Sıradan bir gün
"Bir küçüyün sərgüzəştləri"
seriyasından
Hekayə
Gecə
ulduzlu yorğanının altında mürgü döyürdü...
Qaxaca dönmüş karton qırıqları, əzik-üzük
"Koka-kola", "Pepsi" bankaları, etiketlərini
çoxdan gün yandırmış plastik su butulkaları
arasında vurnuxan siçovulların
xışıltısına ayılanda gecədən xeyli
keçmişdi. Yanında məskən saldığı
komadan səs-səmir gəlmirdi; deməli, "ev sahibləri"
uyuyurdu. Bir az kənara çəkildi.
Ağzının seliyi köpükləndiyindən
ac olduğunu yəqin etdi. Dilini uzadıb
burnunu yaladı. Neçə gün idi
dişinə ət dəymədiyindən xifət eləyib səxavətli
xozeynini yada saldı. Fikirləşdi ki, görəsən,
səfərdən qayıdıb məni həyətdə
görməyəndə üzüləcəkmi?..
Görəsən, insanlar da heyvanlar kimi isinişib sevdiyinə
sadiq qalmağı bacarırmı?.. Cavan
xanım mənim dalımca nələr danışıb,
adıma nələr qoşub görən?..
Bilsəydim...
Keçirdiyi o xoş günlər üçün darıxdı. Qızılı
nimçəsi, şampunlu vannası, kəlməbaşı
yalan danışan qulluqçu qız, geniş otağı,
yay mətbəxinin yanındakı taxta evciyi yadına
düşdü. Bir də, qızardılmış dana əti.
"Yəqin
ki, gənc xanımın xozeyinimə etdiyi xəyanətə
göz yumsaydım, evə kimin gəlib-getdiyini vecimə
almasaydım, hələ də şellənirdim... Nəyim qəhət
idi?.. Yox, zibillik mənlik
deyil. Gərək dözəydim...".
Bu fikirlərlə
dikəlib, soyuq sudan
çıxıbmış kimi silkələndi. Burun dəliklərindən axan acı su
ağzının seliyinə qarışdı. Hər yan yem ilə doluykən, elə bil onun
üçün dilə vurulası, dişə çəkiləsi
şey qəhətə qalmışdı. Hər
şeyin təzəsinə öyrənmişdi axı... Hannan-hana dili sallana-sallana, burnu iy çəkə-çəkə,
yola tərəf, axırıncı boşalan
maşınların yerinə çatdı. Yarıdan çoxu eşələnmiş iri zibil topasının
ətrafına fırlandı.
Birdən bir cüt işıq seli havada oynadı, gah
nöqtə kimi görünən ulduzların arasında əridi,
gah buz üstə sürüşən uşaq kimi guruppultuyla
yerə çırpıldı, sonda divardan yapışaraq
tarazlığını güclə saxlayan sərxoşsayaq
zibil topasının üstündə donub qaldı. Bu, şosedən
dönüb əyri-üyrü torpaq yol ilə zibilxanaya gələn
maşının işığıydı. Gecənin bu dəmində gələn
çağırılmamış qonaq maşını əylədisə
də, hələ işığı keçirmədi.
İşıq düşən nöqtədə
polietilen plyonkaya bükülü ağappaq toyuq onun gözlərinə
sataşanda maşını unutdu. Market
vitrinindəki kimi iştahalı görünən bu toyuq onun
ruzisi idi.
"Görəsən, niyə atıblar? Təptəzədi ki?.. Çox vaxt insanları
başa düşmək olmur". Düşünmədən
ona sarı atıldı, iti dişlərini toyuğun
yağlı döşünə keçirib zibil
topasının qaranlıq tərəfində gözdən
itdi.
Həmin an faralar qapandı. Başı
didib-parçaladığı toyuğu acgözlüklə
yeməyə qarışmışdı deyə,
maşının iki qapısı da açılıb birdən
çırpılanda diksindi.
-
Çox uzağa qoyma! Tələs!.. -
Əsəbi kişi səsiydi.
- Bəlkə...
Qurban olum, Ruslan, günaha batırma
özünü... -Hıçqırtılı qadın səsi
titrəyirdi.
- Bitdi!
Danışdıq axı... Başımı çöndərmə,
yoxsa...
-
Yaxşı, yaxşı... Axı... Bəlkə... Gəl...
- Uzatma!..
-
Ba-car-mı-ram...
- Məni
cin atına mindirmə, sənin ananı!..
Tez elə, yoxsa səni də... bu zibillikdə buraxıb gedərəm,
qurd-quşa yem olarsan!
