Kəklik
Hekayə
Kitabı
əlinə alan zaman Rəşad güman etməzdi ki, onu
sonacan oxumağa hövsələsi çatacaq. Amma elə
birinci səhifədəki ad onun diqqətini ahənruba kimi
özünə çəkdi. Məhz bu ad Rəşadın
oxumaq həvəsini qıcıqlandırdı. Bu ad Kəklik
adı idi. Romanın əsas qız qəhrəmanının
adı belə idi.
Bu qəribə
və az rastlanan ad, təsadüfə bax ki, Rəşadın
üç ildən bəri iş yoldaşı kimi
tanıdığı, evlərinə gətirib anası və
kiçik bacısı ilə həvəslə tanış
elədiyi sevgilisinin adı idi. Kəklik... Şəhərdə
o inanmırdı ki, üçüncü adamın belə
bir adı olsun. Bacısı Asudə ilk dəfə bu adı
eşidəndə gülməyini güclə saxlamış,
çay gətirmək bəhanəsilə mətbəxə
az qala qaça-qaça getmişdi.
Amma
hər şey bir yana, Kəklik adının qəribə bir
aurası var idi. Adın sanki üzü var idi və adın
üzündə belə yazılmışdı:
"Yanıma gəl! Məni sev!". Bu, bir xahiş, bir dəvət deyildi, bir yalvarış heç
deyildi, bu, bir hökm idi.
Roman bir qətlin tarixçəsindən
danışırdı. Kəklik adlı bir qızın sevgilisi
Ayazın öldürülməsi və qatilin
axtarışından bəhs edilirdi. Əsl
detektiv idi. Qatil bilinmirdi ki, kimdir. Əsərin qəhrəmanları cox əcaib və
ucu-bucağı görünməyən bir labirintdə idilər.
Qatilin axtarışı oxucu beynini əməlli-başlı
məşğul etmişdi. Ən
maraqlısı o idi ki, qatilin axtarışına Kəkliyin
özü də qoşulmuşdu. Heç
kimə - nə polisə, nə istintaq işçilərinə
inanmayan Kəklik öz müstəqil istintaqını
qurmuşdu. Romanın əsas qəhrəmanı
Kəklik əsərdəki personajları bir-bir şübhə
projektorunun gur işığı altına salır, onlardan
hansınısa "təmizə" çıxarandan sonra
bu işığı o biri personaja sarı çevirirdi.
Çox maraqlı idi. Axşamlar evdə
hamıdan (hamı deyəndə ki, evdə bir anası Zəhra
xanım idi, bir də kiçik bacısı Asudə), demək
olar ki, təcrid olunub arxa otaqda (bu otağı onun iş
otağı kimi də başa düşmək olardı)
divanın üstündə uzanıq vəziyyətdə roman
oxuması anasından çox Asudəni, məktəbin 10-cu
sinfinə yenicə keçmiş bu gənc qızı
xüsusilə rahatsız edirdi.
Asudə
qardaşını o biri otağa televizora baxmağa aparmaq
üçün əlindən gələni edirdi (Rəşadsız
televizora baxmaq, müğənniləri, aparıcıları
məsxərəyə qoymaq uzun yola maşınsız
çıxmaq qədər mənasız bir iş idi), bir dəfə
hətta az qala onu əllərindən
yapışıb divandan yıxmaq da istədi.
- Rəşka,
gəl də, bir yerdə baxaq. Bilirsən kimlər
oxuyacaq? Hamısı bizimkilər... Gülməkdən
öləcəksən. Noolar... Mama, de də buna...
- Ay
qız, işin-gücün yoxdu sənin? Qoy adam
kimi kitabını oxusun. Bəsdi qır-saqqız oldun...
- Ana, apar
bunu burdan. Bax ayağa dursam, pis olacaq səninçün.
Yaxşı, yaxşı, get başımın üstündən.
Noolar, quzu bala, get sən baxmağa başla, mən də gəlirəm...
- Nooldu, sənin
bu qatilin tapılmadı? Bir həftədi bir
kitabı oxuyub axıra çatdıra bilmirsən. Ayıbdı, ayıb. - Asudə axırda sakitləşdi.
- İmkan versəydin, çoxdan qurtarmışdım. - Rəşad
mızıldandı.
