Azərbaycan aşıq şeirində
düvazdehlər
Azərbaycan aşıq ədəbiyyatında Hz. Əli
kultu kontekstində 12 imamı və ya 12 imamdan bəzilərini
övən şeirlər vardır. XVI yüzildən
başlayaraq aşıq ədəbiyyatında Əhl-i beyt
sevgisinin Allah-Məhəmməd-Əli üçləməsində
ortaya çıxdığı görünür.
Əhl-i beyt sevgisi sadəcə peyğəmbəri,
qızı Fatiməni və Hz. Əlini sevməklə bitmir,
onların soyundan gələn 12 imamın yolu ilə getməyi,
onları sevənləri sevməyi, sevməyənləri,
onlara düşmənlik edənlərə də düşmən
olmağı təlqin edir. Bu mövzuda yazılan şeirlərə
ələvi-bəktaşi ədəbiyyatında düvazdeh,
düvaz-imam, düvaznamə, düvaz və s. deyilməsinə
baxmayaraq eyni şeir janrı Azərbaycan ədəbiyyatşünaslığında
tədqiq edilməmiş, haqqında heç bir şey
söylənməmişdir. Farscada on iki mənasına gələn
düvazdeh təkkə və aşıq ədəbiyyatında
Əhl-i beytin, 12 imamın adlarını çəkməklə
onların mədhinə yazılmış, imamların özəlliklərini,
irfani bilgilərini, məsumiyyətlərini övən və
onların qarşısında mənəvi borc vəzifəsini
görən şeirlərə verilən addır. Bu tərz şeirlər əslində ələvi-bəktaşi
dünyagörüşünün məhsulu olan Haqq-Məhəmməd-Əli
üçlüsü baxımından övladi-rəsulun
yolunu yol bilmək, əqidələrini bayraq etmək fəlsəfəsinə
dayanır. Çünki İslam aləmində,
özəlliklə də təsəvvüfdə Hz. Əli və
onun soyundan gələn 12 imamın özəl bir yeri
vardır. Müsəlmanların hüccəti
olan imamların adlarını yaşatmaq, ədəb və əxlaqlarını,
mübarizələrini unutdurmamaq üçün söylənmiş
və ya yazılmış şeirlər həm aşıq, həm
də təriqət ədəbiyyatında xüsusi yer tutur.
Bu şeirlər əsasən, Hz. Əli ilə
başlayıb Sahib Zaman İmam Mehdi ilə tamamlanır ki,
onlara yuxarıda da dediyimiz kimi,
düvaz/düvaz-imam/düvazdeh/düvaznamə deyilir.
Azərbaycan aşıq ədəbiyyatında bu janrda
yazılmış şeirlər vardır, ancaq nə
aşıqlar, nə də araşdırmaçılar
onları düvazdeh və ya düvaz-imam adlandırırlar. İmamlarla bağlı bu
tip şeirlər daha çox dini məzmunlu şeirlər kimi
dəyərləndirilir.
Hz.
Əli kultu, 12 imam inancı (qismən ismailiyyə məzhəbində
də vardır) imamiyyə (Cəfəri, isnaaşeriyə,
onikicilər) məzhəbinin əsas teokratik
anlayışı olub, 12 məsum imamın Allah (cc) tərəfindən
seçilmiş olduqları inancı üzərində
formalaşmışdır. Bu doktrinə görə
imamət din böyüklərinin, məzhəb alimlərinin
yaratdığı bir teokratik anlayış olmayıb
Allahın bilavasitə müsəlmanlara fərz olaraq göndərdiyi
yoldur. İmamət nübüvvətdən
sonra ilahi bir yol kimi təyin edildiyindən və qiyamətə
qədər varlığını sürdürəcəyindən
bütün Əhl-i beyt tərəfdarları tərəfindən
qeydsiz-şərtsiz qəbul edilmişdir. Əhli-təsəvvüfə,
sonradan isə aşıqlara görə Əhl-i beyt sevgisi
olmadan, Şah-ı vilayətin övladlarına sevgi duymadan
Haqqa qovuşmaq, Haqqın yolu ilə getmək və nəhayət,
imanı tamamlamaq mümkün deyildir. Əndəlüsün
tanınmış alimi Kadi İyaz belə bir hədis qeyd
etmişdir: "Məhəmmədin alini (övladını)
tanımaq, Cəhənnəmdən xilas olmaqdır, Məhəmməd
övladını sevmək, Sırat körpüsündən
keçməyə icazədir. Ali Məhəmmədə
dostluq etmək, əzabdan qorunmaqdır" (Mevaidu'l-İrfan
ve Avaidu'l-İhsan, s.122). Düvazdeh
şeir növünün qaynağının
bağlandığı əsas fıqhi və etiqadi məzhəb
isnaaşeriyədir. İmamətin vacibliyi
Bəqərə surəsi 124-cü ayə, həmçinin
Maidə surəsi 67-ci ayə ilə də təsdiqlənir.
