Mühacir şairin atəşli misraları

 

"Teymur Atəşli. "Seçilmiş əsərləri" haqqında

 

Azərbaycan mühacirət ədəbi-publisistik irsinin dərindən, sistemli, hərtərəfli, yeni elmi tələblər əsasında tədqiqinin həyata keçirilməsi məqsədilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu 2016-cı ildən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" kitablar seriyasının nəşrinə başlamışdır. Həmin il "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr", 2018-ci ildə "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri", 2019-cu ildə "Səlim Rəfiq Rəfioğlu. Füzuli" və 2020-ci ildə "Teymur Atəşli. "Seçilmiş əsərləri" işıq üzü görmüşdür. Adıçəkilən kitablar uzun illər boyu sovet hakimiyyətinin və kommunist ideologiyasının yasaq etdiyi, ciddi-cəhdlə gizlətdiyi, uydurma iddialarla, böhtanlarla gözdən saldığı zəngin və dəyərli ədəbi sərvət, Azərbaycanın istiqlalı uğrunda mücadilə aparan, milli-mənəvi dəyərlərimizin tanıdılması, təbliği və zənginləşdirilməsi naminə təmənnasız və fədakarlıqla çalışan qələm və kəlam sahiblərinin gələcək nəslə miras qoyduğu qiymətli incilərdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 3 iyul 2019-cu il tarixli qərarı, İnstitutun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasının IV cildi -"Teymur Atəşli. "Seçilmiş əsərləri" kitabını ilk mənbələr əsasında tərtib edən, ön söz və qeydlərin müəllifi filologiya elmləri doktoru Nikpur Cabbarlı, cildin məsul redaktoru Arif Acaloğludur. Mühacirət ədəbiyyatının səriştəli tədqiqatçısı Nikpur Cabbarlı "Teymur Atəşli: həyatı və ədəbi irsi" adlı irihəcmli ön sözündə mühacir şairin keşməkeşli ömür yolu, Almaniya və Türkiyədəki yaradıcılığı, poeziyasının mövzusu, ideya istiqaməti, sənətkarlıq məziyyətləri barədə əhatəli bəhs edir və toxunulan məsələ haqqında dolğun təəssürat yaradır. Tərtibçinin təqdim etdiyi "Qeydlər" fakt və məlumatların yığcamlığı, eyni zamanda zənginliyi ilə diqqəti çəkir.

eirlər", "Xatirələr", "Pyes", "Publisistika" adlı hissələrdən ibarət kitabda demək olar ki, Teymur Atəşlinin (Teymur Mustafa oğlu Mustafayev - (1923 - Bakı, Bayıl həbsxanası, 1976 - Adapazarı) bütün ədəbi-publisistik irsi əhatə olunmuşdur. Bu kitab "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasına daxil olan əvvəlki əsərlərdən onunla fərqlənir ki, həmin müəlliflər son 30 ildə müxtəlif tədqiqatçılar tərəfindən azox araşdırılsa, tanıdılsa da, bunu ədibin irsinin kitab halında ölkəmizdə ilk dəfə nəşr edildiyi Teymur Atəşli haqqında söyləmək olmur.

Filologiya elmləri doktoru N.Cabbarlının Türkiyənin "Hürriyyət" qəzetinə istinadən ön sözdə yazdıqlarından bəlli olur ki, Teymur Atəşlinin atası Quba bölgəsində antisovet fəaliyyətlə məşğul olur və hökumət qüvvələrindən gizlənir. Buna görə onun hamilə həyat yoldaşı Sonapərvəri iki övladı ilə həbs edir və Bayıl həbsxanasında yerləşdirirlər. Burada dünyaya göz açan Teymur Atəşlinin atası həbs edilir və Sibirə sürülür. Anası və qardaşları ilə bərabər həbsxanadan çıxdıqdan sonra orta məktəbi bitirən T.Atəşli 1942-ci ildə - Universitetin II kurs tələbəsi ikən cəbhəyə göndərilir, döyüşlərin birində almanlara əsir düşür, alman ordusu tərkibində sovetlərə qarşı vuruşur, İkinci Dünya müharibəsindən sonra sərhədin o tərəfində qalmağa məhkum və məcbur olur. Alman qızı ilə ailə həyatı quran T.Atəşli ilk fürsətdən - 1949-cu ildə xanımı ilə birlikdə Türkiyəyə köçür, Adapazarında məskunlaşır. Bir müddət özəl xarici dil müəllimi, notariat qurumlarında və məhkəmələrdə andlı tərcüməçi kimi çalışan T.Atəşli sonra ömrünün sonuna kimi Adapazarının "Axşam xəbərləri" qəzetində işləyir.