- Bu qatil
bilinmədi kimdi?
- Hələ
yox. - Rəşad yenidən gözlərini kitaba dikdi.
Səhər
mətbəxdə yemək zamanı Asudə Rəşaddan
soruşdu:
- Nə
zaman qurtarassan bu kitabı? Belə
maraqlıdı?
Rəşad
çayını içə-içə:
-
Çox... İstəyirəm özüm
tapım qatili. Amma kimə ağlım gedirsə, o
çıxmır, - deyə cavab verdi.
- Alibisi
güclü olur?..
- Hə,.. elədi.
Zəhra xanım qaz plitəsinin üstündəki
qızarmış kartof tavasını elə tavadaca stolun
üstünə qoydu. Asudəyə çımxırdı:
- Ay
qız, çək əlini, yandıracaqsan...
Asudə
anasının sözlərinə fikir vermədi:
-
Axırını oxu. Onda bilərsən qatil kimdi, - deyə
Asudə qardaşına öz aləmində guya
ağıllı məsləhət verdi.
- Elə
şey olar? Onda oxuduğumun bütün ləzzəti itər
ki...
- Bəs
sən özün qatili tapsan ləzzət itməyəcək?.. Mən də o kitabı
oxumağa başlayacam. - Asudə bu sözləri böyük
bir sirr açan adam kimi dilə gətirdi.
- Gəl mərc gələk. İki günə
mən sənə deyim o qatil kimdi. Gələk mərc?..
- Yox, gəlməyək.
Bax, bunu ağlına belə gətirmə.
İndi bildim. Kitabı bu gecə
tapa bilmirdim. Sənin işin imiş... Hardan
götürürsən, quzu bala, ora da qaytar qoy. Onun yeri divanın dalındakı tumbuçkanın
üstüdü. Ana, de də buna. -
Rəşad "quzu bala" ilə "(əslində,
şıltaq bala ilə) ümidini anasına bağladı.
Aspiranturanın üçüncü kursunda oxuyan və
kimya elmi üzrə dissertasiya yazan Rəşadın
özü də belə bir həvəslə bədii əsər
oxumağına məəttəl qalmışdı. Başı
ancaq kimyəvi reaksiyalara qarışan Rəşad
axırıncı bədii əsərini orta məktəbin
sonuncu sinfində oxumuşdu. O da "Ovod" romanı
idi. Və indi də bu detektiv. Ona elə gəlirdi ki, bu iki əsərin arasında
bir gizli əlaqə var. Bəlkə var idi, bəlkə yox
idi?! Bəlkə də başqa bir bədii
əsər oxumadığından Rəşada belə gəlirdi?!
Ola bilər. Amma hər
şey gərək reallıqla ölçülsün. Reallıq isə bu idi ki, hər axşam, bəzən
gecənin bir vaxtı (bu daha çox sevgilisi Kəkliklə bir
yerdə vaxt keçirərkən olurdu) evə dönərkən
beynində kimyəvi reaksiyalardan başqa heç bir şey
olmadığı halda bu kitab onu özünə çəkirdi.
Ona "gəl bura. Məni
oxu. Məni sev" deyirdi. Kitabı əlinə alıb divana uzanan kimi
bütün yorğunluğu uçub gedirdi. Fikrində, zikrində "qatil kimdir?"
sualından başqa heç nə qalmırdı. Zəhra
xanım oğlunun yorğunluqdan az qala ayaq
üstə yatdığı bu halına baxıb ürəyi
ağrımırdımı, ağrıyırdı. Rəşad isə divana uzanan kimi heç bir tərəfə
çönüb eləmədən əllərini
başı üzərindən arxaya atıb divanın
yanındakı tumbuçkanın üstündən dünən
ora qoyduğu kitabı əlüstü tapır, lazım olan
səhifəni birbaşa açaraq oxumağına davam edirdi.
Bu zaman özü də ləzzətlə hiss edirdi ki,
canına hopmuş yorğunluq zərrə-zərrə,
yavaş-yavaş harasa yox olur. Zəhra xanım
bir adyal gətirib onun ayaqlarının üstünü
örtürdü. Asudə "eh..."
eləyib darıxmağına davam edirdi.