Təkcə
şiələr deyil, Anadolu ələvi-bəktaşiləri,
mövləviliyin şəms qolu da 12 imam yolunun təqibçiləri
olmuşlar və təbii ki, təkkə, aşıq ədəbiyyatında
12 imam kultuna böyük yer verilmişdir. Məzhəbindən,
yolundan, düşüncə tərzindən asılı
olmayaraq bütün Əhl-i beyt tərəfdarları Hz.
Əlidən Hz. Mehdiyə qədər olan imamlara eyni şəkildə
sevgi bəsləmişlərdir. Bu sevgi
onların yolunu imamət/vilayət fəlsəfəsi üzərində
şəkilləndirməyə səbəb olmuşdur ki,
aşıq ədəbiyyatında 12 imamdan bəhs edən
şeirlərin də imamət doktrinası ilə sıx
bağlı olduğu görünür. Ələvi-bəktaşi
cəmlərində oxunan düvaz-imamlar 12 imam kultu isə
isnaaşeriyədən, ismaililərdən, hürufilərdən,
səfəvilərdən ələvi-bəktaşi
camaatına daşınmış, türkmən inancı ilə
sintez edilərək bugünkü halını
almışdır.
Aşıq şeiri divan ədəbiyyatından bir
çox nəzm şəkilləri aldığı kimi, təkkə
ədəbiyyatından da bəzi mövzular
almışdır. Özəlliklə təriqəti-Aliyyədə
qızıl silsilə adlandırılan və yolun Hz. Əli
vasitəsilə peyğəmbərə qədər gedən
və qısacası, Hz. Əli silsileyi-zəhəbi
(qızıl silsilə) ilə başlayan təkkələrdə
Əhl-i-beyt sevgisinin yüksək olduğu bilinməkdədir.
Ələvi-bəktaşı zümrə ədəbiyyatında,
özəlliklə də Şəms qolunda 12 imamı övən
şeirlər məşhurdur. Hər nə
qədər düvazların nə zamandan yazılmağa
başladığı tam məlum olmasa da, bəzi bilim
adamları bu şeir növünü təkkə və
sonradan aşıq ədəbiyyatına gətirən ilk
şairin Xətai olduğunu yazırlar. Xətainin
əlifnamə (əliflam) şeir formasında
yazdığı düvazdehi Azərbaycan mühitindən daha
çox ələvi-bəktaşilərdə bilinməkdədir.
Bu şeiri qısaltma ilə aşağıda təqdim edirik:
Elif
anı bilmişem men la feta illa Ali,
Ye yalan söylememişem la feta illa Ali.
Be beka
mülkinde hakim Mustafa Murtaza,
Lam elif la
dimemişem la feta illa Ali...
Hı haber virdi Hasan Hulk-ı ırza etbaına,
Lam letafet
mülki içre la feta illa Ali.
Dal
dilümde Şah Hüseyn-i Kerbela'nun medhi var
Kef kerem-kanı Ali'den la feta illa Ali.
