"Ədəbiyyat qəzeti"nin
"Nizami Gəncəvi ili"
xüsusi
buraxılışının
Ədəbiyyat İnstitutunda təqdimatı
İsa
Həbibbəyli: "Ədəbiyyat qəzeti"nin Nizami Gəncəvi
ilinə həsr olunmuş 9 oktyabr saylı
buraxılışını mühüm bir hadisə kimi dəyərləndirirəm.
Biz bu xüsusi buraxılış vasitəsilə
nizamişünaslıqda gedən prosesləri izləyə
bilirik. Bu yalnız elmi məqalələr təqdim edən
xüsusi buraxılış deyil. Yalnız tərcümələr
meydana qoyan qəzet deyil. Bu xüsusi say Nizamini imkan daxilində
bütün yönləri ilə təqdim edir. Burada, həmçinin
bu gün nizamişünaslıqda görülən işlərə
aid xəbərlər əksini tapıb. Bu gün də proses
necə gedir, hansı tədbirlər keçirilir, bu barədə
məlumat alırıq. 2021-ci ildə Azərbaycan
nizamişünaslığının hansı səviyyədə
olduğu, hansı axtarışlar apardığı,
hansı istiqamətlərdə inkişaf etdiyini bilmək istəyiriksə,
bu qəzet onu əks etdirə bilir. Düşünürəm
ki, bu, Nizamini kompleks şəkildə meydana qoyacaq bir əsərdir
və hesab edirəm ki, bu əsərin də müəllifi qəzetin
baş redaktoru Azər Turandır. Bu xüsusi
buraxılış AYB və "Ədəbiyyat qəzeti"nin nizamişünaslığa
sanballı bir töhfəsidir, mən deyərdim ki, xidmətidir.
Bunun üçün Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar müəllimə
və "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər
Turana, onun komandasına Ədəbiyyat İnstitutu adından dərin
minnətdarlığımı bildirməyi özümə
borc hesab edirəm.
Fikrimcə,
Nizami ilində nizamişünalıqdakı nailiyyətlər,
araşdırmalar, nəticələr haqqında
danışmaq üçün bu xüsusi
buraxılış fonunda yaxşı imkan yaranır.
"Ədəbiyyat qəzeti"nin Nizami Gəncəvinin 880
illiyinə həsr olunmuş xüsusi buraxılışı
böyük tarixi faktdır. Qəzetin bu sayı, eyni zamanda
"Ulduz" jurnalının xüsusi
buraxılışının da meydana gəlməsinə vəsilə
olur: ölkəmizdə bir qəzet və bir jurnal Nizamiyə
bütünlüklə həsr olunmuş olur. Türkiyədə
isə 2 jurnal bütövlükdə Nizami Gəncəviyə
həsr olunub. Müxtəlif ölkələrdə Nizaminin əsərləri
tərcümə olunaraq çap edilir, ön sözlərini
Ədəbiyyat İnstitutunun əməkdaşları
yazır. Bu proses davam etməkdədir və bu xüsusi
buraxılış da nizamişünaslığa töhfə
olan bir iş kimi xüsusi əhəmiyyətə malikdir. Mən
bir daha Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş
bu xüsusi buraxılışın ərsəyə gəlməsində
hər kəsə minnətdarlığımı bildirirəm
və "Nizami Gəncəvi
ili" xüsusi buraxılışının
hazırlanma zərurəti və əhəmiyyəti"
mövzusunda məruzə etmək üçün
sözü "Ədəbiyyat qəzeti"nin baş
redaktoru Azər Turana verirəm.
Azər
Turan: Təşəkkür edirəm. İsa müəllim
"Ədəbiyyat qəzeti"nin Nizami sayının
hazırlanmasının zərurəti barədə ətraflı
danışdı. Biz, əslində,
bu xüsusi buraxılışı Nizami ili elan olunanda
çap etmək istəyirdik. Redaksiyada bunu müzakirə edərkən
Elnarə Akimova mənə dedi ki, Ədəbiyyat İnstitutu
da Nizamiyə həsr olunmuş xüsusi buraxılış
hazırlamaq niyyətindədir. Sonra Qulu Ağsəs mənə
zəng vurdu. "Ədəbiyyat qəzeti" ilə birgə "Ulduz" jurnalının
Nizamiyə həsr olunmuş özəl sayını nəşr
etməyi təklif etdi. Onu da qeyd edim ki, xüsusi
buraxılışda yer almış məqalələr
"Ulduz" jurnalının oktyabr sayında işıq
üzü görəcək.
Biz problemə bir də tarixi rakursdan yanaşdıq. 30-cu illərin
ikinci yarısında repressiya dalğasının içərisində
Azərbaycanda bir sevinc əhvalı da yaşanırdı.
Stalin Nizaminin Azərbaycan şairi olduğunu
söyləmişdi. Repressiyaya məruz
qalanlarımızın faciəsi belə bu əhvalın
fonunda bir az arxa plana keçirdi. Nizaminin Azərbaycan şairi
adlandırılmasını xalq böyük coşqu ilə
qeyd edirdi. 30-cu illərin sonunda "Ədəbiyyat qəzeti"ndə
dərc olunmuş bütün çıxışlara, məqalələrə
diqqət yetirsəniz görəcəksiniz ki, istisnasız
olaraq, hər bir yazıda, hər bir çıxışda
Stalinə Nizamini Azərbaycana qaytardığına görə
təşəkkür və minnətdarlıq hissi
aşıb-daşmaqdadır.
