Dörd nömrəli kağız
Hekayə
...Qardaşım
verdiyi sözə əsl kişi kimi əməl
elədi; demişdi, il təhvil olan gün mənə
hinduşka kababı verəcək. Binamızın
altındakı kafedə bişirtdirib isti-isti gətirdi, qoydu
stola. Mən də bir litr "ceyran südü" gizlətmişdim,
- xalamın əri həyətdəki ağ
tutdan çəkmişdi. Deyirdim, elə bir
gün olsun, anam evdə olmayanda qoyum qarşıma,
yavaş-yavaş dəmlənim. Onu da gətirib
qoydum stola, bacım da süfrəni düzürdü, qədəhləri
gətirdi. Lənətə gəlmiş
bu üzü qara telefon elə bizi güdürmüş.
Mən heç, mənim dəstək
götürməkdən zəndeyi-zəhləm gedir, bu
işlərə həmişə bacım baxıb. Loxəbər
bibim idi; dedi baban öldü. Uşaqlara denən,
tez köməyə getsinlər. Ruhum elə
bil sürüşüb əynimdən düşdü,
çökdüm stola. Biz axı, bu günə
xüsusi hazırlaşmışdıq, özü də nə
həvəslə... Bu günə qədər həmişə
qardaşımla sözümüz toqquşardı, bayram
günü ilk dəfə üz-üzə oturub qədəh
toqquşduracaqdım. Hinduşkanın kababı, dolu qədəhlər...
Hirsimdən qəhərləndim!
Əlacım
olsaydı, qabağına çıxıb deyərdim: Bu əziz
bayram günü, göyün yerə ələndiyi bu
şaxtalı vaxtda adam da
yıxılıb ölərmi, ay Kəblə Məmməd? Niyə bizə yazığın gəlmədi?
Noolardı, ikicə saat da canını
dişinlə tutaydın, bir-iki tikə o hinduşkanın tikələrindən
isti-isti göz doyunca yeyib, boğazımızı
isladaydıq.
Qardaşım məndən tez durub paltosunu geyindi, şərfini
boğazına doladı. O, çəkmələrini geyinənə qədər
tikənin birini oğurluq götürüb çeynədim. Di gəl, nə qədər elədim, udquna bilmədim,
elə bil Kəblə Məmmədin o iri dəmirçi əlləri
boğazımdan yapışmışdı.
Evdən çıxdıq, vallah, evdən
çıxılası hava deyildi. Yaşımın bir
ilini çıxsam, on altı ildə mən belə qar
görməmişdim. Düz kəmərimə
qədər qalxmışdı. Bir
maşın da gözə dəymirdi. Düzdü, bəzi
yolları birtəhər kürüyüb
açmışdılar, ağ səngərin
içiylə gedirdik. Elə onu fikirləşirdim
ki, bu havada qarın altından torpaq tapıb, qazıb
ölü basdırmaq olar? Yaxşı,
torpağı da tapdın, qazdın, o boyda Kəblə Məmmədi
çiyninə alıb o uzaqlıqda qəbiristanlığa
sürüşə-sürüşə necə aparmaq olar?
Deyirəm də, tərsin biriydi, gör nə
cür havada ölüb hamını zülümə
saldı. Babamı tanıyanın
hamısı ona Kəblə Məmməd deyirdi, biz əmioğlanları
dəyişib Kəlləmayallaq eləmişdik. Bir dəfə
babam məsciddən çıxıb evə gedirdi, biz də
məktəbdən qayıdırdıq, - hələ o vaxt bir
həyətdə yaşayırdıq, - gördük kişi gedir. Qırmızı kərpicli
divarın tinində dördümüz də gizləndik.
Mən burnumu tutdum səsimi tanımasın, qardaşım, əmim
oğlanları səslərini bir az dəyişdilər,
dalınca qışqırışdıq; Kəlləmayallaq!