T.Atəşlinin yaradıcılığı həm janr, həm mövzu baxımından rəngarəng olsa da, onları birləşdirən ortaq və ümumi cəhətlər çoxdur: Vətənə məhəbbətin, istiqlal sevgisinin, milli-mənəvi dəyərlərin, adətnənələrin, sədaqət, nəcib, xeyirxah, insani duyğuların vəsfi onun poeziyasının xarakterik cəhətləridir.

T.Atəşli poeziyasını mövzu baxımından aşağıdakı kimi təsnif etmək olar:

- Azərbaycan sevdalı, vətən həsrətli şeirlər;

- qürbətin ağrı, acısından şikayətlənən şeirləri;

- istiqlal və hürriyyət şeirləri;

- didaktikxlaqi şeirlər;

- məhəbbət şeirləri;

- tarixi şəxsiyyətlərə ithaf etdiyi şeirlər.

T.Atəşlinin Azərbaycan sevdalı vətən şeirləri şairin əqidə və dünyagörüşünün, düşüncə tərzi və amalının, poetik təfəkkürünün tərcümanıdır. Yaradıcılığının müxtəlif dövrlərində, Almaniyada, Türkiyədə qələmə aldığı bu qəbildən olan şeirlər həcm, forma baxımından fərqlənsə də, məna, mahiyyətcə bir-birinə bənzəyir. Almaniyada:

 

Ana Vətən, nə canların elisən!

Sən liramın ən incə bir telisən

 

- yazan şair Türkiyədə də Azərbaycanı eyni sevgi ilə tərənnüm edir:

 

Azərbaycan, baharımsan, yazımsan,

Coşan telli sazımsan.

 

Şair Vətənini - "ilk hürriyyətin binasını" Nizamisi, Nəsimisi, Füzulisi ilə sevir, onun qəhrəmanları ilə qürür duyur, şanlı tarixi ilə öyünür, doğma diyarın ecazkar təbiətinə aşiqdir:

 

Canlı tarixdir anlatsın, qəhrəman Şuşa qalası,

Yurduma göz dikənlərin tarix boyu baş bəlası,

Azərbaycan, kiçik diyar, fəqət dünyalar dünyası.

 

Şair "Azərbaycan", "Azərbaycan - bizim vətən", "Oğlum Kamala", "İlham pərisi", "Vətəndir, dedim", "Nə gözəl vatanım var", "Mənim canım vətənim" kimi poetik nümunələrdə Vətəni müqəddəs bir obraz səviyyəsində, şəklində tərənnüm və təsvir etməyə səy göstərir.

Amalı, imanı və inamı vətənlə bağlı olanTeymur Atəşli Almas İldırım, Gültəkin, Məhəmməd Sadıq Aran, Müseyib Zəyəm, Alazan Baycanla bir sırada qürbət poeziyasının ən kamil və təsirli nümunələrini yaratmışlar. Şairin Vətən həsrətli, yurd nisgilli, el-oba intizarlı, qürbətdə yaşamaq ağrı-acısını əks etdirən şeirlər onun yaralı qəlbinin ah-naləsi, dərdli ürəyinin çırpıntılarıdır. Misralar o qədər səmimi, anlaşılan, düşündürücü, təbii və təsirlidir ki, bu duyğu və hisslər oxucuya da sirayət edir, o da qəribin dərdinə şərik olur, onun da qəlbini göynədir:

 

Dostum, göz yaşımdan gileylənmə sən,

Hicranım böyükdür, necə gülüm mən:

Zavallı gəncliyim sönür şam kimi,

Keçir gündüzlərim bir axşam kimi.

Əzab çəkməyəmi, yarandım, ey kaş...

Anam əvəzimdə doğaydı bir daş.

Vətən məndən uzaq, günlərim qara,

Hələ mən ölməmiş girdim məzara.

Elimdən, obamdan aralı düşdüm,

Ürəkdən oxlanıb yaralı düşdüm.

 

T.Atəşlinin "Hicranlı səslər", "Ana", "Qəzəl", "Qəribin ölümü" və s. kimi şeirləri də vətən məhəbbətli, vətən həsrətlidir.