- Ruslan!..
- Çəkmə
adımı!.. Tələs!..
-
İlahi, bu nə zülümdü?!
- Sənə
demişdim mənə problem yaratma. Demişdim?!
Qadın için-için ağlayır.
-
Demişdimmm?!
-
Hıı...
-
Zarıma!.. Qoydun?..
Gedirik... Maşına!..
Kişi
gecənin sakitliyində elə bağırdı ki, az qala göydəki ulduzlar çilik-çilik
olub yerə səpələnəcəkdi.
İt, yarımçıq tikəsini unudub acıqla
hürdü.
Sanki şübhəli gecə qonaqlarına
"buralar sahibsiz deyil!" demək istəyirdi. Qadın qorxdu. "Ay it!.. Cəhənnəm
ol!.. Toxunma ona!", -
deyə qoyduğu əmanətdən uzaqlaşdırmaq
üçün çığırdı, yerdən nəsə
götürüb ona tərəf tulamazladı. İt
daha da əsəbiləşdi. Mırıldadı.
Bir də hürdü. Kişi:
- Tez
maşına otur! - Bağırdı. - Bircə itimiz çatmırdı...
- Onu
pa-parçalayar axı?.. Bəlkə
quduzdu... Mən... - Qadın həyəcanla kəkələyib
hıçqırırdı.
- Min
maşına dedim! - Qadını itələdi...
Qapılar çırpıldı, motor işə
düşdü, faraların sarımtıl
işığı ətrafa yayıldı. Çox
keçmədi ki, maşını dalınca qovan işıq
"ağzını" şoseyə tuşladı.
İt
maşının arxasınca cumub hürdü, hikkəylə
hürdü, yolun kənarındakı səbəti
"unutduqları" üçün hürdü...
Və boşluğa hürməsindən özü də
usandı. Ləhləyə-ləhləyə geriyə,
atılmış bağlamaya yanaşdı. Dilini sallayıb toxtamaq istədi. Dayanıb qarşısındakı səbətdən
yayılan, bu yerlərə yad, zərif süd qoxusunu burnuna
çəkdi. Bir az da
yaxınlaşdı. Toxunma səbətin
içində hələ dünyanın, insanların,
sevginin, nifrətin varlığından bixəbər, tələsik
bələnmiş məsum bir körpənin gözləri
parıldayırdı. Harda olduğunu
anlamasa da, qaranlıqdan ona zillənmiş yad baxışdan
diksindi, bəlkə anasından həmişəlik
ayrıldığını hiss etdiyindən qorxdu?
Döş axtarırmış kimi qızılgül ləçəyinə
bənzər dodağını açıb yumdu, havanın
boşluğunda süd qoxulu döşün giləsini tapmadı,
ağzını büzdü, bələyində qurcalanıb
etiraz əlaməti olaraq əvvəlcə
hıqqıldadı, sonra qəfildən gur səslə
ağladı...
Səbətdə çığıran körpəyə
baxdı. Onu sakitləşdirmək üçün
başını gah sağa, gah sola döndərdi, ilıq, nəm
dilini sifətində gəzdirdi. Deyəsən,
bu, körpənin xoşuna gəldi axı. Sakitləşdi.
Səbətin qulpunu dişinə alıb ehtiyatla
qaldırdı. Möhkəm çənəsindən nəhəng
palıd budağından asılmış yelləncək kimi
sallanan səbəti dünəndən
sığındığı komanın ağzında yerə
qoyandan sonra rahatlandı. O bu ucsuz-bucaqsız
çöllükdə sahibsiz körpəni təslim edəcəyi
etibarlı özgə yer tanımırdı.
Yumşaq
polietilenlə örtülmüş "qapı"nı burnuyla açdı; içəri dolan
yad nəfəs şamın zəif şöləsini
oynatdı. Neçə ildi meqapolisin nəhəng
zibilxanasını özlərinə təhlükəsiz
sığınacaq seçmiş evsiz-eşiksiz ahıl
"sevgililər" mışıl-mışıl
uyuyurdu...
***
- Bu... kimdi?.. Sa-şa!? Oyan görüm,
Saaşş... İlahi!..
Yuxudan ayılan qadın kabus görürmüş kimi
gah iri, qıllı başını içəri soxub
dayanmış vahiməli itə, gah da onun ayaqları
arasındakı səbətə baxıb yanında
uzanmış kişiyə qısıldı. "Sa-saşenka!", - deyə xırıltılı səs
çıxardı. Kişi yerində
qurcalandısa da, bir şey anlamayıb qadını sinəsinə
sıxdı və bu dəm körpə sancılı kimi
ağlamağa başladı. İkisi də
duruxub təəccüblə bir-birinə baxırdı.
