Abidə bir kitab

 

Söz açmaq istədiyim kitab ilk cümləsindən son cümləsinədək yaddaşımızın təzələnməsinə xidmət edən bir abidə kimi tarixdə qalacaq. İllər keçdikcə qədir-qiyməti daha da artacaq. Vətəni sevən, xalqının dəyərli insanlarını, yaradıcı adamlarını sevən hər kəsin stolüstü kitabına çevriləcək. Bu toplu bizi dünyasını dəyişmiş, eləcə də yaşayan böyük insanlarla görüşdürür, acılı-şirinli xatirələr kino lenti kimi göz önündən keçir.

Qarabağ və onun döyünən ürəyi Şuşa haqqında otuz ilin həsrətini və qırx dörd günün zəfərinin sevincini dilə gətirən bu qeyri-adi toplunun ideya müəllifi milli-mənəvi dəyərlərimiz yolunda təmənnasız xidmətlər göstərən Xalq yazıçısı Anardır.

"Kitabi-Dədə Qorqud"un 1300 illiyinin keçirilməsi, "Dədə Qorqud ensiklopediyası"nın yaranması, "Dədə Qorqud" Üzeyir Hacıbəyliyə həsr olunan filmlərin çəkilməsi və s. də Anarın ideyası əsasında baş tutmuşdur.

Bu abidə kitab Ali Baş Komandanımıza Yazıçılar Birliyi rəhbərliyinin ünvanladığı təbriki ilə başlayır. Təbrikdə Vətənimizi bəlalardan qurtaran, ərazi bütövlüyümüzün bərpasını təmin edən möhtərəm Prezidentimizə minnətdarlıq ifadə olunur.

Kitaba Yazıçılar Birliyinin katibi Rəşad Məcid "Şuşa havasının əritdiyi nisgil" adlı çox geniş, çox da maraqlı ön söz yazmışdır. Giriş məqaləsində Ali Baş Komandanımız İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Natəvanın, Üzeyir bəyin, Bülbülün bərpa olunmuş büstləri qarşısında dayanaraq keçmişi xatırlamalarına xüsusi yer ayrılması yaddaşımı təzələdi. Gözlərim önünə möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu dilbər guşəyə ilk səfəri, özləri ilə apardıqları və əvvəlki yerində qoyulmuş, qürur mənbəyimiz Natəvan, Üzeyir bəy və Bülbülün erməni vandalları tərəfindən güllələnmiş büstləri qarşısında dayanmaları Prezidentimizin onları mənfur qonşulardan pulla almağımızdan söz açdığı anlar gəldi. Bir daha necə düşük bir xalqla qonşu olmağımız xəyalımdan keçdi.

"Qarabağ dastanı" (Bakı, "Təhsil", 221, 528 s.) başlıqları düşünülərək seçilmiş "Qarabağ - doğma yurdum", "Qarabağ sənət yaddaşımızda", "Nisgil, ümid, zəfər ədəbiyyatı", "Qarabağ: dostlar və düşmənlər", "Şeir çələngi", "Anar, ötən günlərin və zəfər günlərinin yazıları" və "Zəfərdən sonra" bölmələrindən ibarətdir. Bu genişhəcmli kitabda Qarabağdan çıxmış qələm sahiblərinə, alimlərə, incəsənət nümayəndələrinə geniş yer verilməsi təqdirəlayiqdir. "Qarabağ - doğma yurdum" bölümü bütövlükdə qarabağlıların əsərlərinə ayrılmışdır. Qaçqınlıq, köçkünlük həyatı yaşamaq, el-obadan didərgin düşmək ağır dərddir. Xüsusən də dünyanın keşməkeşlərini daha dərindən dərk edən ziyalılara ikiqat ağırdır. Bunu Elçinin, Aqil Abbasın, Rəşad Məcidin, Seyran Səxavətin, Elçin Hüseynbəylinin, Nəsiman Yaqublunun, Ramiz Rövşənin, Şirindil Alışanlının, Adil Cəmilin, Jalə Əliyevanın yazılarından, Vaqif Bəhmənli, Vaqif Bayatlı Odər, Ramiz Məmmədzadə, Ələmdar Quluzadə, Ənvər Əhməd, Əbülfət Mədətoğlu, Nəsib Nəbioğlu, Nazim Əhmədli, İlham Qəhrəman və başqalarının poeziya nümunələrindən də görmək olur.

