Quyu
Hekayə
- Mama,
mama! Miri hanı?
Anası quyudan su çəkirdi, ipi saxlayıb bağa
göz gəzdirdi. Miri bağın bu tərəfində yox
idi. Bağın ortasında bitmiş iri, amma
qısır qaysı ağacı ilə yenə də iri amma
bar verən ağ tut bağın o biri tərəfini
gizlətmişdi. Anası yenə ipi çəkməyə
başladı, dodaqucu dedi:
-
Bağın o biri tərəfinə bax, meynələrin
arasına. Şəhər
uşağıdı, birdən bilməz, qoraları yeyər,
qoyma yesin, sonra qarnı ağrıyar.
Bağın o tərəfinə baxmışdı. Miri meynələrin
arasında yox idi. Tualetdə, evdə də
yox idi. Miri bağda yox idi. Tələsik alaqapıya qaçdı, bayıra
çıxıb balaca meydançanı keçdi. Əvvəlcə qonşuları Xeybərin
hasarının dibi ilə Maştağaya gedən yola
baxdı, axıracan bomboş idi. Sonra Zina
xalanın çəpərinin yanı ilə stansiyaya gedən
yola baxdı, ora da boş idi. Həyətə
qayıtmalı oldu.
- Adə,
sənə demədim meynələrin arasına bax,
küçəyə nöş çıxırsan?
- Gedirəm,
mama, indi ora baxacam.
-
Əncirin yanına da bax, birdən bilməz altında yatar, -
sonra anası özü çönüb Rimagilin
hasarının böyründə bitən sıx əncirliyə
baxdı, - Yox, get meynələrin arasına bax.
Qımdan təmizlənmiş narın qumluğu
qaça-qaça keçib qısır qaysı
ağacının altına gəldi, anası görməyən
yerdə kölgədə oturdu. Miri bağdan
qaçmışdı. Bütün
günü Mirini incitmişdi, axırda da Miri bezib bağdan
qaçmışdı. İndi bəs nə
olacaq?
Oturub bir-bir yadına saldı. Səhər bir qucaq
qımı yığıb yatan yerdə Mirinin üstünə
töküb yuxudan oyatmışdı. Bax,
sən tənbəlsən, yatmısan, amma mən səhərdən
durub bağı qımdan təmizləmişəm. Miri də acığa düşüb yarıyuxulu
getmişdi qım təmizləməyə. Ay, hay! Şəhər uşağı nə bilsin ki,
qımı sübh tezdən şeh düşəndə təmizləmək
lazımdır. Onda qum
yumşalır, qımı dartırsan, özü
çıxır. Günün başqa vaxtı
qımı tutub dartsan, kökü qırılıb qumda
qalacaq, özü də əlini kəsəcək. Miri də əllərini kəsib
qayıtmışdı. Günortaya kimi
danışmadılar. Sonra necəsə
oldu barışdılar. Barışandan
yarım saat keçməmiş bir ovuc dozanqurdunu
yığıb Mirinin köynəyinin yaxasından içəri
tulladı. Miri də
qışqıra-qışqıra köynəyini çıxarıb
qaçmağa başladı. Bağa gəlmisən,
köynəkdə nöş gəzirsən? Şəhərdi bura? Çıxart
lüt gəz də. Əcəb oldu! Axırda
da bu çimmək söhbəti. Necə
oldu açıldı, heç özü də bilmədi.
Günah Miridə idi. Niyə axı desin
ki, özü çimmir, bibiləri çimizdirir onu? Xeyli lağa qoydu Mirini. "Səni
bibilərin çimizdirir? Hahahaha... Mən
səndən balacayam, amma özüm çimirəm!"
Miri bundan sonra heç nə demədi,
qaçıb qısır qaysının arxasına, meynələr
olan tərəfə getdi. O da qonşunun bağına,
xartut yeməyə. Qonşunun bağından
qayıdanda Miri yoxa çıxmışdı. Yüz faiz qaçmışdı.
Birdən onu elə bil cərəyan vurdu. Miri stansiyaya qaçıb! Elektriçkaya minib şəhərə gedəcək.