Kəlləmayallaq! Bir ayağımız
qaçmağa hazır dayanmışdı. Onun əlindən dəmir-dümür canını
qurtara bilmirdi, qalsın biz. Əlləri də
poladı döyməkdən çəkicə
dönmüşdü. Babamın bir
qapazı adamın gözünü ovcuna tökərdi. Bilirdik eşidir, bilir onu
çağırırıq, di gəl, özünü o yerə
qoymadı. Bizi də şeytan
qıdıqlayırdı. Arabir
özümüzü yığışdırıb bir də
çağırırdıq. O uzaqlaşdıqca da cəsarət
bizə güc kimi gəlirdi. Mən çöməldiyim yerdən
durub bu dəfə lap ucadan, özü də açıq səslə
çağırdım; Ay Kəlləmayallaq! Kəlləmayallaq
he-ey! O getdi. Biz onun dalınca getmədik,
şübhələnə bilərdi, adamın üzünə
baxanda beynini oxuyurdu, bu da mənim xoşuma gəlmirdi. Qoymurdu adamın özünə sirri qalsın.
Heç vaxt ondan xoş söz eşitmədik.
Bir dəfə də olsun birimizi tərifləmədi,
əzizləmədi. Əvvəllər at
yerinə, it yerinə göndərirdi, gedirdik, bir quru sağ
ol da demirdi. Üzündə adi bir qımışma, - təbəssüm
də yox ha, elə-belə dodağı qaçsın, -
görmədim. Qaşlarını düyünləməkdən
iki qaşının arası həmişə qançır
olurdu. Alnının ortasında da
möhürün izi damğalanmışdı. Köynəyinin qollarını yay-qış dirsəyə
qədər çirmələyirdi, sal dəmirdən
tökülmüş biləklərini elə bil
gözümüzə soxurdu. Barmaqları
da armatura oxşayırdı.
Biz də qisas alırdıq. Onun dəmirçixanası
həyətdə, darvazanın lap yaxınındaydı;
qapıdan girəndə sağda. Həmişə
də orda olurdu, zindanın cingiltisindən nə səhər
rahat yatmaq olurdu, nə axşam televizorun səsin eşidə
bilirdik. Qapının başına kilsə
zınqırovundan düzəltmişdi, kəndirini yoldan
dartıb, qaçırdıq. O da elə bilirdi kimdisə
sifarişə gəlib, gəlib açırdı
qapını, görürdü heç kim
yoxdu. Kəndiri qısaldanda başa
düşdüm ki, bilib mənəm. Ən
kiçiyi mən olduğumdan, boyum da nisbətən
qısaydı. Amma mən də bir boyda
qalmadım axı, genim ondan gəlmişdi, uzanırdım.
Əlim çatanda ta zəngi çalıb
qaçmadım. Məktəbdən gələndə
durub gözləyirdim gəlsin qapını açsın, o
da kəndir çəkməyimizdən məni, əmim
oğlanlarını, qardaşımı,
başqalarını tanıyırdı. Açmırdı.
Mən zınqırovu çanqa-çaranq eləyirdim,
o da çəkici zindana daha möhkəm vururdu. Sonra da
məcbur olub gəlirdi, əvvəl əlini belinə qoyub
dururdu qapının arasında, yuxarıdan aşağı
nifrətlə baxırdı, bircə qardaşımla mənim
atama-anama söymürdü, amma özümüzü ən
murdar məxluqa tay tuturdu, deyirdi, mən sənin
nökərinəm, sənə qapı açanam?
Üzünə bir söz demirdim, arxasına dönəndə
ağzımı, gözümü əyirdim, baş
barmağımı burnuma yapışdırıb
barmaqlarımı oynadırdım... Maral buynuzu
edirdim.
Gəlib çatanda ayaqlarımız
islanmışdı. Üşüyürdük. Heç
vaxt bu qapıya sevinə-sevinə gəlməmişdim, bu
gün də həm ac, həm də ayaqlarım suyun
içində... Mənim nə işləməyə
həvəsim qalmışdı, nə də buyuruğa getməyə.
Yaxın qonşular yoldan həyətə, ordan
da pilləkənin ayağına kimi qarı sağa-sola
kürüyüb yol açmışdılar, hələ də
əlləşirdilər. İki iri
samovarın tüstüsü yayılırdı.