Zel zelil
it nefsini Zeyne'l-aba'nun ışkına
Kaf
karibdür Hak yolında la feta illa Ali.
Ra riya
kıldı Havaricler Muhammed Bakır'a
Fe
Fırat akup didi kim la feta illa Ali.
Ze ziyade
kıldı beni Ca'fer'ün muhabbeti
Gayın gayrı dimezem men la feta illa Ali.
Sin
ser-hoş eyledi ol Musa-i Kazım meni
Ayn aynumda ayandur la feta illa Ali.
Şın
Şah-ı Horasan ol Ali Musa Rıza,
Zı zuhur oldı cihanda la feta illa Ali.
Sad safa
ehli cihanda ol Muhammed Taki'dür
Tı
tarikin gösterir hem la feta illa Ali.
Dad
zamirüm mülkine server Naki'dür bilmişem
Askeri'nün zikridür hem la feta illa Ali.
Ol Muhammed
Mehdi sahib-zaman-ı sırr-ı Resul
Tesbih-i zikri dilimde la feta illa Ali.
Ey Hatayi
ger hayatı cavidan bulasun yola
Gönlümde mihman olupdur la feta illa Ali.
(Özcan Hüseyin, s.200-201).
Ancaq daha sonrakı araşdırmalara görə,
düvazlara XIV-XV yüzilin hürufi şairi Nəsimidə və
XV yüzilin bəktaşi şairi Sadıq Abdalda rast gəlinir. Nəsiminin
Türkiyədə çap olunan divanında bir neçə
düvazdeh şeir növünə rast gəlinir. Hətta
Nəsiminin divanlarına girməyən şeirləri
içində də düvazdehlər vardır:
Hamdü
lillah kim bu gün merd-i Huda meydanıdur
Bende-i evlad-ı Hayder Mustafa meydanıdur.
Seyrini
kati itdi eyledi gitdi aradan ikilik
"Lahmüke lahmi" Aliyye'l-Murtaza meydanıdur.
Zehrini
şekker bilüp kahrını hergiz nüş ider
Ser-ver-i din ol Hasan halku'r-Rıza meydanıdur.
Maden-i
ilm-i velayet ol Hüseyn-i pak-din
Ya'ni maktül-i şehid-i Kerbela meydanıdur.
Kerbela
içre kalupdur ehl-i dine yadigar
Ol Hüseyn oğlı Ali Zeyne'l-aba meydanıdur.
Ol Muhammed
Bakıri Cafer imam-ı ehl-i din
Kazım u Sultan Ali Musa Rıza meydanıdur.
Şah
Taki vü ba-Naki şah-ı miyan-ı evliya
Asker-i kutb-ı velayet reh-nüma meydanıdur.
Haricidür
dem-be-dem uran velayet tiğını
Ol Muhammed Molla-yı şahib-liva meydanıdur.
Ey Nesimi
geldi Düldül çıkdı yine Zu'l-fekar
Hamdü lillah padişah-ı evliya meydanıdur.
(Köksal M. Fatih, s.95-96).
Düvaznamələrdə Hz. Əli, Ali-əba və
arxasınca da digər imamların adları çəkilir. On ikinci
İmam Məhəmməd Mehdinin adı ilə şeir bitir.
Funksiyası baxımından düvazlar daha
çox ritual xarakterlidir. Ələvi-bəktaşi
cəmlərində oxunan düvazlar mədəd, şəfaət
məqsədi daşıyır.
Aşıq ədəbiyyatına da daxil olan düvaz-imam
şeir janrı heca vəznində olub mövzusu
baxımından dini-irfanidir. Azərbaycan
aşıq ədəbiyyatında da bu formada şeirlərin
yazıldığı bilinir. Hz. Əli
kultunun güclü olduğu Azərbaycan aşıq
poeziyasında düvazdeh şeir növündə yazılan
ilk əsər göyçəli məşhur el şairi Məhəmmədhüseynin
on iki bəndlik uzun şeiridir. Şair Məmmədhüseyn
şeirin hər bəndini sırayla bir imama həsr
etmişdir. Aşağıda bu uzun şeirdən
yalnız üç bəndi təqdim edirik:
Birinci
imam Hz.Əli
Qoç
igidlər, ərəb atlar meydanı,
Müxənnət
sərindən tökülən qanı,
Birinci
İmamımız Şahi-Mərdandı,
İkinci imamı xəbər al, deyim.
