Mahnı dağlarda qalmadı

 

Amaliya Pənahovanın anım gününə

 

Mənim üçün teatr qarderob yox, İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı" pyesinə rejissor Ə.Ələkbərovun quruluş verdiyi tamaşadan başlayır - 1971-ci ilin uzaq payız günündən... Hələ məktəbə getmirdim. Evdəkilər qəzetdən həftəlik televiziya proqramını oxuyanda eşitdiyim "İlyas Əfəndiyev. "Mahnı dağlarda qaldı" sözlərindən durduğum yerdə sehrləndim, mənə elə gəldi ki, İ.Əfəndiyev kimsə doğma biri, "Mahnı dağlarda qaldı" nəsə məhrəm bir nəsnədir, dilimin ucuna gələn, amma heç cür deyə bilmədiyim söz kimi! Nə vaxtsa dünyaya gəlmiş, bu tamaşaya bir dəfə artıq baxmışdımmı? Bilmirəm, bir o yadımdadır ki, ömrümdə ilk daxili qərarımı verdim: "Mahnı dağlarda qaldı"ya baxmalıyam!". Sonralar oxşar durumla dönə-dönə üzləşdim və öyrəndim ki, fransızlar məntiqi izahı mümkünsüz bu psixoloji fenomenə "de javü" deyir.

Devrim və eşq konusundakı tamaşanı o axşam öz uşaq ağlımla gözəl anladım və ondan heç bir böyüyün ala bilməyəcəyi bir zövq aldım. Sonralar baxdığım onlarca tamaşa, yüzlərlə filmdən bu zövqü bir daha duymadım, hətta dönə-dönə baxdığım "Mahnı dağlarda qaldı"nın özündən belə. Çünki onda hələ həyatımın sirlə, sehrlə dolu mif, nağıl dönəmini yaşayırdım və teatrla ilk təmasdan duyduğum zövq antik yunanların "İliada"dan təsirlənməsinə bənzəyirdi. Bir fərqlə ki, orda qaçırılmış Yelena geri dönmür, burda isə Şahnazı qaytarırdılar...

...Səs-küy salmasınlar deyə, itlərə ət atmağı qulluqçusuna əmr edən Şahnaz, gecənin bir aləmi sevgilisi Nicata qoşulub, harasa məchul bir ünvana üz tuturdu! Mən bundan ağlasığmaz əzab çəkir, istəyirdim ki, itlər hürüb, Şahnazın qardaşı arvadı Fəxrəndə xanım və qardaşı Böyük bəyi oyatsın, qızı geri qaytarsınlar... Elə də olurdu! Öz qəhrəmanımı yenidən səhnədə görəndə içim anidən işıqlanır, sevincimin həddi-hüdudu olmurdu... Sonralar anladım ki, bir uşaq sevgisiylə Şahnaza vurulmuşam və hətta onu Nicata qısqanırmışam. Bu mənim "ilk məhəbbətim" idi.

Bir az da keçdi və anladım ki, bu, sənətə sevgidir. Amma gec idi, sublimasiya baş vermiş, teatr aşiqi olmuşdum. Sonralar elə bir tamaşa olmadı ki, ona baxmayım, lakin "Mahnı dağlarda qaldı" gözümdə dünyanın ən sehrli nağılı, İ.Əfəndiyev ən böyük nağıl yazarı, Şahnazın ifaçısı Amaliya Pənahova isə ən gözəl nağıl qəhrəmanı olaraq qalır.

Görkəmli teatrşünas İ.Rəhimli "Azərbaycan teatr tarixi" kitabında yazır ki, İ.Əfəndiyev pyesi teatra "Topxana meşəsi" adıyla verib. Amaliya xanım isə dramaturqun xatirəsinə adadığı "Dostluqdan yaranan sənət" adlı məqaləsində belə yazır:                                                                   "Məşq elə gözəl alındı və mən... o vəziyyəti elə duydum ki, hamını səhnə tutmuşdu, hamı susurdu... İlyas müəllim səhnəyə qalxıb əlimi sıxdı, gözləri yaşarmışdı. Mən... "İlyas müəllim ...gəlin, tamaşanın adını "Mahnı dağlarda qaldı" qoyaq" dedim. İlyas müəllim dedi: "Sən necə bilirsən, bu ad tamaşaçıları cəlb edər?" Dedim ki, bəli.