Körpənin
ürək dağlayan naləsini eşidəndən sonra elə
bil qadın cana gəldi, sanki xatirə
burulğanı onu qoynuna alaraq unutmağa
çalışdığı, lakin unuda bilmədiyi xoşbəxt
keçmişinə apardı. O da bir vaxtlar ana olmaq arzusuyla
yaşamırdımı? Olmuşdu da.
Vasyası vardı, iki yaş tamamında metaləritmə
sexində baş verən partlayışın qurbanı olan
birinci ərindən... Sonralar... üç il
yas saxladı, sonra bir yaşlısına vuruldu. Evləndilər. Düşündü
ki, özünə ömür-gün yoldaşı, yetiminə
də ata olar. Sən demə, onun uşaqlardan zəhləsi
gedirmiş! Ona işdən qayıdarkən qabağına isti
borş, qızardılmış kotlet qoyan arvad gərəkmiş!
Daha doğrusu, qulluqçu... Beləcə, Vasyanı internata
vermiş, analığına, gəncliyinə xəyanət
edərək o vaxta kimi yaşadı ki, ərinin birinci
arvadından olan oğlu peyda oldu, ömrü boyu aliment verməyən
atasına hədə-qorxu gələrək ikiotaqlı mənzilini
ələ keçirib onları evdən qovdu!..
Atılmışların üsyanı dəhşətli
olurmuş...
...Üstündəki
nazik adeyalı kənara ataraq əlini səbətə
sarı uzatdı. "İlahi, bu ki... bu ki, körpədi... Mən yuxumu görürəm?!" - deyib, heyrətlə uşağa baxdı. "Deva-Mariya, sən özün kömək
ol!" - Xaç çəkib körpəni ehtiyatla
qucağına aldı. Bələyin altında
salfetə bükülü nəsə vardı. Açdı. Əmzikli plastik
butulkaydı, içində də süd.
Əmziyi körpənin dodağına sürtüşdürən
kimi uşaq kiridi. Süd qoxusun duyub çənəsini
işə saldı. Kişi də maraqla
uşağa sarı əyildi. Kobud barmağını
onun toppuş yanağına sürtərək nəvazişlə
əzizlədi: "Tu-tu-tuu... Mu-mu-muu... U-tu-tu-tu...".
Qadının
qayğı və sevgiyə ehtiyacı olduğuna baxmayaraq,
sanki göydən enmiş mələk simalı körpəyə
meyil salmağı kişini təəccübləndirsə də,
az keçmədi ki, özünə gəldi,
soyuq başla götür-qoy etdi, xeyli düşündükdən
sonra narahatlığını bildirdi:
- Dusya, -
dedi, - necə fikirləşirsən, məncə, hava
açılan kimi gedib polisə demək lazımdı... Dəhşətdi!
Südəmər körpəni zibilliyə
tullayıblar. Vəhşilər!..
Bu, cinayətdi, Dusenka... Mütləq bildirmək
lazımdı... Bu əl iti olmasaydı, təsəvvür
edirsən nə olardı? - Zibilliyin quduz itləri
körpəni parçalayardı, Dusya. Buralar
sahibsiz itlərlə doludur. Hələ gəmiriciləri
demirəm... Xəbər vermək lazımdı...
Qadın elə bil qorxdu. Həyəcanla başını yelləyib
"hə" dedi...
Uşağın kiridiyini görüb rahatlanan it onu saya
salmayan qocalara burada olduğunu bildirmək üçün həvəssiz
bir ağız mırıldadı. Sonra da inciyibmiş
kimi çölə çıxdı. Gecənin bu
vaxtında südəmər uşaqla zibilxanada necə peyda
olduğunu anlaya bilməyən kişi itin
dalınca çıxdı; komanın arxasına keçib
böyrü üstə uzanan köpəyin məzlum gözlərinə
baxdı.
-
Ağıllı köpəy, ağıllı!..
- dedi, başını, boynunu tumarlayıb yanında
çömbəldi. - Küsmə görüm... Bura hardan gəlib
çıxmısan, hə?.. Sahibsizə bənzəmirsən...
Ay şərəşur, bəlkə qovulmusan?!
Qadın
içəridən səsləndi:
-
Saşa, indi də iti incidirsən, uşaqsan məgər?
Əl çək ondan, axı o danışa bilmir...
Yaxşısı budur, şəhərə get, polisə... İti də özünlə apar. Yəqin, onu da axtarırlar.