O da əgər düz stansiyada düşsə. Birdən səhv stansiyada düşdü? Onda nə olacaq? Onda Miri azacaq axı! Miri yolda itsə, nə olacaq? Mirini
incitməsəydi, Miri də qaçmazdı, sonra da itməzdi.
Ağlı tez işlədi. Yadına düşdü ki, xartut yeməyə gedəndən
hələ elektriçka keçməyib.
Dəmiryolu bağın o biri tərəfindən,
çəpərin düz yanından keçirdi. Hər dəfə
elektriçka keçəndə xəbəri olurdu. Tez-tez çəpərin yanına qaçıb pəncərədən
boylanan adamlara baxırdı. Şəhərdən
dənizə gedənlər, dənizdən şəhərə
qayıdanlar basabas vaqonlarda sıxışıb
qalırdı. Yazıqların istidən
ürəkləri partlayırdı. Bəxti
gətirənlər şüşəsi sınmış pəncərələrin
yanına düşürdü, arabir başlarını,
qollarını bayıra çıxarıb sərinləyirdi.
Alaqapıya baxdı. Yox, oradan
çıxıb Mirinin dalınca stansiyaya gedə bilməzdi.
Anası hələ quyunun yanında idi, indi də
dəmir vannada çirkli paltarları isladırdı. Küçəyə çıxanda anası onu
görəcək, yenə üstünə
qışqıracaq. Gərək
bağın o biri tərəfindən çəpərin
üstündən atlayıb dəmiryolu boyunca stansiyaya
qaçsın. Elektriçka gələnəcən
Mirini tapmasa, hər şey bitdi. Tez
ayağa qalxıb meynələrin arası ilə çəpərə
tərəf qaçmağa başladı. Çəpərə
çatmağa az qalanda ayağı iri qum
təpəsinə ilişdi, çox pis yıxıldı. Bu qum təpəsi haradan? Burada əvvəl belə
şey yox idi axı! Birdən Mirini
gördü.
İri, sıx yarpaqlı meynənin arxasında dərin
çalanın içində Miri oturmuşdu, göyə
baxırdı.
Necə qazmışdısa, içində
oturanda başı bayıra çıxmırdı. Hələ Miri guya hündür oğlan idi. Yıxılanda Miri də onu gördü, tez
ayağa qalxdı, qurşağına qədər yerin
içində idi.
- Noldu?
-
Heç... Yıxıldım... Sən orda
neynirsən?
- Gizlənmişəm.
- Gizlənmisən?
Gizlənpaç oynamırıq axı... ayyyy...
-
Oynamırıq, oynamırıq da... Pis əzildin?
- Sənə
dəxli yoxdu! Otur öz quyunda!
Miri yenə çalanın içində itdi. Onu maraq
bürüyürdü. Miri niyə gizlənib?
Bağda kimsə var? Çalanın
düz yanına gəldi. Miri yenə də
göyə baxırdı.
- Niyə
gizlənmisən?
- Gizlənmişəm
də.
- Olar mən
də düşüm?
- Yox.
- Nooolar?
- Dedim
yox.
Miriyə bir də baxdı. Miri gözünə nəsə
başqa cür dəyirdi. Gözləri
yekə adamların gözlərinə oxşayırdı.
Birdən fikir verdi ki, sən demə Mirinin
dodaqlarının üstündə, yanaqlarında tək-tük
qalın tüklər çıxırmış. Əvvəl heç görməmişdi. Bir az çəkinən kimi oldu. Özünü
yığışdırdı. Amma
marağı da getmirdi.
- Kimdən
gizlənmisən?
- Səndən,
mamandan, papandan...
- Papa
axı bağda yoxdu.
- Nolsun
yoxdu. Hamıdan gizlənmişəm. Elə bil mən yoxam.
- Necə
yoxsan?
- Yoxam da.
- Axı
varsan.
- Əslində, yoxam.
Mirinin nə dediyini heç başa düşmədi. Başqa dildə
danışırdı elə bil. Bu vaxt
uzaqdan yaxınlaşan elektriçkanın səsi gəldi.