T.Atəşlinin istər Almaniyada, istərsə də Türkiyədə qələmə aldığı poetik nümunələrdə istiqlal və hürriyyət davası əsas mövzulardandır. "Qafqaz" şeirində bu qədim qəhrəmanlar diyarına, "pələnglər yuvası"na çoxsaylı qəzəbli suallar yağdırır və "partlayır ürəyim, cavab ver mənə" - deyərək hayqırır, üsyan edir:

 

Nədir bu köksündə yadlar at çapır?

Ötən, yetən səni quduztək qapır.

Nə üçün qəlbinə oxlar dirənmiş,

Nə üçün üstünə buludlar enmiş?

...Neçin lal olmusan, neçin susursan?

Nə üçün çiyninə əyilmiş başın?

 

Şair əsir Qafqazın dərdini, "bağçaların xəzana döndüyünü", "sarayların xaraba qaldığını", "körpələrin acından mələşdiyini", "ixtiyar atasının Sibirdə ayağı qandallı, döyülüb söyüldüyünü", "anasının xəstə olduğunu", "ağızların qıfıllandığını", "gözlərin kor , belin bükülü" qaldığını fəryad qopararaq dilə gətirir, bununla da ürəyi soyumur:

 

Eşit sözlərimi, oyan a Qafqaz!

Nədir bu acizlik, sənə yaraşmaz.

...coşdur hiddətini, nərildə "üsyan!"

Top kimi partlasın torpağın, daşın!

 

- deyərək Qafqazın igidlərini "quduz düşmənə göz dağı çəkdirməyə" səsləyir.

T.Atəşlinin həsrət və nisgillə dolu "Sibirdən məktub" şeiri, həm də istiqlal çırpıntılarıdır. O, "Sibir çölündə, gavur əlində zəlil" olduğundan, "gavurların it kimi qapdığından, cəllad kimi çapdığından" şikayətlənir, əsarətdə yaşamaqla barışmayan, işğalla razılaşmayan şair "kəramətin hanı, ey böyük Allah" yazaraq, az qala, hətta Yaradana asi çıxır. Bu şeiri oxuduqca Sibir çöllərində min bir işgəncə ilə, soyuqdan, acından, susuzluqdan can verən, lakin əqidəsindən dönməyən istiqlal qəhrəmanlarının acı taleyi göz önündə canlanır. T.Atəşlinin "Şair Gültəkinə", "Mənim üsyanım" adlı şeirlərində də şairin Vətən həsrəti ilə vuran, istiqlal arzusu ilə döyünən qəlbinin çırpıntıları duyulur. "İstiqlal" şeirində şair istiqlalı "Günəş", "bahar", "can", "könül", "şərəf və şan", "varlığım" - deyə sevə-sevə əzizləyir, vəsf edir, sonda da heç vaxt ondan vaz keçməyəcəyini bildirir:

 

Çünki istiqlal mənim ilhamımdır, canımdır,

Varlığım, hər şeyimdir, şöhrətimdir, şanımdır.

Onun yolunda ölmək, ən ülvi bir şərəfdir,

Doğuşdan mənim hədəfim ancaq bu hədəfdir.

 

Şairin istiqlal, hürriyyət mövzulu bir sıra şeirlərində şikayət motivləri qabarıq nəzərə çarpsa da, "Biz yenə gələcəyik", "Bir gün gələcək", "Ağlama", "Üsyan" kimi poetik nümunələrinə mübarizlik, nikbinlik, inam hissi hakimdir:

 

Kədərlənmə, qardaşım, yenə bir gün gələcək,

Üçrəngli bayrağımız göylərə yüksələcək.

 

Çətin və mənalı ömür yolu keçmiş, zəngin həyat təcrübəsinə malik T.Atəşlinin didaktik-əxlaqi mövzuda yazdığı şeirlər maraq doğurur. Bu qəbildən olan əsərlərindəki poetik və tərbiyəvi fikirlər, xüsusilə gənc nəslin cəmiyyətdə doğru rol tutmasına, onların layiqli, milli hisslərlə formalaşmasına hesablanmışdır. Oğlu Kamala ithaf etdiyi "Sevgili yavrum" əslində bütün gəncliyə xitabdır. Şair oğlunun timsalında gəncləri elmə, irfana yiyələnməyə, türklüyə,vətənə ləyaqətlə xidmət etməyə, təmiz, ədalətli olmağa çağırır. Onun rübailəri, "Azərbaycan gəncliyinə", "Oğlum Kamala", "Ey gənclər kimi" həyat eşqi və vətən sevgisi, xoş arzu və niyyətlərlə dolu şeirləri nəcib, yüksək milli və bəşəri hissləri təlqin edir:

 

Bülbüləm, çəmənin marağındayam,

Məcnunam, Vətənin fərağındayam.

