"Dəmir yumruq" - Zəfərimizin
dastanı
Azərbaycan
tarixinə qızıl hərflərlə yazılmış
2020-ci il xalqımızın uzun illərdən
bəri qəlbində yaşatdığı arzuların
gerçəkləşməsinə rəvac verdi. General Polad
Həşimovun şəhidlik zirvəsinə ucalması
xalqın intiqam hissini alovlandırdı, cənab prezidentin
söylədiyi kimi hamı "Dəmir yumruq" altında
birləşərək Vətəni dar gündən xilas etmək
üçün qəhrəman oğullarımız
könüllü olaraq cəbhəyə yollandılar. 27 sentyabrda başlanan müharibə 9 noyabrda qələbə
ilə sona çatdı, Vətənimizin görən
gözü olan Qarabağ düşmən tapdağından
azad oldu.
Ötən ildə baş vermiş hamımıza məlum
olan hadisələr haqqında qısa xülasə verməyimiz
əbəs yerə deyildir. Bəzən internetdə,
sosial şəbəkələrdə, müxtəlif televiziya
layihələrində uşaq ədəbiyyatının
müasir durumu ilə bağlı müəyyən müzakirələrlə
rastlaşırıq. Bu zaman uşaqlar
üçün yazılmış əsərlərdə vətənpərvərlik
mövzusunun kifayət qədər təbliğ olunmaması
irad kimi göstərilirdi. Ancaq II
Qarabağ savaşında qəhrəmanlıq göstərən
igidlərin çoxu Azərbaycan müstəqillik əldə
etdikdən sonra dünyaya göz açmış
oğullarımız idi. Onların demək
olar ki, əksəriyyəti Qarabağın vəsfini ancaq
şeirlərdən, nağıllardan, əfsanələrdən
eşitmişdilər. Təbii ki bu prosesdə
fəal iştirak edən uşaq ədəbiyyatı nümunələri
yazıb-yaradan sənətkarların rolu danılmazdır.
Bütün
ömrünü uşaq ədəbiyyatının
çiçəklənməsinə, intişarına həsr
etmiş, daim bu sahədə ədəbi prosesdə fəal
iştirak edən, ölkənin ictimai-siyası həyatında
baş vermiş hər bir tarixi hadisəyə həssas
yanaşan Zahid Xəlil Qarabağ savaşı zamanı da
öz şeirləri ilə arxa cəbhədə vuruşdu, Vətən
uğrunda canını fəda edən qəhrəmanlarımızın
bədii obrazını ədəbiyyatımıza gətirdi. Şairin 2021-ci ildə işıq üzü görən
"Dəmir yumruq" kitabı elə bu hadisələrə
həsr olunmuşdur. Kitabda şəhid
generalımız Polad Həşimovdan və digər igidlərimizin
qəhrəmanlıqlarından bəhs edilir. Ali komandanımız, prezident İlham Əliyevin
müharibə ərəfəsində tez-tez istifadə etdiyi
"Dəmir yumruq" ifadəsi Azərbaycan xalqının,
türklərin birliyinin simvoludur. Müharibə
zamanı qardaş türk xalqının bizə göstərdiyi
ilgi, yardım, dəstək bir daha bütün dünyaya onu
sübut etdi ki, biz tək deyilik. Əzəldən
bəri biz bir millətik, daim düşmənə
qarşı birləşərək mübarizə
aparmalıyıq. Zahid Xəlil də bu məsələlərə
işıq tutaraq bütün türk millətini birliyə səsləyir.
Şifahi xalq ədəbiyyatı janrlarından
olan dastan ənənəsinə uyğun olaraq qələmə
alınmış bu kitabda biz milli ruh, əzmkarlıq kimi hisslərin
tərənnümünü görürük. Azərbaycanın ayrı-ayrı bölgələrinin
təsvirinin burda yer alması uşaqların həmin
coğrafi məkanlar haqqında geniş bilgi almasına şərait
yaradır. Kitabın ayrı-ayrı səhifələrində
müharibənin Ali Baş Komandan tərəfindən istənməməsini,
məhz buna görə də otuz il səbr
etməsini vurğulayan müəllif müharibənin baş
verdiyi hər bir məmləkətdə fəlakətə,
qırğına səbəb olacağını göstərir,
bu dəhşətləri Naqasaki, Xirosima faciələri ilə
müqayisə edir. Zənnimcə, bu kitab XXI əsrdə
qələmə alınmış qəhrəmanlıq
dastanı, zəfər salnaməsidir.
