Unutduğumuz sözlər,
yaxud məna ayrıcları
1
İçindəki iztirabı susdurmaq üçün
şair dildən qaçış kimi istifadə edir, - bu
sözləri vaxtilə fransız şairi Pyer Emmanuel
demişdi. Bu
kontekstdə o elə belə də yazırdı (baxmayaraq ki,
şair haqqında heç zaman "yazırdı"
sözünü işlətmək düzgün deyil...):
Mən həmişə
tək olan qalaq-qalaq insanam,
özünə bel bağla ki, daha az üzüləsən...
Daha sonra bu vəziyyəti belə izah edirdi ki, "Bu
şərtlər daxilində danışmaq da kiminləsə
ünsiyyət bağlamağa tələsmək anlamına gəlməz. Bu halda nitq adi
refleksdən, "mənaların doğranıb,
dağılıb, yuyulub getməsindən" başqa bir
şey deyildir". Sözlər artıq real çəkilərini
də itirib və boşluğun insanı boğan
mənasızlığında çoxaldıqca
çoxalırlar...
Yəni şair bəzən sözlərdən
boğulur.
İnformasiya, ünsiyyəti inanılmaz sürətlə
"çoxaldan" sosial şəbəkələr
epoxasında reallıq daim, durmadan, dayanmadan uydurulur, hər
gün bir rənglə boyadılıb (bəzədilib...)
olmadığı formada nümayiş etdirilir. Belə bir durumda, yəni
insanın öz xəyalları ilə üz-üzə, tək
qalmaqdan başqa çarəsi olmadıqda sözlər də
"boşalır", yəni mənasızlaşır, ilk
çıxıb gedən də ruh olur və o artıq
"boşalmış yaya", "yaysız oxa" bənzəyir... Danışa, dərdini deyə bilməyən
tək şahid kimi...
Poeziyada bu durum ən müxtəlif dövrlərdə fərqli
şəkildə ifadə edilib, dünya poeziyasında bunun
çox nümunələrini misal göstərmək olar. Elə Azərbaycan
şeirində də. Bu mənzərələrin
lap dibindəki iztirabı yaşamaq və onu əlahiddə
formada bədii mətndə ifadə etmək başqa bir
ayrıntını fokusa gətirir, yəni "izm" məsələsi.
Zənnimizcə, kiməsə məsələn,
"sürrealist", yaxud realist, romantik... adını verməzdən,
yapışdırmazdan qabaq bütün müqayisə və
həmin "izm"in şərt, qayda və tələbləri
ilə tutuşdurmaq işini bir kənara qoyub bu bədii mətnin,
bu şairin həmin tələb, şərt və qaydalardan nə
qədər uzaqlaşdığını "ölçmək"
lazımdır, nə qədər çox uzağa gedə
bilibsə, demək o, adıçəkilən "izmin" əsl
təmsilçisi və ifadəçisidir. Çünki
ədəbi prosesin dinamikası, qabarıb çəkilmələri
də məhz bu "qeyri-sabit" halla müəyyənləşir.
Belədə həmin uzaqlaşma mənzili də
adıkeçən qayda, prinsip və qanunların bədii mətndəki
buxovunun boşalmasına və nəticə etibarilə nəfəs
probleminin aradan qaldırılmasına səbəb olur. Sırf "izm"ə tabe olan mətn nəfəs
almır, sadəcə canlı olması təəssüratı
oyadılır. Bu qabarıb-çəkilmələr,
məsələn, Hüseyn Cavid, Məhəmməd Hadi kimi
romantiklərin yaradıcılığında şübhəsiz
ki, müşahidə edilir (eyni zamanda Axundzadə, Mirzə Cəlil,
Sabir, Müşfiq yaradıcılığında), amma bədii
mətnin ən dib laylarında. Ruhun
çılpaqlaşdığı, sözlərin mənasızlaşdığnı,
şairinsə sözlərdən boğulduğu məqam
yuxarıda vurğuladığımız kimi reallıqla
uydurulmuş reallıq arasında qərar tutur. Bu məqamda
bədii mətn iki istiqamətdə qurulur: təsvir və yox
olub gedən mənaların yerinin "doldurulması",
başqa sözlə mövzu, mətləb icadı...
Diqqət
edin:
Sakit mənzərələr,
hüznlü mənzərələr...
Yer
kürəsində, onun səthində deyil,
həyat
boyunca səfər səhnələri.
Tənbəl-tənbəl
axıb keçən zaman
demək
olar hərəkətsiz,
yatıb,
sanki yuxulayıb.
Cır-cındır,
alt-üst olmuş əsəblər,
zor və
güc mənzərələri.
Açıq
yaraları gizlədən mənzərələr,
işartılar,
boyuna vurulan ilgək,
qışqırıq səslərini tıxayan mənzərələr.
Üstünə
çəkib
Başını
gizlətdiyin yorğan...
