qurtuluş yolları barəsində gərgin düşünməkdədir. Şair sanki milli dərdlərimizə və yaralarımıza məlhəm axtarır. Bizim taleyimizə və milli təhlükəsizliyimizə zərbə vura biləcək mərəz və xəstəliklər, qüvvələr və güclər haqqında fikrə dalır; Ağ ilan, qara ilan, ala şeytan, boz şeytan, qara qurd, qurd... "Nə dona girsə də ilandır, ilan, Lənət ağına da, qarasına da. Nə dildə danışsa - şeytandı, şeytan, Lənət bozuna da, alasına da. Bunu mən demirəm, babalar deyib: Qurdnan yoldaş ol, çomağı bərk tut, Göz qırpdın qapacaq o üzə gülən, Az oldu yaltaqdı, çox oldu cəllad. "Böyüklər" dalında gizlənə bilən, Fərqi yox kişidi, fərqi yox arvad. İçində gizlənir eşik görkəmi, Sümsünər it kimi, sinər qurd kimi, "Böyüklər" dalında görünməz onlar". 

"Sənə inanıram" şeirinin özünəməxsus milli və bədii dəyəri, yuxarıda misal gətirdiyimiz parçadan göründüyü kimi, çağdaş reallığın sərt və realist təhlili ilə səciyyələnir. Ümumən, XX yüzil Azərbaycan poeziyasının realizmindən bəhs edərkən Məmməd Araz lirikasına xüsusi toxunmaq lazımdır. Azərbaycanın milli mentalitetinin və gerçəkliyinin ən obyektiv təhlilçilərindən biri Mirzə Ələkbər Sabirdən sonra, şübhəsiz ki, Məmməd Arazdır. Bildiyimiz kimi, dahi Sabir milli qəflət və qəbahətlərimizi, qüsur və qeyrətsizliyimizi amansızcasına ifşa edirdi. Ancaq gəlin etiraf edək, Sabirin və başqa klassiklərimizin bizə qoyub getdiyi örnəklərində milli ehtiyatlılığımız və təhlükəsizliyimiz barəsində az bilgilər mövcuddur. Milli mövcudluq və düşmən mühasirəsində yaşamaq, var olmaq və qalib gəlmək dərsləri heç kimin şeirində və nəsrində Məmməd Arazda olduğu qədər təbii və aydın əks edilməyib. Bu mənada Məmməd Araz müdrikliyini dahi və klassiklərimizdən yalnız və yalnız etno-milli mədəniyyətimizin banisi, ulular ulusu Dədə Qorqudla müqayisə etmək olar. Məmməd Araz 90-cı illərdə məhz Dədə Qorqud müdrikliyi ilə bizə yaşamağı öyrədir, həyat dərslərini keçirdi:

 

"Beləcə, kiçilər "böyük olanlar",

Beləcə, böyüməz kiçik olanlar.

Ayaq yalayanlar - küçük olanlar,

Kiçiklər zənciri böyük əlində,

Yüz səmtə qısqırdar yeri gələndə.

Yüz yol söz verildi, and da içildi,

Unutduq: "bu itlər girəvəcildi",

Çevrildin, qəfildən qapacaq səni,

Qapıb öz baltanla çapacaq səni,

Hələlik bu düşüb baxtımıza bu,

Hələlik doğrudur bu acı doğru.

 

Şairin aşağıdakı xəbərdarlığı isə təkcə öz zamandaşlarına və müasirlərinə yönəlməyib. Məmməd Araz gələcək nəsillərimizdən də nigarandır. Onları da unutmamağa, "girəvəcil" və "üzəgülən" düşmənlərdən ehtiyatlı olmağa çağırır:

 

Ayıq olmalıyıq, hər yerdə ayıq,

Süfrədə, yataqda, səngərdə ayıq,

Mən ayıq, sən ayıq, sərkərdə ayıq...    

 

Məmməd Arazın "Göydən dörd alma düşdü" şeirində də milli qismətimiz və taleyimizdəki ziddiyyətlər, gözlənilməz sonluq və nəticələr barəsindəki yaşantılarla qarşılaşırıq:

 

Fillər məğlub oldu qarışqalara,

Şirlər təslim oldu qarışqalara,

Dovşan tələsinə canavar düşdü!

İnsan cələsinə sərçə - görmədik.

Üç alma düşmədi göydən - görmədik,

Heç alma düşmədi göydən - görmədik...