Evin tinində, qar başına yağa-yağa, bir
ayağını qoyub, o birini götürən, əllərini
ovxalayan böyük əmim bizi görəndə yanına
çağırdı. Dedi, düşün aşağı, Həsən əminiz
gözləyir. Pilləkənin altından zirzəmiyə
endik. Köhnə nə var idisə,
hamısı burdaydı; yazıq nənəmin işlətmədiyi
cehizlik sandıqlarından tutmuş, babam xəstələnəndə
əlindən düşən çəkic-zindana qədər.
Əmim nənəmin sandığının
üstündə oturmuşdu, qarşısındakı stolun
üstündə qazan var idi. Bizi görəndə
elə bil sevincək oldu, əliylə tələsdirdi, gəlib
onun qarşısında əyləşdik. İki qədəh çıxarıb
qarşımıza qoydu, sonra əyilib böyründən
butulkanı götürdü, süzdü, qazanın
qapağını açıb hərəmizə bayram
aşının yağlı qara tikələrindən
uzatdı. Bu vaxta qədər o həm də
tapşırıq verirdi:
Kömək lazımdı. Gələn-gedən
çox olacaq. Yolu təmiz saxlayın.
Vurun görüm, bu havada çöldə
durmaq çətin olacaq. Qanınız
donar.
İçdik, əmim çəngəlin ucunda hazır
saxladığı iri yağlı tikəni hoppultuyla yedim. O hələ də bizə
tapşırıq verirdi. Öz oğlunu stul
daşımağa göndərmişdi. İkincini də
içəndə bədənimə mədəmdən
yayılan istiliyi hiss elədim. Düyüdən
qaşıqlamağa qoymadı. Dedi, araqla düyü
olmaz, mədəndə şişər, durun gedin. Üşüyəndə gələrsiz. Əminə də denən gəlsin.
Biz aşağıdan çıxanda başım
yüngülvari hərlənirdi. Qulaqlarımın
qızardığını, istiləndiyini hiss edirdim. Gəlib durduq əmimin yanında.
Qardaşım əmimə dedi ki, aşağı getsin. O da
getməyə fürsət tapmırdı. Bu
havada elə qonum-qonşu qatar-qatar gəlirdi. Gələnlər üçümüzün
qarşısından keçir, biz də əmimə baxıb
sağ əlimizi sol döşümüzə qoyub
yüngülcə təzim edirdik. Hamıya
da eyni sözü deyirdik; "Ölənlərinizə rəhmət".
Bilirdim, yazıq əmim bu adamların əlindən
təngə gəlmişdi. Axır
dözmədi Həsən əmim, gəlib postu dəyişdi,
o da qaçaraq aşağı getdi.
Mən üşümək istəyirdim, istəyirdim əmim
görsün işləyirəm, özü də çox
üşüyürəm. Gedib beli
götürüb onsuz da açıq olan yolun
üzünü qaşıdım.
Əmim
gördü işə həvəsliyəm, dedi bağa tərəf
yol açaq. Bax, bunu heç istəmirdim, amma məcbur
olduq. İki qardaş qarı
kürüyürdük. Qulağımız
da səsdəydi, deyirdik indi əmim çağırar, bu
saat çağırar. Ürəyinə
insaf düşər. Elə başı
açılanda yadına düşdük. Haqq üçünə, o, həmişə bizim
qayğımızı çəkərdi. Göndərdi bizi aşağıya. Dedi, əl-ayağınızı
don vurar, özü qalxdı yuxarı. Biz
özümüzü aşağı güclə saldıq.
Əmim durub həyətə çıxdı.
Qaldıq iki qardaş. Arağın
yerini görmüşdük. Bir qazan
şabalıdlı, ərikli yağlı aş-qara stolun
üstündə... Düzdü, bir az
soyumuşdu, amma olsun də, yoxdan yaxşıdı. İlk dəfə
qardaşımla qədəh toqquşdurmaq üçün
uzatdım, dedi olmaz, yasda altın yerə vurub içərlər.