Amma 40-cı illərin əvvəlində Azərbaycan
başqa bir siyasi-ideoloji və humanitar fəlakəti də elə
Nizami kontekstində yaşadı. Stalin ideoloqlarının irəli
sürdüyü fikir ki, sən demə, azərbaycanlıların
türk olması qənaəti pantürkistlərin və
burjua millətçilərinin uydurmasıymış, biz tarixə
bəlli olmayan "türk xalqı"nın
bir hissəsi, bir budağı deyilmişik... Beləcə,
Nizami yubileyinə hazırlaşan alimlərimiz kədərli
bir dilemma qarşısında qaldılar: Nizami Azərbaycan
şairidir və azərbaycanlılar türk deyil. Problem, təbii ki, ideoloji bir səbəblə
bağlı idi. Səbəb isə bundan ibarət idi ki,
1947-ci ildə Nizaminin yubileyi ərəfəsində Azərbaycan
SSR Nazirlər Soveti yanında Nizami Yubiley Komitəsinin Azərbaycan
Sovet Yazıçıları İttifaqı ilə birlikdə
çap etdirdiyi kitablarda Nizaminin Azərbaycan şairi
olduğu yazılsa da, Azərbaycan xalqının türk
olmadığı da ayrıca məqalələrlə təlqin
edilirdi. Nizamidən bəhs edən həmin
kitablarda səlcuqluların Azərbaycanı işğal etməsindən
bəhs olunurdu. 1940-cı illərdən
etibarən ehtişamını bərpa etməyə
çalışan Nizami yenə də iki daş arasında
qaldı. Mənsub olduğu millətin
etnik bünövrəsinə elmi duman çökdü,
çökdürüldü. Bəyan edildi ki, Orta
Asiyadan Azərbaycan ərazisinə türklərin
"soxulması" səlcuqlulardan çox qabaq olubmuş və
səlcuqlular da buranı işğal edəndən sonra bura
özlərindən əvvəl "soxulmuş" həmin
türk ünsürünü qüvvətləndirmişlər...
Beləcə, Nizamini sanki səlcuqludan xilas etməyə
çalışırdılar. Təəssüf
ki, Azərbaycan nizamişünaslığında səlcuqlu
amili bu günə qədər kompleks şəkildə
çözülməmişdir.
Məni düşündürən məsələlərdən
biri də bu idi ki, Nizami Gəncəvi Azərbaycan türkcəsində
ilk dəfə nə vaxt danışıb? Bu, ədəbiyyatşünaslığımızda,
demək olar ki, açıq qalan sual, hələ də əsaslı
şəkildə araşdırılmamış bir problemdir.
Azərbaycanda türk kimliyi prosesi
aktuallaşanda Əli bəy Hüseynzadə diqqəti həm
də Nizami Gəncəviyə yönəltdi. 1906-cı
ildə "Həyat" qəzetində "Sirlər xəzinəsi"ndən
bir parça, 1907-ci ildə isə "Füyuzat" dərgisində
"Nizaminin övladına nəsihəti" dərc edildi. Şeirləri Məhəmməd Hadi tərcümə
etmişdi.
Baxmayaraq ki, Nizaminin 1940-cı illərdə Bakıda heykəli
qoyuldu, buna rəğmən, etiraf edək ki, biz ideoloji
baxımdan Nizamidən ayrıldıq. Söhbət nədən gedir: biz
Nizamini özümüzə qaytardıq, qaytarsaq da, türk
Nizamidən uzaqlaşıb azərbaycanlı Nizami ilə
qürur duyduq. Əgər Nizami bizim zehniyyətimizə,
milli şüurumuza təkcə şair kimi deyil, bir ideoloq
kimi daxil olsaydı, inanıram ki, bu gün bizim Qərbi Azərbaycan
problemimiz olmazdı. Hətta bəlkə Cənubi
Azərbaycan probleminə də Nizami miqyasında bir
işıq salınardı. Çünki
Azərbaycanın bütövlüyü və Nizaminin
yaradıcılığının timsalında Azərbaycanın
türklüyü "Xəmsə"də kodlaşıb.
Nizami deyirdi ki, "O, Keyxosrovdursa, biz Əfrasiyabıq".
Əfrasiyab bilirsiniz ki, Alp Ər Tonqadır.
Əgər Azərbaycanın tarixinə də,
Naxçıvanın, Bakının, Şabranın, Gəncənin,
Bakıda Qız qalasının tarixinə də Nizaminin
kontekstindən yanaşsaq görəcəyik ki, bu elə Alp
Ər Tonqa - Əfrasiyab kontekstidir. Nizaminin "İskəndərnamə"sində
Ərmən torpağı Azərbaycan coğrafiyasının
hüdudları daxilindədir və türk
torpağıdır... Turanın bir
parçasıdır.
Y.Bertelsin
kitabında çox unikal bir fikir var: "Bugünkü
İran ərazisi səlcuq dövlətinə daxil olurdu. Təkcə buna görə Səlcuq dövlətini
İran adlandırmaq mümkün olmadığı kimi,
İran ədəbiyyatını da bu torpaq ilə əlaqədar
etmək, onu İran ədəbiyyatına çevirmək
düzgün deyildir".
"Nizami-880"
buraxılışımızda biz "Ədəbiyyat qəzeti"
olaraq həm də müsəlman intibahından, islam mədəniyyətinin Qızıl
Çağından danışmaq imkanı əldə etdik. Və qəribədir ki, özəl sayımız nəşr
olunandan sonra bu məsələ kimlərisə narahat etdi.
Səbəbini anlamaq olmur. Adam
Mets də müsəlman renessansından bəhs edən bir
kitab yazmışdı. Georgi Sarton da bu
dövrü islamın qızıl çağı
adlandırıb. Unuduruq ki, Avropa
intibahının məhvərində yunan mədəniyyətindən
daha çox, İslam mədəniyyətinin Əndəlüs
mərhələsi dayanırdı. Belə
bir intibah yoxdursa, o zaman İslam sivilizasiyasının Əndəlüs
mərhələsini hara aid edirsiniz? Əgər
renessans Avropada yunan mədəniyyətinin yenidən
oyanışıdırsa, bəs Avropanın özünün
oyanmasına ciddi vəsilə olan Əndəlüs mərhələsi
necə olsun? Bəli, Peyğəmbərin
zamanında tarixin dan yeri sökülür, intellektual
oyanış isə Əndəlüs mərhələsində
baş verir. Sonra Səlcuqlular Türklərin Cahan
hakimiyyətinə gedən yolları açır... Məncə, intibah regional hadisə deyil. Avropa renessansı ilə bağlı bu məsələləri
Ziya Gökalp, Fuad Köprülü, Zəki Vəlidi Toğan
dərindən araşdırıb. Məsələ
burasındadır ki, Ziya Gökalp Avropa intibahının
qaynağını araşdırarkən Əndəlüs mərhələsini
ilkin qaynaq olaraq qeyd edir və deyirdi ki, biz Avropa mədəniyyətindən
babalarımızın Əndəlüsdə onalara bəxş
etdiyi halal haqqımızı almaq istəyirik.