Bir dəfə Rəşad ağlına gələn belə
bir fikirdən hətta diksinmişdi ki, o, kitabdakı Kəkliyi
sevgilisi Kəkliklə müqayisə edir. Müqayisə
zamanı Rəşad istəyir ki, öz Kəkliyi
kitabdakı Kəkliyə oxşasın. Kitabdakı Kəklik
qətiyyətli, sədaqətli, qətlə yetirilmiş
sevgilisi yolunda əzab-əziyyətə düçar olan,
insanlarla üz-göz olan, polis işçilərinin
istehzasına, həqarətinə tuş gələn Kəkliyin
gözündə yaş, ürəyində ölməyən
məhəbbət qatil axtarışına
çıxması və bu yolda gənc qızın mətanəti,
qətiyyəti, Rəşad inanırdı ki, bütün
sıxıntılara rəğmən uğurla nəticələnəcək.
Romanda demək olar ki, bütün personajlar qatil
libasında ortaya çıxa bilmişdi. Amma sonunda
onların hər birinin yenə də, Asudə demiş,
"alibiləri" güclü çıxırdı.
Hətta öldürülmüş gəncin
atası da şübhəli qismində qəbul edilə
bilmişdi. Dostu Rəhman lap elə az
qala əsərin ortasına qədər əsas qatil roluna
çox yaxşı uyğun gəlirdi. Qonşuları
Əlvan qətl hadisəsindən bir qədər əvvəl
Kəkliyin sevgilisinin qapısını
döymüşdü. Bunu həyət
qapısının yanından keçdiyi zaman məhlənin
gözəllər gözəli məktəbli Gülzar
görmüşdü. Qapı
açılmışdı, yoxsa
açılmamışdı - bunu Gülzar deyə bilmirdi,
çünki məktəbə tələsirdi və
arxasınca hər sabah Əlvanın
oğlu Qiyas düşdüyü üçün
qızın ürəyi gup-gup vururdu, sağına, soluna baxa
bilmirdi. Təkcə Qiyasgilin qapısından
keçəndə gözucu baxıb Əlvanı pilləkənin
başında gördü. Təəccüb
elədi ki, Qiyas hələ də gözünə dəymir.
Qərəz, qətl əsl müəmmaya
dönmüşdü - açar nöqtəsi yox idi, kələfin
ucu hər dəfə sürüşüb əldən
çıxırdı. Bir dəfə
işdə Rəşad təcrübə aparırdı, nəyisə
nəyəsə qarışdırırdı, fikrini
çaş-baş saldı, əlindəki kolbanı stolun
üstünə yox, eləcə yenidən suyun altına
buraxdı. H2SO4 kolbadan aşıb-daşdı,
Rəşadın üstünə töküldü.
Qonşu otaqdan Kəklik gəldi. Rəşadın
pencəyini haradansa tapıb gətirdiyi fen ilə qurutmağa
başladı. Rəşad onun necə bir ciddi-cəhdlə
pencəklə əlləşdiyini görüb
düşündü: "Bu Kəklik də o Kəklik kimi
yeri gəlsə, cəsarət sahibi və diribaş ola bilər. Gör pencəyi necə əzişdirir,
elə bil, içində adam var. Çox
zirəkdir. Ola bilər. Yox,
o qədər də zirək deyil. Ola bilməz".
Bu cür dolaşıq fikirlər içində
Rəşad Kəkliyin ona uzatdığı yarıyaş,
yarıquru pencəyi alıb əyninə keçirdi.
Həmin
gün Kəkliyi evlərinə ötürərkən qız
ondan soruşdu:
-
Kitabı bitirdin? Kəkliyin romanını deyirəm.
- Yox,
bitirə bilməmişəm. Çox
maraqlıdı. Adam sona çatmaq istəmir.
- Az-az
oxuyursan, yoxsa yavaş-yavaş?
-
Yavaş-yavaş. Asudə deyir,
axırını oxu, biləssən qatil kimdi.
Hər ikisi gülüşdü. Rəşad maşın
sürürdü deyin, gülüşünü tez kəsdi.
- O
gün Asudə mənə zəng eləmişdi, deyirdi, o da
başlayıb kitabı oxumağa. Sizdən sonra mən də
oxuyacam, - Kəklik dedi.