Gələcək aktrisanın rejissor T.Kazımovun təklifilə hələ tələbə vaxtı oynadığı Cülyetta obrazı rəmzi anlam daşıyırdı. O, "düşmən" gəncə vurulmuş veronalı qızcığaza bənzəyirdi. Görkəmli teatrşünas C.Cəfərov "Təklik faciədir" məqaləsində aktrisanın böyük səhnədəki ilk addımı - Nargilə obrazıyla bağlı bir qədər sonra yazacaqdı: "Teatra öz sənətinin aşiqi olan aktrisa gəlib". Aktrisanın sonrakı həyatı böyük teatrşünasın sözlərini təsdiqlədi. Amaliya xanım səhnəyə öz sənətinin aşiqi kimi gəldi və dünyadan bu sənətin aşiqi kimi getdi.

Onun Romeosu teatr idi. Bu "Romeo" üzündən o, bir sürü kapulettinin qısqanclığı, bir yığın montekkinin düşmənliyi ilə üz-üzə qaldı. Gözəllik, istedad, qəfil şöhrət... Bunları ona bağışlamır, "bu gəncəli qız hardan gəlib çıxdı, bizim on illərlə qazandığımızı bir tamaşaya necə əldə elədi?!" deyir, qabağına daş dığırladır, rollarını əlindən alır, yapma rəqiblər düzəldir, bir sözlə, sənət Olimpinə ucalan yolunu kəsmək istəyirdilər. Bir dəfə iclaslardan birində adlı-sanlı aktrisalardan biri elə belə də demişdi: "Amaliyanı burdan basırsan, ordan çıxır!" və Amaliya xanım haqlı olaraq soruşmuşdu: "Axı, siz məni niyə burdan basırsınız ki, mən də ordan çıxım?!".

"Siz!"... Özünə qarşı bu qədər kötülükdən sonra da onu gözü götürməyənlərə "Siz" deyirdi, hətta üstündən 30 il keçəndən sonra mənimlə müsahibəsində də... Bu, aktrisanın teatra olan ehtiramından doğurdu. Axı, onun Romeosunu düşmənlər də sevirdilər. Gənc aktrisanın sənət eşqi o qədər güclü idi ki, bu maneələrdən əsla sınmır, qırılmırdı. Heç kim, heç nə aşiqi öz məşuqundan ayıra bilməzdi və bilmədi, yalnız ölümdən başqa...

 

***

 

Teatra gəldiyi üçün atası onunla bir il küsülü qaldı. Əslində, o, kinoaktrisa olmaq istəyirdi. Bir dəfə söhbət zamanı özü mənə belə demişdi: "Kinoda oynamaq üçün ürəyim gedirdi". Onu cəlb edən kinonun həyatiliyi idi. Amma tale gənc qızı teatra gətirdi və təkrarsız vizual fakturası, coşqun temperamenti, qeyri-adi səs tembri, bir sözlə, spesifik istedadı ilə səhnədə bir günəş kimi doğdu. Onun sənətini sevənlər də, sevməyənlər də oldu, amma o, heç nəyin umurunda olmadı, çiçək kimi zərif, qaya kimi sərt obrazlar qalereyası yaratdı: Nargilə, Firəngiz, Aysel, Ofeliya, Nərmin, Luiza, Şahnaz, Sədayə, Natəvan, Larisa, Mahnur, Aynur, Zinaida, Medeya, Olqa, Marqaret, Təhminə, Nurcahan, Mehri, Zərri, Zərnisə, Ziba, Zibeydə, Hekata, Nurcahan, Nigar, Şəlalə, Tomris... O, faciə, dram və komediyada, teatr, televiziya və kinoda ampluasız oynayır, tragizmə meyilli dramatik aktrisa olsa da, uğurlu komediya çabaları da göstərirdi. Rejissor T.Kazımov və Ə.Şərifovun serb dramaturqu B.Nuşiçin "Nazirin xanımı" satirik komediyası əsasında quruluş verdikləri tamaşada aktrisanın Anka obrazı haqqında İ.Rəhimli yazırdı: "A.Pənahova sırf buffonada personajı oynayır, kukla hərəkət tərzinin əsasında maraqlı obraz yaradırdı".

