Pianoçunun son sonatası
Hekayə
Pianonun dilləri
barmaqlarını yandırdı. Hiss edirdi
ki, barmaqlarının
ucu suluqlayıb, ancaq pianodan ayrıla bilmirdi.
- Sən orda baş-qulağımızı
çox aparacaqsan? - arvadının səsiydi.
- Hə... ölənə
kimi, - bu sözləri o öz aləmində, əzabla ləzzətin arasında çırpınan barmaqlarının
ağrısını canına
çəkə-çəkə, dilucu dedi.
Arvadı başını bulayıb
yan otağa keçdi.
...Pianonun içi od tutub
yanırdı, suluqlamış
barmaqlarının ağrısı
getdikcə çoxalır,
qurulayan kağız suyu canına çəkən kimi o da ağrını canına çəkirdi. Ağrılar artdıqca gözləri qapanır, göz qapaqları daralırdı...
- Saatdan xəbərin var?
Arvadının kölgəsi pianonun üstünə düşdü. O isə
heç nə görmür, heç nə eşitmirdi.
- Sənnəm e, eşitmirsən?
Kürəyinə tanış əlin toxunduğunu hiss etdi. Beyninin bapbalaca bir hissəsini
həmin tanış
əlin sahibəsinə
ayırdı.
- Nə olub?
- Deyirəm, saatdan xəbərin var? - qadının çığırtısı pianodan yayılan musiqi ilə eyni ritmdə idi.
- Nə olsun... Mənimçün fərqi yoxdur.
- Sənə nə var? Qonum-qonşuynan mən üz-göz oluram ey... Sən məni
biabır eliyirsən ey, xəbərin var? Camaatın kişiləri...
- Əl çək,
mane olursan mənə...
- yenə ağ-qara dillərlə baş-başa
qaldı.
- Qapını sıdırsalar
da açan deyiləm, zəhmət çəkib özün açarsan! - qadın
sözünü bitirdi.
Başını bulayıb öz
otağına çəkildi.
O, piano çaldıqca dilinin ucunda nəsə zümzümə edirdi.
- Romada konsertdir... Hamı heyranlıqla musiqi dinləyir... Gül-çiçək dənizinə
qərq olan maestro... Möhtəşəm musiqi...
Belə musiqidən sonra adam...
Dedin saat neçədi? - barmaqlarını
bir anlıq dillərdən ayırıb,
yan otağa tərəf səsləndi.
- Dördə işləyib.
- İşıqsız gözlərindən
yuxu tökülə-tökülə
Bakıda gəzən
uşaqlar, sizə eşq olsun! - Sözünü bitirər-bitirməz
yenidən ağ-qara dillərin üstünə
çökdü. - Mən
ömrümdə belə
çalmamışam...
- Bəsdir daha... Səbrim tükəndi... Mən iki dəfə yatıb durmuşam, sənsə hələ də bu zəhrimarı
dınqıldadırsan. Yandıracam bu zibili!
- Yandıra bilməyəcəksən!
İlahi! Gör necə çalıram!
- Barmaqların ağrımır
sənin?
- Bilmirəm... Bir onu bilirəm
ki, bu dəqiqə
okeanın ortasında,
tənha, balaca adadayam.
- Mənsiz?
- Bilmirəm...
- Sən nə bilirsən axı?
- Mən heç nə bil...
- Mən getdim üçüncü dəfə
yatmağa... Bezdim daha, bəsdi də...
Qadın var gücüylə pianonun qapağını çırpdı. Onun barmaqları sanki,
doğrudan da, dəmirə dönmüşdü,
bu ağrını da yavaşca canına çəkdi.
Qadın
yatmağa getdi...
İşıqlar sönmüşdü.
Yox... deyəsən, lap yaxınlıqda
ağappaq bir işıq dəyirdi gözə. Közərirdi...
Yox-yox...
bu işıq balaca deyildi, bu, pianonun közərmiş
dillərinin işığıydı,
onun gözlərinə
görünürdü.
