Mark Tven və
M.F.Axundovun tənqidi realizmi
"Aldanmış kəvakib"
və "Kral Arturun sarayında Konnektikutlu Yanki" əsərlərinin
müqayisəli təhlili əsasında
Amerika yazıçısı Mark Tven yaradıcılığının
ən məhsuldar dövrü 1880-ci illərə təsadüf
edir; bu dövrdə Amerikada ictimai-siyasi vəziyyət də
çox gərgin idi. Fəhlə hərəkatları
başlamışdı, nümayiş və tətillər,
sosial haqsızlıqlara qarşı etirazlar
qalxmışdı və təbii ki, Mark da sosial etirazlardan kənarda
dura bilməzdi. 1886-cı ildə o, Hartford
klubunda nitq söylədi və "Əmək qəhrəmanları
- yeni dinastiya" adlanan nitqində özünün siyasi fəlsəfəsini
ortaya qoydu. Bu nitqin mətni yazıçının
arxivində təxminən 70 il qalıb,
yalnız 1957-ci ildə çap olunub. Mark Tven
demokratik prinsiplərə sadiqliyini təsdiq edirdi, ümumxalq
səsverməsi qaydalarını təqdir edir, sosialistlərin
zorakılıq hərəkətlərini pisləyirdi;
kommunistləri və anarxistləri qəbul etmirdi. Daha
sonralar isə 1990-cı illərdə ABŞ-da sosialist hərəkatı
başlayanda (bu hərəkat üzvləri sırasında Cek
London, E.Sinkler kimi məşhurlar da vardı) Mark Tven bu hərəkatdan
uzaq qalmağa üstünlük verdi. Lakin bu, sosial gərginliyə səbəb olan qanun və
qaydalara, dövləti idarəetmədə tətbiq olunan eybəcər
üsullara qarşı kəskin mövqe nümayiş etdirməyə
mane olmadı.
Təbii
ki, dövrün gərgin ictimai-siyasi vəziyyəti "Kral
Arturun sarayında Konnektikutlu Yanki" (1889) romanında öz əksini
tapdı, amma fərqli və orijinal üslubda...
Əsərdə
qəhrəmanlıq romanlarından bizə tanış
olan bir çox personajlar var: kral Artur, kraliça Hinevera, fen
Morqan, cəngavərlər Lanselot, Qalahad, sehrbaz-cadugər və
münəccim Merlin və başqaları. Yazıçı
bütün bu obrazlara
şarj, bəzilərinə isə parodiya
yaradıb. Burada cəngavər əxlaq və dəyərləri,
adətləri, möcüzələrə inam, uydurma və
magiyalara aldanmaq - demək olar ki, hər şey kinayəli
gülüş doğurur, gülməli və absurddur. Yanki praqmatik və saf qəlbli adamdır, XIX əsrin
sağlam düşüncəli insanıdır,
düşüb bu feodal təfəkkürlü insanların
arasına, görür ki, burada hər şey insanın
istismarına yönəlib, soyğunçuluq və qanunsuzluq
baş alıb gedir.
Romanda
daha bir maraqlı cəhət var: yazıçı orta əsr
dəyərlərinə, qədim ehkamlara gülməklə
yanaşı, o zamanların krallara tərif dolu cəngavərlik
romanlarına, zövqsüz və şit əsərlər
yazan qələm əhlinə də istehza edir, onların mifləşdirdiyi
kral və cəngavərlərin həyatına, əsərlərin
üslubuna, dilinə və süjetlərinə də qəhqəhə
ilə gülür. Kral Arturun əsrinə
düşmüş Yanki çox enerjilidir;
işgüzarlıq göstərir, öz texniki biliklərini
və islahatlarını həyata keçirmək istəyir.
