"Homo scribens", yaxud

Mirzə Fətəlinin tale yazısı  

 

"Homo scribens" latınca "yazan adam" deməkdir.

Mirzə Fətəlinin bütün yaradıcılığını bürokratik fəaliyyətini skpirtor (katib arxetipinin təcəssümü kimi nəzərdən keçirməliyik: münşi - mirzə-katib-mütərcim. Mirzə Fətəli.

Məhz skriptor fiquru bədii (dram, ədəbi tənqid, şeir, povest) xidməti-epistolyar irsini bir araya gətirir. Məktublar-şeirlər-dramlar yazan bir canişinlik məmurunun obrazını yazıçının ibrət idealları ilə, sözlə xidməti orta əsrlərin yazı nəzəriyyəsi ilə necə uzlaşdırmaq olardı? Məsxərə, istehza üsulu ilə yazılmış "Təmsilat"ı ilə dünyanı dövlət strukturlarını sakrallıqdan məhrum etmirdi? Axı, komediya yazmaq yüksək çinli məmur statusunun aşağı düşməsi deyilmi? İbrət dərslərindən, dini moizədən nəsihətçilikdən əl çəkib, "oxucuların zövqü üçün rəğbətli olan əsər-dram roman"ı "insanların əxlaqını yaxşılaşdırmaq, oxucu qulaq asanları ibrətləndirməyin" zəruriliyinə inanırdı.

Onun inamına görə, bu əlifbanı öyrənən ya "Kəmalüddövlə"ni oxuyan müsəlman toplumu, müsəlman insanı üç mərhələdən keçməlidir: saflaşma - öyrənmə - hərəkət.

Mirzə Fətəli inanırdı ki, onun yazdığı mətn sakral mətnlərdən biridir. Ona görə "Kəmalüddövlə" anti islam təsiri bağışlasa da, bu əsərini gərəkli, sakral mətnlər sırasına daxil edirdi.

"Kəmalüddövlə məktubları"nın məxfiliyin qorumaq üçün özünü gah əsərin müəllifi ilə, gah da sadəcə "üzünü köçürən şəxslə" eyniləşdirirdi. "Təsadüfi deyildir ki, əsərin müqəddiməsi "Kəmalüddövlə məktubları"nın üzünü köçürən şəxsin islam xalqlarının şəriət xadimlərindən birinə göndərdiyi məktubun üzü (1280 h.q.) adlanır. Yaxud birinci məktubun şərhində müəllif özünü "bu nüsxəni köçürən" şəxs kimi təqdim etmişdir. M.F.Axundzadə Mirzə Əbdülvahab xana məktubunda kitabın müəlliflərinin Kəmalüddövlə Cəlalüddövlə olduqlarını, özünün isə əsəri yalnız tərcümə etdiyini yazmışdır. "Kəmalüddövlə məktubları"nın müəllifinin kimliyini bilən şəxslərlə yazısında isə bəzən "həmin əsər", "məlum nüsxə" ifadələri işlətmişdir" (Şahbaz Şamiloğlu).

Bu əsərdə Mirzə Fətəli postmodernist kimi çıxış edir. Özünün ona göndərilən məktublardan parçaları əsərin strukturuna daxil edirdi. Mirzə Melkun xana yazırdı: "Hələlik Kəmalüddövlə"nin rusca tərcüməsindən bir nüsxə sizin üçün göndərirəm. Görəcəksiniz "əlavələr"də sizin öz yazılarınızdan bəzi şeylər yadigar olaraq daxil edilmişdir".

Naqis mükəmməl nüsxə obrazlılığı orta əsrlərin dini təlim-təlqin paradiqmalarına bağlı idi. "Sizdə olan nüsxə naqisdir", "Kəmalüddövlə"nin mükəmməl nüsxəsi mənim özümdədir. Əgər çap etdirmək lazım gələrsə, mütləq məndəki nüsxənin üzündən olmalıdır" (Mirzə Melkun xana 1870-ci il tarixli məktubundan)

Hər yerə məktublar yazan, yeni əlifbanın "Kəmalüddövlənin" nüsxələrini göndərən Mirzə Fətəli bir müəllif-katib kimi deyil, həvarilərini yeni dini yaymaq üçün müxtəlif məkanlara göndərən peyğəmbər statusunda görürdü.