Nizami özəl sayımızda həm də bunu
vurğulamaq istədik ki, səlcuqlu amili, Altun çağ və
Azərbaycan intibahı eyni dalğanın içində gəlişmişdir. Və Nizaminin
timsalında Azərbaycan intibahı da Altun Çağın -
müsəlman intibahının ən möhtəşəm
bir mərhələsi olmuşdur.
Nizami Gəncəvi yeni dünyanın ən böyük
şairidir. Çox vaxt ədəbiyyatımızın
dünyaya çıxa bilməməsini diskussiya predmetinə
çevirirlər. Halbuki Azərbaycan ədəbiyyatı
ilk dəfə Nizaminin yaradıcılığının
timsalında dünyaya çıxıb. Və
səkkiz yüz ildir ki, Nizami "Xəmsə"si dünya ədəbiyyatına
dominantlıq edir. Zirvədir. Bu mənada, dünya ədəbiyyatı səkkiz əsrdir
ki, Azərbaycan ədəbiyyatına - bizim ədəbiyyatımıza
doğru yol gəlir. Əgər ədəbiyyatımız
bu gün dünya miqyasında zirvələri fəth edə
bilmirsə, deməli, o, başqalarının deyil, öz
böyük əcdadımızın böyüklüyünə
çata bilmir və bu çox təbiidir. Hər xalq ən böyük dahisini min ildə bir dəfə
yetirir. Nizami, Dante, Şekspir, Höte dünyaya bir dəfə
gəlir...
Nəhayət,
"Ədəbiyyat qəzeti"nin Ədəbiyyat
İnstitutu və "Ulduz" jurnalı ilə birgə layihə
kimi nəşr etdiyi "Nizami Gəncəvi - 880"
xüsusi buraxılşının ən dəyərli tərəfi,
ordakı məqalələrin türk milli məfkurəsi zəminində
yazılmasıdır. Razılaşaq ki, Nizami
ilk dəfədir ki, milli rakursdan bu qədər qabarıq təqdim
olunur. Əksər məqalələrin
müəllifləri Akademiyanın alimləridir. Dəyərli
nizamişünas Siracəddin Hacının özəl
sayımıza verdiyi müsahibədə belə bir unikal fikir
ifadə olunmuşdu ki, bizim Nizamini anmağa yox, anlamağa
ehtiyacımız var. Bu mənada, biz Nizamini anlayırıqsa,
demək, özümüzə dönürük, Bilgə
Xaqanın dediyi kimi, sən özünə dönəndə
böyük olursan.
İsa Həbibbəyli:
Bunu müzakirə üçün demirəm, amma biz Azərbaycan
intibahı məsələsinə yenidən
qayıtmalıyıq. Necə
yanaşılmasından asılı olmayaraq, bu, müzakirə
mövzusudur. Şərq intibahını heç kim inkar etmir. Onun da ən
böyük yaradıcısı Nizami Gəncəvidir. Şərq intibahının sərhədləri
Əbdürrəhman Camiyə gəlib çatmır. XI-XIV əsrlərdə Nizamidən böyük zirvə
yoxdur. Buradan belə çıxır ki,
Nizami Gəncəvi Şərq intibahının
yaradıcısıdır, amma onun ölkəsində intibah
yoxdur. Bəs necə ola bilər bu? Necə yaranıb?
Avropada Qərb
intibahını heç kim inkar etmir ki. Amma belə çıxır ki, Qərb intibahı
var, italyan intibahı yoxdur. Halbuki İtaliya intibahı
olmadan Qərb intibahı, az qala,
mümkün deyil. Əgər Rafael Santi, Leonardo da Vinçi,
Dante, Petrarka yoxdursa, bəs necə ola bilər
Qərb intibahı olsun?! Bir də, mən o fikirdə deyiləm
ki, Şərq ədəbiyyatı yalnız islam
zəminində yarana bilər. Bunun
üçün daha çox antik elm istinad nöqtəsi olub.
Suriya, Misir, ərəb mənbələri əsasında
yaranan elm və antik ədəbiyyatın tərcümələri
də burada mühüm yer tutur. İkinci faktor
isə türk sivilizasiyasıdır. İslam
mədəniyyəti üçüncü faktordur.
Üçü birləşib, üstəgəl, şairin təfəkkürü,
ölkəinin reallığı, ticarətin inkişafı və
s. Tək bir islam faktoruna bağlamaq
doğru deyil. Burada islam mühüm
faktorlardan yalnız biridir. Məncə, Azərbaycan
intibahı məsələsinə də yenidən qayıtmaq
gərəkdir. Amma bu gün mövzumuz "Ədəbiyyat
qəzeti"nin xüsusi
buraxılışıdır. Mən
sözü AYB katibi İlqar Fəhmiyə verirəm, buyurun.
İlqar
Fəhmi: Bizim klassik mədəniyyətimiz elə
böyük bir xəzinədir ki, onun ətrafında
aparılan istənilən iş təqdirəlayiqdir. Mən
"Ədəbiyyat qəzeti"nin Nizami
ilinə həsr olunmuş xüsusi
buraxılışının unikallığını onda
gördüm ki, bayaq İsa müəllim qeyd etdi, bir Nizami
ensiklopediyası düşünülür, mənə elə
gəldi, bu buraxılış elə mini formada Nizami
ensiklopediyasıdır. Çünki Nizami
adı, şəxsiyyəti və
yaradıcılığının ətrafında məsələlərə
mümkün bütün prizmalardan yanaşılıb.