Yankinin sayəsində orta əsrlər
dövrünün adamları maşın və digər
texniki vasitələrdən istifadə edirlər. O, kral
Arturun sarayında ilk nazir olur. Vəzifə
başına keçən kimi bəzi kobud və mənasız
qanunları ləğv edir, adətlərin üstündən
xətt çəkir. O qanun və qaydalar yuxarılara,
saray əyanlarına xidmət edirdi; o adət və ənənələr
insanların istismarına, köləliyə xidmət edirdi. Sosial ədalətsizlik və hüquqsuzluq ölkəni
başdan-başa bürümüşdü, eybəcər
qaydalar hökm sürürdü və Yanki bütün
bunları ləğv edir.
Azərbaycan
ədəbiyyatında dramaturgiyanın və realist ədəbi
tənqidin banisi, materialist filosof və "müsəlman
Molyeri" kimi tanınmış M.F.Axundov (1812-1878) Mark Tvenin
yaradıcılığının ən fəal vaxtı dünyadan
köçmüşdü, lakin onun çoxşaxəli
yaradıcılığı, maarifçilik ideyaları,
avamlığa, dini xurafata, mədəni geriliyə, despotizmə
və feodalizm qalıqlarına qarşı mübarizəsi, humanist fəlsəfi və dini
baxışları müəyyən mənada Mark Tvenlə və
onun ədəbi-estetik və fəlsəfi
baxışlarıyla üst-üstə düşür. M.F.Axundovun idealları və ideyaları hələ
XIX əsrin ortalarında, ədibin
yaradıcılığının məhsuldar dövründə
meydana gəlmişdi, Mark Tven hələ yeniyetməlik
çağlarını yaşayırdı. Nəzərə alsaq ki, M.F.Axundov Şərqdə,
Mark Tven isə okeanın o biri üzündə
yaşayırdı və hələ ədəbiyyata gəlməmişdi,
Azərbaycan ədibinin daha orijinal olduğu və
novatorluğu aşkara çıxar. Lakin
biz Axundovun "Aldanmış kəvakib"ə qədərki
dövrünün xarakteristikasını da nəzərdən
keçirməyi məqsədəuyğun hesab edirik. Çünki M.F.Axundov "Aldanmış kəvakib"
əsərini Mark Tvendən əvvəl, 1857-ci ildə
yazmışdı və bu əsərin meydana
çıxması da müəyyən tarixi, ictimai-siyasi və
sosial səbəblərlə bağlıydı.
Axundovun dövründə ictimai-siyasi mühitin (bu
mühit bütün ziddiyyət və eybəcərlikləri
ilə bərabər çar Rusiyasının müstəmləkəçilik
siyasətinin nəticəsi kimi şərtlənməlidir) və
Şərq xalqlarının ağır və məşəqqətli
həyat tərzi, onların köləlik əsarəti
altında olması şübhəsiz Axundovu narahat etməyə
bilməzdi və o bu narahatlığını öz əsərləri
ilə, tənqidi realizmi ilə ifadə edirdi. Beləliklə,
Azərbaycan yazıçısı "Aldanmış kəvakib"
əsərini yazmaqla ədəbiyyatımızda yeni tipli
realist nəsrin, povest janrının əsasını qoydu.
Mirzə
Fətəli Mark Tvendən fərqli olaraq povestinin mövzusunu
tarixçi İsgəndər bəy Munişinin I Şah
Abbasın hakimiyyətindən bəhs edən "Tarixi-aləmarayi-Abbasi"
("Dünyanı bəzəyən Abbasın tarixi")
adlı kitabından götürmüşdür... Lakin Mirzə Fətəli tarixi hadisəni yeni ruhda təqdim
elədi, onu öz dövrü ilə əlaqələndirdi,
yəni tarixdə baş vermiş məlum hadisə maarifpərvər
yazıçıya öz mütərəqqi
dünyagörüşünü, humanist ideyalarını,
siyasi-fəlsəfi baxışlarını ifadə etmək
üçün bir platforma rolunu oynadı.