Hava açılırdı. İt irəlidə,
Aleksandr Petroviç onun arxasınca şəhərə
üz tutdular.
Yol qırağına çatar-çatmaz səs
eşitdi, qulaqlarını dik tutub ətrafı dinşədi. Kişi də
irəliyə beş-altı addım atıb dayandı. Ağlını itirmiş gənc bir qadın nəyisə
axtarırmış kimi yolun kənarında ora-bura vurnuxur,
ağlayır, yanıqlı səslə ağı deyirdi.
İt ona sarı hürdü. Qorxmuş
qadın geri çəkilmək istəyəndə kişini
görüb bir az ürəkləndi. Kişinin "qorxma" deməsinə bənd olan,
ağlamaqdan, yuxusuzluqdan gözləri şişmiş
qadın ona yaxınlaşıb, dili-dodağı titrəyə-titrəyə
başına gələnləri danışdı.
Kişi onu sakitləşdirib qolundan tutdu və
"uşağın, bu itin sayəsində etibarlı yerdədi"
deyib, könhə zibilxanadakı sığınacağına
sarı apardı.
Gördüyü mənzərədən gənc
qadının ürəyi sürətlə döyünməyə
başladı; Rafael Santinin Madonnası kimi qucağında
mışıl-mışıl uyuyan körpəylə
yaşlı qadını görüb heyrətə gəldi. O, balasını bələyindən
tanıdı. Qarşısında canlanan bu mənzərə,
bütün gecəni ağlamaqdan yaşı qurumuş
gözlərinə nəm saldı. Nazik
donunun altında körpə dodağına həsrət,
südlə dolub daşan döşlərinin gilələri
sızıldadı. "Bu mənim tifilimdi!.. Hə, hə, mənimdi... körpəmdi...", - deyə qışqırmaq istədi. Boğazı qəhərdən qurumuşdu, səsini
özü eşitdi. İndi başa düşdü ki,
bəlkə də gecə daşladığı bu it,
körpəsini ölümdən qoruyan mələk imiş!.. "İlahi, sənə şükür,
bu ki möcüzədi!..".
Titrək əllərini körpəyə sarı
açdı.
Yevdakiya yenicə isinişdiyi bu məsum varlığı vermək
istəmirdi sanki; bir az da sinəsinə
sıxdı, amma nə fikirləşdisə, ananın
iztirablarına son qoymaq üçün, körpəni
ehtiyatla, bir az tərəddüdlə, qadının bayaqdan
havadan asılı qalmış qollarının üstünə
qoydu. Ananın mavi gözlərinə
işıq, ürəyinə toxtaqlıq gəldi.
-
Tanrı sizi qorusun! - Titrək səslə deyib, bağrına
basdığı körpəsiylə Yevdakiyanın
qarşısında diz çökdü. Bir zamanlar ana
olacağını biləndə kilsədə şam
yandırıb çarmıxa çəkilmiş
İsanın qənşərində çökdüyü
kimi...
Ahıl
qadın titrəyən əlini onun başına çəkib
həyəcanla:
- Dur, -
dedi, - qızım, sən neynirsən?! Bu, günahdı... Belə
olmaz... Mən... mən Tanrı deyiləm...
Mən... mən, əslində, heç
kiməm, heç kim...
Gənc qadın ayağa qalxıb onu doğma anası
kimi qucaqladı.
Kənardan iki talesiz qadını seyr edən Aleksandr
Petroviç çömbələrək, günahsız
körpənin məchul gələcəyini fikrləşib
itin boynunu tumarlayırdı.
Acgözlüklə
anasının döşünü əmən körpə
tamarzı qaldığı halal ruzisindən əl çəkmək
istəmirdi...
Sanki
öz doğma balasına qovuşmuş Yevdakiya, uzun illərdən
bəri unutduğu Tanrısına şükürlər dilədi...
Aleksandr
Petroviç hələ də itin boynunu qucaqlayıb
oxşayırdı...
Uzaqda -
aldadıcı, gözqamaşdıran işıqlarıyla,
gecə-gündüz hay-küyüylə xam, sadəlövh
insanları özünə cəlb edib içində boğan nəhəng meqapolis növbəti səhərinə
göz açırdı...
Öz
övladına qovuşmuş gənc ana aldadılmış, əzilmiş,
təhqir edilib ləkələndiyi şəhərdə
görə bilmədiyi sevgini, təmənnasız
qayğını tanımadığı sadə insanlar
arasında tapdığına görə necə də
xoşbəxt idi!..
Yaşar Bünyad
Ədəbiyyat qəzeti.- 2021.- 23 oktyabr.- S.30-31.