Ədəbi
prosesdə baş vermiş mühüm hadisə və məqamlara
diqqətlə yanaşan AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu bu dəfə də ənənəsinə
sadiq qaldı, 18 oktyabrda Zahid Xəlilin haqqında bəhs
etdiyimiz kitabının geniş miqyasda təqdimat mərasimi
keçirildi. Tədbirdə Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli, Zahid Xəlil, Rafiq
Yusifoğlu, "Uşaq ədəbiyyatı" şöbəsinin
müdiri, f.e.d. Elnarə Akimova, f.ü.f.d. Aygün
Bağırlı, f.e.d. Vüqar Əhməd, Firudin bəy
Köçərli adına Uşaq kitabxanasının
müdiri Şəhla Qəmbərova, ADPU-nun dosenti
Şöhrət Məmmədova, "Uşaq ədəbiyyatı"
şöbəsinin əməkdaşları, Zahid Xəlilin
ailə üzvləri və digər qonaqlar iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan akademik
İsa Həbibbəyli ilk öncə 18 oktyabr Müstəqilliyin
bərpası günü münasibətilə bütün tədbir
iştirakçılarını təbrik etdi. Kitabın təqdimatı
ilə bayram gününün üst-üstə düşməsini
xoş təsadüf adlandırdı. Sonra
o, Zahid Xəlilin Azərbaycan uşaq ədəbiyyatında
gördüyü misilsiz xidmətlərdən bəhs edərək
geniş məruzə ilə çıxış etdi. Bildirdi ki, Zahid Xəlil uşaq ədəbiyyatına
xas zəngin xəzinənin sahibidir. O, müstəqillik
dövrü uşaq ədəbiyyatına böyük töhfələr
bəxş etmişdir. Zahid Xəlil yaradıcılığı
uşaqlar üçün yazılmış bədii əsərlərlə
məhdudlaşmır. O, uşaq ədəbiyyatının
bir elm sahəsi kimi inkişafında da mühüm rol
oynamış, fundamental tədqiqatları, çoxillik pedaqoji
fəaliyyəti ilə bu sahənin dirçəlməsində
əmək sərf etmişdir. "Bütövlükdə
uşaq ədəbiyyatına həsr olunmuş bir ömür
yaşamışdır hörmətli Zahid Xəlil. Uşaq ədəbiyyatına həsr olunmuş
ömür isə uşaqlara həsr olunmuş ömür deməkdir.
Uşaqlara həsr olunmuş ömür isə
bütövlükdə xalqın, millətin gələcəyinin
rifahına həsr olunmuş ömür deməkdir".
Akademik bildirdi ki, Zahid Xəlil öz əsərləri
ilə ölkəmizin uşaq ədəbiyyatını
inkişaf etdirməklə onun böyük gələcəyini
inkişaf etdirməyə xidmət etmişdir. Onun Sovet
dövründə milli ideologiya, vətənpərvərlik
ruhunda yazdığı şeirlər müstəqillik
dövründə yetişmiş gənclərimiz
üçün mühüm amil olmuşdur. Onun
şeirləri dərsliklərdə yer almış,
ayrı-ayrı kitablarda, antalogiyalarda Zahid Xəlil
yaradıcılığına xüsusi önəm
verilmişdir, şeirləri dünya dillərinə tərcümə
olunmuş, ən yaxşı uşaq mahnıları məhz
Zahid Xəlililin şeirlərinə bəstələnmişdir.