İlahi!
O, doğrudan da, bügünkü kimi heç vaxt çalmamışdı. Heç
vaxt!
Kimsə
əl çalırdı
onun çalğısına...
Kimsə gül-çiçək dəstəsi
səpirdi onun başına, o da ehtiramla onu sevənlərin
önündə təzim
edirdi.
Piano çala-çala ifa etdiyi mahnının sözlərini pıçıldayırdı
özüyçün:
"Qaranlıqlar əriyir
günəşin gözlərində...".
Saat neçənisə
vurdu. Küçədə maşınların səsi eşidilirdi yavaş-yavaş. O isə
hələ də çalırdı.
Barmaqlarındakı suluqlar partlamışdı,
barmaqları hər dəfə piano dillərinə
dəyəndə nəsə
isti bir maye ondan ayrılıb
dillərə toxunurdu.
Otağa ağappaq işıq dolmuşdu. Bu işığın
haradan gəldiyi bilinmirdi, amma bu dünyanın işığına bənzəmirdi...
...Səkkizinci sinifdə oxuyanda Leyla ondan iki sinif
yuxarıda, onuncuda oxuyurdu. Bir gün başa
düşdü ki, Leylanı sevir. Üstəlik, bunun mənasız
sevgi olduğunu da bilirdi. Çünki Leylanı hər səhər dərsə gətirən,
hər gün dərsdən aparan "Jiquli"nin sürücüsünə nişanlamışdılar...
Deyəsən, Leyla da o "Jiquli"nin sürücüsünü
sevirdi.
Birdən
anladı: otağa dolan ağ
işıq elə o ağ "Jiquli"nin işığıydı...
Telefon zəng
çalır, o isə
heç nə eşitmirdi.
Arvadı gözlərini ovuşdura-ovuşdura
gəldi.
- Karsan, götür də...
O,
doğrudan da, heç nə eşitmirdi.
- Hə, mama, indi durdum...
...Beş yaşı olanda həyətlərindəki
yelləncəkdə yellənirdi,
özü də çox möhkəm yellənirdi. Yelləncək hər dəfə
yuxarı qalxanda ona elə gəlirdi
ki, ulduzlara toxunub qayıdır.
Birdən ulduzlar arasından
balaca, ağappaq bir ulduz qopub
yerə doğru axdı. Onun körpə qolları
yelləncəkdən ayrıldı,
yerə doğru axmaqda olan ulduzu
göydəcə tutub
yerinə qoydu.
Gözlərini xəstəxanada, anasının
qolları üstə
açmışdı.
Başa
düşdü ki, otağa dolan işıq həmin o ağ ulduzun
işığıdır.
...Pianonun dilləri ona azlıq edirdi, barmaqları bəzən havanın boşluğunda süzürdü.
Hava boş, xaric səslər çıxarırdı.
Bütün bədəni qan-tər içindəydi. Onun təri yavaş-yavaş otağa dolurdu...
Arvadı balaca, yelkənli qayıqda üzə-üzə
ona tərəf gəldi.
- Saat səkkiz oldu, get yuyun, - deyib, ağ
məhrəbanı onun
üstünə atdı.
Hiss etdi ki, güclü
bir ilan onu boğmaq istəyir. Barmaqları
piano dillərindən ayrılıb
onu boğan
ilanla çarpışdı.
Bir xeyli vuruşduqdan sonra ilanı boynundan ayıra bildi, sonra otağa dolmuş suya kəllə vurub üzə-üzə hamamxanaya
getdi, suyu açıb yuyundu...
Saat yarımdan
sonra bütün qonum-qonşu sevinirdi, sevinirdi ona görə
ki, daha gecələr bir köpəkoğlu piano çalıb
onların yuxusuna haram qatmayacaqdı.
Arvadı
da sevinirdi və deyəsən, hamıdan çox sevinən elə o idi...
Qi Or El
Ədəbiyyat qəzeti.- 2021.- 23
oktyabr.- S.31.