Durmaq istəmirdik. Yaxşı
ki, durmadıq da; əmim oğlanları da gəldi. Onlara da süzdük. İçdilər.
Birdən əmim oğlu dedi ki, Kəblə Məmməd indi,
doğrudan da, kəlləmayallaq oldu. Gic gülmək
tutdu bizi. Qəhqəhə çəkib
gülürdük. Nələrsə
yadımıza düşürdü, deyirdik, uğunub gedirik.
Bu arada da qardaşım süzür biz
içirik, süzür, onlar içirlər. Səsimizə
əmim gəldi, gördü yox, bizim halımız o haldan
deyil, qovdu, dedi, bir də bura girməyin. Gedin,
xar tuta çatana qədər enli yol açın. Gülmək dayanmırdı,
hıçqırıq kimi tutmuşdu. Güləndə
də adamın əli-qolu boşalır axı, bel əlimizdən
düşürdü, bir metr gedə bilmirdik. Səsimiz də yəqin, elə samovarın
tüstüsü kimi həyətə yayılırdı.
Amma biz o halda deyildik. Hərdən
əmim qardaşını danlayırdı, deyirdi, nahaq
uşaqları qudurtdun.
Axır ki, xar tutun yanına çatdıq, burda nə qədər
istəsək deyib-gülə bilərdik. Nə görən
var idi, nə səsimizi eşidən, di gəl, elə bil
soyuq bizi ayıltdı, gülüşümüzü don
vurdu. Həsən əmim işimizə baxmağa gəldi,
tapşırdı ki, ətrafı bir az da
genişlədin, sonra da gedin dincəlməyə. Qeyri-ixtiyari soruşdum ki, əmi, aşağı
getsək olar? Ayağımız buz
bağlayıb. O da baxdı-baxdı, başını tərpətdi:
Gedin... - deyib getdi.
Hərəmiz bir istiqamət götürüb həvəslə
tala düzəltdik, getdik aşağı. Əmim bu dəfə
hərəmizə bir armudu stəkanda çay göndərmişdi.
Dəmirçixananı yuyat yerinə çevirdilər. Onda eşitdim
əmimi; axunda məsləhət edirdi, istəyirdi babamı həyətdə
dəfn eləsinlər. Deyirdi, yolların
nə vaxt açılacağı məlum deyil, bu havada burdan
qəbiristanlığa getmək də mümkün deyil, evdə
də neçə gün saxlayasan? Elə
ən yaxşısı həyətdi, adamın qəbri
öz həyətində olar, mən də tez-tez ziyarət edərəm.
Əmim dost-tanışına baxıb
sözünə qüvvət axtarırdı. İstəyirdi
sabah qınayan olmasın. Məscidə
yığışanlar deməsinlər Kəblə Məmmədin
oğlanları onu urvatsız elədi. Axır
ki, sinif yoldaşımın babası dilləndi. Dedi, həyətdə
qəbir olmaz. Bunun bu günü-sabahı var.
Əmimin dostu razılaşmadı. Dedi, ay ağsaqqal, qəribə
adamlarıq ey, vallah, sağ olanda deyirik ana belə müqəddəsdir,
ata belə ocaqdı, pirdi, övliyadı, mən nə bilim nədi,
öləndə də kənddən çıxarıb
bir-iki kilomter də uzağa aparıb atırıq çuxura,
üstünə də plitə düzüb
torpaqlayırıq. Elə bil qorxuruq
çıxıb qaçar. Bir bayram gedərik,
ikinci bayram kimsə yada salar, sonra yavaş-yavaş
ayağımız kəsilir. Bəhanələr
imkan verməz getməyə. Gedəndə
də axtarıb yerini tapa bilmirik. Yaddan
çıxıb gedir. Nəvə-nəticə də
bilmir ey, babası, babasının atası kim
olub. Elə bilir göbələkdi, yerdən
çıxıb. Odey, qadasın
aldığım yaponlar, bilirsiz neynirlər? Yandırırlar, sonra da külü
yığırlar bir kuzənin içinə üstünə
də resept kimi ölənin adını, tarixini yazıb,
qoyurlar rəfə. Hərə öz
atasını, babasını qoyur yan-yana, uşaq da baxanda
görür kökü, əcdadı kimdi, hardan gəlib.
