Azərbaycan kinosunda

qadının xoşbəxtlik qayğıları 

 

Qadınlar cəmiyyətdə əhəmiyyətli yer tutmağa, məsul vəzifələrdə təmsil olunmağa, sosial mühitdə geniş fəaliyyət göstərməyə başlayandan sonra sənət adamları - yazıçılar, dramaturqlar, rejissorlar qadınlarla bağlı mənəvi məsələləri öz əsərlərinin əsas mövzusu kimi seçdilər.

Azərbaycan qadını azaddır, müasirdir, savadlıdır, çalışqandır, ancaq bütün bunlarla paralel olaraq, onun yenə özünəxas dərdləri, qadın problemləri vardır.

Çox güman ki, Sovet dövründə yaranmış ifadədir: "qadın xoşbəxtliyi"...

Ən çox bu arzunu qadınlar bir-birinə arzulayır. Bəlkə də yüzlərlə qadından soruşsan ki, nədir qadın xoşbəxtliyi? Onların hər biri bu suala fərqli cavablar verəcək. Biri qadın xoşbəxtliyini oxuyub yaxşı təhsil almaqda, digəri öz ayaqları üstündə dura bilməkdə, bir başqası ailədə, məişətdə, sevgidə və sairədə görəcək.

"Qadın xoşbəxtliyi"nin tam olaraq nə olduğunu izah edə bilməyən qadınlar belə bu arzunu öz həmcinslərinə qarşı işlədirlər. Sanki bütün qadınlar ürəyinin gizlinlərində bu sualın cavabını bilir. Hətta onun nə olduğunu asanlıqla dilə gətirə bilməsələr də.

Ötən əsrin ortalarından başlayaraq, Azərbaycan kinosu da bu suala cavab axtarmağa başladı. Bir çox filmlərin qadın qəhrəmanları xoşbəxtlik axtarışına çıxmış, xoşbəxtlik, səadət axtarıb tapmağa çalışmışdılar.

Bu filmlərdən biri "Ögey ana" (1958) filmi idi. Rejissor Həbib İsmayılovun çəkdiyi filmdə o dövrün məşhur aktyorları çəkilmişdi. Nəcibə Məlikova (Dilarə), Fateh Fətullayev (Arif), Həqiqət Rzayeva (Qəmər), Nəsibə Zeynalova (Fatmanisə), unudulmaz Ceyhun Mirzəyev (İsmayıl) və başqalarının yaratdığı obrazlar bu gün də tamaşaçılar üçün olduqca maraqlıdır.

Nəcibə Məlikovanın yaratdığı Dilarə obrazı uşaq vaxtlarından nağıllardan tanıdığımız, çox zaman nifrət etdiyimiz pisniyyətli, qəddar ögey analardan olduqca fərqlidir. O, şəhərdəki həyatını, işini kəndə dəyişir, sevdiyi adamla evlənib kənddə yaşamağa, burda xeyirxah, mərhəmətli həkim kimi tanınmağa, sevilməyə başlayır. Arifin anasız qalan oğlu balaca İsmayıla doğma ana olmağa çalışır. Lakin İsmayıl üçün şəhərdən gələn yad qadını ana kimi qəbul etmək çətindir. Ancaq həm də ana nənəsi dünyasını dəyişmiş qızının yerini alan bu qadını qəbul etmək istəmir. Nənə İsmayıla təsir edir. Bu səbəbdən əvvəlcə çox sakit, mehriban uşaq olan İsmayılın xarakteri dəyişir, o, davakar, cığal, acıqlı uşaq olmağa başlayır. Lakin Dilarə təslim olmur. O, bir yandan ürəyinə övlad dağı çəkilmiş ananı incitmədən, qəlbini yaralamadan özünü sübut etməyə çalışır, digər yandan da İsmayılın qəlbini ələ almaq istəyir. Təbii ki, xeyirxahlığı, fədakarlığı, şəfqəti sayəsində Dilarə buna nail olur. Film xoşbəxt sonluqla başa çatır.

1960-cı ildə Bakı Televiziya Studiyasında Kamil Rüstəmbəyov tərəfindən çəkilmiş "Aygün" tammetrajlı filminin ssenarisi Səməd Vurğunun eyniadlı poeması əsasında yazılmışdır. Filmdə təzə ailə qurmuş iki gəncin münasibətlərindən, ailə problemlərindən danışılır. Aygün obrazını da sevimli aktrisamız Nəcibə Məlikova yaradıb. İlk Azərbaycan televiziya bədii filmi sayılan "Aygün" filmində digər baş rolları Həsənağa Salayev, Rəna Topçubaşova kimi aktyorlar oynayıb.

Aygün konservatoriyanın yetirməsi, istedadlı bəstəkardır. Lakin onun sevib-seçib ərə getdiyi adam sənət dünyasından uzaq sahədə çalışır. İlk vaxtlar hər şey yolunda getsə də, Əmirxanın yersiz qısqanclığı ucbatından ailədə tarazlıq itir. Aygün sevimli sənətiylə ailəsi arasında seçim qarşısında qalır. Ailə dağılmaq təhlükəsiylə üz-üzə olanda, hətta dünyalar şirini körpə də ailəni xilas edə bilmir. İllər ötür, Əmirxan səhvini anlayır, dağılmış ailə bərpa olunur, ailə yenidən birləşir. Ancaq itirilən zamanı, boşa xərclənən illəri kim geri qaytaracaq?