Forma və
məzmun baxımından "Aldanmış kəvakib"lə
"Kral Arturun sarayında Konnektikutlu Yanki" bir-birindən fərqlənsə
də, bu əsərləri birləşdirən bir sıra cəhətlər
də mövcuddur: "Aldanmış kəvakib"də
Axundovun əsas tənqid hədəfi olan Şah Abbasdır,
onun üsul-idarəsidir. Bu səbəbdən ölkə
acınacaqlı vəziyyətə düşüb: kəndlər,
şəhərlər viran qalıb, insanlar aclıq və səfalət
içində yaşayırlar. Məhz buna görə də
Yusif Sərrac taxta çıxandan sonra
"baxıcıları hüzura istəyib dedi: vilayətlərin
hakimlərinə mənim tərəfimdən elan edərsiniz
ki, Allahdan qorxsunlar, nahaq iş tutmasınlar, xalqı
talayıb-dağıtmasınlar, rüşvət
almasınlar. Yəqin bilsinlər ki, bu növ hərəkətlər
axırda onların özlərinin bədbəxtliyinə və
ölümünə səbəb olar..."
("Aldanmış Kəvakib").
Mark Tvenin
"Kral Arturu"nda da Yanki eyni hədəflərlə
köhnə əsrdəki kral sarayına düşür və
onun da eyni hədəfi var: kral Arturun üsul-idarəsi,
köhnə qaydalar! Kral Arturun idarə etdiyi əyalətdə
də tərəqqi yoxdur, insanlar işsizdir, məmurlar tənbəldir,
soyğuncudur, Yanki onları yenidən qurmaq istəyir.
Şah Abbas ölkəni idarə etməkdə aciz
olduğu qədər də zalım və qəddardır. Onun hakimiyyətinin
gücü despotizmdə və istibdaddadır. Kral Artur da ölkəni idarə etməyin yolunu
gücdə və despotda görür. Cadugərlərlə,
magiya ilə məşğul olan adamlarla oturub-durur, Yankiyə
və onun azsaylı tərəfdarlarına həqarətlə
baxır, yeniliklər, islahatlar aparmaq istəmir.
Şah Abbas taxt-tacını qorumaq üçün əhalini
qorxu içində yaşamağa məcbur edir. İnsanlar
günahsız yerə qətlə yetirilirlər. Qəddar şah, hətta övladlarına da rəhm
etmir. O, oğlanlarından birini öldürür,
ikisinin isə gözlərini çıxarır.
Feodal üsul-idarəsinin tipik hakimi kimi, Şah
Abbasın xarakterini tamamlayan digər bir mənfi cəhət
isə onun nadanlığıdır. Münəccimlər,
baxıcılar, mollalarla oturub-durur. Şahın
dövlət idarəçiliyini yaltaq, ikiüzlü, bacarıqsız
məmurlara və mollalara həvalə etməsi ilk növbədə
onun nadanlığından irəli gəlir. Kral Artur da eyni dərəcədə neqativdir, onun
idarə etdiyi ölkədə də eyni vəziyyətdir.
Azərbaycan yazıçısı saray əyanlarının
daxili aləmini onların öz nitqləri vasitəsilə
açıb rüsvay edir. Şah Abbasın ətrafında
xalqı düşünən müsbət fikirli bir dənə
də məmur yoxdur ki, bu da ölkədəki üsul-idarənin
mahiyyəti barədə konkret təsəvvür yaradır.
Maliyyə işlərinə baxan vəzir Mirzə
Möhsün rüşvəti idarəçilikdə əsas
amilə çevirib. O, məmurları şaha peşkəş
verməyə məcbur edir, yüksək dövlət vəzifələrini
pulla satır. Xəzinədar Mirzə Yəhya xəzinəni
məmurların və hərbiçilərin maaşları
hesabına doldurmağa çalışır. Sərdar Zaman xan qoşun başçısı olsa
da, ordu işlərindən əsla başı
çıxmır. Onun nadanlığı
o səviyyədədir ki, düşmənin hücumunun
qarşısını almaq üçün yolları,
körpüləri dağıtdırır, əkinləri,
mal-qaranı tələf etdirir. O hətta belə
axmaqlığı ilə fəxr edərək məmnunluqla
söyləyir ki, "düşmən Təbrizə topxana gətirə
bilmədi, şəhərə yalnız atlı və
piyadalarla daxil oldu". Şah Abbasın
üsul-idarəsində mənsəb sahibi olanlardan biri də
mollabaşı Axund Səməddir. O, paxıl və
yaltaqdır, daim qisas almaq, başqalarına pislik etmək hissi
ilə yaşayır, Qorxaqlıq, yaltaqlıq, vəzifəpərəstlik
əsərdə təsvir olunan münəccimbaşı Mirzə
Sədrəddini və onun ustadı Mövlana Cəmaləddini
səciyyələndirən əsas cəhətlərdir. Onlar şaha yarınmaq üçün etdikləri
hərəkətləri və danışıqları ilə
gülüş doğurur, özlərinə qarşı
ikrah hissi yaradırlar.