Əlifba, "Kəmalüddövlə" onun üçün əqidə məsələsi idi. İnsanları bu əqidəyə inandırmaq üçün, bu məzhəbə gətirmək üçün müxtəlif ölkələrdə həmfikirlər axtarır, onlardan maddi, mənəvi dəstək istəyirdi.

Əlifba layihəsini kitabça şəklinə salıb inandığı şəxslərə, dövrün tanınmış ziyalılarına göndərir, hətta onları təlimatlandırırdı: "Əgər İsfahan, Şiraz Xorasan kimi şəhərlərin əhalisindən şagirdlərimiz olarsa, əlbəttə, yeni əlifbanı onlara da öyrədin kitabçadan bir nüsxəsini onlara verin ki, öz vilayətlərinə qayıtdıqdan sonra onlar da yeni əlifbanı başqalarına öyrətsinlər" (Əsgərxan bəyə məktubundan).

Mirzə Fətəlinin skriptorluğunu, yazı sevdasını bir "ayin", "epistolyar ritual ünsiyyət" adlandırmaq olar. Onun mənzum mətbutları da həmin ritual akta daxil idi.

O, əsl katib-münşi ehtirası ilə əlifba layihəsinin, "Kəmalüddövlə"nin nüsxələrini çoxaldır, inandığı güvəndiyi məsləkdaşlarına, din xadimlərinə, dostlarına göndərirdi, səbirsizliklə onlardan təqdiredici cavablar gözləyirdi. "Ola bilsin deyəcəksiniz, Mirzə Fətəli, bütün bunlar soyuq dəmiri döymək kimi bir şeydir. Bəli, mən özüm başa düşürəm. Lakin yenə yazıram qədər ki, sağam, yazmaqda davam edəcəyəm ki, əlifbanı dəyişdirmək fikri bütün xalq arasında yayılmış olsun. Məlumdur ki, on beş ilə yaxındır ki, bu fikrin toxumunu mən İranda Osmanlı torpağında səpirəm şübhəsiz ki, bu toxum bizim xələflərimizin zəmanəsində göyərəcəkdir".

Böyük mütəfəkkir, demək oalr ki, bütün məktublarının üzünü səliqə ilə toplayıb saxlayırdı, dostlarına da bunu tövsiyə edirdi. Ölümündən bir neçə ay əvvəl Mirzə Melkum xana yazırdı: "Mənim Sizə göndərdiyim məktubları əvvəldən axıra qədər xüsusi bir dəftərə köçürüb saxlayın! Bu məktublar biz öləndən sonra gələcək nəsil üçün tarixi əntiqə sənədlər olacaqdır!".

Daha sonra sözünə davam edərək yazır: "Mən bu əlifbanın yolunu kəsən islam dininin kökünü qazımasam, Tağı oğlu Əli deyiləm... "Kəmalüddövlə" əsərinin müxtəlif nüsxələri dünyanın hər yerində mənim dostlarımın və həmfikirlərimin əllərindədir. Bu yaxında dostlarım bir yerdə onu çap etdirirlər, onda görüm bu İstanbul vəzirləri öz dinlərini necə qoruya biləcəklər?.."

Göründüyü kimi, bu ömür-gün mücadiləsində emosional-ekspressiv münasibətini də gizlətmirdi: "Mən İstanbuldan qayıtdıqdan sonra əlifba məsələsi üçün təşkil olunan bir məşvərət məclisində Osmanlı nazirləri qışqırıb demişlər: "Ey vah, Mirzə Fətəli Axundzadə, Mirzə Melkum xan və firəngi şarl Mismer istəyirlər bizim dinimizi əlimizdən alsınlar, dövlətimizi dağıtsınlar. Əlifba bizim dinimizin bir hissəsidir, biz onu dəyişsək, dinimiz gedəcək, dövlətimiz zəvala uğrayacaq!" (Rəf, arxiv, N-2, sənəd N-286).

Məlumdur ki, Mirzə Fətəli yeni əlifbasını ixtira kimi təqdim edirdi və özünü "ixtiraçı" adlandırırdı: "Osmanlı dövləti öz təşəkkülünün lap ibtidasından öz məmləkətində öz xalqından heç bir ixtira eşitməmiş, heç bir ixtiraçı görməmiş və belə bir ixtira üçün heç kəsə imtiyaz verməmişdir. İlk ixtiraçı mən idim. Mən imtiyaz tələb edirdim ki, mətbəə açaraq öz yeni düzəltdiyim əlifba ilə kitab və qəzet nəşr edim. Lakin "şüurlu" Osmanlı vəzirləri öz "bilimkilərini" nümayiş etdirib, onu müzakirəyə qoydular və nəhayət, rədd etdilər".

