“Beşatılan”ın dedikləri
Təxminən
3 ay əvvəl "Ovqat" verilişinin qonağı olarkən
orada səsləndirdiyim bir fikri təkrar etmək istəyirəm:
"Hollivudun istehsalı olan "Rembo", "Rokki",
"Komandos" və bu tipli filmləri ekranlarımızdan
birdəfəlik yığışdırmaq, onların
nümayişinə veto qoymaq lazımdır. Təkcə ona
görə yox ki, bu filmlərdə real həyat yox, psevdohəyat
təsvir olunur. İlk növbədə, ona görə ki,
Mübariz İbrahimovların, Fərid Quliyevlərin və 44
günlük Vətən müharibəsində torpaqlarımızın
bütövlüyü naminə canından keçmiş
neçə-neçə igidlərimizin şəxsində
bizim öz real superqəhrəmanlarımız var və biz
onların mükəmməl ekran obrazlarını yaradıb
dünyaya nümayiş etdirməli, gənc nəsli süni
psevdoqəhrəmanlardan yox, babalarımızın
şanlı ənənələrini davam etdirən öz qəhrəmanlarımızdan
nümünə götürməyə
çağırmalıyıq".
Məncə,
tanınmış rejissor (və aktyor!) Elçin Məmiyevin
"Azərbaycantelefilm"də istehsal etdiyi ikihissəli
"Beşatılan" filmini bu yolda atılmış ilk
uğurlu addımlardan hesab etmək olar.
"Beşatılan"
macəra elementlərindən
xali olmayan, lakin Vətənə, Torpağa, Bayrağa
sonsuz məhəbbətlə çəkilmiş təsirli
bir filmdir. Əlavə edim ki, bu filmin Böyük Qələbəmizin
ildönümünə qədər çəkilib
tamaşaçılara təqdim olunmasının özü də
əlamətdar bir faktdır, üstəlik, Elçinin
peşəkarlığının, çevik rejissor təfəkkürünün
göstəricisidir.
Filmi, təbii
ki, mövzu-problematika, rejissor və aktyor işi, ekran dilinin
özünəməxsus xüsusiyyətləri və s.
aspektlərdən təhlilə cəlb etmək,
araşdırmaq olar. Lakin bunu bir yazı formatında
reallaşdırmaq mümkün deyil. Ona görə də mən
filmi poetik təhlilin bütün parametrlərində yox, daha
çox bədii-publisistik salnamə faktı kimi audiovizual
düşüncə müstəvisində dəyərləndirməyə
çalışacam.
Filmin
süjet xətti sadədir: 44 günlük müharibə
başlayanda Birinci Qarabağ savaşının 4
iştirakçısı - Aqşin, Əli, Osman və Aslan
adlı 4 cəngavər gənc snayper Ümidlə birlikdə
xüsusi tapşırıqla düşmən arxasına
göndərilir və filmə müəyyən qədər
macəra elementləri gətirən də hadisələrin
bundan sonrakı davamıdır. Ümumiyyətlə, müharibə,
savaş mövzusunda çəkilən filmlərdə macəra
elementlərindən tam yan keçmək mümkün də
deyil. Elçinin uştalığı ondadır ki, o bu forma
elementlərini məqsədə çevirmir, qeyri-adi
tryuklardan, vizual və optik effektlərdən lazımi dozada
istifadə edir, təsvir orbitinə daxil etdiyi predmetləri
fikir-məna qatları ilə yükləyir, doydurur, diqqəti,
təhkiyənin ağırlıq mərkəzini daha çox qəhrəmanların
ruhi-psixoloji aləminə, daxili dünyasına yönəldir,
oz bədii məramını da məhz bu kontekstdə
açır. Bu mənada həm də filmin adı statusunda
çıxış edən "beşatılan"
sözü, bu sözün bildirdiyi köhnə silah, qəhrəmanların
sayı (4+1), xaraba evdən tapılan kamança eşitdiyimiz
dialoqlardan, replikalardan heç də az informasiya
daşımır. Beşatılan əslində
xalqımızın dünənindən, mərdanə
döyüş mədəniyyətindən,
bütövlükdə yaddaşından soraq verən
informativ işarədir və təsadüfi deyil ki, filmin
sonunda erməni bayrağını təpədə ucaldıb
Aqşinə göz dağı çəkmək istəyən
quldur Xoren məhz həmin silahdan atılan güllə ilə
cəhənnəmə vasil edilir. Bu, əslində, Azərbaycan
Silahının murdar erməni xisləti üzərində qələbəsi
kimi obrazlaşdırılır. 4 dost, fikrimcə, Azərbaycanın
həm üfüqi (Şərq - Qərb), həm də
şaquli (Şimal - Cənub) bütövlüyünün
ifadəsidir. Kamança isə Mirzə Cəlilin
"Kamança" pyesini yada salır, Azərbaycan
xalqının humanizmini, ruhumuzun ucalığını sərgiləyir.