Göründüyü kimi, Amerika
yazıçısı ilə Azərbaycan
yazıçısını birləşdirən həm də
hər iki əsərdəki obrazlardır, onların əməlləridir. Yusif Sərracla
Yankidə oxşar cəhətlər çoxdur. Mark Tvenin "orta əsrlərə
atılmış" islahatçı Yankisi kimi, Yusif Sərrac
da Mirzə Fətəlinin arzuladığı, həyatda
görmək istədiyi, xalqa yaxın olan ağıllı və
ədalətli hakim obrazıdır. Yusif
ruhani təhsili alsa da, din xadimlərinin
ikiüzlülüyü onu bu sahədən üz döndərməyə
məcbur edir. O, sərraclıq (at yəhəri düzəltmək)
sənətini özünə peşə seçir. Yanki də
bir çox sənətləri mənimsəyir, dəmirçilik
edir, əlindən hər iş gəlir. Yusif Sərrac
həm də cəsarəti ilə fərqlənir. O,
şahın zülmü, məmurların
özbaşınalıqları, ruhanilərin
ikiüzlülüyü barədə hər yerdə söhbət
salır. Elə buna görə də
ulduzların toqquşması təhlükəsi yarananda saray əyanları
Yusif Sərracı şahlıq taxtına əyləşdirirlər
ki, xətər ona dəysin. Paralel olaraq
kral Arturun ölkəsində Yankini nazir vəzifəsində
oturdurlar. Nazir olandan sonra Yanki də öz ətrafına
tərəfdarlar toplayır, onların əksəriyyəti
islahat görmək istəyən gənclərdir.
Hər iki əsərdəki hadisələrin
inkişafı və süjetdə baş verən dəyişikliklər
təxminən eyni sonluqla bitir. Mark Tvenin təsvir
etdiyi Yanki də əsl cəngavərdir, böyük ürək
sahibidir, xeyirxahdır, inadcıldır, dekorativ personajlara, sentimental-romantik
ədəbiyyatın təbliğ etdiyi obrazlara bənzəmir.
Romanda satirik başlanğıc aydın nəzərə
çarpır. Yanki cəngavərləri
işə qoşur, onları məcbur edir ki, ticarətlə
məşğul olsunlar, məhsulları satsınlar. Kral və saray məmurları barədə deyir ki, onlar
müftə yeyənlərdir, tənbəl və yararsız
adamlardır. Mark Tven şəxsiyyətə
pərəstişi də kəskin tənqid edir. Yanki ateist deyil, lakin o, dəqiq anlayır ki, kilsə
xadimləri arasında da şöhrətpərəst,
lovğa, çirkaba bulaşmış və pis adamlar var.
Mark Tvenin romanı, əlbəttə, satirik xarakter
daşıyır. Müəllif burada ekstralinqvistik və
linqvistik üsullardan istifadə etmişdir. Bu da satirik effekti şərtləndirir.