Uşaq da yeddi arxa dönənin tanıyır.
Tez-tez də yad edir, deyir elə evimizin
içindədi. Hələ bir onun sənətini
də davam etdirir. Bizim nəvələr
bilmir ey, babalarının qəbri hardadı. Şəxsən mən də bilmirəm. Yaddaşıb gedirik.
Axund etiraz elədi. Dedi, olmaz, şəriətdə də var: qəbir gərək
itsin. Əmim dedi, ay Məşədi, elə bizi bu günə
qoyan şəriətdir də, niyə qəbir itsin? Kökümüz, ulu babamız kimdi bilməyək?
Orda ata-babamızın qəbri yoxdusa, bu
torpağın nəyi müqəddəs olacaq? Otu-ələfi? Biz heyvan deyilik
axı. Millətik, sürü ha deyilik. Sənin dediyin
düşmən siyasətidi, fitnə-kələyidi, əşşi,
həmişə istəyiblər bu torpaqlardan izimiz-tozumuz
itsin. Gəlib sahib çıxsınlar.
Deyəsən, əmimin sözü çoxunu
özünə tərəf çəkmişdi, onunla
razılaşırdılar, bircə axund elə hey şəriətdən
misal gətirirdi. Hər dəfəsində də əmim
ağzından vururdu. Sən demə, babam
vəsiyyət edibmiş ki, onu atamın yanında
basdırsınlar. Axund da dedi, vəsiyyəti yerinə
yetirmək oğulun borcudur, şəriət də bunu tələb
edir. Kəblə Məmməd gərək
oğlunun, arvadının yanında uyuya.
Əmim
dilində söz saxlayan adam deyildi, nəyinsə
xətrinə güzəştə getməyi də yox idi. Kəblə Məmmədin böyük oğluydu
axı. Elə söz dedi ki, axundun burnu sallandı, o
küsüb gedəndə əmim əhvalını da
pozmadı. Hələ o, darvazadan
çıxmamışdı dalınca eşitdirdi ki, dərdin,
azarın qəbir yerinin puludursa, halal xoşun olsun, atam verib sənə,
mən geri alan deyiləm, narahat olma.
Meyiti
yumaq üçün qazanlar qaynayanda, həyətdə ara qızışdı, mübahisə
böyüdü. Qonşu hamını başa salmaq istəyirdi
ki, sabah siz də öləndə, qəbriniz
batacaq. Ot-çayır bitəçək
cığırında. Bu Kəblə Məmməd
zülümlə, zillətlə, dəmir döyə-döyə
anasız dörd uşaq böyüdüb. Bu həyət-bacanı, ev-eşiyi qurub. Bəs,
rəhmətliyin haqqı yoxdu qəbri bu həyətin bir
küncündə ola? Yurdunda
qala? Böyür-başını
uşaqları, nəvələri gülə-çiçəyə,
bağa-bağçaya çevirə? Gərək
elə kənddən çıxa? Vallah,
birinizin də qəbri yada düşməyəcək o qəbiristanlıqda.
Qəbiri qorumaq lazımdı, ey kişilər,
itirmək yox. Orda yatan
atamız-anamızdı. İldə bir dəfə
yada düşür, ya yox. Bir
yadınıza salın görüm axırıncı dəfə
nə vaxt ziyarətə getmisiniz?