...Amaliya xanıma deyəndə ki, sizi Anka rolunda görmüşəm, "bu sənin yaşından çox əvvəlin tamaşasıdır", deyə öncə inanmadı və tamaşadan ayrı-ayrı epizodları yada salmalı oldum: imicmeyker Nata (M.Sadıqova) əyalətdən gəlmiş, əri yenicə nazir olmuş Jivkoya (B.Şəkinskaya) nazir xanımı olmağın 3 əsas şərtini anladır: siqaret çəkmək; qumar oynamaq və məşuq saxlamaq. Barat xanım öskürə-öskürə siqaret çəkir, uca səslə Ankanı çağırır, önlüklü, qoşa hörüklü qulluqçu qaça-qaça səhnəyə çıxır və qab-qacağı əlindən salıb, yerlə bir eləyirdi... Bu, Şahnazdan sonra gördüyüm ikinci Amaliya idi. Biri - lirik-faciəvi, xanım, min lli, ikincisi - satirik, qulluqçu, əcnəbi və hər ikisi eyni dərəcədə uğurlu.

Xanım, ya qulluqçu olsun, A.Pənahova qürurlu idi! Məncə, onun qədər qürurlu aktrisamız olmayıb. Bu qürur onun obrazlarına da yansıyırdı. Səhnəmizdə ölümü qürurla seçən qadın obrazları çox olub - Mərziyyə Davudovanın Südabəsi, Fatma Qədrinin Katerinası, Barat Şəkinskayanın Cülyettası və Şirini, Hökümə Qurbanovanın Məryəmi və Kleopatrası, Zəroş Həmzəyevanın Solmazı, Zemfira Əliyevanın Elektrası, Böyükxanım Əliyevanın Gültəkini, Hicran Mehbalıyevanın Afəti... Nicatın tüfəngi ilə özünü sinəsindən vuran, "Mən bu dağın maralıyam" mahnısını oxuya-oxuya dünyaya bir qu kimi göz yuman Şahnazın ölümü isə təkrarsız idi. Təkrar edirəm - tək-rar-sız! Məhz buna görə qulluqçu Gülgəzin (V.Fətullayeva) "Xanım!" deyə hönkürməsi, Nicatın (H.Turabov) "Axı, sən niyə belə etdin, Şahnaz?! Axı, sənin yaşamağa haqqın vardı!!!", deyə fəryad qoparması qüvvətli final akkorduna çevrilir, pərdə zaman və taleyə üsyanla qapanırdı! İlahi, ölüm də bu qədər şah(naz)anə ola bilərdimi?!

...Və qürurlu olmaq üçün aktrisanın bəsdi deyincə əsasları vardı - gözəl, istedadlı, səhnənin birincisiydi, sevilir, baxılır, baş rolları oynayırdı. Yadımdadır ki, 80-ci illərdə aktrisalar öz müsahibələrində adətən "hər şeyi bir nəfərin üstündə qurmaq olmaz" deyir və Amaliyanı göz önünə alırdılar. Dönəmin aparıcı dramaturqu İ.Əfəndiyev öz qəhrəmanlarını onu nəzərdə tutub yazırdı. Onun 25 ildə səhnələşdirilən 13 pyesindən 11-də baş rolu A.Pənahova oynamışdı. Bunlardan "Sən həmişə mənimləsən" 1000, "Unuda bilmirəm" isə bütün rekordları qıraraq 2000 anşlaqla göstərilmişdi. Bu, milli teatr tariximizdə aşılmayan rekord olaraq qalır. İ.Əfəndiyev "Səhnəmizin Madonnası" adlandırdığı aktrisanın təklifi ilə öz pyeslərinə monoloq, dialoq, rəqs və mahnılar artırır, Amaliya xanım bu mahnıları özü ifa edirdi. Bu mahnılardan ən unudulmazı "Unuda bilmirəm"də Nərminin mahnısı idi. Bu, sənət yolunda min bəlaya dözən aktrisanın tale nəğməsi idi:

 

 ...İstəmirəm gül-çiçək,                                                                                                                  

Ömrün yolu daş-kəsək!

Hər bəlaya dözəcək

Sənin dəyanətindir!..

 