Bu "ixtira" toplumun taleyini dəyişdirəcək fövqəl hadisə kimi qəbul edirdi. Ona görə də özünü yeni inancın banisi kimi aparırdı. "Lakin bu şəxs mənim təbiətimə zidd olan peyğəmbərlik, imamlıq yolu ilə deyil, filosofluq, alimlik yolu ilə meydana çıxaydı" - desə də, onun fəaliyyətində, mücadilə üsullarında imamlıq arxetipinin təzahürünü görürük.

Bir inanc başqa inancı inkar etməməlidir. Mirzə Fətəli inanc sözünün yerinə "əqidə" sözünü işlədir, bu yolda o məğlub olmaq, geri çəkilmək istəmirdi. Bu məsələyə israrla, dönə-dönə qayıdır, əlifbanın vacibliyini səbrlə, dönə-dönə vurğulayırdı, gərəkli dəlillər gətirirdi.

 

Mirzə Yaqubdan xahiş edirdi: "Dostluq və məhəbbət naminə bir məktub vasitəsilə mənə bildirin görüm, mənim əlifbam dövləti-əliyyeyi-İran başçılarının nəzərinə çatdırılıb, ya yox? Və əgər çatdırılıbsa, bu barədə onların rəyi və qərarı nə olmuşdur?".

Bildiyimiz kimi, arxetipik katib yazı savadından başqa, bir neçə dil və dövrün elmlərini bilməli idi. Mirzə Fətəli də türk, fars, ərəb, rus dillərini mükəmməl bilirdi. Məktublarını əsasən dörd dildə - ərəb, fars, Azərbaycan və rus dillərində yazırdı. Məsələn, Ağa Mirzə Məhəmməd Rəfi Sədrül-Ülamaya farsca, Axund Molla Ələkbərə ərəbcə, oğlu Rəşidə rusca, Əbdürrəhman ağaya Azərbaycan dilində...

Mirzə Fətəlinin yaradıcılığı fəaliyyəti üçün şifahi və yazı ənənələrinin qarşılıqlı və intensiv vəhdəti səciyyəvi idi. "Məktub" və "kitab" həqiqət dərkinin mərhələləri olur, yəni yazı aktı mənanın ilkin yetişmə mərhələsi ontoloji status qazanırdı. Mirzə Fətəli şifahi sözü yazıya almaqla mətni qnostik sinkretizmə çatdırırdı. Necə ki, "Quran" mətni müsəlmanların sitayiş yeridir, hərfin, sözün hüzurunda sitayişi idi.

"Homo scribens" - "katib" islam mədəniyyətini yaradan, onun inkişafını şərtləndirən vacib arxetiplərdən biridir. İslam dini bir düşüncə üslub strategiyası kimi məhz bu arxetipin sayəsində sakrallığını formalaşdırmışdı. Bu baxımdan ərəb qrafikasının islam mədəniyyətində düşüncənin qrafik üsulunun rolu danılmazdır. Ərəb bədii yazısı mədəniyyətdə yeganə "saf məna"sı idi, yəni simvolik-qutsal məna daşıyırdı.

Ərəb yazısının müqəddəsləşdirilməsi yazının estetik hadisəyə çevrilməsini şərtləndirmişdi. Şərqdə katiblərə xüsusi hörmət bəslənməsinin əsas səbəbi bununla bağlı idi ki, bu sənətin daşıyıcıları ilk növbədə müqəddəs "Qurani-Kərim"in mətnini köçürməklə məşğul olurdular.

Mirzə Fətəli hərfdən mənaya keçidi dərk edən mistik idi. Mirzə Fətəli bu mücadiləsi ilə sanki mövcud dini - ibrət (nəsihət) sistemini ilahi möcuzə paradiqmasını dağıtmağa çalışırdı. Ona görə Allahdan başqa, bütün sakral varlıqlar ierarxiyasını dağıdıb, onun əvəzində isə özünün avtosakrallaşmasına müraciət edirdi...

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.9.