Şeyx Nizami Gəncəvi
Variasiyalar
- Tanrının bəşəriyyətə
bəxş etdiyi ən parlaq simalardan birincisi, dahilər dahisi, böyük mütəfəkkir
və bəşəriyyəti
heyrətdə qoyan ilham və istedad
sahibi Nizamidir.
Şeirdən ucalıq umma dünyada
Çünki Nizamilə qurtardı o da.
- Böyük ingils filosofu dahi Uilyam
Şekspirin müasiri
Frensis Bekon bədii ədəbiyyat sahəsində dahilərin
dahisi olan beş şairin
adını qızıl
hərflərlə yazır.
Homer, Firdovsi, Nizami, Nəvai və Şekspir!
Bunların ikisi türk bədii təfəkkürünün
dahisidir - Nizami və Nəvai!
- Nizami Gəncəvinin yaradıcılığı əvvəlcə
ümumtürk, sonra ümumbəşəri və
daha sonra ümumdünya hadisəsi
- bəşər bədii
mədəniyyətinin möhtəşəm
hadisəsidir.
Bu, dahi Türk sivilizasiyasının yekunu,
fikri renessansın əzəmət tacı idi. XI əsrdə: Möhtəşəm
türk eposu "Kitabi-Dədə Qorqud"
yazıya alındı,
Mahmud Kaşqarlı "Divani-lüğət-it Türk"
ensiklopediyasını, Yusif
Balasaqunlu "Qutadqu bilik" əsərini yazdı. Bunlar türk intibahını
hazırladı. Bunların da
zəminində duran qaynaqlar - bədii-fəlsəfi
hadisələr var idi. İslam dininin meydana gəlməsi (VII əsr) müqəddəs kitabımız
dördüncü və
sonuncu səma kitabı "Quran"a yazılan şərhlər
- "Quran" elmi, Xəlil
ibn Əhmədin yaratdığı
"Əruz" nəzəriyyəsi
(VIII əsr) 500 ildən
artıq sürən
(750-1258) Abbasilər futuhatının
yaranması və nəhayət, ən başlıcası türkün
yazılı tarixi -
"Orxon-Yenisey" kitabələri
(VIII əsr).
Nizami (XII əsr),
Nəsimi (XIV-XV əsr)
və dahi Füzuli (XVI əsr) bu təməllər üzərində yaranıb
yüksəlmişdir.
- Nizaminin yaratdığı
"Xəmsə" Tanrıdan
sonra İnsana ucaldılan bəşəri
abidə idi.
"Xəmsə" fars
dilini görünməmiş
səviyyədə əks
etdirən, fars dilinə ucaldılan, onun Şərqdə və bütün dünyada nüfuzunu əbədiləşdirən fikir
xəzinəsi - bədii-fəlsəfi
abidədir.
- Nizami "Təbiətin tacı", "yaranmışların
əşrəfi" adlandırdığı
İnsanı bütün
parametlərdə, hər
cür həyati və xəyali vəziyyətlərdə təsvir
edir: şah, şahzadə, aşiq, sənətkar, qarı, kərpickəsən, əkinçi,
çoban, məşuqə,
vəzir.
Fəqət bunların hamısını
birləşdirən bir
ali məqam
və məqsəd var: İnsanın şərəfini, əzəmətini,
mənəviyyatını, şəxsiyyətini, ləyaqətini
- insanın insanlığını
qorumaq - adamı insaniləşdirmək!
Avropa intibahının mütəfəkkiri,
dahilər dahisinin
"beşincisi" U.Şekspir
yazıb: "İnsan!
Sən öz varlığındakı bütün
sirləri açmayınca
mənim əlimdən
qurtara bilməyəcəksən!". Fəqət, nə Şekspir, nə ondan əvvəlkilər,
nə də sonra gələnlər İnsan sirlərinə açar sala bilmədilər...
"Xəmsə" bədii-fəlsəfi traktat,
irfan abidəsidir, orada insana aid hər şey var. Nizami xəyal və arzuları real həyat faktı kimi işləyir.
İnsanda insanlıq öləndən
bəri
İtmiş insanlığın parlaq
gövhəri
İnsanlıq nəşqini oxusan
bir-bir
Bilərsən bu günü insanlıq nədir
Gözlərin bəbəyi neçin qaradır?
İnsanlıq ölmüşdür, matəm
saxlayır.
İnsanda insanlığı tapıb
ona hökmfərma olmaq budur. Nizaminin bədii-fəlsəfi
idealı.
- "Sirlər xəzinəsi"
bəşəriyyət üçün
dünyanın sirrini
- sehrini bəyan edən, konseptual bədii-fəlsəfi traktatdır.
- "Xosrov və
Şirin" məhəbbətin
ölməzliyini əks
etdirən, türk qadınının misilsiz
gözəlliyini təsvir
edən, qürur və mənliyinin ucalığını göstərən
möhtəşəm bir
poetik dastandır. İnsana
məxsus ən ali keyfiyyət
- sevmək, eşq, məhəbbət bu əsərdə, xüsusən,
Nizaminin ideal kimi işlədiyi intibah qəhrəmanları - Fərhad
və Şirin obrazlarında əbədiləşib.
Buraya insanlığın
tanıdığı iki
böyük qüdrət
- Hakimiyyət və Sərvət Məhəbbətə
qalib gələ bilmir: Şah və Aşiq üz-üzə gəlir:
Xosrov əvvəl sordu: - "Hardansan cavan?".
Fərhad
cavab Verdi: - "Dost diyarından".
Dedi: -
"O diyarda hanki sənət var?".
Dedi: -
"Qəmi alıb canı satırlar".