-
Elektriçka gəlir, tez ol, dur baxaq!
-
Baxmıram.
- Niyə?
-
Elektriçkadan da gizlənmişəm.
Elektriçka taraq-taraq səslə bağın
yanından ötüb keçdi. Heç onun da durub
baxmağa həvəsi olmadı. Əvəzində
çalaya bir də diqqətlə göz atdı. Çox yekə idi. İki adam
rahat oturardı. Miriyə heç nə demədən
düşüb yanında oturdu.
- Bunu nəynən
qazmısan?
- Əlnən.
- Yalan
deyirsən!
- Əlnən
qazmışam - Miri çox sakit dedi.
Nə üçünsə Miriyə ürəkdən
inandı. Elə bil Miri dəyişmişdi, səhər
qım yığmağa gedən Miri deyildi. Sataşmaq
bir yana, ona nəsə deməyə də
qorxurdu. Bir az belə oturdular. Birdən çalanın içinə dozanqurdu
düşdü. Dozanqurdunu görəndə
qorxdu. Günorta olan söhbəti
xatırladı. Elə bildi Miri indi
dozanqurdunu əzəcək. Ürəyi əsməyə
başladı. Amma Miri dozanqurdunu
görüb heç nə eləmədi, təzədən
başını qaldırıb sakitcə göyə
baxdı. Göydəki bulud
elektriçkaya oxşayırdı. Bir az
uzunsov idi, başı da elektriçkanın başı kimi
girdə. Elektriçka necə vaqonlara
bölünürdüsə, elə də bu bulud kəsik-kəsik
idi. İstədi bunu Miriyə desin, amma ürək eləmədi.
Miri də həmin buluda baxırdı. Yəqin o da elektriçkaya oxşadıb. Birdən
Miri sakitcə dedi:
- Bilirsən,
adam yetim olanda elə bil heç kimə
lazım olmur. Artıq olursan dünyada.
Miri çox qəribə şeylər deyirdi, heç
başa düşmürdü onu.
- Necə
yəni yetim, Miri?
- Yetim də,
adi yetim. Yetim başqa necə olur?
- Sənin
papan var axı, qoy müharibə qurtarsın, qayıdıb səni
aparacaq.
- Nə
bilirsən qayıdacaq?
-
Qayıdacaq da. Yayın axırında. O
gün mama dedi.
- Yox,
qayıtmayacaq.
- Sən
hardan bilirsən qayıtmayacaq?
- Mən
bilirəm. Qayıtmayacaq.
Bilmədi Miriyə nə cavab versin. Birdən Miri əli ilə
buludu göstərib dedi:
- Bax, o
buludu görürsən? Necə elektriçkaya
oxşuyur? Vaqonları da var...
- Elə
bildim bağdan qaçmısan mənə görə. Şəhərə getmək istəyirsən.
Lap qorxdum. Dedim birdən yolda itərsən.
Dalınca stansiyaya qaçırdım səni
tapım qaytarım. Quma ilişdim pis
yıxıldım. Sən də deyirsən
heç kimə lazım deyiləm. Lazım
olmasaydın, dalınca o cür qaçardım?
Miri deyəsən çalanın içində birinci dəfə
güldü.
Atası axşam bağa gələndə möhkəm əsəbiləşmişdi. Talvarın altına
çatanda qışqırdı:
- Adə,
o quyunu nöş qazmısan?!
- O
qazmayıb, mən qazmışam, dayı! - Miri tez dedi.
Atası bir oğluna baxdı, bir də Miriyə. Deyəsən
Miriyə inanmadı.
- Otur
aşağı, sən şəhər uşağısan, sən
quyu qaza bilirsən? - sonra yenə oğluna
tərəf çönüb qışqırdı, - ay əclaf,
meynənin dibini nöş qazırsan? Üzümünü sən
yeyəcəksən axı!
Sonra da oğluna bir yağlı şapalaq ilişdirdi.
Noyabr 2014
Əli Novruzov
Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.19.