Anri
Mişo
Bu mətndə
iki şey, iki hiss (həm də iztirabın gül ləçəkləri
arasında gizlənməsi...) eyni zamanda ifadə edilir, deyilən
hər şey mətn boyu yüksələn xətlə
çoxalır, sərtləşir, səs tonu daha
yandırıcı şəkildə çıxır, hər
şey, insanın ürəyini üzən dərdlər səslə
sükutun ayrıcında guya sadəcə təsvir edilir,
ancaq məqsəd bütün mətn boyu elə bu təsvirdən
vaz keçməkdir, "...üstünə çəkib,
başını gizlətdiyin yorğan" misrasında
sözlərdən boğulan şairin simasını, iztirab və
qışqırıq səsini vizuallaşdırmaqla son
nöqtəni qoyur.
2
Şair
var, sadəcə yaxşı şeir yazır, həm də məlum
mətləb, mövzular üstündə, oxucunu valeh etmənin
də belədə yolu qısa olur (indi bu tipli mətnlər
sosial şəbəkələrdə hər gün, hər
saat paylaşılır...), bu tip şairlər fateh,
istilaçı xarakterinə malik olurlar, mövzu, mətləb
dəyişmədiyindən onlar həmin səviyyədə ən
yüksəyə (səmanın bitdiyi yerə-!), zirvəyə
çatıb orda qərar tutmağa
çalışırlar, ancaq o yüksəkliyə
çatdıqda geri dönüş başlanır, bu
şairin daxili, həm də gizli pafosla yazdığı
şeir adi məişət çərçivəsində qərarlaşır,
çünki bədii mətndə pafos həmişə məişət
duyğusu yaradır, ona doğru yönəlir və onunla nəfəs
alıb qidalanır; bu halda bütöv yaradıcılıqla
enişdən sonrakı adiliklər arasında
qaçılmaz ziddiyyət başlayır və həmin dar məişət
qoxusu əvvəl hamının sevib əzbərlədiyi mətnləri
də bürüyür...
İkinci
tip şairlər ancaq və ancaq öz mövzularında, həm
də daxili duyumla kəşf etdikləri mövzularda
yazmağa üstünlük verirlər, mövzu və mətləb
icad edilir, misralar arasından evrika sözü cilvələnir,
həm də dünya və gerçəklik bu təsadüfdə
tam başqa rakursda qavranılır, insanın duyğusunu ona
tanıtmaqla yeni dünya yaradır, bu şairlər ya cavan
yaşda həyatdan gedir, ya da son şeirin nöqtəsini qoyub
fərqli bir insan həyatı yaşayırlar, çünki
o boyda enerji daşqınına dözmək çox
müşkül məsələdir.
Bu məsələlərin
şərhi həm indi yaza bildiyimiz kimi asan, həm də
sözlə ifadə edilməyəcək dərəcədə
çətindir, biz duyğularımıza çatan nəsnələri
bəzən anidən unudururuq, olur ki, bu qəfil unudulan
şeylər ömrün həyatla kor bucaqda kəsişdiyi məqamda,
bir də, həm də son dəfə yada düşür, onu
daxili qulağınla dinlədikdə ani bir duyğunun
içindən çox ziddiyyətli dalğalar keçir,
bütün bu dalğaların həmin duyğunun
üstüylə sürüşməsinin yalnız bir qəsdi
var, onun aça biləcəyi cığırları gizlətmək,
çünki dünya, fələk... varlığın dibinə
gömülən sirlərin açılmasını istəmir,
ancaq nə qədər güclü və inadkar olsa da, onlar həmin
o ani duyğunu bastalaya bilmir, bu ürəyə dolan, həm də
insan həyatında bircə dəfə oyanıb yatan
duyğu yerdən göyəcən çata bilən gücə
malikdir, bu hal klassik poeziyada ən dürüst şəkildə
ifadə olunub, məna ayrıcında necə ki fələk
sözü şaxələnir, həm ulduzları, həm tale
və qədəri bildirirsə, həmin ani duyğunun da
ruhumuz boyu keçdiyi cığırlar digər insanlara,
göy cismlərinə, bizim yuxularımıza doğru
uzanır. Əsas məqam məhz bu təsadüfdə
açılır. Mətndə bu söz
işlədilməsə belə (unudulsa belə), iztirabın,
çəkilməz dərdlərin gətirdiyi, şairə
verdiyi baxış bucağı hər şeyi batində (zəmir
güzgüsündə) ayırd etməyə sövq edir.
Ruzigarım
xoş keçirdi, ah kim, dövran
dönüb,
oldu əhvalım
xərab, ol ruzigarım qalmadı.
Əsas məsələ isə budur,
aşağıdakı parçada "zəmir
güzgüsü" ifadəsi bu mənada əlamətdardır
və prosesi dəqiq ifadə edir.