Bu bölümdə Xalq yazıçısı Elçinin "Şuşanın dağları başı dumanlı..." yazısı məni haldan-hala saldı. Doğrudur, mən əvvəllər Elçinin "Şuşanın dağlarını duman bürüdü" əsərini oxumuşdum. Hətta "Elçin haqqında düşüncələrim" adlı kitab da yazmışam (Bakı, "Təhsil", 2013). Lakin Xalq yazıçısının bu əsəri mənə xüsusi zövq verdi. Əsər publisistika, hekayə, povest, xatirə janrlarının qovuşağında yazılmış, bədii cəhətdən kamil sənət əsəridir.

Burada Seyran Səxavətin məqaləsində obrazlı şəkildə dediyi "Qarabağ haqqında ən mötəbər və vacib əsəri Ali Baş Komandan yazdı, özü də necə yazdı"  tarixi sözlərinə görə ona minnətdarlığımızı bildirməliyik. Məncə, hörmətli yazıçımız bütün xalqın fikrini ifadə etmişdir.

Nə yaxşı ki, bu bölümdə fani dünyanı ürəklərində "əsir düşmüş" el-oba dərdi və nisgillə tərk etmiş qarabağlılara: Qasım Qasımzadə, Xudu Məmmədov, Famil Mehdi, Hüseyn Kürdoğlu, Şahmar Əkbərzadə, Ağa Laçınlı, Eldar Baxış, Məmməd Aslan, Ənvər Rza, Bəhmən Vətənoğlu, Sücaət kimi sənətkarlara da yer verilib. Belə olmasa idi, onların ruhu bizdən inciyərdi. Başqa bir tərəfdən də, "Qarabağ dastanı" yarımçıq əsər təsiri bağışlayardı. Təəssüf ki, onlar bu günü görmədilər. Kaş bu günü görəydilər. Görəydilər ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz cəmisi qırx dörd günə mənfur düşməni diz çökdürdü. Qarabağ və mədəniyyət ocağımız qədim Şuşa şəhəri azad edildi. Prezidentimiz "Əziz Şuşa, sən azadsan!" deyəndə hamının gözlərindən sevinc yaşları axdı. Prezidentimiz özü də kövrəldi.

Hamısı ilə xoş münasibətdə olduğum mərhum qələm qardaşlarımıza gözaydınlığı vermək məqamıdır. Əzizlərimiz, rahat uyuyun! Qisas yerdə qalmadı. Ali Baş Komandanımızın xüsusi vurğuladığı kimi, şəhidlərimizin qanı dəfələrlə artıqlaması ilə alındı. Sizin Qarabağa, onun qibləgahı Şuşaya həsr etdiyiniz şeirlər, ən yaxşı poeziya nümunələri kimi "Qarabağ dastanı"nda yer alıb.

Mən əminəm ki, "Qarabağ dastanı"ndan qaynaqlanan bu ülvi hisslərimi bu toplunu vərəqləyən hər kəs keçirəcəkdir. Elə bu bəsdir ki, dastanı yaradanlara minnətdarlığımızı bildirək.

Abidənin "Qarabağ sənət yaddaşımızda" bölümündə gözəl əsərlərilə, xalqa təmənnasız xidmətilə ictimaiyyət arasında nüfuz qazanan Zemfira Səfərova, Vilayət Quliyev, Vasif Quliyev, Mehriban Vəzir, Əsəd Cahangir və Pərvinin çox maraqlı elmi-publisistik yazıları verilmişdir.

"Nisgil, ümid, zəfər ədəbiyyatı" bölümündə görkəmli alim, yazıçı və şairlərimizdən Xalq yazıçısı Kamal Abdulla, Xalq şairi Sabir Rüstəmxanlı və yazıçı Günel Anarqızının yazılarına, Sabir Rüstəmxanlının "Qarabağa dönüş" poemasına yer verilmişdir.

"Qarabağ: dostlar və düşmənlər" bölümündə Günay Əfəndiyeva, Anar və Çingiz Abdullayevin təmkinli, tutarlı və ibrətamiz yazıları təqdim edilib.

Qeyd etməliyəm ki, Anarın "Ötən günlərin və zəfər günlərinin yazıları" örnək yazılardır. Gənclərin vətənpərvərlik ruhunda böyüməsində bu yazılar böyük əhəmiyyətə malikdir.

Kitabın sonuncu - "Zəfərdən sonra" bölümündə Anarın, Günel Anarqızının və Rəşad Məcidin yazıları "Qarabağ dastanı"nın son akkordu kimi səslənir.