- Sənə
ki hər şeyi mən danışıram, özü də
nanə-turşusu ilə, daha sənin oxumağın heç
maraqlı olmaz. Vallah, həyatda detektiv azlıq
edirmiş. Bir yandan da bu kitab...
Kəklik
onların sevimli oyununu xatırladı, gözləri
güldü:
- Bir
yandan da bu yağış...
Bu, hər ikisinin sevdiyi bir şeirin şah misrası idi. Şeir
ovqatını onların əvvəllər gizli, indi isə
aşkar görüşlərinə Kəklik gətirmişdi.
Kəklik bu görüşlər zamanı iki nəfərlik
şeir məclisi düzəldirdi. Qız
Rəşadı da bu misraların, bu şeirlərin aşiqinə
çevirmişdi. Onlar maşını
bir sakit, qaranlıq yerə çəkərək sevdikləri
şeirlərin şah misralarını sanki gecənin
qulağına pıçıldayırdılar. Misralar bir-birinə zəncir kimi
bağlanırdı. Bəzən misra
içində olduğu şeiri axıra qədər
dedirtdirirdi.
-
"Bağışla məni, bağışla...".
- "Kəpənək qanadlarına..." - Rəşad
da oyuna daxil oldu.
-
Heç kimin ağlına gəlməz bu misranın
dalınca nə gələcək. Adamı
çox şeyə bağışlaya bilərlər. Adam aldadarsan, bağışlarlar. Adama zülm edərsən bağışlarlar.
Nəhayət, hətta adam öldürərsən
bağışlarlar. Düz demirəm, Rəşad?!
Amma kəpənək qanadlarına... Kəpənək
qanadlarına hansı günaha görə
bağışlamaq olar?!
Kiçik
bir sükutdan sonra Rəşad dedi:
- Mən
də bilmirəm. Amma gözəldi...
- Gözəlliyi
də odur ki, bilmirsən. Ancaq kəpənək
qanadlarına... - Qızın gözləri qıyıldı.
- Ancaq və
ancaq!
- Nə
oldu? Gözlərini niyə yan
qaçırırsan? - Rəşad bir gözü yolda,
bir gözü Kəklikdə nigaran-nigaran soruşdu.
-
Heç, vallah, heç... "Bir axşam taksidən..."
- Kəklik bu dəfə həvəsiz halda şeir oyununa daxil
oldu. Rəşada elə gəldi ki, o,
sualdan qaçır.
-
Düşdüm sizin evin qabağında... - Rəşad
maşını sağa çəkib saxladı. Kəklik yaşayan evə
çatmışdılar.
Kəklik susurdu. Maşından düşmək,
ayrılmaq istəmirdi. Nəyi isə
xatırlamağa çalışır, amma xatırlaya
bilmirdi. Üz-gözünü
büzüşdürdü. Alnını
barmaqları ilə sıxdı. Birdən axtardığını
tapdı:
- "Yenə
bu şəhərdə üz-üzə gəldik... " - Kəklik bu misranı özü
üçün az qala qələbə marşı ahəngində
pıçıldayıb daha ləngimədi, maşından
endi, qapını çəkib bağlamadan öncə:
- Bax,
qatili bilən kimi hökmən mənə xəbər verirsən.
Ona hökmü biz hamımız, ictimai birlik olaraq kəsəcəyik,
- dedi.
"Görəsən, bu misra ilə nə demək istədi?! Yenə bu şəhərdə
üz-üzə gəldik... Nəsə, reallığa
bağlanan misraya oxşadı...".
Səhər yeməyi zamanı Rəşad yenə
bacısını danlamağa hazırlaşdı. Dünən
gecə kitab oxumaq vaxtı gəlib çatanda
uzandığı divanda əllərini həmişəki kimi
arxasına atıb kitabı tapa bilməmişdi. Kitab mətbəxdə yemək masasının
üstündən tapıldı. Asudə haqq etdiyi
danlağa qulaq asmazdan əvvəl "mən niyə
susmalıyam?", - deyə fikirləşib
qəflətən:
- Qatil Kəklikdi.
Axırıncı səhifəyə bax,
özün görəcəksən. Kimin
ağlına gələrdi? Kəklik ha?