Şair Məmmədhüseynin
bu şeirinin sonrakı bəndləri sıra ilə ikinci
İmam Həsənə (ə.),
Atını
minəndə yel kimi əsən,
Üç günlük yolları bir günə kəsən.
İkinci
imamımız İmami Həsən,
Üçüncü imamı xəbər al deyim.
Üçüncü
İmam Hüseynə (ə.),
Kərbəla
dəştindən gəlmişdir meyin,
Yezidlər
boynuna götürdü deyin.
Üçüncü
imamımız İmami Hüseyn,
Dördüncü imamı xəbər al, deyim.
Və
sonrakı bəndləri sırayla İmam Zeynalabidinə (ə.),
İmam Məhəmməd Bağıra (ə.), İmam Cəfər
Sadiqə (ə.), İmam Museyi-Kazimə (ə.), İmam Rzaya
(ə.), İmam Məhəmməd Tağıya (ə.),
İmam Əliyyən Nağıya (ə.), İmam Həsən
Əsgəriyə (ə.) və İmam Sahib əz-Zamana (ə.)
həsr etmişdir. (Daşkəndli Şair Məmmədhüseyn,
s.32).
Başqa
bir şeirində Şair Məmmədhüseyn İmam
Əlini fəryada yetişməyə (fəryadı rəs),
darda qalanlara yardıma çağırır:
Canişini-Mustafasan,
ya Əli, fəryadı rəs,
Sadiqi-şəhri vəfasan, ya Əli, fəryadı rəs.
Bəs sənin
günəş camalın sureyi-yasindimi,
Alimlər elm alarlar, ya Əli, fəryadı rəs.
(Daşkəndli Şair Məmmədhüseyn, s.42).
Şahi-Mərdan, Şiri-Yəzdan,
Düldülü-süvar, sahibi Zülfikar, Heydəri-Kərar,
sirri-Xuda, Hz. peyğəmbərin "lahmüke lahmi" və
"Mən elmin şəhəriyəm, Əli də onun
qapısıdır, elm istəyən qapıya gəlsin"
dediyi Hz. Əli sayısız şair və
aşığın ilham qaynağı olmuşdur. Klassik
aşıq poeziyasının bir çox janrında gözəl
nümunələr yaradan Aşıq Ələsgər də
"İrəhbərdi Cənab Əli qabaqda" və ya
"Mənim ağam Şahi-Mərdan Əlidi" deyərək
İmam Əli ilə bağlı bir çox şeirlər
yazmışdır. Ancaq bununla bərabər, düvazdeh
janrında aşıq ədəbiyyatının ən gözəl
nümunələrindən birini də yenə Aşıq
Ələsgər yaratmışdır:
"Bismillahir-rəhmanir-rəhim!" - deyib,
Sidq ilə çağırram Şahi-Heydəri.
Xişmə
gəlib, bir əlində götürdü
Səksən min batmanlıq dəri-Xeybəri.
Həsən
əl-müctəba aləmə rəhbər,
Hüseyni-şəhiddi
şafeyi-məhşər,
İmam
Zeynalabdin dilimdə əzbər,
Qoyma darda
mən zəlilü müztəri!
Məhəmməd
Bağıra var iltimasım,
İmam Cəfərə
bağlamışam xilasım,
Borcluya
zamindi Museyi-Kazim,
Qurtarıbdı dardan çox zəlilləri.
Qərib
İmam Rza - Xorasan şahı,
Sidq ilə çağıran heç çəkməz
ahı.
Məhəmməd
Tağıdı aləm pənahı,
Ona qurban
dedim bu canü səri.