Dedi: -
"Canı satmaq heç ədəb deyil".
Dedi: -
"Aşiqlərdə bu
əcəb deyil".
Dedi: -
"Ürəkdənmi çəkdiyin
bu qəm".
Dedi: -
"Ürək nədir
candan aşiqəm".
Dedi: -
"Əzizdirmi eşqi
Şirinin?".
Dedi: -
"Onu candan bilirəm şirin".
Beləliklə, Şah Aşiqə məğlub olur. Fərhad həm
fiziki, həm də mənəvi gözəlliyinə, sənətkar
qüdrətinə görə
ən böyük İntibah qəhrəmanıdır.
- "Leyli və
Məcnun" dünya
ədəbiyyatında Eşq
haqqında yazılmış,
Eşqin ülviyyətini
- gözəlliyini, əzəmətini,
ilahi vergisi olduğunu tərənnüm
və təsdiq edən məhəbbət
dastanıdır.
Eşqdir
mehrabı uca göylərin
Eşqsiz ey dünya, nədir dəyərin?
İdrakı dindirib soruşsan
o da
Eşq üstündə
durur hər şey dünyada.
Nizami dühası
sadə bir ərəb əfsanəsinə
əsaslanıb, dahiyanə
Eşq dastanı yaradıb.
- "Yeddi gözəl"
dastanında artıq dahi Nizami yer
həqiqətlərindən tədricən uzaqlaşıb
səma həqiqətlərinə,
kainatın taleyi ilə bağlı ilahi-mistik aləmə üz tutur.
Burada Eşq idrakı üstələyir. Mistik yaşantı,
fəhm ön plana keçir. Eşq və idrak əl-ələ
verib fəhmə yardımçı olur.
Rəqəm və rəng
mistikası dünyanın
- kainatın mahiyyətini
izah etmək üçün vasitəyə
çevrilir. Türk-islam xalqlarının
əski tarixi və taleyini izah edən 7 rəqəmi, dünyanın
simasını təyin
edən 7 rəngin astroloji mənası bədii-fəlsəfi ümumiləşmənin
predmetinə çevrilir.
Ağıl, ədalət, ləyaqət
və əlbəttə,
mistik məhəbbət
insanın mənəvi
dəyərini müəyyənləşdirən
ölçülər kimi
yüksək səviyyədə
tərənnüm olunur.
- Nizaminin sonuncu - "Xəmsə"nin beşinci əsəri
"İskəndərnamə"dir.
("Şərəfnamə" və "İqbalnamə").
Şair fateh İskəndəri Şərq-türk tarixi və mənəviyyatı
qarşısında heyrətdə
qoymaq, Şərq təfəkkürünün qüdrəti
ilə ibrət dərsi vermək, ümumən mənəm-mənəm
deyən Avropanın miskinliyini, Şərqin üstünlüyünü göstərmək
üçün bu əsəri yazıb. İskəndər
Şərqdə - Azərbaycanda
"Avesta"nı görüb heyrətdə
qaldıqdan sonra vətəninə dönüb,
belə bir fərman verir:
Əmr etdi verilsin belə
bir fərman
"Alimdir gözümdə
ən böyük insan.
Elmlə,
biliklə başqa cür heç kəs
Heç
kəsə üstünlük
eyləyə bilməz
Rütbələr içində seçilir
biri
Hamıdan uzaqdır alimin yeri".
Əlbəttə, bu da utopik
cəmiyyət idealı
kimi dahi Nizaminin bəşəri arzusu idi.
İdrakın qüdrəti elmin siqlətindən asılıdır. Eşq və idrak İnsana
məxsus ən ali məziyyətlər,
insanlığın iki
böyük kəşfidir.
İdrak
insanı yerlə, Eşq səma ilə, göylərlə
mistik aləmlə bağlayır.
Əsrlər keçəcək - XVI əsrdə
Nizaminin ləyaqətli
xələfi, varisi dahi Mövlanə Məhəmməd Füzuli
gəncliyində deyəcək.
Əql yar olsaydı, tərki-eşq
yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Eşqdə yanıb bitdikdən
sonra isə görəcək və deyəcək ki:
Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul
Əql tədbiridir
ol, sanma ki, bir bünyadı
var.
İlahi məhəbbət dastanı
"Leyli və Məcnun"da əqli sevgilisini yarı yolda qoyub qaçan
fərariyə bənzədən
sufii-təsəvvüf mütəfəkkiri
Füzuli nəhayət
həqiqətə gəlib
çıxır. Eşq ən
böyük (və ən gözəl!) əql tədbiridir, böyük məhəbbətlə
sevmək üçün
qəlblə bərabər,
həm də insanın böyük ağılı olmalıdır.
Allah ustadımız, akademik
Məmməd Cəfərə
rəhmət eləsin,
o mürşüd belə
yazıb qoyub: "Füzuli sevir - Füzuli düşünür
deməkdir". Elə
buna görə də Füzuli deyirdi: "Şeir fəziləti də ayrı bir elmdir
və kamal növlərindən mötəbər
bir növdür" çünki:
Şeir
bir məşuqdur, hüsni-ibarət zivəri
Canü dildən nazənin məhbublar aşiqləri.
Bizim "Orta
əsrlər" mənəvi
mədəniyyətinin parlaq
tarixi Şeyx Nizamidən başlanır
Mövlanə Füzulidə
tamamlanır. Biz bu
unikal mədəniyyətə
sahib çıxmalı, onu
yeni təfəkkürlə
öyrənməli, dərk
etməli, kənar təsirlərdən qorumalıyıq.
Nizaməddin ŞƏMSİZADƏ
Ədəbiyyat qəzeti.- 2021.-
23 oktyabr.- S.15.