Haqq deyən, haqq duyan, haqqa can verən,

Bir yeni dünyanın sorağındayam.

 

T.Atəşlinin lirikasında məhəbbətin tərənnümü gözəlin vəsfi və ona ünvanlanan fərdi hisslərin ifadəsindən uzaqdır. Onun sevgilisi, məhbubu ana vətəndir və şair öz məhəbbətini şeirlərindəki "Sevgili cananım, canımdır vətən", "Azərbaycan, Leylam mənim, Məcnun canım qurban sənə", "Mən onun eşqi ilə cəhənnəmdə yanmışam", "Andıqca sevgilim Azərbaycanı xəyalım dolaşdı cümlə-cahanı", "Məcnundan daha betər Məcnunam, a dostlar" kimi misralarla dilə gətirir.

T.Atəşlinin poeziyasında tarixi şəxsiyyətlərə həsr olunmuş, yaxud onlara ithaf edilmiş əsərlər kifayət qədərdir. "Mustafa Kamalın ölümü", "Mirzə Bala", "Şair Gültəkinə", "Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə", "Böyük Atatürkə", "Yunus Əmrə", "Biz yenə gələcəyiz", "Azərbaycan", "Azərbaycan-bizim vətən" adlı şeirlər bir tərəfdən şairin qəhrəmanları və onların xidmətləri haqqında təəssüratı zənginləşdirirsə, digər tərəfdən də T.Atəşlinin amalı, əqidəsi, yaradıcılıq diapazonu və sənətkarlığı barədə əsaslı mülahizələr irəli sürməyə əsas verir. Şairin "Cəlal" və "Azərbaycan qartalı" adlı şeirləri maraqlı və diqqətçəkicidir. "Cəlal" şeirinin epiqrafında oxuyuruq: "Bir rus uçağı ilə Qızııl Cəhənnəmdən qaçaraq İrana sığınan və orada Moskvanın qızıl uşaqları tərəfindən xaincəsinə şəhid edilən azərbaycanlı pilot - Cəlal Məhəmmədzadənin əziz xatirəsinə". Məlum olduğu kimi Odessa Ali Hərbi Hava Məktəbinin məzunu pilot Məhəmməd Altunbay iki məsləkdaşı - Həsən və Cəlalla birlikdə sovet rejimindən xilas olmaq üçün ölkədən çıxmaq barədə qərar qəbul edirlər. Onlar idarə etdikləri təyyarəni qaçırır və qəza səbəbindən İrana məcburi eniş edirlər. Burada bir müddət ağır şəraitdə yerli polislərin nəzarətində yaşayır və sonra Tehrandakı Türkiyə səfirliyinin köməyi ilə Bağdada qaçmağa, 1941-ci ildə isə Həsənlə birlikdə Türkiyəyə keçməyə müvəffəq olurlar. Deyilənlərə görə, Cəlal isə Tehranda rus gizli xidmətinin agentləri tərəfindən qəfil yaxalanır, güllələnərək şəhid edilir. Sonralar Türkiyənin təyyarəçilik tarixində iz qoyan M.Altunbayın tərcümeyi-halından bəllidir ki, o, həm də tanınmış publisist kimi Türkiyənin bir çox mətbu orqanı ilə, o cümlədən "Hürriyyət" qəzeti ilə sıx əlaqə saxlayır və əməkdaşlıq edir. Ehtimal ki, "Hürriyyət"lə əməkdaşlıq edən T.Atəşli Cəlal Məhəmmədzadə haqqında elə M.Altunbayın xatirələrindən eşitmiş və onun təsiri ilə bu şeirləri qələmə almışdır. Lakin bir məqam düşündürücüdür. T.Atəşlinin yazdıqlarından belə anlaşılır ki, Cəlal təyyarəni tək idarə edirmiş və qəza nəticəsində həlak olmuşdur, yəni hadisədə -təyyarənin qaçırılmasında M.Altunbay və Həsən Zeynallının iştirakına dair heç bir işarə, eyham vurulmur. Bütün hallarda şeirlər ideya-məzmun baxımından, sənətkarlıq nöqteyi-nəzərindən təqdirəlayiqdir və istiqlal uğrunda həlak olanların əziz xatirəsinə bir ərməgandır:

 

Kim der ki, Cəlal ölmüş, yaşıyor bizim Cəlal,

Hər gün minlərcə Cəlal qazanıyor ordumuz,

Ruhun şad olsun, Cəlal, qurtulyor yurdumuz.