Qonşudan sonra, deyəsən, hamı susdu. O, əmimin qoluna girib bizim
kimi bir neçə cavanı da dalınca həyətin
ayağına gətirdi. Onda başa
düşdüm əmim xar tutun altın niyə
açdırıb. Bu tut ağacı
atamdan yadigar idi. Babam da onu bu bağdakı
ağaclardan daha çox bəsləyərdi. Qoymazdı çıxıb bir dənəsini
qıraq, deyirdi, budaqları qırılar. Mənim də bu bağda yediyim bircə elə bu tut
idi; onu da Kəblə Məmməd qoymurdu. Deyirdi, gedin heyva yeyin, əncil yeyin. Əncil dilimi dalayırdı, heyvanın da
içində qurd olurdu. Oğrun-oğrun
dırmaşırdıq tutun başına, ona da əl vuran
kimi elə bil güllə dəyirdi adama, al-qana
bulaşırdıq. Kəblə Məmməddən
bunu gizlətmək olardı? Bir də
görürdün, uzun koğasını götürüb
söyə-söyə gəlir. Kim cəld olurdu,
düşüb qaçırdı, kim əlinə
keçdi, yediyi haram olurdu. Amma bir də
görürdün özü qayçını, ləyəni
götürüb gedirdi, nərdivanı qoyub ehtiyatla dərirdi.
Gətirib qoyurdu ortaya. Ömrümdə
iki dəfə onun ağladığını
görmüşdüm. Hər axşam
eyni vaxtda evdən çıxırdı; bir dəfə
axşam güddüm, elə bilirdim hardasa arvadı var. O
getdi, mən getdim, bir də gördüm qəbiristanlığa
girdi. Atamla nənəmin qəbri
yan-yanaydı. Oraları təmizlədi,
gülləri suladı, sonra atama nə dedisə,
ağladı. O boyda kişi əməlli-başlı
ağladı. Mən də gəlib uşaqlara
onun necə ağladığını yamsıladım, onlar
da gülüşdülər. Bir dəfə
də tut yığanda görmüşdüm. Onda bilmədim niyə ağlamışdı.
Qəbri qazmaq çətin oldu, palçıqlı yer,
hər tərəf sel-su. Amma öhdəsindən
gəldilər. Əmim qəbrin içinə,
divarlarına enli quru döşəmə taxtalarını səliqəylə
düzdü. Axund nə fikirləşmişdisə,
arxayınlaşıb qayıtmışdı. Gəlib qəbrin içindəki taxtalara baxanda yenə
etiraz elədi. Dedi gərək meyit cürüyüb
torpağa qarışsın. Biz xristian deyilik
taxtada, tabutda dəfn olaq. Bu dəfə Həsən əmim
dilləndi, çalışdı sözünü mülayim
desin. Dedi, Axund, tabutda qoyulanın ruhuyla, torpağa qoyulan ruh
eyni yerə getmirmi? Bəlkə, yuxarıda
kostyumla gedəni qəbul eləmirlər, kəfənlə
gedəni başa çəkirlər? "Yox,
- əmim dilini saxlamadı. - Gərək
ağ kəfəni palçığa qoyaq, təki məşədinin
şəriəti razı qalsın. Bu mənim
atamdı. Onu mən necə suyun,
palçığın içinə qoyum?".
Məsciddən
gələn kişi babamı dəmirçixanada
yuyurdu. Hər tərəfə xalça,
keçə örtük tutmuşdular. İçəridən
qazanın, dolçanın səsi gəlir, su
şırıltısını eşidirdim. Bir də suyun buxarı dəlmə-deşikdən
qalxırdı. Mən də bir deşik
tapıb bir gözümlə içəri baxdım. İlk dəfə meyit görürdüm.
İlk dəfə gördüm adam öləndə
onu necə yuyurlar. İçəridə iki nəfər
var idi, biri su tökürdü, o biri babamı
çimizdirirdi. Babam tərpənmirdi,
yatmışdı. Elə bilirdim onu
görsəm, qorxaram. Deyirdilər axı,
meyitə baxma, qorxarsan, amma qorxulu olmadığını
gördüm; həmişə yatılı
gördüyüm Kəblə Məmməd idi. O, xəstə
yatanda yazıq anam, küsülü olsa da, bizi bura gəlməyə,
onunla görüşməyə məcbur edirdi. Deyirdi, kişi xəstədi, gərək siz tez-tez
gedib, babanıza baş çəkəsiz. Çox
vaxt biz qapıdan girəndə, ya da həyətdən səsimizi
eşidəndə özünü yatmışlığa
vururdu. Girirdik, görürdük
gözünü yumub. Qardaşım
qayıdırdı, mən acığa dayanıb onun
üzünə baxırdım, ona inad, yerimdən tənpənmirdim,
gözləyirdim nə vaxtsa gözün açsın. Açıb acıqlı-acıqlı
baxırdı. Salam verirdim, halını
soruşurdum. Deyirdi, bir-birinizə
qoşulub həyəti dağıtmayın. Səs-küy salmayın, yatıram. Buna görə də həyətə gələndə
gedib onun gözünə görünmək istəmirdim.