Əliyyən
Nağıdı aləmdə əla,
Bir səri min dərdə olub mübtəla.
İstəyirsən,
müşkül işin həll ola,
Sidqi-dillə çağır Həsən Əsğəri.
Mehdinin
şəninə gəlibdi ayat,
İsminə möminlər verir salavat.
Yovmi-ərəsətdə
etmə xəcalət,
Yandırma
odlara qul Ələsgəri!
(Aşıq
Ələsgər, s.26)
Şirvan aşıqlarından Aşıq Əhməd də
şeirlərində Hz. Əlini sahibi-qüdrət və
birinci imam adlandırır. Şeirin ilk bəndi belədir:
Pənahım
Allahdır, nəbim Məhəmməd,
Əvvəlki
imamım Əlidir mənim!
Sidqiylə
çağırsam, Sahibi-qüdrət,
Müşküldə
gümanım Əlidir mənim!
(Aşıq
Əhməd, s.134)
Bundan
başqa, Aşıq Əhmədin bəzi imamları
xatırlayan şeirləri Kərbəla müsibətinin
keçirildiyi Məhərrəm ayında oxunur:
Düşəndə
darə səslərəm Allah Muhəmməd, ya Əli!
Sənsən
dilimin əzbəri, haqqı İmamət, ya Əli!
Qurbanam
Şahi Kərbəla oğlun İmam Hüseynə mən,
Qeyrətli
Əbbas oğlunun əl üzmərəm ətəyindən,
Günahkar
olsaq da bizə, eylə şəfaət, ya Əli!
Yığışmışıq
ibn Əli, Şahi Hüseyn əzasinə,
Səs
veririk fəqan ilə Zeynəbin qardaş səsinə,
Deyir: hərayə
gəl baba, Kərbibəla səhrasına,
Üryan
qalıb əhli-əyal, çəkir xəcalət, ya
Əli!
(Aşıq
Əhməd, s.130-131)
Bununla yanaşı, Azərbaycan aşıq ədəbiyyatında,
belə demək mümkünsə, yarımçıq
düvazdehlər də vardır. Bu tip şeirlərdə
imamlardan və ya Hz. Əli övladlarından bəzilərinin
adları çəkilir, onlardan mədəd umulur, bəzən
də isimləri xatırlanmaqla yetinilir. Məsələn,
Şahbuludlu Molla Yusif Raci adlı bir el şairinin gəraylı
janrında yazdığı bir şeirində belə deyilir:
Əli-Əkbər
xidmətinə,
Salam olsun, cavan məndən.
Baxma rəqibin
sözünə,
Çox deyirlər yaman məndən.
Şeirin
sonrakı bəndlərində mətləb dəyişir və
yenidən imamlara müraciətlə şair İmam Əlidən
yardım istəyir:
Əli mənə
edə yardım,
Artırma qüsseyi-dərdim.
Çəkər
olsam ahi sərdim,
Yanar cümlə cahan məndən.
...Həzrət
Əli havadarın,
Hüseyni
Kərbəla yarın,
Vəfasını
gör biiqrarın,
Dönübdür
bu zaman məndən
(Mümtaz Salman, s.198-199).
Qars-Ağababa
aşıq arealının ustad sənətkarı
Aşıq Şenlik də imamlardan
bağışlanmasını diləyən şeirləri ilə
məşhurdur:
...Şenlik,
yadına sal Hazret Abbası,
İmam
Hüseynin matemi, yası,
İmam
Mirze Kızıl Künbez ağası,
Haki
Horasana bağışla beni
(Aslan
Ensar, 215-216).
Düvazdehlərin və ya imamlarla bağlı şeirlərin
mədəd, mürvət, bağışlanma mənasında
söylənməsi aşıq şeirlərində
açıq şəkildə bəlli olur. Ələvi-bəktaşi
şairi Nöqsani bir düvaz-imamında belə deyir:
Medet,
Mürvet dedim kapına geldim
Muhammed
Mustafa, Ali gel yetiş
İsyan
deryasına gark olup kaldım
Hünkar
Hacı Bektaş-ı Veli gel yetis.