Şah Abbas da Səfəvilər dövlətinin
beşinci hökmdarı olmuşdu. Şah İsmayıl Xətaidən
sonra hakimiyyətə gəlmişdi və Avropada onu
"Böyük Abbas" adlandırırdılar. O da
tarixi şəxsiyyətdir, 1587-ci ilin oktyabrında Qəzvinin
Cehelsütun sarayında 16 yaşında Səfəvi
taxt-tacına gətirilmişdi. Onun haqqında
tarixdə çoxlu ziddiyyətli fikirlər, bir-birini təkzib
edən rəvayətlər də mövcuddur. Mirzə Fətəli
Axundovun da istinad elədiyi mənbə qeyd etdiyimiz kimi, İsgəndər
bəy Münşinin Şah I Abbas haqqında
yazdıqlarıydı: "... O, son dərəcə hiddətli
təbiət, odlu-alovlu xasiyyət, qüvvət, əzəmət,
şövkət, cahcalal və padşahlıqla yanaşı,
özündə olduqca mülayimliyi, yumşaqlığı,
dərviş xarakterini və sadəliyi cəmləşdirmişdir.
O, mülayim və həlim olduğu vaxtlarda saray adamlarına,
nədimlərə, mülazimlərə və
başqalarına o qədər təvazökar və məxsusanə
tərzdə yaxınlıq göstərər və
qaynayıb-qarışar ki, sanki onlarla dost və
qardaşdır. Lakin digər əhvalda olanda... onun mübarək
alnında elə qəzəb əlamətləri parlayır
ki, onunla həmsöhbət, yoldaş və həmdəm
olmuş və ondan dostcasına, qardaşcasına və təvazökarcasına
rəftar görmüş həmin adamların həddi və
ixtiyarı olmur ki, azacıq cəsarət, cürət və ədəbsizlik
kimi anlaşıla bilən bir nisbətsiz söz dilə gətirə
bilsinlər".
Göründüyü kimi, iki tarixi şəxsiyyət
- biri Avropada, biri də müsəlman Şərqində ədəbiyyata
gətirilir və onların obrazlarına parodiya
yazılır, hər ikisi satira atəşinə tutulur. Bu məqamda
da hər iki sənətkar birləşir və həm romanda,
həm də povestdə bu tarixi şəxsiyyətlərin
obrazlarına qarşı satirik və parodiya
çalarlarının olması da bunu sübut edir. Lakin
bir məqama diqqət yetirmək lazım gəlir: Zaman və
Məkan fərqlərinə: Kral Artur V-VI əsrlərdə
yaşayıb, Şah Abbas isə XV-XVI əsrlərdə. Hər iki hökmdarın həyatı və fəaliyyəti
ziddiyyətlər və təzadlarla doludur. Axundov əslində yaşadığı
dövrün İran üsul-idarəsini sətiraltı mətnlə
ifşa edirdi. Parodiyanın hədəfi də
İran dövləti idi. Mark Tven də həmçinin
XIX əsrin Amerikasını nəzərdə tuturdu, onu
ifşa edirdi.
Obrazların dilində fərqli cəhətlərdən
biri budur ki, Axundov obrazları öz dilində, yəni XV-XVI əsrdəki
insanların dili ilə danışdırır. Lakin Mark Tven
Yankini VI əsrə gətirsə də, burada o, müasir
leksikadan istifadə edir; burada parodiya məqsədli leksika var.
Bundan başqa, Mark Tvenin yaratdığı satira
çoxplanlıdır. Misal
üçün, romanda demokratik Amerika mətbuatı satirayla
təsvir edilir, digər tərəfdən, orta əsr cəngavərlik
romanlarına da lağ edilir. Mark Tven Amerika
qəzetlərinə rişxəndlə gülür, mətbuatın
savadsızlığına, iddialarına və kortəbii
üslubuna qarşı çıxır, onun puldan
asılı olduğunu qeyd edir. Çoxplanlı satira
deyəndə biz bunu nəzərdə tuturuq, əsərdə
ironiya Markın skeptisizmi kimi görünmür; sarkazm və
ironiya heç vaxt yazıçının ictimai
ideallarına qarşı ola bilməzdi. İroniya sadəcə bir vasitəydi, onun köməkliyi
ilə yazıçı əsərdə daim fantastik
süjetin şərtiliyini vurğulayır, romanın eyham və
kinayəli xarakterini qeyd edir; kinayə süjetin çərçivələrini
daha da genişləndirir, oxucunu ümumiləşdirmələr
aparmağa vadar edir.