Akademik İsa Həbibbəyli Zahid Xəlil
yaradıcılığı haqqında əhatəli məruzə
etdikdən sonra "Dəmir yumruq"dan söz açaraq dəmir
yumruğu ölkə başçısı Ali Baş Komandan
İlham Əliyevin ümumiləşmiş obrazı
adlandırdı. Akademik dastanın nəzəri tərəflərindən,
nəsr və nəzmin növbələşməsindən, əsərin
dastan poetikasının prinsiplərinə uyğun qələmə
alınmasından bəhs etdi, dastanı yazılı ədəbiyyatın
mükəmməl nümunəsi adlandırdı. II
Qarabağ savaşından sonra qələbəmizi tərənnüm
edən bu
kitab Azərbaycan ədəbiyyatında ilk zəfər
dastanıdır.
Uşaq ədəbiyyatı
sahəsində daim külüg çalan, bənzərsiz
şeirləri ilə uşaqların dillər əzbərinə
çevrilən professor Rafiq Yusifoğlu məsləkdaşı
Zahid Xəlilin bu əməyini yükək qiymətləndirdi,
onun zəfər dastanını Uşaq ədəbiyyatı
sahəsində misilsiz bir xidmət adlandırdı.
ADPU-nun dosenti
Şöhrət Məmmədova Zahid Xəlilin ümümi
yaradıcılığı haqqında geniş
çıxış etdi. Söhrət Məmmədova
qeyd etdi ki, Zahid Xəlil yaratdığı hər bir uşaq əsərində
mövzu dairəsinin müəyyənləşdirilməsində
dövrün tələblərini bütünlüklə nəzərə
alaraq uşaqların elmi-nəzəri biliklərə və
yetərli təhsilə malik olmasına, yüksək zövq
sahibi kimi boya-başa çatmasına və vətəndaş
duyğuları ilə tərbiyə olunmasına, onlarda
doğma vətənə, müqəddəs vətən torpağına
məhəbbət hissi aşılamağa
çalışmışdır.
O, Zahid Xəlilin
təbiət gözəlliyi haqqında yazdığı
şeirlərdən geniş şəkildə bəhs edərək
bildirdi ki, bu nümunələrdə sənətkar
sözünü uşaq dünyasına, uşaq
psixologiyasına, onların maraq dairəsinə və qavrama səviyyəsinə
uyğun bir tərzdə ifadə etmişdir.
Zahid Xəlilin
vətənpərvərlik mövzusunda yazdığı
poetik nümunələrini incələyən Şöhrət
Məmmədova onun nəsr əsərləri haqqında da
geniş bilgi verərək çıxışının
sonunda qeyd etdi ki, Zahid Xəlilin yaratdığı uşaq
obrazlarını xarakterizə edərkən belə bir qənaətə
gəlmək olar ki, onun əsərlərində təsvir edilən
qəhrəmanlar ədəbiyyatımzda yeni
görünür, mənəvi xüsusiyyətlərinə
görə seçilirlər. Onun nəsr əsərlərinin
gücü də elə obrazların xarakteri ilə
bağlıdır. Azərbaycanın uşaq nəsrinin
inkişafında öz yaradıcılıq axtarışlrı
ilə seçilən Zahid Xəlil uşaq
dünyasının, uşaqların xəyal aləminin bədii
inikasını yaratmaq üçün poeziyanın sehrli və
sirli boyalarından məharətlə istifadə etmiş,
uşaqların estetik bədii zövqünü
formalaşdırmaqdan ötrü bütün imkanlardan
ustalıqla yararlanmışdır. Bir sözlə,
Zahid Xəlil aydın bədii ifadə formalı, uşaqlarda
maraq əhatəsi yaradan müxtəlif motivli orijinal uşaq nəsri
yarada bilmişdir.
Dosent
Aygün Bağırlı çıxışında qeyd
etdi ki, "Dəmir yumruq" dastanında Zahid Xəlil dəmir
yumruğun simvolikasını açır, onun xalqımız
üçün, xalq savaşında bizi dəstəkləyənlər
üçün güc, qüvvət, əmniyyət və
birlik, düşmənlər üçün isə qorxu və
təlaş ifadə etdiyini bildirir. Bayrağımızın
vəsfi, müharibə günlərində onun bir qürur rəmzi
kimi məmləkətimizin başı üzərindən
dalğalanması, neçə-neçə toponimlərimizin,
tarix yazan qəhrəmanlarımızın xatırlanması əsəsrin
maraqlı məqamlarındandır.