Bu gün də Azərbaycan qadını Aygünün üzləşdiyi problemlə üzləşməkdədir. Hələ də bir çox qadınlar sənəti, işilə ailəsi arasında seçim qarşısında qoyulur, ya ailəsi dağılır, ya da karyerasından, xəyallarından imtina etməli olur. Səməd Vurğun "Aygün" poemasıyla əslində günümüzədək aktual olan bir məsələdən söhbət açırdı. Həmin problemi ekranlara daşıyan sənətkarlar mənəvi dərs verməyə çalışırdılar.

"Onun bəlalı sevgisi" (1980; rejissor Ziyafət Abbasov) filminin baş qəhrəmanı Şövkət cavan, gözəl, fabrik direktoru olan qadındır. Şövkətin bir dəfə ailəsi dağılıb, onu başa düşməyən adamla yolları ayrılıb. Ondan sonra özünü tamamilə işinə həsr edib, az qala qadın olduğunu, qadınlıq hisslərini, arzularını, bir sözlə, "qadın səadəti"ni unudub. Bir gün diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçən tələbə Bəhruz fabrikə təcrübə dalınca gəlir. Bəhruz (Mikayıl Kərimov), Şövkətin (Nataliya Tağıyeva) ürəyindəki buzları əridə bilir, onu ətrafındakı zərərli qüvvələrdən qoruyur, təkcə işlə, fabriklə bağlı gözlərini açmır, həm də qadının həyat, sevgi və xoşbəxtlik barədə fikirlərini dəyişir. Şövkət xoşbəxtlik, çoxdan unutduğu sevgi, nəhayət, özü haqqında düşünməyə başlayır. Sərt, ciddi xarakterli fabrik direktoru birdən-birə şən gülüşlər saçan, yeniyetmə qız kimi həyəcanlanan, duyğulanan, sevən, sevilən qadına çevrilir.

Azərbaycan kinosunda yazıçı, ssenarist, rejissor Həsən Seyidbəylinin yaratdığı qadın obrazlarının xüsusi yeri var. Bunlardan biri "Telefonçu qız" (1962) filmidir.

"Telefonçu qız" filminin qəhrəmanı Mehriban elə adı kimi mehriban bir qızdır. O, həyatda öz yerini tapmağa çalışan, dünyanı, ətrafı, cəmiyyəti öyrənmək istəyən, ilk məhəbbətlə tanış olan səmimi bir obrazdır. İlk məhəbbətlə tanışlıq ona əvvəlcə sevinc vəd etsə də, o, kədərlə üzləşir, xəyalları puça çıxır. Rastına çıxan, sevdiyi adam xəyalındakı obraza çata bilmir, ancaq Mehriban heç də ruhdan düşmür. O, əvvəlkindən də artıq səylə işləməyə, insanlara mehribanlıq göstərməyə, xeyirxahlıq etməyə başlayır. Gənc qız kədəri özündən qovur, insanlara bundan sonra ehtiyatla yanaşmalı olduğunu düşünsə də, onlara inamını tamamilə itirmir. Mehriban rolunun ifaçısı gözəlliyi ilə tamaşaçını ekran qarşısında kilidləyən ukraynalı aktrisa Raisa Nedaşkovskaya, Zakir rolunun ifaçısı isə Nodar Şaşıqoğlu idi.

"Xoşbəxtlik qayğıları" (1976, Həsən Seyidbəyli) filminin ana obrazı Rüxsarə (Şəfiqə Məmmədova) ərinin ölümündən sonra özünü uşaqlarına həsr eləmiş, qadın sevincini, səadətini unutmuşdur. Çoxuşaqlı ailənin əsas yükü indi onunla oğlu İbrahimin çiyinlərindədir. Ananın arzusu budur ki, beş qızının hamısını el adətilə, bahalı cehizlərlə ər evinə köçürtsün. Ananın bu inadı ucbatından qızlar sevdiyi oğlanlara qovuşa bilmirlər. İbrahim isə bacılarına cehiz düzəldə bilmək fikrilə lap başını itirib. Ancaq qızlar birləşib Rüxsarəni və qardaşları İbrahimi inandırırlar ki, xoşbəxtlik cehizlə, şan-şöhrətlə ölçülmür.

Qızların xoşbəxtliyə gedən yolda ən böyük maneələri olan cehiz haqqında ananın köhnə fikirləri get-gedə sarsılır, o, müasir dövrün tələblərinə uyğun davranmağa başlayır. Ancaq bu mövzu hələ də Azərbaycan qadınının gündəmində olan, onun xoşbəxtliyə gedən yolunda əngəllər yaradan, hətta deyərdim ki, çox vaxt taleyinə təsir edən problemlərdən biri olaraq qalır. Məhz bahalı cehiz gətirə bilməyəcək deyə oğlunun sevdiyi, seçdiyi qızı gəlin olaraq görmək istəməyən adamlar hələ də mövcuddurlar. Yaxud da hansısa qızı məhz gətirəcəyi cehizə görə gəlin namizədi olaraq görə bilən adamlar hələ də var. Həsən Seyidbəylinin ötən əsrin 70-ci illərində toxunduğu bu mövzu təəssüflər olsun ki, insanımız, cəmiyyətimiz üçün hələ də aktual olaraq qalmaqdadır.

Bu filmə görə rejissor Həsən Seyidbəyli Riqada keçirilən X Ümumittifaq Kinofestivalında "Məişətdə keçmişin qalıqlarına qarşı mübarizə və yeni mənəvi normaların təsdiqi mövzusunun işlənməsinə görə" münsiflər heyətinin diplomu ilə təltif edilmişdir.

 

Sevinc ELSEVƏR

 

Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.32.