...Moskvadan Ə.İbrahimov, Özbəkistan və Türkmənistandan müxtəlif rejissorlar teleqram vurub, aktrisanı sınaqsız film çəkilişlərinə çağırır, lakin teatrda teleqramları ondan gizlədirdilər ki, gedəsi olsa, baş rolları oynayan olmayacaq. "Gecənin sirri"ndə aktrisanın Zinaidasına baxan dramaturq A.Safronov heyran qalırdı. İ.Əfəndiyevin eyniadlı pyesi əsasında "Natəvan" tamaşası öncə Ş.Məmmədovanın iştirakıyla səhnələşdirilir, lakin dramaturq tamaşanı qəbul eləmir, heyət dəyişir, baş rol Amaliyaya verilir və premyera böyük uğurla keçirdi... SSRİ Xalq artisti İ.Dağıstanlının yubiley gecəsində baş verən gözlənilməz insidentə görə səhnədən uzaqlaşan, kinostudiyaya gedən aktrisanı İ.Əfəndiyev və Mədəniyyət naziri Z.Bağırov uzun söz-söhbətdən sonra teatra qaytarır, amma aktrisa öz şərtini qoyurdu - "Cehizsiz qız"da Larisa oynamalıyam! F.Qədrinin Moskvanı heyran qoyan Larisasından sonra 40 il idi ki, Milli Teatrda heç kəs bu obrazı oynamamışdı. Bunun səbəbini B.Şəkinskaya "Ekspress" qəzetinin 09.02.1998-ci il sayında mənə müsahibəsində belə açıqlayırdı: "Kimin həddi nə idi Fatma olan yerdə Ostrovskidə oynasın". Amaliya xanım isə bir addım da irəli atıb, Azərbaycan səhnəsində ilk dəfə Medeya oynadı. Həm də necə? Gənc aktrisalar səhnəyə onun Medeyasını görüb gəlirdilər. Xalq yazıçısı Elçin "Qobustan"ın 1982-ci il saylarından birində fransız dramaturqu J.Anuyun "Medeya" pyesi əsasında rejissor M.Fərzəlibəyovun eyniadlı tamaşasına dair "Təzadların faciəsi" məqaləsində yazırdı: "A.Pənahova Medeyanın təbiəti və taleyindəki... layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır...".

 

***

 

O, teatra gəldiyi illərdə səhnədə F.Qədri, B.Şəkinskaya, H.Qurbanova, L.Bədirbəyli kimi adlı-sanlı, S.İbrahimova, Ə.Yusifqızı, Ş.Məmmədova, V.Fətullayeva kimi gənc aktrisalar vardı. Rejissor Ə.Şərifov 1965-ci ildə baş rejissor T.Kazımovun təşəbbüsü ilə Şillerin "Orlean qızı" əsərini səhnələşdirirdi. T.Kazımovun məqsədi 19 yaşlı Amaliyanı eyni yaşlı Janna rolunda görmək idi. Lakin H.Qurbanovanın Jannanı oynamaq istəyi rejissoru fikrindən daşındırdı. O, gənc aktrisaya, "Sən məşq zamanı zalın qaranlıq bir yerində otur, nə mizanlar versəm, get evdə elə, premyera olsun, beş-altı tamaşa keçsin, səni bu rolda səhnəyə çıxaracam" dedi. Amma "sui-qəsd planı" pozuldu. Məşqlərdən birində Amaliyanı gözü alan H.Qurbanovanın səsi boş zalda ildırım kimi çaxdı: "Uberite yeyo ottuda!!!". Nəticədə nə oldu? M.İbrahimovun yazdığına görə, "istər rejissor işində, istərsə də aktyor oyununda... vahid nəfəs... çatmır"dı. İ.Rəhimlinin yazdığına görə isə "Orlean qızı"... teatrın monumental tamaşa yaratmaq ənənəsinin köhnəlmiş forma üsullarına qayıdışla müasir ifadə vasitələrindən... kənar düşdüyünü gizlədə bimədi". Əslində isə uğursuzluğun bir ən ciddi nədəni vardı - 19 yaşlı qızın rolunu 55 yaşlı qadın oynayırdı və bu, Jannaya, sadəcə, parodiya idi.

Eyni hal "Maqbet" tamaşasında Ledi Maqbet obrazıyla da bağlı yaşandı. Yetmiş yaşlı H.Qurbanovanın Ledi Maqbeti eyni yaşlı S.Bernarın Cülyettasına bənzəyirdi. Bunu tragediyanı səhnələşdirən və şotland ledisini H.Qurbanovaya vermək zorunda qalan rejissor M.Fərzəlibəyov da başa düşürdü. Odur ki, o, Amaliyaya Hekata rolunu vermiş, "əsas odur ki, tamaşanın heyətində ol, məşqlərdə iştirak elə, premyera olsun, bir-iki tamaşa keçsin, səni Ledi Maqbet rolunda səhnəyə çıxaracam" demişdi. Amma bu dəfə də sui-qəsd planı baş tutmamış, "Maqbet" teatr tariximizə ən sönük Şekspir tamaşalarından biri kimi daxil olmuş, İrəvanda keçirilən Ümumittifaq Teatr Festivalında tənqid, etiraz, hətta təəccüblə qarşılanmışdı. Ən maraqlısı tamaşanın "Ən yaxşı afişa" (?!) nominasiyası üzrə "qalib" (!!!) olması idi. Jüri ironiya edirdi və haqlı idi - tamaşanın nə Ledi Maqbeti, nə də Maqbeti vardı... 