 

O hayqırdı dünyaya: haqqım deyil əsarət,

Nədir başımızdakı bu qorxunc qızıl illət,

İstıqlal istiyoruz, istiqlal, haqq, ədalət,

Qanadlandı dünyanı uyqudan qaldırmağa,

Yerdə, göydə, dənizdə düşməni yıldırmağa.

 

Haqqında bəhs etdiyimiz "Teymur Atəşli. "Seçilmiş əsərləri" kitabına daxil edilmiş "Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk" adlı xatirəsi mühacirət publisistikasının dəyərli nümunələrindəndir. Əsər Türkiyənin "Hürriyyət" qəzetinin 45 nömrəsində (15 yanvar - 28 fevral 1956-cı il) hissə-hissə çap edilmişdir. 1942-ci ilin avqust ayının 21-dən 1943-cü ilin fevral ayının 2-dək, 199 gün davam edən və müharibə tarixinin ən uzun sürən və ən qanlı Stalinqrad döyüşü haqqında qələmə alınan xatirə, əlbəttə, bir çox cəhətdən böyük maraq doğurur. Lakin yazının müəllifinin faşist Almaniyasının tərəfində sovet qoşunlarına qarşı vuruşması xüsusilə diqqəti çəkir. Uzun illər boyu sovet təbliğat maşını alman ordusunda xidmət edən sovet əsgər və zabitlərinin ifşa edilməsini başlıca fəaliyyət istiqamətlərindən biri hesab etmiş və bu tendesiyalı baxış bu gün də davam etməkdədir. Təbii ki, heç kim cəbhənin dəyişdirilməsini, düşmənə könüllü olaraq təslim olmağı və onun tərəfində döyüşməyi təqdir etmir. Lakin bolşevizmin də faşizm kimi bəşəri bəla olduğunu və əsər boyu Teymur Atəşlinin faşizmin də mənfur xüsusiyyətlərini dilə gətirməsi, eyni zamanda bolşevizmlə mübarizəni vətənin istiqlalı uğrunda mücadilə hesab etməsi, müəllifin fikir və əməlləri ətrafında daha dərindən düşünməyə müəyyən əsaslar verir. İkinci Dünya müharibəsinin başlanması ilə formalaşan Azərbaycan legionları çətin şəraitdə olmalarına baxmayaraq, Azərbaycan istiqlalı, milli müstəqillik məsələsini gündəliyə gətirmiş, Almaniya qələbə çalacağı təqdirdə ölkəmizin müstəqillik əldə edəcəyinə inanmışlar. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə fəaliyyət göstərən Milli Azərbaycan Komitəsi, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin başçılığı ilə yaradılan Azərbaycan Milli Birlik Məclisi alman məqamlarına Azərbaycan davasının əsas məqsədini çatdırırdılar. Fikrimizcə, Teymur Atəşli də "Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk" xatirəsini qələmə almaqda oxucunu yalnız şahidi və iştirakçısı olduğu döyüş səhnələri, bombardmanları, müxtəlif macəralarla tanış etməkdən ibarət deyil, eyni zamanda və daha çox bu amansız döyüşlərdə Azərbaycanın istiqlalı naminə iştirak etdiyinə inandırmaqdır.

