Saat və mən
Bu mənim vaxt ölçüm,
bu mənim saatım,
"İkiayaqlı zaman
atım".
Gecə
saat on ikini ötür,
Yer vaxtı ilə,
ömür vaxtı
ilə gələcəyə,
sabaha keçirəm...
Bir gün də yaşlanıram,
Sabah başlayır,
Saat altını keçir,
Gün ömürdən gedir, gedir,
Əqrəblər öz işində...
Ömür səssiz saata qoşulub,
Etinasız, vecsizcə
Lap yanımdan keçib,
gedir.
İndi
saat doqquza qalır...
Tanrı
saatıyla,
Ölümə neçə dəqiqə
işləyir,
Ömrün tamamına nə qalır?
Saatlar göstərmir,
Tanrıdan başqa
ömür, tale saatını
Kim bilir?
Van Qoqun
"Köhnə
ayaqqabılar"ı
Van Qoqun muzeyində
"Köhnə
ayaqqabılar" əsəri
önündə sehrlənmişdim...
Adamsız, ayaqsız
bir cüt ayaqqabı
yuxumda yol gedir,
durmadan, dayanmadan,
gecə-gündüz,
elə-belə,
ünvansız, filansız...
Ayaqqabıların sərgərdan həyatı
Yuxularımı ərşə çəkir...
Göydə durna izini,
sübhün azan səsini,
ulduzların ən gözəlini
bələdci bilib,
yol gedər, hey...
Nə əlim yetər,
nə ünüm çatar,
ayaqsız ayaqqabılara...
Bəlkə də tək-tənhalıqdan
darıxıb, yol başlayıb,
ruhuna doğma olanları axtarmağa...
Ya da uzaqdan gələn
sahibsiz gülüşlərin,
qanadlı sevgilərin,
ayaqqabıtək köhnələn
qəm-qüssənin
sahibini axtarmağa
yol alıb,
sərgərdan ayaqqabılar.
Bu ayaqqabılar
eşq arayan nakam dərvişinmi, yoxsa?
Özü səhrada qeyb olub,
Ayaqqabısı həqiqət yolçusu
olub,
yol gedir,
tak-tak...
Nə sahibi tapılacaq,
Nə ayaqqabılar dayanacaq,
bir tale dastanı yazılacaq,
oxunacaq,
bu ayaqqabılardan...
Dünyanın dərdi-səri
Toz-torpağı, yağışı,
çovğunu, qarı,
kədərin ən dərini
əzablı ömrün
nimdaş nəğmələri,
ehtiyacların çəkisi,
"yox"lardan yaranan yükün ağırlığı,
boş cibin,
övlad yanında
xəcalətlərin,
üzdən ayaqqabıya
düşən rəsmi
aydınca oxunur,
bu ayaqqabıların
üz-gözündən...
Sahibinin
saçının tütünü,
içinin öskürəklərdə
boğulan
körün-körün kədər
tüstüsü,
dostların xəyanəti,
sevginin uğursuzluğu,
göz yaşının
duzunun
ayaqqabı üzündə
cadar-cadar gileyi,
fələyin qarğışı,
bir kişinin alın yazısı,
nələr, nələr...
sirli əlifba ilə
oxunur ayaqqabılardan...
Sonuncu kərə mərd adamın
ürəyinə sıxdığı
güllənin səsindən,
ayaqqabının üzünə
çıxan yaralar
bir taleyin qəmli
tarixini tamamlar...
Allahım, hara yol alıb bu ayaqqabılar,
kim bu ayaqqabının sahibi, kim?
Axtardığın tapılmayınca
ayaqqabılar yol gedəcək,
neçə əsr,
neçə min il...
Bir kağız gəmi
düzəlt
Kağızdan bir gəmi düzəlt,
Çıxıb gedək bu yerlərdən.
Külək, tufan yelkənimiz,
Ulduz yığaq
göy üzündən.