Amma anamın sözündən çıxa
bilmirdim. Deyirdi, o kişiyə borcluyuq, o
olmasa, atan olmazdı, atan olmasa sən olmazdın. Sən onun qanın, genin daşıyırsan. Sənin
oğlun da, onun oğlu da o qanı, o geni daşıyacaq... Mən o vaxtlar bu sözü o qədər də dərk
eləmirdim. Amma yenə də onun çarpayısına
yaxınlaşıb: "Baba, salam! Bu gün necəsən?"
soruşurdum. O, heç vaxt tövrünü dəyişmədi.
Yuyatın deşiyindən baxanda istəyirdim
içəri girəm, gözünü açıb məni
görənə qədər gözləyəm.
Kişilər
onu gəbənin arasına büküb tabutu çiyinlərinə
qaldıranda, axund dedi, qəbir yeri çox yaxındı, gərək
cənazəni xeyli piyada aparasan, çiyin verənlər yerlərini
dəyişələr, qırx addımdan sonra
günahları yuyular.
Tabutun qabaq tutacaqlarından əmilərim
götürmüşdü, hamını birbaşa
bağın ayağına gətirdi. Şaxtanın, göz
yaşının kiprikdə buz bağladığı bu
vaxtda kəndin küçələrində günah yumaq
üçün qar yoğurmağa heç kimin həvəsi
yox idi. Qadınlar, əsasən də, loxəbər
bibim vay-şivən qopartmışdı, anam da, əmidostuları
da babamı bağın qapısına qədər yola
saldılar, özünü atıb-tutan bibimin qoluna girib evə
qaytardılar. Şəriət
qadınları dəfnə getməyə qoymurmuş.
İlk dəfə kəfənə
bükülmüş meyitin qəbirə qoyulduğunu
görürdüm. Kəfəni gördüm, babamın bizə
dediyi söz yadıma düşdü. Bizə baxıb
acıqlı-acıqlı deyirdi: "bunlar da adamdı?! Allah tuluğu götürüb, orasını,
burasını deşdəkləyib, atıb yerə"
ağzımızı-burnumuzu deyirdi.
Əmilərim palçıqlı
ayaqqabılarını soyunub qəbirə girdilər. Cəsədi
xalçaqarışıq alıb ehtiyatla yerə
uzatdılar. Axund şəriətə
görə xalçanı çıxartmağı tələb
elədi, əmim razılaşmadı. Hələ
bir üstünü də yaxşı-yaxşı
örtdü. Balaca zindanıyla çəkicini
də qəbirə qoydu. Basdırdılar.
Adamın inanmağı gəlmirdi; o boyda, o zəhmdə
Kəblə Məmməd bu həyatdan getmişdi.
Darvazanın üzünə sallanan kəndir
çürüyüb qırılsa da, zınqırov dururdu. Hər dəfə
bu həyətə gələndə, deyirdim ona bir kəndir
bağlayacam, hər gələndə dartacam, çəkici
zindana döyəcəm, qoy Kəblə Məmmədin ruhu
eşitsin. Oturub yeyib-içirdik, nərd
oynayırdıq, axşam düşürdü, yadımdan
çıxırdı.