A.Pənahova tələb olunan aktrisa idi və bu, həmkarlarında açıq-aşkar qıcıq doğururdu: "Bir vaxtlar on-on beş il ərzində Amaliya Pənahova... teatrın "geroinya"sı idi, əksər tamaşalarda baş rolları oynayırdı. Amma bu o demək deyildi ki, o, bütün bunlara tamamilə layiq idi". Bu sözləri üstündən on illər keçəndən sonra - 1998-ci ildə "Ekspress" qəzetində mənə müsahibəsində Ə.Yusifqızı deyirdi. Əslində, bu münasibət aktrisanı ömrü boyu izləmiş, teatrla yanaşı, kinoda da təqib etmişdi... Rejissor E.Quliyevin quruluş verdiyi, Amaliya xanımın Zərnisəni oynadığı "Babək" filminin ilk kadrları artıq çəkilmişdi. Aktrisanı gözü götürməyənlər yuxarılara "obrazın alınmaması" barədə məktub yazıb, xürrəmilərin məlikəsi rolunda Şəfiqə Məmmədovanı görmək istədiklərini bildirirdilər. Məsələ o qədər böyümüşdü ki, cənab Heydər Əliyevə (!) qədər gedib çıxmış, ölkə rəhbəri problemə şəxsən özü nöqtə qoymuş, Amaliya xanım filmdəki işinə davam eləmişdi.

Amma üzləşdiyi bütün çətinliklər aktrisada əzm, qətiyyət formalaşdırırdı. O, kinofilmlərdə bir-birindən maraqlı obrazları teatrı tərk etdiyi illərdə yaratmışdı: "Qərib cinlər diyarında" Zərri; "Arxadan vurulan zərbə"də Ziba; "Babək"də Zərnisə... Jannanı əlindən almışdılar, Tomrisi oynamışdı, Ledi Maqbeti oynamasına imkan verməmişdilər, Medeyanı yaratmışdı, Milli Teatrdan getməsinə səbəb olmuşdular, Bələdiyyə Teatrını açmışdı.

O, əsl sənət kraliçası idi. Bəzi həmkarlarının onu həzm edə bilməməsi bu kraliçanın qüruru ilə bağlı idi. Özünün dediyinə görə, o, heç kəslə rəfiqəlik etməz, hamının yığışdığı bufetə ayaq basmazdı. Həmkarları onun üzünü səhnədə görərdilər. Amma əsla təkəbbürlü deyildi. Bu neçə ildə onun kiməsə qarşı qısqanclığını hiss etməmişdim. Söz düşəndə T.Şoray, T.Yandiyeva, F.Mütəllimova, S.İsgəndərli kimi aktrisaların ekrana, səhnəyə yaraşdığını deyirdi. "Bəs, Bəsti?", deyə soruşanda isə ani fikrə gedib, bircə kəlmə ilə - "Yaxşı" - demişdi.

Əslində, mən insafsız sual vermişdim. Onda Amaliya xanım artıq Milli Teatrdan getmiş, rejissor B.Osmanov "Xurşidbanu Natəvan"ı qoymuş və baş rolu Bəsti Cəfərovaya vermişdi. Kəskin qarşıdurmadan sonra, özü də böyük uğurla oynadığı obrazı başqasının ifasında görmək iyirmi il keçsə də, aktrisa üçün asan deyildi. O, nə bu tamaşanı qəbul edirdi, nə də Bəstinin Natəvanını. Amma bu onun öz cavan həmkarına ümumən obyektiv yanaşmasını əngəlləmirdi.