Diqqətəlayiqdir ki, dünyasını dəyişmiş, Qarabağdan olmayan, XX əsr poeziyamızın yaradıcıları Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, eləcə də Bəxtiyar Bahabzadə, Hüseyn Arif, Qabil, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Məmməd Araz, Cabir Novruz, Fikrət Qoca, Vaqif Səmədoğlu, Nurəngiz Gün, İsa İsmayılzadə, Nüsrət Kəsəmənli, Musa Yaqub, Ələkbər Salahzadə kimi yaradıcılığı ilə xalqımıza başucalığı gətirən şairlərimizin Qarabağı, onun mədəniyyət paytaxtı Şuşanı vəsf edən şeirləri də "Qarabağ dastanı"nın səhifələrini bəzəyir. Təəssüf ki, Rəsul Rzanın 1947-ci ildə çap etdirdiyi "Şuşa" şeiri "Qarabağ dastanı"na düşməyib. Şairin Əbdüllətif Bəndəroğlu ilə tərtib edərək İraqda çap etdirdiyimiz, "Ağlayan çox, gülən hanı?" kitabında (Kərkük, 2007, s.32-33) verdiyimiz səkkiz bənddən ibarət "Şuşa" şeiri mənə başqa zövq verdi. Musiqi bəstələnməmiş nəğməyə bənzər bu şeirdə Şuşanın təbiəti, mənzərələri, havası elə vəsf edilib ki, oxuyanda heyran olmamaq olmur. Gözünün qabağında istedadlı bir rəssamın rəsm əsəri canlanır:

 

Şuşa

 

Burda nəğmə yaz çiçəyi kimidir:

tez yaranır, tez gül açır, boy atır.

Burda səhər yuxusundan adamı

bülbüllərin cəh-cəh səsi oyadır.

 

Burda hava körpə uşaq kimidir,

gah tutulur, gah ağlayır, gah gülür.

Burda səhər buludların döşündən

qayalara qızılgüllər tökülür.

 

Göylərində at oynadır şimşəklər,

Bir an olur  gur yağışı, dolusu...

Əlvan çiçək xalıları yamacda,

Baş qaldırır nərgiz, gözü dolu su.

 

Deyirlər, arzu arzudan doğur. Arzu edərdim, Hüseyn Kürdoğlunun Aşağı Qarabağın simvolu Cəbrayıl çinarına həsr etdiyi "Cəbrayıl çinarı" şeiri də "Qarabağ dastanı"na daxil ediləydi. Yayın cırhacırında dəfələrlə dağ sərinliyi gətirən kölgəsində çay içdiyim çinarın taleyi şairə dinclik verməmiş, bu minillik qocaman çinara həyəcansız oxumaq  mümkün olmayan şeir həsr etmişdir:

 

Cəbrayılda qalxmışdı göylərə bir dağ çinar,

Adam boyunca qara, qol-budağı çinar.

 

Köç yolunun üstündə min yaşlı məğrur qoca,

Başında quş obası, dibində bulaq çinar...

 

Aman Allah, yağılar kəsdimi, doğradımı?

Ona düşmən də qıymaz, bəlkə qalıb sağ çinar.

 

Ey biçarə Kürdoğlu, gələydi qisas günü,

Qaldıraydı başında bir şanlı bayraq çinar.

Yol üstə məğrur qoca, o qaməti dağ çinar.

 

Arzular tükənmir. Bir arzum da var. Arzu edərdim, "Qarabağ dastanı"nda bu dilbər guşə ilə bağlı Güney Azərbaycan və iraqlı soydaşlarımızın şeir və xoyratlarına da yer veriləydi. Bu, hamının ürəyindən olar, birliyimizin bariz nümunəsinə çevrilərdi. Bu baxımdan, kərküklü soydaşlarımızın təkcə bir bayatısı tarixə işıq tutur:

 

Əslim qarabağlıdı,

Sinəm çarpaz dağlıdı.

Kəsilib gəlib-gedən

Yoxsa yollar bağlıdı?

 

Və nəhayət, çəkinmədən demək olar ki, "Qarabağ dastanı" mayası məhəbbətdən yoğrulmuş abidədir... Bu abidə yüz illərlə davam edən unutqanlığımıza, biganəliyimizə, güzəştkeşliyimizə, səhlənkarlığımıza son qoymaq, tarixdən ibrət dərsi götürmək yolunda atılan uğurlu addımdır.

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.20.