Sonralar da
Kəblə Məmmədi görməyə gəlirdim bura, qəbiristanlıq
qəbirləri kimi deyildi, adam görəndə
qorxa, xoflana. Əmilərim lap iri qaya
parçasından başdaşı qoydurmuşdu, onu bura nə
zülümlə gətirmişdilər. Ortasını
da oyub, rəngli şəkil taxmışdılar. Bilmirəm, o şəkil nə vaxt, harda çəkilmişdi,
amma qaya babam dolu-dolu baxırdı. Hər
bura gələndə mənə elə gəlirdi o məni
görür. Yenə də xar tuta nəzarət
edir. Elə gözü üstümüzdədi.
Tutun birini də qırıb ağzıma
qoymurdum, elə bilirdim şirəsi Kəblə Məmmədin
qanıdı. Sonra öyrəşdim, əmim
qəbrin ətrafına gül-çiçəyi bizə əkdirirdi,
ot-alağı bizə təmizlədirdi. Qəbrə gələn
yola tamet düzdü, biz torpaq daşıdıq, qum daşıdıq...
Əmim
oğlu qardaşımı da, məni də bu səhər həyətə
çağırıb, dedi, burda dördümüzün də
payı var. Gəlin bölüşək. Vəziyyət
çətindi, hamının ailəsi, uşağı, nəvəsi
var, qoy hərə öz işini bilsin. Qardaşım ağ kağızın birini götürüb
çarpaz xətt çəkdi, dörd bərabər hissəyə
böldü, nömrələdi. Sonra bir
kağızı kəsib rəqəmlər yazdı,
bükdü. Dedi, püşk ataq, arada narazılıq
olmasın. Kiminsə ürəyində
qalmasın, sonra deməsin mən həyətin bu tərəfini
istəyirdim, niyə onun oldu? Hərə
qismətinə düşəni götürsün. Dərhal razılaşdıq. O, dörd
bükülü kağızı ovcunda çalxalayıb
atdı. Hərə birini götürdü,
açdı baxdı, rəqəmini kağızdakı xanaya
qoydu. Hamının yeri məlum oldu. Mənə Kəblə Məmməd
düşdü.
Bilirəm, bu gün-sabah hərə öz payını
satacaq, onlar da olmasa - uşaqları. Mən yox. Kəblə Məmməd mənə yenə imkan
vermədi, yenə qarşımı kəsdi. Bir az qazana bilərdim. Lap
yaxşı olardı, xərcim-borcum var.
İndi gəlib oturmuşam burda, qonşu kişinin də,
əmimin də sözləri qulaqlarımdadı. Bir də bu
xar tut var; atamdan bizə qalan yeganə əmanətdi. Buna görə babam onu qoruyurmuş. Adam ata olmayanda atanın, baba olmayanda babanın qədrini,
dərdini bilmirmiş. Mən nə biləydim
babam sübhdən durub zindanı döyməsə, biz təzə
paltar, ayaqqabı geyinib, tox qarınla məktəbə gedə
bilməzdik. Bibim olanda nənəm
ölmüşdü, sonra da cavanca atam, o kişi
nəyə güləydi axı?! Ürəyi
necə açılaydı?
İstəyirəm uşaqları bura çağırım,
deyim, öləndə məni də bu qaya kişinin, bu Kəblə
Məmmədin yanında dəfn eləsinlər. Nəvələrimin
ağılları kəsib gələndə,
babalarının babasını da görsünlər.
Bizdəkilər yəqin, xəyallarında buranı
çoxdan satıblar, pulunu da xərcləyiblər. Evdən çıxanda dilim
dinc durmadı, dedim axı, kasıblıqdan
çıxdıq. Nə bilim mənə
dörd nömrəli kağızın düşəcək?
Bilmirəm, indi gedim evdə necə başa salım ki,
bu yurdu satmaq olmaz. Onlar üçün kimdi axı Kəblə
Məmməd? Ən uzağı, mən
başımı yerə qoyan kimi satacaqlar. Vəsiyyətə qulaq asan qalıb?! Bəs mən neyniyim? Mənim
yerimə başqası olsaydı, neyniyərdi?
Vüsal NURU
Ədəbiyyat
qazeti.- 2021.- 30 oktyabr.- S.30-31.