Real tarixi şəxsiyyət olaraq ailəsi, şəcərəsi
araşdırılıb, dövrü ilə bağlı
ölkə və dünya kontekstində araşdırmalar
aparılıb, bu barədə Səlim müəllimin
yazısı var. O dövrün fəlsəfi
düşüncəsi, mifologiyaya bağlılığı
işlənilib, irfan-təsəvvüf məsələlərini
Nəzakət xanım çox gözəl işləyib. Yaxın qonşu xalqlar arasında Nizaminin
araşdırılması, məsələn, İmamverdi
müəllim ərəbdilli istiqamətdə işləyib.
İran nizamişünaslığındakı
yanaşmalar, hətta təhriflər haqqında yazı var.
Beytlər üzərindən gəzişmələr var -
Firidun müəllimin gözəl yazısında. Türkçülük məsələlərinə
bir neçə məqalədə toxunulub, Nizami Cəfərovun
da yazısı bunun üzərində qurulub. Elçin Əfəndiyev Nizaminin ümumdünya
miqyasında qavranılmasının nümunəsini qoyub.
Hətta Nizaminin yaratdığı hiss və duyğular barədə
Sərvazın essevari yazısı var. Ataəmi müəllimin
yazısı... Əsəd bəy intuisiya məsələlərinə
çox gözəl toxunub: həm Nizami
yaradıcılığında, həm də ümumiyyətlə
Nizaminin dərkində də bir intuitivlik var. Yəni bir az kəşfi-şüurla getmək
lazımdır. Yəni ürək
aparmalıdır səni Nizamiyə tərəf. Müasir dövrdə Nizami ilə bağlı xəbərlər
əksini tapıb. Audiovizual sahədə
"Nizami" filmi haqqında yazılıb. Bizim serialla bağlı geniş bir müsahibəmiz
var, yəni Nizami müasir müstəvidə necə
görünür.
Mənim bircə qeydim var ki, Nizaminin miniatür və
xalçaçılıq sənətinə çox
böyük təsiri olub. Məlumdur ki, Şərq
miniatür sənətində əsərlərinə ən
çox illüstrasiya çəkilən şair Nizamidir və
onun süjetlərini Şərq miniatür sənətindən
çıxarsaq, çox böyük bir boşluq yaranır.
Bu çox maraqlı mövzudur, mən istərdim
o mövzuda da bizim sənətşünas alimlərimizin məqaləsi
qəzetdə yer alsın. Nizaminin
miniatür sənəti sanki onu həm də
audiovizulallaşdırır.
Maraqlıdır ki, biz klassik nümunələrimizi
müasir dövrə adaptasiya etmək barədə
düşünərkən baxıb gördük ki, müasir
dövrdə daha aktual olanı Nizamidir. Zamanca uzaq olsa
da, özündən yüz illər sonra yaşayan şairlərdən
daha müasirdir bizim üçün. Və Nizaminin
yüzlərlə beyti var ki, əlli il
bundan öncənin ədəbiyyatından daha aktualdır.
Allah-Taala bizə Nizami kimi böyük bir xəzinə bəxş
edib və "Ədəbiyyat qəzeti"nin
xüsusi buraxılışında o xəzinənin hər
çalarından yararlanıblar. Mən təklif
edirəm ki, bu nömrə kitab halında da çap olunsun.
Çünki burada Nizami ilə bağlı
bütün məsələlər yığcam, kompakt şəkildə
əhatə olunub.
İsa Həbibbəyli:
Sözü burda iştirak edən AYB-nin Beynəlxalq Əlaqələr
üzrə katibi, şair Səlim Babullaoğluna verirəm. Səlim Babullaoğlu ədəbiyyat yönündə,
ədəbiyyatımızın xaricdə
tanıdılması və təbliği istiqamətində
çox dəyərli işlər görür.
"Nizami ili" xüsusi buraxılışında da Nizami
dövrünün Avropa şairlərinin şeirlərini təqdim
etməsi çox gərəkli iş idi.
Səlim
Babullaoğlu: İlqar Fəhmi, prinsipcə, "Ədəbiyyat
qəzeti"nin Nizami Gəncəvi
yaradıcılığına həsr olunmuş xüsusi
buraxılışı haqqındakı əsas məqamları
qeyd etdi. Amma mən İlqarın qeydinə bir balaca düzəliş
etmək istəyirəm: orada miniatür sənəti
haqqında danışılır - Mətanət Vahidin Nizami
yaradıcılığında sənətlərarası əlaqə
ilə bağlı yazısında dolayısı ilə, həmçinin
Nizami yaradıcılığından alınma
mövzuların təsviri sənətə inikası
mövzusu da işlənilib.
Mən İlqarla razıyam ki, qəzetin bu
buraxılışı kitab formatında çap
olunmalıdır. Hətta mənə elə gəlir ki, bu,
böyük tirajla çap olunub orta məktəblərə də
paylanılmalıdır. Çünki orada Nizamiyə
yanaşmanın əsas istiqamətləri var. Ona görə
başda Azər Turan olmaqla, Elnarə Akimovaya, Mətanət
Vahidə, Sərvaz Hüseynoğluna, "Ədəbiyyat qəzeti"nin digər əməkdaşlarına da təşəkkür
edirəm. Eyni zamanda məqamdan istifadə edib "Ədəbiyyat
qəzeti" ilə bağlı bəzi düşüncələrimi
deyim: mənim 15 yaşımdan "Ədəbiyyat qəzeti"
bizim evə gəlib. Mənim xatırladığım 30 il ərzində "Ədəbiyyat qəzeti"
indi öz intibahını yaşayır.
İsa Həbibbəyli:
Mən də o fikirdəyəm.
Səlim
Babullaoğlu: Mənim oxuduğum ən maraqlı "Ədəbiyyat
qəzeti" bu günlərdə çıxır və mən
buna görə əziz dostumuz Azər Turana dərin təşəkkür
edirəm. Yeri gəlmişkən deyim, unudulmaz
Fikrət Qoca, Allah ona rəhmət eləsin, mənə bir
tövsiyə etmişdi ki, bütün tənqidləri dinlə,
xeyirli tərəfini götür, qərəzli tərəfini
unut. Mən də indi ünvanına yerli-yersiz tənqidlər
eşidilən "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana həmin
tövsiyəni edirəm. Və ona da, kollektivə
də uğurlar arzulayıram.