(Yaman
Mehmet, s.338)
Aşıq
Ələsgərin qardaşı oğlu və şagirdi
Növrəs İman da əmisi kimi İmam Əli aşiqidir:
Əlinin
məqamın anlasa hər kim,
Ol kəs də kəsilər nəfsinə hakim.
Əlidir
"Quran"da "Ta-ha"vu "Ya-sin",
Həm
"Ya-sin"də olan "İmamin-mubin"
(Növrəs İman, s.44-45).
Azərbaycan aşıq ədəbiyyatında
imamların və ya Əhl-i beyt mənsublarının
adları çəkilən şeirlər də vardır ki,
bunları düvazdeh adlandırmaq olmasa da hər halda imamlarla
bağlı şeir adlandırmaq mümkündür. Bu tip şeirlərdə mədəd,
bağışlanma, imdad, dua, yalvarış ön
plandadır və imamlar tarixi şəxsiyyət olmaqdan daha
çox kult xarakterli mifoloji qəhrəmanların özəlliklərini
daşıyırlar. Burada Göyçədə
Aşıq Ələsgər qoluna mənsub iki əmioğlu
aşığın "Bağışla məni" rədifli
şeirini örnək olaraq göstərəcəyik.
O şəxsə
bağışla, adı Hüseyndi,
Həbibin olmağı bərhəqq, yəqindi.
Əfv
qıl Rəsula, sahibi dindi,
On iki imama bağışla məni.
O yerdə
qurulan qərib əsasa,
Zeynəbü
Gülsüm qara libasa,
Ələmdari
- Hüseyn, rəşid Abbasa,
O qolsuz
ağama bağışla məni
(Növrəs İman, s.26).
İkinci
örnək Aşıq Nəcəfin eyni adlı şeirindəndir:
Ədlü-ədalətlə
qadiri-qəffar,
Aləmin
sərvəri, şahi-mədədkar,
Muhəmməd
dinini eyləyən aşkar,
Ol Şahi-mərdana bağışla məni.
Cənabi
Qasıma, Əli Əkbərə,
İsti
qumlar üstə qalan peykərə,
Hüseyni-şəhidə,
cismi bisərə,
Şahi-şəhidanə
bağışla məni
(Göyçəli Aşıq Nəcəf, s.22).
Bir az diqqətlə, dərinləmsinə
baxdıqda aşıq ədəbiyyatının da
özünəməxsus minacatının (əlifnamə, əliflam),
nətinin (peyğəmbərin ucalığı), meracnaməsinin,
imamiyyəsinin (Hz. Əli və imamlar haqqında şeirlər),
fəxriyyəsinin, mədhiyyəsinin olduğu görmək
mümkündür. Sadəcə,
aşıq sənətini, aşığın cəmiyyətdəki
rolunu, aşıqlığın məna yükünü,
aşığın cəmiyyətdəki funksional rolunu, məna
sıralamalarını doğru-düzgün anlamaq
lazımdır. İmamiyyə doktrininə bağlı, imamət/vilayət
fəlsəfəsi ilə tərbiyə almış aşıqların
şeirlərində dini-irfani mətləblər, Allah-Məhəmməd-Əli
(Azərbaycanda Allah, Məhəmməd, ya Əli)
üçlüsü, 12 imam sevgisi güclü olmuşdur. Bu sevgi Dirili Qurbanidən, Xəstə Qasımdan
başlayaraq müasir dövrə qədər heç bir
zaman qüluv düşüncəsinə qədər
qalxmamış, hər zaman mötədillik gözlənilmişdir.
İmamların vasitəsilə mədəd,
bağışlanmanı istəmək, onların təvil
elmini bildiklərinə və seçilmiş qullar
olduqlarına, imamlara edilən duaların da onların ilahi
lütfə layiq şəxslər olduqlarına görədir.
Füzuli BAYAT
Ədəbiyyat qəzeti.- 2021.- 16
oktyabr.- S.26-27.