Aygün Bağırlı əsərdən
çıxış edərək vurğuladı ki, hər
xalq da dastan yarada bilmir. Dastan yarada bilmək üçün
xalqın mübarizə, çətinliklərlə
mücadilə tarixi olmalıdır.
"Uşaq
ədəbiyyatı" şöbəsinin müdiri Elnarə
Akimova "Dəmir yumruq" əsəri Vətən
müharibəsinin salnaməsi kimi" adlı məruzə ilə
çıxış edərək bildirdi ki, belə bir kitabın təqdimatının
müstəqillik gününə təsadüf etməsi,
"Uşaq ədəbiyyatı" şöbəsinin bu təqdimatda
təşkilatçılığı da ayrıca qürur
doğurur. Əsas qürur doğuran fakt isə
belə bir kitabın ərsəyə gəlməsidir.
Elnarə Akimova çıxışında
iştirakçıların diqqətinə
çatdırdı ki, "Dəmir Yumruq" əsərdə
başlıca obrazdır. Bütün
bölümlərdə bu obrazı işlək, funksional
görürük. Məlumdur ki, müstəqillik
mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali
Baş Komandan İlham Əliyevin bu gün dünyanın
gözü qarşısında nümayiş etdirdiyi "məğrur
lider obrazı" onun məqsəd və mövqeyinə real-əməli
mündəricə qazandıran əsas rəmzlərdəndir.
Bu mətndə də düşmənə
amansız zərbənin simvolu kimi dəyər qazanan "Dəmir
Yumruq" Ali Baş Komandanın sərgiləmiş olduğu
siyasi iradə və güc amilininin, qələbəmizə gətirən
yolun başlanğıc nöqtəsi kimi alınır.
Bədii və publisistik üslubda qələmə
alınmış bu mətndə yalnız 2-ci deyil, 1-ci
Qarabağ savaşından da bəhs edilir, bütün faciələrimizə
ayna tutulur. 20 yanvar, Xocalı faciələri, 20 noyabr tarixində
Qarakənddə törədilən vertalyot qəzası,
Ağdamın, Şuşanın işğalı bədii təcəssümün
predmetinə çevrilir. 2016-cı ilin
Aprel döyüşlərinə geniş yer verilir. Yəni
meydanda Vahid bir tale, vahid bir tarix var. Azərbaycanın tarixi,
taleyi, başına gələnlər, yaşananlar, iç
böhranı və s. Müəllif hər işğal
tarixindən bəhs edəndə işğal edilən məkanların
tarixi-etnoqrafik təsviri, orda doğulan tanınmış
şəxsiyyətlərin tərcümeyi-halı ilə
bağlı məqamlara diqqət yetirir, onları ifadə etməyə
çalışır.
Əsərdə
hər iki dövr Qarabağ savaşında tarix yazan igidlərimizin
adına, göstərdikləri
şücaətə həssaslıqla yanaşılır.
Əlif Hacıyev, Allahverdi Bağırov, İbad Hüseynov,
Mübariz İbrahimov, Polad Həşimov, Xudayar Yusifzadə
kimi vətən qəhrəmanlarımızın igidlikləri
ayrıca bölümlərdə təqdim edilir.
Əsərin
bədii quruluşuna, nəzəri tərəflərinə
toxunan Elnarə Akimova onun dastan poetikasında
yazılmasına, nəzm və nəsr növbələşməsinə,
eləcə də yazıçının zamanlararası sərbəst
gedişlərinə, irəli-geri dönüm kimi retrospektiv
sıçrayışlar etməsinə diqqət yönəltdi,
qeyd etdi ki, əsərdə faktura tarixiliyi, problematika
çağdaşlığı nişan verir.