Qayıdaq
Şeyxə... Nizami Gəncəvi
yaradıcılığının ilkin faktoru islamdır.
Qalan bütün faktorlar ikincidir. Amma burada da islama yanaşma məsələsini redaktə
eləmək lazımdır, yəni Nizamini deyil, bizim
baxışımızı. Məsələ budur ki, islam Məhəmməd peyğəmbərlə
(Allahın ona salamı olsun!) başlamır, onunla pərvəriş
tapır, öz kulminasiya nöqtəsinə çatır. Bütün müsəlmanlar, xüsusən Nizami
kimi üləmalar bunu xüsusən bilirlər, bilirdilər və
bu onların həyat tərzinin qayəsi olub.
Çünki islam təslimiyyət deməkdir,
Allaha təslimiyyət və bu təslimiyyət də ilk insan
və peyğəmbər olan Adəmdən başlayır. Bunu niyə deyirəm? Çünki
belə qəbul etməsək, biz yenə ənənəvi səhvimizi
edəcək, "islamı" ərəb hadisəsi hesab
edib qıcıqlanacaq, bu isə, öz növbəsində,
törəmə baryerlər yaradacaqdır. Əgər biz Nizamini düzgün anlamaq istəyiriksə,
ilk növbədə, islamı düzgün anlamalıyıq.
Əks təqdirdə, Nizamini
oxumağımızın heç bir mənası olmayacaq.
Nizamini Adəmdən başlayan, Məhəmməd
peyğəmbərlə kulminasiya nöqtəsinə
çatan islamdan ayrı oxumaq, dərk eləmək
mümkün deyil, yanlışdır. Şərq ədəbiyyatında
Hafiz, Nizami, Sədi, Rumi və bir neçə
şair var ki, onları yalnız belə oxumaq
mümkündür. Əks təqdirdə, biz Nizamini
ritorika, pafos və aforizm kimi dərk edəcəyik. Və bütün ədəbiyyatşünaslar,
Nizami araşdırıcıları bunu bilməlidirlər, nəzərə
almalıdırlar. Bundan
qıcıqlanmamalıdırlar.
Sonra bir düşüncəmi deyim. İndi 44 rəqəmi ilə
880 yaşını qeyd etdiyimiz böyük şairimizə
görə 88 rəqəminin bildiyimiz əlaqəsindən də
danışmaq olar, bunu etmək fikrində deyiləm. Amma 44
günlük müharibədəki qələbəmizdən həmən
sonra ölkə başçısının 2021-ci ili
"Nizami ili" elan etməsi mənə sadəcə olaraq təsadüf,
ənənəvi yubiley və tarix kimi görünmür,
sirli bir qanunauyğunluq kimi görünür...
Yadımdadır, bəlkə bir 20 il əvvəl
idi. Gəncəyə getmişdim, geri dönəndə
şəhərin çıxışında bir daha
maşının içində geri qanrılıb Şeyxin məqbərəsinə
baxdım və nədənsə, mənə elə gəldi
ki, bu məqbərə deyil, qollarını
çarpazlamış, tənha və bizim
nadanlığımıza təəssüf hissi ilə baxan nəhəngin
siluetidir.
Və 30
illik Qarabağ həsrətimiz, o həsrət ki, biz onu səhvlərimizə
görə yaşayırdıq, bitdi, Allah və tale dövlətin,
dövlət başçısının dili dedi ki, gedin
Nizamini oxuyun, yaxşı oxuyun. Onun söylədiyi
kimi yaşamağa cəhd edin. Onun söylədiyi
isə islamdan ayrı anlaşıla bilməz. Yəni
biz də Musanın 40 il səhrada gəzdirdiyi qövmü
kimi 30 il "gəzdik", Allah bizi təkrar "buzova"
tapınmaqdan qorusun. Biz, əslində, xalq olaraq, qövm olaraq
"Quran" hadisələrini yaşadıq, özü də
bir neçəsini, ola bilsin ki, bunu
anlamırıq. Bəli, bəli, biz
"Quran"dakı Talut-Calut və Davudun əhvalatını
yaşadıq. Musanın və
qövmünün bayaq dediyim hadisəsini yaşadıq.
Və indi, heç olmasa indi böyük şairimizin əsərlərini
diqqətlə və doğru oxumalıyıq.
Şeirdən
ucalıq umma dünyada // Çünki Nizamiylə qurtardı
o da" kəlmələrini oxuyanda bilməliyik ki, Şeyx
qeyri-təvazökarlıq etmir, bilməliyik ki, o,
"Quran"a, "Şairlər" surəsinə,
221-227-ci ayələrə istinad edir.
Nizami Gəncəvinin tədqiqində bütün digər
amillər ikincidir. Hətta şeiriyyat və bədiiyyat.
Diqqətiniz üçün təşəkkür edirəm.
Ataəmi
Mirzəyev: "Ədəbiyyat qəzeti"nin Azərbaycan
Yazıçılar Birliyi, Ədəbiyyat İnstitutu və
"Ulduz" jurnalı ilə birgə
hazırladığı Nizaminin 880 illiyinə həsr
olunmuş xüsusi buraxılışı
nizamişünaslıq baxımından son illərdə
görülən ən böyük işlərdən biridir.
Nizami elə böyük bir şəxsiyyətdir
ki, ona yalnız yubileydən-yubileyə diqqət
ayrılmamalıdır. Ümumilikdə
klassik ədəbiyyatın Nəsimi, Füzuli, Nizami kimi
nümayəndələrinə yalnız vaxtaşırı
müraciət özünü doğrultmur. Bunu nəzərə
alan Ədəbiyyat İnstitutu, həqiqətən
də, son illərdə xüsusi olaraq
Füzulişünaslıq sektoru, Nizamişünaslıq
şöbəsi açıb və belə işlər davam
edir. "Ədəbiyyat qəzeti"nin
xüsusi buraxılışı da belə işlərin məntiqi
davamı hesab oluna bilər. Təsadüfi deyil
ki, bu 48 səhifəlik qəzetdə məqalələri
çap olunmuş müəlliflər arasında Ədəbiyyat
İnstitutunun əməkdaşlarını
görürük. Bu, Nizami ili çərçivəsində
Nizamiyə geniş rakursda yanaşmaq baxımından, demək
olar ki, ən dəyərli işdir. Burada Nizami
irsi haqqında araşdırılmayan mövzu, demək olar
ki, qalmayıb.