Həyat
sərf edübən, dərd qılmışam hasil,
Sirişki-alü
rüxi-zərd qılmışam hasil,
Zəmir
güzgüsünə gərd qılmışam hasil,
Təbiəti-səgi-şəbgərd
qılmışam hasil,
İçim
qara, gecə ta sübh naləvü fəryad,
Nə versələr ona şakir, nə desələr ona
şad.
Yaxud Nəbatinin
şeiri:
Eylə məstəm
bilməzəm kim, mey nədir, mina nədir,
Gül nədir, bülbül nədir, sünbül nədir,
səhra nədir?
Od tutub
canım sərasər yandı, amma bilmədim:
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir?
...Yetdi
ömrün axirə, sən bir, Nəbati, bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?
Deməli,
şeir həm də və daha çox unudulan sözlərin
(yaxud hadisələrin) yaddaşla şərt kəsməsi
(onu əvəz etməsi, yaxud özünü belə göstərməsi...),
bir anlığa yaddaşı özünün saxlanc yerinə
çevirib insana qəribə və fövqəladə
duyğuların pıçıltıya bənzər hənirini
hiss etdirməsi kimi də anlaşıla, şərh edilə
bilər, qədim Şərqdə şərh sənəti bəlkə
də o anın tarixçəsini çatdırmaq mənasını
daşıyırdı, şərhçi bütün talant və
diqqətini toplayıb, bütün duyğu, fəhm
sızıntılarını səfərbər edib o hadisə
baş verdikdə insanı bu dünya ilə bağlayan, onu
yaşadan yaddaşın hara qeyb olmasını, bədii mətn
yazıldığı zaman dilə ilk gələn sözlərin
mətndə harda, hansı "kor bucaqda" gizlənməsini
izah etmək istəyirdi. Ancaq bunun öhdəsindən gəlmək
praktik olaraq mümkünsüz olduğundan bütün təsadüflərdə
şərhçinin özü də cəhdlərinin
boşa çıxdığını anlayır və belə
bir qənaəti içində özü üçün
hasil edirdi ki, bədii mətn (qəzəllər...) sonsuzdur,
bu mühafizəkar biçimin daxilində dünyadan
böyük olan sərbəstlik onun sonsuz sayda şərhinə
şərait yaradır. Ancaq məsələ
belədrirmi?
Əlbəttə, deyildir. Şeir mətninin yaranmasında,
daha doğrusu, bəlkə əvvəliylə sonu
arasındakı sonsuzluqda bir ayrıltı var, bir
anlığa sənə elə gələ bilər ki,
şeirdən (dünyaya) boylanan baxışda səndən
başqa heç kəs yoxdur, məsələn, evlərinin
önü qaya, qayadan baxarlar aya, sənsiz keçən
günlərim yar, gəlməz heç bir daha
saya...Unudulmuş, yaddaş arxivində belə izi-tozu qalmayan
sözlər qəfil, dərd və iztirabın ən
dözülməz döngəsində yada düşür, bu
iztirab o qədər güclü olur ki, yaddaş anidən
yanıb külə dönür, o sözlər hər
şeyi əvəz edir, bir anın içində
ucu-bucağı görünməyən, göz işlədikcə
qıvrılan (tufanlı sularda dalğalar kimi...) əraziyə
yiyələnir.
Deməli,
bu kontekstdə insan şüuru və yaddaşının
haçansa, hansı əsrin hansı qaranlıq və
müdhiş səhnəsindəsə unutduğu sözlərin
qəfil yada düşməsi, bu, dünyanın bəlkə
də lap əvvəlindən quş səslərinə
qoşularaq gələn sözlərin bir anlığa
yaddaşı əvəz etməsi, onların
işığı, gücü, dünyanı tutma
ehtirası qarşısında bütün sözlərin və
onlarla bərabər yaddaşın da yanıb külə
dönməsi (hər halda şeirin doğulduğu,
yarandığı məqamda insana elə gələ bilər),
sonra elə anidən hər şeyin özünə gəlməsi,
adəti yerini tutması, bütün bu olayın yenə
unudulması... diktə edir ki, bütün hallarda şeirdə
səndən başqa heç kəs yoxdur, baxmayaraq ki, orda
dünyaya gələn və gedən insanların ayaq səslərinin
izdihamı da eşidilə bilər... Həm də,
yəni haçansa bütün varlığınla
unutduğun, ayrıldığın sözlərin gəlib
yerində "oturması" ən qaçılmaz
müşgüllərin, ən çəkilməz dərdlərin
doğulmasına səbəb olur.
El də
getdi, dil də getdi,
bundan
sonra açıl
köhnə, qaysaq yara.
Açıl,
açıl,
qanın
dönsün selə...
Çöl
də soldu,
gül
də soldu,
gözlər doldu,
açıl yara,
indən
belə,
bilə-bilə...
Vaqif Səmədoğlu
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.25.