Amma bu dəfə hiyləgər erməninin
çaldığı "Rast" və "Segah" ilə
yox, Ümidin xüsusi bir yanğı ilə ifa etdiyi
"Laçın" mahnısının melodiyaları ilə.
Ümumiyyətlə,
bu epizod, oradakı mizanlar, məncə, Elçinin
tapıntılarından biridir. Mirzə Cəlilin əsərində
Qəhrəman yüşbaşı kamançanın səsinə
təslim olub ermənini buraxır və tarix göstərir
ki, səhv edir. Çünki həmin erməninin nankor və
xəyanətkar varisləri bu mərhəmətə,
humanizmə yeni xəyanətlərlə cavab verdilər. Elə
bu filmdə də Əlini aldadıb bıçağı
kürəyinə saplayan erməni
əslində Qəhrəman yüzbaşının
öldürmədiyi erməninin varisidir. Elçinin filmindəki
situasiya isə bir qədər fərqlidir -
"Laçın"ın melodiyaları Aqşini və
Ümidi ona görə trans vəziyyətinə salmır ki,
bu dəfə də yersiz mərhəmət bə humanizm
nümayiş etdirsinlər. Əksinə,
"Laçın" Aqşinin və Ümidin timsalında
bütün Azərbaycanı erməni vandalizminin qurbanı
olan uşaqların, qocaların, qız-gəlinlərin
intiqamını almağa, Ali Baş Komandanımızın dediyi
kimi, erməni faşizmini məhv etməyə səsləyir.
Əslində,
Aqşinin xarakterində də Qəhrəman
yüzbaşıdan gələn cizgilər yox deyil. O da 1992-ci
ildə əsir götürdüyü Xoreni
öldürmür. Amma onun bu quldurla şəxsi zəmində
də problemi var - Xoren 1992-ci ildə məhz həmin
beşatılanla 40-a qədər ermənini cəhənnmə
vasil edən cəngavər Azərbaycan qadınını -
Aqşinin anasını elə bu silahla öldürüb. Amma
Aqşin üçün Xoren təkcə anasının yox, bütün Azərbaycan
xalqının düşmənidir və deməli, Aqşini
intiqama səsləyən şəxsi ədavət hissi deyil,
ləyaqət, şərəf, Vətənə sonsuz məhəbbət
hissləridir.
Fillmin mənim
üçün maraqlı olan digər bir məziyyəti
hadisələrin bir deyil, iki (bəlkə daha çox)
rakursdan göstərilməsidir: yəni biz hadisələri
yalnız bu beşliyin yanındakı
"kinogözün" - müşahidəçinin
baxış bucağından yox, həm də Azərbaycan
ordusunun hücumundan vəlvələyə düşüb
siçan deşiyi axtaran qorxaq, xain erməni
quldurlarının yanındakı kameranın gözü ilə
də görür, qorxaq Sureni, onun arvadı Qretanı, məkrli
Xoreni məhz bu rakurslardan izləyirik. Və bir daha
inanırıq ki, qorxaq da, hiyləgər də olsa, biz
dünyanın ən məkrli, ən vəhşi düşmənini
yenmişik.