Mən də öncəki
çıxışçılarla razıyam ki, qəzetin bu
nömrəsini ayrıca kitab kimi və müxtəlif dillərdə
çap etmək olar. Çünki Nizami ilə bağlı ən
vacib məsələlər barədə yazılıb. Günümüz üçün ən aktual
mövzulardan biri Səadət Şıxıyevanın
Şirinlə bağlı məqaləsində əks olunub.
Həqiqətən, bu məqalə mənim
çox xoşuma gəldi. Düzdür,
türklüklə, mifologiya ilə bağlı da yazılar
var və hamısı dəyərlidir. O cümlədən
Elnarə xanımın Nizami yaradıcılığına
uşaq ədəbiyyatının ilkin nümunəsi kimi baxması
fikri də orijinallığını göstərir. Deməyim
odur ki, qəzet Nizamiyə böyük məhəbbətlə
hazırlanıb...
Bir də
mən təklif edərdim ki, qəzet klassik ədəbiyyatın
tədrisi ilə bağlı yazılara da yer versin.
Çünki bizim gənclər Nizamini yalnız "Sirlər
xəzinəsi"ndən üç hekayə ilə və
"İskəndərnamə" əsərindən təqdim
olunan 4 səhifə ilə tanıyır...
Elnarə
Akimova: Nəzərdə tutmuşuq, Ataəmi müəllim,
dediyiniz məsələni.
Nəzakət
Məmmədli: Nizami sözə "Bismillahir rəhmanir rəhim"lə
başlayırdı və bəlkə də, yeganə şairdir
ki, qafiyəsini "Bismillahir rəhmanir rəhim"ə
uyğun qurmuşdu. Bütün
yaradıcılığı boyu yazmağa Allahın adı
ilə başladı və Allahın adı ilə bitirdi.
Nizami yaradıcılığını dərindən
dərk etmək üçün birinci növbədə
islamın mahiyyətini dərk etmək lazımdır.
Nizaminin də bütün əsərləri
"Quran"ın daxili, batini cəhətlərini insana
öyrətmək və islam əxlaqını
təbliğ etməkdən ibarət idi. Məhəmməd
peyğəmbərin sözü var ki, Allahın əxlaqı
ilə əxlaqlanın. Nizaminin
bütün yaradıcılığında tasavvufun təhzibül-əxlaq,
məkarimül-əxlaq məsələlərini
görürük.
Azərbaycan xalqının çox rəşadətli
44 günlük səhifəsindən sonra Nizami ilinin gəlməsi,
həqiqətən, ibrətamizdir. Çünki biz Nizami
əxlaqından dərs almalıyıq. Nizami insanı
özünə gedən yola aparır... "Sirlər xəzinəsi"ndəki
sirlər nə idi: Allaha qovuşmaq sirləri idi və o sirr
saxlayan gənc elə Nizami özü idi...
Ədəbi
fikrə təsir etmək baxımından "Ədəbiyyat
qəzeti"nin bu nömrəsi, həqiqətən
də, çox mütərəqqi bir addımdır.
Çünki burada Nizami Gəncəvi kompleks şəkildə
araşdırılır: fəlsəfi görüşləri,
Qərb ədəbiyyatşünaslığında öyrənilməsi,
türklük məsələləri... yəni bu məqalələr
hər birisi ayrı-ayrılıqda çox qiymətli bir sənət
əsəridir. Mən çox minnətdaram
"Ədəbiyyat qəzeti"nə ki, mənim də məqaləm
bu nəşrdə yer alıb. Mən
bütün Azərbaycan nizamişünaslarını,
nizamisevərlərini təbrik etmək istəyirəm. Azər müəllimə, Elnarə xanıma bu nəşrin
zəhmətini çəkdiklərinə görə təşəkkür
etmək istəyirəm.
Siracəddin
Hacı: Əziz dostlar, Allahın xeyirli, bərəkətli
salamı hamınızın üzərinə olsun. Nizami bir beytində deyir ki, arxamı Allahın nemətlərinə
çevirmərəm, Allahın nemətinə şükr
edirəm. Niyə şükr etməyim
ki?! Nizami kim olur da şükr etməsin?!
Sonra da deyir ki, Allahın verdiyi hər nemətin
öz şükrü öz cinsindəndir. Deyir ki, ağlın neməti düşünməkdir.
Mən bir dənə də xüsusi buraxılış
hazırlamışam: "Nizami Gəncəvinin iki məktubu:
Dünya diplomatiya və siyasət tarixinin iki şah əsəri".
İspanların, ən qədim dövlətçilik
ənənəsi olan çinlilərin, fransızların,
almanların heç birinin tarixində diplomatiya və siyasətə
aid elə sənəd yoxdur. Siyasət və diplomatiyaya
aid elə əsaslar qoyub ki... Deyir ki, hakimiyyət
Allahın nemətidir. Bu neməti həyata keçirməyin
3 şərti var: hər kəsə ədalət, hər kəsə
mərhəmət, hər insana xidmət. Sonra
da deyir ki, əgər Allahın hakimiyyət nemətinə
şükr etməsəniz, Allah onu geri alacaq. Deyir, ağlın şükrü düşünməkdir.