 

Məmməd Arazın İstiqlal lirikasında milli tale və gələcəklə bağlı nigaranlığın dərindən əks etdiyini müşahidə edirik. Xalqımızın daxili və xarici düşmənləri barəsində müəllif açıq və kəskin şəkildə öz münasibətini bildirir. Bu problemlərin şairin bütün yaradıcılığı boyu onu müşayiət etdiyini yaxşı bilirik. Amma məhz istiqlal dövrü poeziyasında müəllifin həmin məsələlərlə ardıcıl və fasiləsiz məşğul olduğunu görürük. Çünki müstəqilliyin və millətin taleyi birbaşa bizim nə dərəcədə milli birlik və bütövlük nümayiş etdirməyimizdən asılı idi. Məmməd Araz bu həqiqətləri, onu ilk gənclik çağlarından düşündürən bu dərdləri hamıdan yaxşı dərk edirdi. O, dövrünün yalnız böyük sənətkarı deyil, həm də böyük və bənzərsiz Azərbaycanşünası idi. Millətimizin xarici düşmənlərini də, daxili zəifliyimizi də eyni bir həssaslıqla və eyni bir müstəvidə cəsarətlə təhlil etməkdən çəkinmirdi. Xarici düşmənlərimiz haqqında yazırdı: "O kimdi dəm olan özgə yasından? O kimdi haqsızı haqlı eyləyən? Ayını təzdirib mağarasından, "Bu mənim tarixi muzeyim..." - deyə! İçər sağlığına bir məkri varsa, Yoluna bir qucaq tərliklə çıxar. Süfrəndə yağlıca bir tikə görsə, Ağzında dişinə şərikli çıxar". 

Çağdaş söz sənətimizdə müstəqillik dövrü gerçəkliyinin bədii-fəlsəfi təhlili və dəyərləndirilməsi ədəbiyyatşünaslığmızın qarşısında duran mühüm vəzifələrdən biridir. Bu prosesdə altmışıncıların özünəməxsus missiyası və mövqeyi ayrıca bir tədqiqatın mövzusudur. Məmməd Araz yaradıcılığında müstəqillik dövrü epoxasının inikası isə daha bir mühüm və vacib məsələlərdən olub, diqqəti xüsusi cəlb edir. Şairin bu yöndəki mənəvi-estetik axtarışlarını təhlil edib ümumiləşdirərkən, milli idealın seçimi və ifadəsi ilə bağlı problemin son dərəcə mühüm əhəmiyyət kəsb etdiyini görürük. Azərbaycan tarixinin bütün böyük-kiçik, uzaq və yaxın mərhələlərini nəzərdən keçirən müəllif öz mənəvi istinadgahı kimi tariximizin qaranlıqları içərisindən iki nurlu nöqtəni kəşf edib bizə göstərməyə nail olur: Şah İsmayıl Xətai və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev. Əgər son 500 illik tariximizin ən parlaq səhifələri Xətai babanın müqəddəs qılıncı ilə əbədiyyətə həkk olunmuşsa, çağdaş 50 illik tariximiz isə bütün zamanların ən böyük Azərbaycanlısı Heydər Əliyevin qələmi ilə yazılmışdır. Bu gün hamının anladığı və dərindən dərk etdiyi bu həqiqəti xalq şairi Məmməd Araz hələ 90-cı illərin əvvəllərində uzaqgörənliklə ifadə etmişdi:

 

Başımın üstündə müqəddəs "Quran",

Sənə inanıram, ölkə rəhbəri.

Sənə inanıram, keşikdə duran

Ayıq Vətən oğlu, Vətən əsgəri!

 

Həqiqətən də, böyük sənətkarın İkinci İstiqlal savaşı illərində - 90-cı illərin əvvəllərində yazdığı şeirlər həmin dövr Azərbaycan poeziyasının mahiyyətini və aparıcı inkişaf meyillərini nümayiş etdirir. Xalq şairinin yaradıcılığının bu mərhələsində əsas yer tutan əsərləri müstəqillik dövrü Azərbaycan poeziyasının ilk qızıl səhifələrini təşkil edir.

Böyük şair yaradıcılığının ən mötəbər və görkəmli tədqiqatçısı, akademik İsa Həbibbəyli müstəqillik dövrü ədəbiyyatında yeni milli və bədii idealın dərkindən, təsdiqindən və inikasından bəhs edərkən hələ 90-cı illərdə aşağıdakıları yazırdı: "Böyük ədəbiyyat, həqiqi şeir-sənət artıq Məmməd Arazın tale ortağıdır. Bu böyük və müdrik sənətin şərəfli və məsuliyyətli yükünü - ədəbiyyatımızın böyük idealları ilə səsləşən Məmməd Araz ideallarını ayrılıqda bir şair deyil və ya ümumiyyətlə, qələm əhli yox, sözün geniş mənasında bütöv Vətən əhli çəkib daşıyır. Bu isə öz növbəsində Xalq şairi Məmməd Arazın mənəvi zənginliyə, daxili saflığa, millilik və vətəndaşlığa, habelə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə aparan böyük, magistral yolun əsas, güclü poetik lokomotivi olması deməkdir. Milli yüklü həmin şeir-sənət, ədəbiyyat qatarı təkcə öz müəllifini deyil, bütövlükdə xalqımızı XXI əsrə aparır".  Dövlət Müstəqilliyimizin 30 illiyini Milli Tarixi Zəfər və Qalibiyyət sevinci ilə qeyd etdiyimiz bu mərhələdə, artıq iki onilliyini başa vurduğumuz XXI yüzilin bədii-estetik təcrübəsi Respublikanın böyük və döyüşkən nəğməkarının əbədiyyətini özünün bütün təzahürlərində vurğulamaqdadır.

 

Yaşar Qasımbəyli

 

Ədəbiyyat qəzeti.- 2021.- 16 oktyabr.- S.25.