Amaliya xanım ona kötülüklər yapanların belə uğurlarını danmırdı. Hər ikisindən, yumşaq desək, soyuqluq görsə də, Barat xanımı da, Hökümə xanımı da "böyük aktrisalar" adlandırırdı. O, sadəcə, hər hansı teatr primasına yaraşacaq qürurla özünə sayqı tələb edirdi. Bu qürurun səciyyəsi özünün ən dəqiq ifadəsini "Babək" filmində Zərnisə Banu obrazında tapırdı:

...Məşəllərlə işıqlandırılan gecə. Banu hündür qala bürcünə çıxıb, xürrəmilərə Cavidanın vəsiyyətini söyləyir. Kütlə arasından bir nəfərin səsi yüksəlir: "Niyə Cavidan bizi çağırmadı?! Özündən eşidəydik bu sözləri!". Ortaya ani gərginlik çökür. Görəsən, Banu bu suala nə cavab verəcək?! Ekrandakılar da, zaldakılar da nəfəslərini içəri çəkib, cavab gözləyir!.. Məlikə kirpiklərini sakitcə endirib, gərgin daxili dramatizm içində susur... Bu tip çoxmənalı sükutun ən dəqiq qiymətini rus rejissoru G.Tovstonoqovun "Səhnə güzgüsü" kitabında tapmaq olar: "Aktoyr səhnədə heç bir söz söyləməyə bilər, amma tamaşaçı bu "sükut zonası"nın hər bir anını sezməli, aktyorun həssas, aktiv duyğularını hiss etməli, onun bu məqamda nə düşündüyünü anlamalıdır". Mən bu sükutdan çox şey anlayırdım: Cavidan, yəqin ki, belə vəsiyyət eləməmişdi; yerdən atılan replikaya cavab vermək hökmdar xanımının şəninə yaraşmazdı; məlikə gözlərinin onu ələ verəcəyindən ehtiyatlandığından onları qapayırdı; o bununla da söhbətin qapandığına işarə edirdi... Bir qadının kirpiyini bir dəfə qapatmasının bunca anlam daşıması bütün dünya kinosunda nadir olay idi.

Amaliya xanım səhnədə çox "ilk"lərə imza atmışdı... O, bir rolla populyarlıq qazanan ilk və yeganə aktrisamızdır. Teatr tariximizdə ikinci belə fakt yoxdur ki, tamaşadan öncə səni yaxın çevrən, sonra isə bütün ölkə tanısın. Söhbət "Sən həmişə mənimləsən"də Nargilədən gedir. O gecə Azərbaycan İncəsənət Universitetinin ikinci kurs tələbəsi Amaliya, dramaturq İ.Əfəndiyev və rejissor T.Kazımov teatr tariximizdə yeni səhifə açdılar - lirik-psixoloji təmayülün özülü qoyuldu. Teatr romantik pafos və sovet patetikasından təbiiliyə, insaniliyə üz tutdu.

O, "Oqonyok" jurnalının üz qapağında şəkli gedən ilk Azərbaycan aktrisası idi. O, rejissorluq edən ilk aktrisamızdır - "Mənim günahım", "Təkan", "Sənsiz", "Dəli Domrul", "Tomris"... tamaşalarına quruluş vermişdi. O, teatr direktoru olan ilk aktrisamızdır - 1992-ci ildə böyük çətinliklər bahasına Bakı Şəhər Bələdiyyə Teatrını yaratmış, 25 ildən artıq bu teatra rəhbərlik etmişdi.

Amaliya xanım zövqlü qadın idi. Mən onu Tatyana Doroninaya bənzədirdim - siması, qüvvətli xarakteri, zərif melodramatizmi, mahnılar oxuması, prima şöhrəti, liderlik şarmına görə... Bir cəhətdən ondan fərqlənirdi - rus səhnəsinin priması beş, Amaliya xanım isə bir dəfə ailə qurmuşdu. Onun həyatı teatr idi. Adi drap palto ilə neçə qışı keçirən aktrisa səhnədə həyatdakından daha gözəl geyinirdi. Çünki obrazların həyatıyla yaşadığından özünə vaxtı qalmırdı. Qara, mini kimono, hündürdaban tuflinin gözəl yaraşdığı Nərmin, başında tac, şahanə libasları heyranlıq doğuran Natəvan, son dəbli paltarları göz qamaşdıran Şəlalə... Bu, bir aktrisanın hökmü, bir qadının şıltağı deyil, obrazın daxili portretini tamamlayan zahiri təqdimat üsulu idi. Bəzən bu geyimlər teatra baha başa gəlir, rəhbərliklə aktrisa arasında söz-söhbətə səbəb olurdu. Qınamalı da deyildi, təkcə elə "Yalan" tamaşasındakı Şəlalə rolunda o, səhnəyə 15-ə yaxın libasda çıxırdı, hamısı da bahalı... Teatrın o zamankı direktoru H.Turabov "Ekspres" qəzetində mənə müsahibəsində aralarındakı münaqişəni belə açıqlayırdı: "Bizim münasibətlərimizdə problem mən teatrda inzibati vəzifə tutandan sonra başladı. Amaliya xanım tamaşa və rolla bağlı bütün problemlərin ideal həllini istəyir, teatrın maddi durumu isə həmişə onun istəklərini həyata keçirməyə imkan vermirdi". Əslində, daha ciddi səbəb direktorluq məsələsiylə bağlıydı. Hamlet və Ofeliya, Kamran və Nərmin, Nicat və Şahnaz, Böyük və Fəxrəndə, Xiyabani və Mahnur... Yöndaş olduqları dönəmin mahnıları karyera peşincə qoşan Turabov üçün artıq "dağlarda" qalmışdı.