Qəlbin şükrü iman etməkdir. Nizamiyə görə, iradənin şükrü
doğrunu seçməkdir. Və sonra da
deyir ki, insan olmanın şükrü Allaha təslim
olmaqdır. İndi nəyə görə
şükürdən başladım? Azər
bəyin hazırladığı bu xüsusi
buraxılış da Allahın bizə Nizamini verdiyinə
görə şükür ifadəsidir. Yəni
şükür sadəcə "Nizami bizimdir" demək
deyil. Nizami deyir ki, ən böyük dua
saleh əməldir. Duanı iki yerə bölür:
sözlü dua və əməli dua. Deyir ki,
Allahın ən qəbul etdiyi dua əməli duadır. Yəni sən Nizamini sevirəm deyirsənsə,
işini ortaya qoy. Dövlətimi sevirəm
deyirsənsə, dövlətin üçün nə etmisən?
Dövlətlə ədəbiyyatın inkişafı
paraleldir, əziz dostlar. Bax, səlcuqlu dövləti olmasaydı,
Nizami olmayacaqdı. Azər bəyin
yazısının ən önəmli tezisi budur, vaxtilə
gizləyiblər onu. Peyğəmbərimizdən sonra 3
mühüm dövlət var: əməvilər, abbasilər və
səlcuqlular. Böyük səlcuqlu mədəniyyəti
bir zəlzələ oldu, Şərqdə hər şeyi dəyişdi.
Nizami Gəncədə səlcuqluların
elçisidir. Missiyadır: Get, Qafqazı məmləkət
etməyin yolu Qafqazı islamla mayalamaqdır, ey Nizami - sən
də bu işi yerinə yetirəcəksən. Nizami
də onu yerinə yetirib.
Mən
1934-cü ildən bu yana "Ədəbiyyat
qəzeti"nin, demək olar, bütün nömrələrini
oxumuşam, oxumadığımı ən azı, işimə
görə vərəqləmişəm. Çox
səmimi söyləyirəm ki, 90 ilə yaxındır
"Ədəbiyyat qəzeti" çıxır, zirvə
nöqtəsini bu gün yaşayır. Gerçəkdən
ədəbiyyat faktı, mədəniyyət faktı, fəlsəfə
faktı - Azərbaycanda bu gün ədəbiyyatı yönləndirən
əsas rupor "Ədəbiyyat qəzeti"dir.
İsa Həbibbəyli:
"Ədəbiyyat qəzeti" ədəbi prosesdən
qabaqdadır.
Siracəddin
Hacı: Bəli. Bunun da səbəbi nədir: birinci, Azər
Turan özü alimdir, həqiqi alimdir. Tariximizi çox
gözəl bilir, Nizamini də bilir, orta dövrü də
bilir, cərəyanları da... İkincisi də
Ədəbiyyat İnstitutu ilə gözəl əlaqə
yaradıb. Bu da çox önəmli bir
işdir. Yəni Ədəbiyyat İnstitutu ilə
körpünü də bizim gözəl Elnarə xanım
yaratdı və çox önəmli bir nəticə ortaya
qoydu... Bir də ki, milli təəssübkeşlik
var, sadəcə alimlik deyil, sadəcə qəzetçiliyi
bilmək deyil. Əli bəy Hüseynzadə, Məhəmməd
İqbal nə deyir: deyir bir insanın hədəfi nə qədər
böyükdürsə, o qədər böyükdür. Yəni
"Ədəbiyyat qəzeti"nə bir missiya kimi baxır:
"Mən Azərbaycan xalqının maariflənməsi
üçün nə iş görməliyəm. Bu xalqın millətə çevrilməsi
üçün əlimdən gələn nəyi etməliyəm".
Belə bir missiyası olanda qəzet də, təbii
ki, ona uyğun materiallar verir. Gerçəkdən,
zirvə nöqtəsini yaşayır. Böyük
əmək var, hər kəsə təşəkkür edirəm
- Azər bəyə, Elnarə xanıma, qəzetin
bütün əməkdaşlarına. Bu 48 səhifəlik
xüsusi buraxılışda 30-dan çox müəllif var.
50-yə yaxın mövzu var. İdeya var, dünya ədəbiyyatında
yeri, tərcümələri, yanlış tərcümələrə
cavablar, xəbərlər var, uşaq ədəbiyyatı,
Avropaya təsir, qəzəlin inkişafında rolu, sənətkarlıq
var... Şirinin kimliyi ilə bağlı bir
dastan yazıb Səadət xanım Şıxıyeva. Daha alim başqa neyləsin ki?! Burda
bir şeyi də deyim ki, Ədəbiyyat İnstitutu da öz
zirvə nöqtəsini indi yaşayır. Nizamişünaslıq da zirvəsini indi
yaşayır. Kim nə deyir desin. İndiyədək
olanların heç birini mən inkar etmirəm. Bütün əsərlərə mən ədəbiyyat
siyahısında həmişə yer vermişəm, heç
birini kənarda qoymamışam, qoymaram. Amma
seçici yanaşmalıyıq. Müsəlman
seçici yanaşandır. Bəli,
"Ədəbiyyat qəzeti" də, Ədəbiyyat
İnstitutu da, nizamişünaslıq da zirvəsini indi
yaşayır. Zirvəsini yaşamaq
qüsursuzluq deyil. Bu qədər hərəkətlənmə
baş verir, araşdırılır. Burda Kamil Allahyarov
nə qədər gözəl araşdırma ortaya qoyub... Bu 48 səhifəlik qəzetdə böyük bir əmək
var. Bütün əmək verənlərə təşəkkür
edirəm.
Səadət
Şıxıyeva: Hörmətli tədbir
iştirakçıları, hamınızı salamlayıram.