Elnarə Akimova məruzəsinin yekununda bildirdi ki,
ümumiyyətlə, əsər dürüst ideoloji
mövqedən təqdim olunur ki, belə mövzuda bəhs edən
kitablar üçün bu çox vacib amildir. Türkiyə
ilə Azərbaycanın qardaşlığı, prezidentin
meydana qoyduğu siyasi iradə və s. "Dəmir
Yumruq" dastan poeması düşüncədə, ovqatda
millət kimi qürurlu olmağın ifadəsini verən və
belə bir ovqatla da hasilə gələn bir əsərdir.
Mətbuat
və publisistika şöbəsinin müdiri, professor Vüqar
Əhməd öz çıxışında Zahid Xəlilin
ali məktəb müəllimlərindən
biri olduğunu bildirdi, onun bir şəxsiyyət kimi müsbət
keyfiyyətlərindən bəhs etdi. Onun
yaradıcılığının uşaq ədəbiyyatının
həm nəsr, həm də nəzm, həm də elmi sahədə
mühüm əhəmiyyətə malik olduğunu
vurğulayaraq, Zahid Xəlili "canlı klassik"
adlandırdı.
İlhamə Ağazadənin məruzəsi "Dəmir
yumruq" dastanında folklor motivlərinin
araşdırılması ilə bağlı olduğundan o,
çıxışının əvvəlində folklordan,
milli folklor və uşaq ədəbiyyatının
bağlılığından bəhs etdi, gənc nəslin mənəvi
inkişafında qəhrəmanlıq dastanlarının
böyük əhəmiyyət kəsb etməsini bildirdi.
Sonra
"Dəmir yumruq" kitabında rast gəldiyimiz folklor
motivlərinə geniş şəkildə şərh verdi: "Dəmir yumruq" dastanı
şifahi ədəbiyyatda olduğu kimi, yəni dastan ənələrinə
uyğun olaraq, şeirlə nəsrin növbələşməsi,
birləşməsinin bütöv süjetə xidməti ilə
diqqət çəkir. Dastanın ümumi məzmunu nəsrlə,
qəhrəmanların düşüncələri, hiss və
duyğuları, kədər və sevincləri, daha emosional təsir
gücünə malik olan şeirlə verilir. Dastana girişlə
başlamış şair, xalq
yaradıcılığında aşıqların
"dastanın yurdu" adlandırdığı hissəni,
yəni əsas hissəni 21 müstəqil bölmə və
yarımbölmələr şəklində təqdim edir. Sonluqda Qoca şairin xalqın həyatı ilə
bağlı ümidləri yer alır. Hər
bölmə ayrılıqda müstəqil, bitkin
parçadır, həm də bölmələr arasında
ümumi süjet xəttinə uyğunluq, ahəngdarlıq,
daxili əlaqə vardır.
Dastanda rast gəldiyimiz rəqəmlərin rəmzi mənasının
açıqlamasına toxunan İlhamə Ağazadə
bildirdi ki, mifik düşüncəyə görə
nağıl və dastanlarda bəzi saylar, simvolik xarakter
daşıyır, müqəddəsləşdirilir. Şair
müharibənin 44 gün, 44 gecə sürəməsini təsadüfü
hal hesab etmir, tarixi köklərə istinadən
oxşarlıq yaratmağa çalışır, bu rəqəmi
müqəddəs, uğurlu hesab edir. Dastanın
21 bölmədə təqdimi də bu baxımdan maraqlı
görünür.
Düşmənə qarşı birliyimizin simvolu olan
"Dəmir yumruq"da xalqın ümumi mübarizəsi,
qazanılmış qələbə, bu qələbədə
payı olan hər kəs böyük qürur hissi, sevgi ilə
dastana dönür. Ali Baş Komandan başda olamaqla, dastanda
adı keçən qəhrəmanların hər biri, hətta
13-14 yaşlılar belə fərdi məziyyətləri ilə
yadda qalır. El müdrikliyindən güc alan dastanın 21 "boy"undan "Dəmir
yumruğ"un ətrafına toplaşmış qalib xalq
obrazı aydın görünür.