Bu məqamda
Azərbaycan yazıçısı ilə Amerika
yazıçısı ayrılırlar: "Aldanmış kəvakib"də
satira çoxplanlı deyil, orada müasir İran cəmiyyəti,
ümumiyyətlə, çar Rusiyası ilə bağlı gəzişmələr
yoxdur. Povestin daimi və sabit süjeti var,
obrazlar və situasiyalar bir məkana və zamana aiddir.
Şəxsiyyətə pərəstişə gəlincə,
Axundov da eyni dərəcədə Şah Abbasın şəxsiyyətə
pərəstişini ifşa edir. Mark Tven kral Aruturu adi adam
kimi, zəif və nöqsan cəhətləri çox olan
bir insan kimi təsvir edir. Mirzə Fətəli
də Şah Abbası öz hakimiyyətini itirməkdən
qorxan, sadəlövh, yuxulara inanan və ölkəni məmur
özbaşınalığının qurbanına çevirən
nöqsanlı insan kimi təsvir edir.
Şah
Abbasın yuxuya qulaqasma səhnəsi daha acı və kinayəli
gülüş doğurur...
Epizodun özü həm gülüş, həm də
kinayə doğurur və ifşaedici xarakter
daşıyır. Maraqlıdır ki, həm romanda, həm də
povestdə satirik tiplərin xarakterinin müəyyən edilməsi
sarayın müəyyən siyasi-sosial və ictimai qüvvələri
tərəfindən baş verir. Mark Tvendəki
yenilik bundan ibarətdir ki, romanda ənənəvi
obrazların təzədən qiymətləndirilməsi
prosesi baş verir. Mirzə Fətəlidə
də ənənəvi obrazlar var (Şah Abbas, vəzir, ordu
başçısı və s.), onlar da təzədən, yəni
tarixdəki kimi yox, əsərdəki obrazlar kimi başa
düşülür. Fərq yalnız
Zaman və Məkandadır.
Mark Tvendə rəsmi katolik kilsəsinin sosial əhəmiyyəti
satirayla açılır, bu zaman cadugər və sehrbaz,
fırıldaqçı Merlin obrazından istifadə edilir. Merlin daim yalan
danışır, inanclı və sadəlövh adamları
daim aldadır. Mirzə Fətəlidə də sehrbaz və
ya cadugərə bənzəyən tiplər var: münəccimbaşı
və molla. Onlar da yalançıdırlar,
öz məqsədlərini həyata keçirmək
üçün Şaha yalan danışırlar. Camaatı aldadırlar. Burada
müəllifləri birləşdirən ümumi tənqid hədəfi
fanatizm, mövhumat və cəhalətdir.
Beləliklə,
hər iki əsəri satirik adlandırmaq olar; lakin
Amerikalı yazıçının romanında elə əlamətlər
var ki, onlar başqa satirik əsərlərdən kəskin fərqlənirlər.
Əsər elə bir dövrdə
yazılıb ki, o dövr Amerikada fəaliyyət göstərən
hər iki siyasi partiya - həm demokratlar, həm də
respublikaçılar onun ümidlərini
doğrultmamışdılar. Belə bir
siyasi iflas yazıçını dərindən məyus
etmişdi. Elə romanda siyasi sistemin kəskin
tənqid edilməsi də bununla izah olunmalıdır.
Bizim qənaətimizə görə, Axundov da, Mark Tven də
müxtəlif kontinentlərdə yaşamalarına, müxtəlif
inanclara və mənəvi-əxlaqi dəyərlərə
tapınmalarına baxmayaraq, yaratdıqları əsərlər
həm dini-fəlsəfi nöqteyi-nəzərdən, həm
də tarixilik baxımından ədəbiyyatda hadisə idi. Adıçəkilən
əsərlərin ədəbiyyatşünaslıqda hələ
bundan sonra da müxtəlif aspektlərdən
araşdırılmasına ehtiyac olacaq.
Səkinə Paşayeva
Naxçıvan Dövlət
Universitetinin dissertantı
Ədəbiyyat qəzeti.- 2021.- 16 oktyabr.- S.28-29.