Amaliya xanım isə A.İsgəndərov məktəbinin yetirməsi kimi ömürlük sənət fədaisi idi. "Gözlə məni" filminin çəkilişləri zamanı Arazı keçən Fəxrəndə xanım - Amaliya Pənahovanı çay doğrudan-doğruya aparmış, aktrisanı qorxuya düşən çəkiliş heyəti xilas eləmişdi. T.Kazımovun "Hamlet" tamaşasında Ofeliya oynayan aktrisanın doğuş ağrıları başlamış, onu teatrdan birbaşa doğum evinə aparmışdılar və ilk övladı - Aynur dünyaya gəlmişdi. İndi Bələdiyyə Teatrına Aynur xanım rəhbərlik edir. İ.Əfəndiyev özünün "Büllur sarayda" pyesinin qəhrəmanını bu qızın şərəfinə Aynur adlandırıb. Rejissor A.Kazımovun eyniadlı tamaşasında baş rolu A.Pənahova oynayıb və tamaşa teatr tariximizə dramaturqla aktrisanın çoxillik birgə işinin parlaq örnəyi kimi daxil olub, 400 dəfədən çox, özü də anşlaqla göstərilib.

Amaliya xanım rəhbərlik etdiyi teatrın aktyorlarından da eyni fədakarlığı gözləyirdi. Bir dəfə dedim ki, Mahir Vətənxah istedadlı gəncdir, dolanışıq üzündən səhnədən uzaqlaşıb. Bir şey etmək olmazmı o, teatra qayıtsın? Mahiri "Tomris"də Odaxır rolunda görmüşdüm. Amaliya xanım eynən səhnədəki kimi qəfil alışdı: "Qoy dözsün! Necə ki mən dözmüşəm! Qastrollarda uşaqlarımın hərəsini bir qoltuğuma vurmuşam. Teatrdan televiziyaya, ordan evə qaçmışam. İncəsənət qurban tələb edir!". Bu sözlərin arxasında onun mənə də, Mahirə də ərki durur, gənc aktyorun çətinlik önündə geri çəkilməsini bağışlaya bilmirdi.

Amma o, təkcə tələbkar direktor yox, həm də teatrın anası idi. Gənclərə özlərini realizə üçün hər cür kömək edir, problemlərinin çözümünə çalışırdı. Teatrın aktrisası Hüsniyyə Mürvətova internet kanalına açıqlamasında bütün kollektivin fikrini belə ifadə edib: "Biz onu çox sevirdik. O bizim üçün ana kimi idi". Təqaüd yaşlarıyla bağlı səhnədən uzaqlaşdırılan S.Bəsirzadə, M.Avşarov, M.Novruzova, F.Mehdiyev kimi aktyorları Bələdiyyə Teatrına dəvət etməsi isə Amaliya xanımın necə həssas olmasından xəbər verirdi.

Amaliya xanım ailə və sənəti bir araya gətirə bilmişdi. Onun ömür-gün yoldaşı Yusif Muxtarov da sənətkar - Azərbaycan radiosunda ən gözəl səslərdən birinin sahibi, Xalq artisti idi. O öz həyat yoldaşına sənətin çətin yolunda daim dəstək vermiş, amma onların sənətkarlığı valideynlik borclarının üstünə kölgə salmamış, qızları Aynur və oğulları İlqarı ləyaqətlə böyütmüşdülər... Birgə yaşadıqları 45 ildə Yusif bəy öz ömür-gün yoldaşına sənətlə bağlı irad tutmamışdı.

Eşitmişdim ki, gənc Yusif Amaliya ilə ilk görüşə gedəndə ona kallalar alıb. Bələdiyyə Teatrının açılmasından dolayı Amaliya xanımı qutlamaq üçün Şəhriyar Sarayına gedəndə bir dəstə kalla aldım. O gün aktrisanın üzündəki təəccüb qarışıq sevinci sadəcə görmək lazım idi! Xeyli söhbətdən sonra ona həsr etdiyim şeiri oxudum:

 

...Küləklər darasın məğrur alnını,

Söylə Cavidanın vəsiyyətini.