Firudun bəy
Köçərli adına Uşaq
kitabxanasının rəhbəri Şəhla Qəmbərova
öz çıxışında bu tədbirin təşkilatçılığı
üçün Ədəbiyyat İnstitutuna, "Uşaq ədəbiyyatı"
şöbəsinə təşəkkürünü
bildirdi, 18 oktyabr Müstəqillik günü münasibətilə
hamını təbrik etdi. Zahid Xəlilin "Dəmir
yumruq" kitabının müharibə dövründə ərsəyə
gəlməsini yüksək qiymətləndirdi.
Zahid Xəlilin qardaşı Tofiq Xəlil, uşaqlar
üçün bir-birindən maraqlı şeirlərlə
çıxış edən İbrahim Yusifoğlu Zahid Xəlili
təbrik edib, yaradıcılığında uğurlar
arzuladılar.
Tədbirin
sonunda Zahid Xəlilə akademik İsa Həbibbəylinin
Ədəbiyyat İnstitutundakı fəaliyyətini yüksək
qiymətləndirdi, onun bir alim və dost kimi yüksək məziyyətlərindən
bəhs etdi, akademiki bir ədəbiyyat hamisi adlandırdı. Kitabın ərsəyə gəlməsində
çıxış edən hər kəsə öz təşəkkürünü
bildirdi. Ali Baş Komandanın və qəhrəman,
vətənpərvər oğullarımızın birliyi,
gücü sayəsində baş tutmuş qələbəmizin
tərənnümünə həsr olunmuş bu kitabın belə
geniş müstəvidə təqdimatının keçirilməsinə
görə akademik İsa Həbibbəyliyə, "Uşaq ədəbiyyatı"
şöbəsinin müdiri Elnarə Akimovaya təşəkkürünü
bildirdi.
Tədbirin
sonunda akademik İsa Həbibbəyli "Uşaq ədəbiyyatı"
şöbəsinin rəhbəri, filologiya elmləri doktoru
Elnarə Akimova başda olmaqla əməkdaşlarının
fəaliyyətini yüksək qiymətləndirdi və
bildirdi ki, şöbənin qısa müddətdə ərsəyə
gətirdiyi kitablar, elmi məqalələr, təşkil etdiyi
tədbirlər uşaq ədəbiyyatının elmi istiqamətdə
inkişafına təkan verir, ölkənin bir çox
uşaq nəşriyyatları bu şöbə ilə əməkdaşlıq
edir, burdakı alimlərin rəyini alır, onların fikri ilə
hesablaşırlar. Akademik qeyd etdi ki, bu gün
Ədəbiyyat İnstitutu ölkənin uşaq ədəbiyyatının
inkişafına öz töhfəsini vermiş olur,
sanballı elmi sözünü deyir. Uşaq
ədəbiyyatının təhlilini "Uşaq ədəbiyyatı"
şöbəsindən kənarda düşünmək
mümkün deyil. "Uşaq ədəbiyyatı"
şöbəsi ölkə üzrə uşaq ədəbiyyatının
koordinasiya mərkəzinə çevrilmişdir. Bu da Elnarə Akimovanın yüksək faəliyyətinin
bəhrəsidir.
Zahid Xəlilin
"Dəmir yumruq" kitabının təqdimatı
yalnız bu kitabın tədqimatı ilə yadda qalmadı,
uşaq ədəbiyyatının ümumi durumunu göz
önünüdə sərgiləyən əhəmiyyətli
tədbirə çevrildi, Zahid Xəlilin
yaradıcılığı çoxşaxəli və zəngin
olduğundan uşaq ədəbiyyatının istənilən
sahəsindən bəhs etmsinə rəvac verdi.
Eyni zamanda 18 oktyabr Müstəqillik gününün
bərpası günü keçirilən bu tədbir Zəfər
gününün təmtərağını özündə
ifadə etdi, qələbəmizin möhtəşəm
bayramını layiq olduğu səviyyədə qeyd etməyə
imkan yaratdı.
Gülnar QƏMBƏROVA
filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.12-13.