Filmin
janrına gəldikdə isə o, publisistika ilə bədiiliyin,
sənədli kino və oyun filmləri janrının sintezində,
onların bir-birinə qovuşub yeni keyfiyyətə
çevrildiyi bədii-publisistik janrda çəkilib. Hiss
olunur ki, ssenarinin qurulmasında
möhtərəm Prezidentimiz İlham Əliyevin erməni
faşizminin mahiyyətini açan
çıxışlarının tezisləri həlledici rol
oynayıb və filmin dilinə publisistik vüsət verən
də elə məsələnin bu tərəfidir. Filmin bəzi
epizodlarında "gerşəkliyə sədaqət"
effekti o qədər güclüdür ki, filmə
baxdığını unudub özünü oradakı məkanda,
qəhrəmanların yanında hiss edirsən. Lakin onun bədiilik
- sənədlilik balansını tarazlıqda saxlayan rejissor
tapıntılarını - ustalıqla qurulmuş kadrları,
dəqiq, ifadəli mizanları, təsirli musiqi həllini də
nəzərdən qaçırmaq olmaz. Ağ göyərçin
obrazı ilə improvizasiyalar, Azərbaycanın xəritəsinin
və Dövlət bayrağımızın təsirli obrazlar
səviyyəsinə qaldırılması, Aqşinin ruhunun nitqi filmin bədiilik
əmsalını artıran tapıntılardır.
Bir
neçə kəlmə də rejissor Elçin Məmiyevin
filmdəki aktyor oyunu barədə. Biz indiyədək
Elçini bir çox televizya verilişlərinin, televiziya
tamaşalarının, teleserialların müəllifi kimi
tanımışıq. Elçin bu filmlərin çoxunda
özünü bir aktyor kimi də sınayıb və
sözün düzü, onun aktyorluq məharəti mənim
üçün bir sürpriz olub. Amma bu filmə tamaşa edəndən
sonra qətiyyətlə deyə bilərəm ki, o, Azərbaycan
aktyorluq məktəbinin ən yaxşı ənənələrini,
ən başlıcası isə təbiilik, səmimilik və
inandırıcılıq keyfiyyətlərinin sintezində
formalaşan oyun tərzini uğurla davam etdirən mahir aktyor
kimi də yetişib və bu statusda kino sənətimizə dəyərli
töhfələr verə bilər. Elçin
yaratdığı Aqşin obrazının daxili aləmini,
ürəyindən keçənləri ifadəli üz cizgiləri,
xəsis jestlərin dili ilə üzə çıxarıb
onu fərdiləşdirməyi və bizə sevdirməyi
bacarıb. Kinorejissorlarımızın onun bu imkanlarına
laqeydliyinə həm təəccüblənir, həm də təəsüflənirəm.
Sonda
filmin bütün yaradıcı heyətinə təşəkkür
etmək qalır. Çünki "Beşatılan"
canlarını Vətən yolunda fəda etmiş 4 igid Azərbaycan
oğlunun şəxsində Böyük qələbənin
qazanılmasına misilsiz töhfələr vermiş
bütün şəhidlərin müqəddəs
ruhlarına rekviyev, eyni zamanda filmin son kadrlarında dəniz ləpələri
kimi dalğalanan Bayrağımızın şərəfinə ucaldılan
bir heykəl, ekran obrazlarının dili ilə oxunan Zəfər
marşıdır.
Əlisəfdər HÜSEYNOV
sənətşünaslıq üzrə
fəlsəfə doktoru, əməkdar
mədəniyyət işçisi, I
Qarabağ müharibəsi veteran
Ədəbiyyat qəzeti.- 2021.- 16
oktyabr.- S.30.