Məndən öncəki çıxışçılar
o qədər gözəl danışdılar ki... Həm nizamişünaslığın mövcud
problemlərinə diqqətimizi yönəltdilər, həm
ortaya qoyulan çox dəyərli xüsusi
buraxılışı qiymətləndirdilər. Mənə
deməyə az söz qaldı. Sadəcə, öz fikirlərimi bölüşmək
istəyirəm. Azər müəllim, sizə,
Elnarə xanıma, bu buraxılışın
hazırlanmasında əməyi olan hər kəsə təşəkkür
etmək istəyirəm. Mənim bir balaca
koordinatorluq əməyim oldu və buna şahid oldum ki, bu
xüsusi buraxılışda hər bir müəllif
özünün ən gözəl məqaləsini təqdim
etdi. Yəni insanlar o qədər sevgi ilə
yazdılar ki, bu məqalələri. Çox
ciddi yanaşdılar. Bir qisim müəlliflər,
məsələn, İmamverdi müəllim, Nəzakət
xanım, Kamil müəllim kimi, illərdən bəri üzərində
işlədikləri tədqiqatların icmalını təqdim
etdilər. Bir qisim Ataəmi müəllim
kimi, mənim kimi başqa müəlliflər xüsusi olaraq
bu buraxılış üçün ayrıca məqalələr
yazdılar. Bu məqalələrin hər
birində bir peşəkar yanaşma var. O qədər peşəkar
yanaşma var ki, təkcə bu buraxılış Nizamini
dünya miqyasında təqdim etmək üçün yetərlidir.
Yəni kimsə Nizami haqqında təsəvvür əldə
etmək istəyir, Nizami kimdir, söz sənətindəki
yeri nədir, dünya ədəbi-fəlsəfi, irfani
düşüncə tarixindəki yeri nədir, Nizamidən
sonra nə kimi məktəblər yaranıb, Nizami dünya
miqyasında hansı səviyyədə öyrənilib - bu
barədə təsəvvür əldə etmək istəyən
təkcə bu xüsusi buraxılış ilə
tanış olsa, yetərincə məlumat əldə edə
biləcək. Yəni bu baxımdan mən əvvəlki
natiqlərin fikirlərinə qoşuluram. İlqar
müəllim, Səlim müəllim çox gözəl təkliflər
irəli sürdülər. Biz Elnarə
xanımla telefon danışıqlarımızda da o barədə
müzakirələr aparmışdıq ki, bu
buraxılış kitab kimi də nəşr
olunmalıdır.
Mən bu
il boyunca sizin bütün
buraxılışları izlədim və il boyunca siz Nizami ilə
bağlı çox maraqlı məqalələr nəşr
etdiniz. Ona görə təklif edirəm ki, əgər kitab
kimi çap olunacaqsa, "Ədəbiyyat qəzeti"nin nizamişünaslıqdakı yerini bilmək
üçün, xidmətini görmək üçün elə
bu Nizami ili çərçivəsində çap olunmuş
bütün məqalələr toplanılsın -
nizamişünaslığa böyük, dəyərli bir
töhfə olar. Təkrar mən müəlliflərin hər
birini və gözəl nəşrin ərsəyə gəlməsində
əməyi, xüsusi diqqəti, xüsusi sevgisi,
qayğısı olan Azər müəllimi, Elnarə
xanımı, Mətanət xanımı təbrik edirəm
ki, ortaya, doğrudan da, çox dəyərli iş qoyublar. Və
sonda onu da deyim ki, Mətanət xanımın bu məqalələrin
təqdimatında həqiqətən böyük əməyi
var. Mən izləyirəm, saytda o qədər zövqlə, o
qədər sevgiylə məqalələri təqdim edir ki, bu,
həmin yazıların dəyərini də
artırmış olur. Sonda onu da deyim, hər
bir nəşrin önəmi odur ki, ona baxış sayı
çox olsun, ona çox müraciətlər olsun. Mən
görürəm ki, maşallah, "Ədəbiyyat qəzeti"nin xüsusi buraxılışında
çıxan məqalələrin baxış sayı da
yüksəkdir. Bu da onun göstərcisidir ki,
"Ədəbiyyat qəzeti" nizamişünaslıq sahəsindəki
müəyyən boşluğu, aclığı doldura bilib.
Bu da böyük uğurdur.
İsa Həbibbəyli:
Məncə, çox gözəl bir tədbir oldu. "Ədəbiyyat qəzeti" bir fürsət
oldu. Mükəmməl bəhanədir.
Ortada bir xidmət var və demək olar ki, bir 20-30 konfrans
keçirmişik, heç birinin əhəmiyyətini azaltmaq
istəmirəm, deyim ki, bu qədər
nizamişünaslığın aktual problemlərinin ciddi
şəkildə ən müxtəlif mövqelərdən
müzakirə mövzusuna çevrildiyi və yekun qənaətlərin
deyildiyi konfrans görmürəm. Bu, Nizami ilinin
addım-addım inkişafını göstərən bir
iclas oldu. Çünki "Ədəbiyyat qəzeti"nin bu nömrəsi Nizamiyə kompleks münasibəti
ifadə edir. Həm də ən müasir
münasibətlər, müasir
nizamişünaslığın son nailiyyətlərini, gəlib
çata biləcəyi, araşdıra biləcəyi ən
mükəmməl örnəkləri təqdim edir. Və qəzet Yazıçılar Birliyi və
Akademiya ilə birlikdə sanballı xidmət edib. Mən bir daha Azər Turana, onun komandasına təşəkkür
edirəm. Mən saytları az izləyirəm,
amma müşahidə edirəm ki, Mətanət xanım
"Ədəbiyyat qəzeti"nin və ədəbiyyatın
ümumi mövqeyini qoruyur, onu da qiymətləndirirəm. Elnarə xanım burada bir körpü yaradıb -
"Ədəbiyyat qəzeti" ilə Ədəbiyyat
İnstitutu arasında. Onun da böyük
rolu var. Yazıçılar Birliyinin iki katibinin burada
iştirak etməsinin bugünkü tədbir üçün
böyük əhəmiyyəti var. APU-dan hörmətli alim
Yaqub Babyevin burada iştirak etməsi Azərbaycan cəmiyyəti
səviyyəsində tədbirimizin ifadə olunduğunu
göstərir. Mən kollektivin əməyini,
özü qiymətli olan bu hadisəni, bu ədəbiyyat faktını -
bu xüsusi buraxılışı
nizamişünaslığın inkişafına AYB ilə
Ədəbiyyat İnstitutunun birgə işi, birgə xidməti
kimi dəyərləndirirəm. Sizin əməyiniz
daha çox oldu, ərsəyə gətirmisiniz, təşəkkür
edirəm, minnətdaram.
Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.6-8.