Nə olsun üzə bilmirəm,
Şükür, Tanrım qanad verib.
Yağan
yağışı, dolunu,
Göy bizə
nəmər göndərib.
Günəş bizdən küsübdümü,
Üzünü buludla bağlar.
Bir ölənin timsalında
Hər kəs öz qəmini ağlar.
İllər ömürdən tökülər,
"Təklər", "onlar", "yüzlər"
hanı?
Ölüm gəlin atan güldür,
Tutar növbədə
duranı.
Bu gəmi Nuhun gəmisi,
Yaxındı ümid limanı.
Günah
yeyən insanlardan
Uzaq ol, könlün həyanı.
Dəryada damla sirrini
Yosun dəftərdən
oxuyaq.
Bir pəri ağlar sularda
Gedib qəmini
ovudaq.
Suda bir yarpaq görünür,
Ya ümid,
ya aldanışdı.
Misra-misra
unudulmaq
Gördüm ki, öz yanlışımdı.
Ürək ruhun xəlvətgahı,
Hamıya açdım qapısın.
İman
libasında şeytan,
Sındırdı könül aynasın.
Çilik-çilik, xıncım-xıncım,
Bütövləşməz ayna qəlbim,
Tufan keçər, günəş
çıxar,
Şükrə lövbər ümidlərim.
Sevdalarım dəniz, qəmsə
Dalğatək gələr üstümə.
Kağız tutmaz gileyimi,
Yazaram göyün
üzünə.
Gilas bağı
Ata evimizin həyəti başdan-başa
gilas bağıydı... Yuxumda
hər zaman
üstünü barlı-bərəkətli görürəm
Bir gilas ağacı ağlar yuxumda,
Kimsələr tapılmaz qəmin ovuda.
Çiçəyi anamın gəlin yaylığı,
Meyvəsi bənzəməz əvvəlki
dada.
Ağac libasında kimdi, İlahi? -
Göylərə qaldırıb budaq əllərin.
Bu ağac mələkmi, mələk anammı,
Sübhün azanında yuxuma gəlir.
Gəlir
ki, baş çəkə evə, ocağa,
"Mənsiz qalan
bağın halı necədir?"
Ayrılıq sözündən körpü
qurmağa,
Gördüm itən ömür heca-hecadır.
Ay yuva qoruyan quşlar,
böcəklər,
Mən sizi özümdən vəfalı
gördüm.
Pəncərə gözləri tutulan
evim,
Ağlayan gözündən qoymadı
öpüm.
Mənim
sevgim, duam bir vaxt bu
bağdan
Yağışla, günəşlə göyə
yüksəlib.
Deyin bağ-bağata, qonum-qonşular,
Deyin o duanın sahibi gəlib.
Tənha
ana kimi gördüm barını,
Küləklər sovurur, qoruya bilmir.
Əvvəllər kölgəsi toy-büsat
bağın,
Gördüm yaddaşında qəm-kədər
dinir.
Barıtək sökülən, dağılan
ömrü
Gördüm xatirələr yığıb
gətirir.
Gördüm anam sağdı,
əli beşikdə,
Xeyir-duasında yer ləpələnir.
Aşıb-daşan qəm kimidi meyvəsi,
Bu qədər bar bizə
acıq, tənəmi?
Qanadlı arzular aparan ömrün
Geri dönüb halallığın
istədim.
Hər ağacda, hər budaqda iz, nişan,
Uşaq
ömrümüzün naşı
xəttidir,
İçimdə bir ağac duası bitib,
Anam köç
edəndən ömür
çətrimdir.
Ömür də gah ağac kimi barlıdır,
Gah əməyin zay edərlər, dinəmməz,
Budaq üstə bir yaralı quş gördüm,
Əl uzatdım
dəstək olam, güvənməz.
Ağac libasında kimdi, İlahi? -
Göylərə qaldırıb budaq əllərin.