Qatil ha?
Asudənin bu sözləri mətbəxdə bomba kimi
partladı.
Rəşad səhər yeməyini yarımçıq
qoyub evdən çıxdı. O gedən kimi Zəhra xanım Asudənin
üstünə düşdü, nə düşdü:
- Sən
bilmirsən, bunun dincliyi, rahatlığı işdən sonra
divana yıxılıb bu zəhrimar kitabı oxumaqnandı?!
O, bir daha bu kitaba əlini vurmaz. Sağ ol, vallah, çox
sağ ol. Sənin üzünü mürdəşir
yumasın görüm...
Asudə heç ağlının ucuna da gətirməzdi
ki, onun sözləri belə bir əks-səda yarada bilər. O dinməz-söyləməz
oturduğu yerdəcə quruyub qalmışdı.
Bu hadisənin üstündən bir neçə gün
keçdi. Rəşad həqiqətən anası deyən kimi
kitabı oxumağı bir tərəfə
buraxmışdı. Asudənin
yalançı orakul kimi partlatdığı xəbər onu əməlli-başlı
sarsıtmışdı. Qatilin Kəklik
olması nə qədər absurd, nə qədər
inanılmaz bir sonluq idi, ay Allah?! Rəşad
üçün az qala həyatın mənası
itmişdi. Onu, elə bil, Şimal buzlu okeandan
çıxarıb Saxaraya atmışdılar və ya əksinə.
Amma ən dəhşətlisi heç bu da
deyildi. Kəklik, onun Kəkliyi öz
görüntüsünü dəyişmişdi. Bu, bir paltar dəyişikliyi, yaxud bir saç düzəni
dəyişdirilməsi deyildi. Bu həm əvvəlki
Kəklik idi, həm də əvvəlki Kəklik deyildi.
Kəklik göz önündə dəyişirdi.
Durmadan, saatbasaat, günbəgün dəyişirdi.
O daha sərt, daha amansız, daha dözülməz olurdu. Kitabdakı Kəkliyin cizgiləri gözəgörünməz,
amma geridönməz bir şəkildə bu Kəkliyə
keçməyə başlamışdı. Rəşad
onu görmək istəyinin qəlbində yavaş-yavaş
azaldığını hiss edirdi. Kəklik, hətta
belə deyək, xaricən də dəyişirdi. Onun gülüşünü artıq həlim və
mehriban yox, daha çox iblisanə adlandırmaq olardı.
Üzündə, dodaqlarına yaxın yerdə
bir xalı vardı, o xal birdən-birə böyüməyə
başlamışdı. Və bütün bunlar bir yana, günlərin bir günü Rəşad
nə oldu, nə olmadısa, düşüncələrinə
belə bir sonluq verdi, qətiyyətlə belə
düşündü: "Qatil ki öz adının quludur,
ad hardadısa, qatil də ordadı. Qatil ölə
bilər, amma ruhu ölməz, addan ada keçər. Mən bu adamla davam edə bilməyəcəyəm".
Belə
bir nəticəyə gələndən sonra bir axşam
işdən sonra Rəşad maşınına minib Kəkliyi
gözləmədən iş yerindən uzaqlaşdı.
Maşını sürərkən beynində ancaq bu misralar
yelləncəkdəki kimi fırlandı: "Soldu nar
çiçəkləri, indi nar yetişəcək...".
Kəklik işdən çıxıb həmişə
onu gözləyən yerdə nə Rəşadı, nə də
maşını gördü. Kəklik məsələni
anındaca anladı. Dinməzcə,
başını yerə dikib yaxınlıqdakı metroya tərəf
addımladı. Gedə-gedə o tanış
və sevimli misranı xatırlayıb belə
düşündü: "Yenə bu şəhərdə
üz-üzə gəldik... Yaxşı oldu,
pis oldu - bilmirəm. Amma doğrusu da budu.
Bu adam məni öz sevgisi ilə əvvəl-axır
bezdirəcəkdi. Onunla bir addımlamaq
düzgün deyildi. Ya bu adam mənim axırıma
çıxacaqdı, ya da mən məcbur olacaqdım ki...".
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2021.- 23
oktyabr.- S.10-11.