Dram janrının özünəməxsus xüsusiyyətləri bu qəbildən olan əsərlərin mühacirət ədəbi irsində azlığını şərtləndirir. Təsadüfi deyil ki, haqqında bəhs etdiyimiz kitaba kimi elmi dövriyyədə dram əsərlərinin müəllifi kimi yalnız Abay Dağlının (Cəmil İbrahim oğlu Ağayev - 1906, Şuşa - 1975, İstanbul) adı çəkilirdi. T.Atəşlinin kitaba daxil edilmiş "Tuzaq" (Biz də məhv olduq) adlı bir pərdə beş səhnədən ibarət pyesi mühacirət ədəbiyyatında, həm nadir dram nümunələrindən biri kimi, həm də sovet-stalin rejiminin və kommunist ideologiyasının amansızlığını, qəddarlığını ifşa etmək, eyni zamanda bu quruluşun çürüklüyünü, insanların düşüncəsinə, ailə münasibətlərinə, mənəvi dünyasına vurduğu zərbələri göstərmək baxımından maraq doğurur. Pyesin ideya, süjet və məzmunu Ceyhun Hacıbəylinin ötən əsrin 50-ci illərində fransız dilində qələmə aldığı və Mirzəbala Əmrahovun dilimizə uğurla tərcümə etdiyi "Müəzzinin lənəti" hekayəsini xatırladır. Hekayədə bolşevik təbliğatının, Lenin, Stalin yolunun qurbanına çevrilən müəzzinin oğlu Fərhad ateizmlə bağlı tədbirdə dini və ailə dəyərlərini ayaqlar altına alaraq hay-küylü çıxış edir və islamı bəşəriyyətə qarşı ağlasığmaz cinayətlərdə suçlayır. Bütün bunlara dözməyən ata -müəzzin dözmür və oğlunu lənətləyir: "- Ay bala! - müəzzin püskürürdü, - səni görüm qisası yerdə qoymayan Allahın və cəmi müqəddəslərin qəzəbinə gələsən! Dilin qurusun! Səsin həmişəlik tutulsun! Cəhənnəm odu cəsədinizi yesin, ey insanlar, ey allahsızlar! Başınıza daş tökülsün! Evlərinizdə bayquşlar ulasın! Anan mələsin, ay bala! Görüm it kimi qudurub öz sümüklərinizi yeyəsiniz!..". Atanın qəzəbli sözlərindən az sonra ildırım məscidin minarəsini vurur, çatlayan minarədən daş parçası Fərhadın başını əzir və "oğlunun başı atanın batmış sinəsinin üstünə düşür". Pyesdə də Leninin heykəli qarşısında and içən Aydın yolunu azmışdır, o da Fərhadın acı taleyini yaşayır. Onun anası insanları dəstə-dəstə Sibirə sürən, təqib, təhdid və edam edən hökumət və partiya əleyhinə hiddətlə danışır. Aydın anasının söylədiklərini lazımi yerlərə xəbər verəcəyi ilə hədələyir. Pyesin finalı da yuxarıda adıçəkilən hekayənin sonluğunu xatırladır: Rejimə qarşı çıxan Akif, oğlu Aydını satqınlığına görə güllələyir...

Kitaba daxil edilmiş "Azərbaycanın böyük hürriyyət şairi Hüseyn Cavid", "Cəfər Cabbarlı", "Milli azəri şairi Mikayıl Müşfiq" kimi yazılar T.Atəşlinin ədəbi-nəzəri görüşlərinin, ədəbiyyatşünaslıq problemlərinə marağının, "Azərbaycanda yetişən XIX əsrin eşsiz qəhrəmanı Cavad xan" adlı publisistik məqaləsi mühacirin qəhrəmanlıq tariximizə ehtiramının gözəl nümunəsidir.

Sonda T.Atəşli irsinin toplanılması, tədqiqi və "Seçilmiş əsərləri"nin nəşrinin əhəmiyyət və aktuallığı barədə fikirlərimizi yekunlaşdıraraq bu qənaətə gəlirik:

- Ədəbiyyat tarximizin və ədəbi-mədəni irsimizin tam, dərindən və hərtərəfli öyrənilməsi mühacirət irsinin, o cümlədən Teymur Atəşlinin həyat və yaradıcılığının da araşdırılmasını tələb edir;

- T.Atəşlinin bədii-publisistik irsi onun həyat və yaradıcılığı, əsərlərinin ideya-məzmunu, sənətkarlıq məsələləri haqqında elmi-nəzəri fikirlər irəli sürməyə imkan verir;

- "Teymur Atəşli. Seçilmiş əsərləri"nin nəşri mühacirət irsinin toplanılması, araşdırılması bu istiqamətdə həyata keçirilən tədbirlərin daha səmərəli icrası üçün zəngin təcrübə və örnəkdir;

Kitab T.Atəşli irsi haqqında araşdırmalar aparan gənc tədqiqatçılar, mühacirətşünas alimlər üçün yeni və faydalı mənbə, geniş oxucu kütləsində böyük maraq doğuracaq diqqətəlayiq nəşrdir.

 

18.10.2021

 

Abid TAHİRLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.26-27.