Bu ağac mələkmi, mələk anammı,
Sübhün azanında yuxuma gəlir.
Haqqa aşiq olanlara
Bu nə eşq, nə sevda imiş,
Yol nə yerdə, nə göydəymiş,
Dərdin
özü dərman imiş,
Rəbbin
yolun bulanlara...
Güllü yaylaq, göy qurşağı,
Ruhu var, rəngli Ay işığı.
Könlündə Allah yaşayar
haqqa aşiq olanlara...
Gələn gedəndən çox
imiş,
bilgi biləndən çox imiş,
insan Tanrının sirriymiş
sirrə sirdaş
olanlara...
Kim deyir gedənlər
dönmür?
Dualardan
yol görünür,
ölüm toy, vüsal
günüdü
yurda qurban olanlara...
Hüseyn Cavidin
"Məhəbbət
və həqiqətin
dərki"ndən Nobel
mükafatçısı Ç.Miloşun "İlk olan həqiqətdir"
fikrinə gələn yol
Yerlə
göyün arası,
ulduzların sayı,
mənası,
Adəm
tövbəsi,
Həvva
ağrısı,
Şeytanın Allaha ağ
olması,
çərxi-fələyin insan oğluna
göndərdiyi
gün-güzəran qayğısı,
sevgilər, ayrılıqlar,
Göy üzünə yetən dualar
Tanrı
çəkisiylə
necə ölçülür,
Ustad?
Qəfil
haqlanan, çox qısa
yuxu kimiymiş, demə
həyatda var olmamızın ölçüsü,
dadısa, şipşirin...
Dünyaya gəlişimizin sirri
yozulunca
həqiqətin ölçüsü
necə görünəcək?
Sözə sığarmı,
Haqq dərkinin
sonsuzluğu?
Bəs həqiqət əlifbasının
insan üzündən
oxunması necə,
doğrumu?
İnsan,
zaman, tale yazısı,
sirr içində sirr imiş...
Ömür möhlətimiz,
hər nəfəs üçün, ölçülü,
biçili...
Taleyimizin
saatları ölüm
zənginə
biz doğulmazdan əvvəl
çəkili...
Gəlimli gedimli dünyanın
ağrıları, həyəcanları
yalnız ömür
bitəndə bitir...
Ona görə həyatımızı
ölçən
saatın ürəyi
kədərlə döyünür,
tak-tak...
Allahla insan arasında
sirr elə, sirr kimi qalacaq.
saatın içində
tale bölgüsünü,
zaman göstəricisini
aşağı-yuxarı,
sağa, sola,
oval, çarpaz,
çıxdım, böldüm,
həqiqətin ölçüdən,
çəkidən çox-çox
yüksəkdə durduğunu
gördüm...
Hər şey həqiqət ölçüsüylə
düzənli, Ustad!
Gecədən gündüz,
gündüzdən ömürlər
dönər.
Fəsillər ölçülü-biçili,
hər saniyənin əqrəbi
bizə ədalət öyrədir...
Bizdən,
ömrümüzdən
yuxularımız çox
vəfalı...
Dünyasını dəyişən əzizlərimizə
baş çəkər,
yuxularımız iki dünya arasında
görüş yerinə
bənzər...
Yuxularımız ölümdən sonra
həyatın davamına,
həqiqət düsturunun
isbatına
yönələr...
Əslində, ustad, biz özümüz
həqiqətdən bir parçayıq,
fərqinə varmamışıq,
xilas isə dərkdən başlayır.
Təəssüf, gec anlamışıq,
dərk haqq yolu,
işıq qarışıq,
sevgi qarışıq...
Sevgiylə yüksələrək
ən böyük həqiqəti
axtara-axtara
Ona qovuşmaq üçün
hamımız
ölüm adlı
körpüdən keçməyə
növbəyə dayanmışıq...
Sona Vəliyeva
Ədəbiyyat qəzeti.- 2021.-
23 oktyabr.- S.21.