Çağır döyüşlərə igid xalqını

Bu imtahan günü, bu sınaq günü!

 

Şeir 1993-cü ildə - Birinci Qarabağ müharibəsi zamanı yazılmışdı. Amaliya xanımın rəhbərliyi ilə Bələdiyyə Teatrı xalqı torpaqlarımızın azad edilməsi uğrunda döyüşə səsləyir, "Tomris", "Vətənə igidlər gərəkdir"... kimi tamaşalarla təkcə Azərbaycan yox, vətəndən kənarda da çıxışlar edirdi. Təsadüfi deyil ki, Bələdiyyə "Döyüşən teatr" statusu qazanmış, onun 20-dən artıq aktyoru H.Əliyev cənabları tərəfindən fəxri adlara layiq görülmüşdü. Bu, A.Pənahovanın bir direktor kimi nüfuzunun göstəricisi idi.

2015-ci ildə İ.Əfəndiyevin 100 illiyi münasibətilə Amaliya xanımdan "Azərbaycan" jurnalı üçün intervyü almağa getmişdim. Məni görəndə təbəssümlə "Aaa.. mənim ən sadiq pərəstişkarım!" - dedi. İyirmi illik tanışlığımızdan sonra aktrisanın gəldiyi bu qənaət mənim üçün qiymətli idi. Nə yazıq ki, bu, son söhbətimiz oldu. Onu ilk dəfə "Mahnı dağlarda qaldı" tamaşasında, son dəfə İ.Əfəndiyevi anmaq üçün gördüm.

Amaliya xanımın "gözlənilməz" ölümü onun son sözü idi. O, bu dəfə öz "yazdığı" faciədə özünü oynadı, sağalmaz xəstəliklə iki illik mübarizəsini hamıdan gizlətdi. Buna qüruru yol vermədi, tamaşaçıların gözündə zəif görünmək istəmədi, teatr səhnəsinə ilk gəlişi kimi həyat səhnəsindən son gedişiylə də milyonları diksindirdi!

Mən elə bilirdim ki, o uzun illər yaşayacaq, 80-i keçəcək və bir gün onu ekranda müsahibə verən görəcəyik. Gözəl geyimdə, xoşbəxt, hər şeydən keçmiş, hamını bağışlamış, bütün kötülükləri unutmuş halda. Və bu müsahibə sənət mücadiləsində bir qırpımda keçən ömrün hesabatı olacaqdı. Aktrisanın qocalığını görə bilmədik. Bu, mümkünsüz idi. Doronina kimi qocalıb 90-ı haqlamağa, mahnılarının dağlarda qalmasına, ömür orbitinin ətalət üzrə qapanmasına onun qüruru imkan verməzdi. O, Cavidin Olqasını televiziyada oynadı, Afətini isə həyatda yaşadı. O, gözəlliyin hər gün bir az, zərrə-zərrə məhvini qəbul eləmədi. Məncə, "qəfil" ölümü özü də fərqinə varmadan o özü çağırdı.

Aktrisanın dəfni - 2018-ci il noyabrın 9-u Milli Teatrın ən qəmli günlərindən biri idi. Bütün zal ağlayır, səhnədən həmişə gül-çiçəyə, alqışlara qərq etdikləri sənətkarı son mənzilə göz yaşlarıyla yola salırdılar. Uzun illər yöndaş olduqları səhnədən indi onun haqqında vida nitqi söyləyən R.Dadaşov, N.Mehdixanlı... kimi aktyorlar qəhərlərini boğa bilmirdilər. Aktrisa dünya səhnəsini ilk dəfə tamaşaçı qarşısına çıxdığı səhnədən sənət kraliçasına yaraşan əzəmətlə, səhnədən baxan fotosundakı kimi təbəssümlə tərk edir, öz vəsiyyəti ilə Qurd Qapısı qəbiristanlığına, ən böyük Fəxri xiyaban saydığı Yusifinin yanında ta qiyamətə qədər uyumağa gedirdi... O gedir, mahnılar isə qalırdı, amma dağlarda yox, yaddaşlarda:

 

Aman, ovçu, vurma məni

Mən bu dağın maralıyam...

 

Əsəd CAHANGİR

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.24-25.