Fraqmentlər

 

Mənanın formaya çevrilməsi  

 

Əvvəli №37-də

 

Poeziyada belə bir ayrıntı var: dünyaya təzə gələn şair, deyək ki, hansı formada olur-olsun, yazıya novator üslubla başlayır, öz aləmində kəşflər edir, özünü, imzasını təsdiqləmək, seçkin hala gətirmək üçün şeirdə modern texnoloji qəliblərin ən yenisini, bəlkə ən ağlagəlməzini də məhz o, icad edir, bir mətndə misralardan müxtəlif, gözoxşayan, ağıl çaşdıran fiqurlar yaradır, şeiri gülə, gülü şeirə çevirir... və bir məqam gəlir, bu qədər yol gedən, haralardan, hansı yanğın və fəlakətlərdən keçən şair hər gün, hər saat və əvvəl-axır ənənəyə qayıdır, anlayır ki, bundan qaçış yoxdur, ənənə nəfəs dərilən, nəfəsi təzələyən, yeni ilə köhnəni, modernlə indicə unudacağımız hadisələrin kəsişdiyi nöqtədir və sən əvvəl-axır ora gəlib çıxmalısan. Və gənc yaşında ağlından keçən bütün eksperimentlər məhz həmin nöqtədə gerçəkləşməyə başlayır, şair... əsl zövqü, yazmağın ləzzətini məhz həmin son dönüşdə görür; bu halda ənənəyə qayıdış (bəlkə də ənənənin yazıya qayıtması...) həlledici məqama çevrilə bilir, yəni bu təsadüfdə mənanın formaya çevrilməsi prosesi tam yeni əsaslar üzərində gedir, ənənəvi forma sanki başqa bir dildə "danışır", zənn edildiyindən artığını deyir və sair...

Rəsul Rzanın sərbəst şeirlərini, əlbəttə, bəzilərini oxuyanda qələmin heca və əruz üçün nə qədır darıxdığı giziltiylə hiss edilir, (bir şair kimi Rəsul Rza da şeirin, modern yazının hansı məqamlara istiqamətləndiyini hiss edir və bunu öz mətnlərində şüuraltı axının gizli tempi kimi ifadə edirdi...) xatirələrin birində deyilirdi ki, Böyük Vətən müharibəsi vaxtında əsgərlərin döyüşə yolasalınma mərasimində Səməd Vurğunla bərabər iştirak edir, əruzda, ya bəlkə hecada bədahətən elə bir şeir deyir ki, bəlkə yazıda belə alınmazdı, bəlkə oturub yazmaq istəsəydi belə alınmazdı (bədahətən deyilən şeirdə müəllif tamamilə çıxdaş olur, anidən sanki kimsə danışır, ilahi pıçıltıları misralara çevirir...), sərbəstin ən laübalı və başgicəlləndirici havasından keçib gələn Fikrət Qoca heca və əruzda ən mükəmməl, ən fərqli mətnlərini yazmışdı, onun Hüseyn Cavidə həsr etdiyi şeir bu mənada çox ağrılıdır, bu şeir insan iztirabının çox dərində yatan qatlarını verə bilib. V.Səmədoğlunun eksperimentləri, mənanı ən kontrastlı vəziyyət və kombinasiyalarda hasil edən poetik sistem yazı üslubunda gözlənilməz məqamları, başqa sözlə, mənanın doğulma anını mükəmməl ifadə edirdi, eksperimentdən daxili enerjinin dolğunlaşmasına keçən bu hal şairin ömrünün sonunadək davam etdi. Bu şeirlərdə belə bir ayrıntı vardı: sanki kimsə başına gələn əhvalatı elə bir dildə nəql edir ki, sən bu dilin "danışdığı" ağrını hiss etsən də, əhvalatı unudurdun, bu ağrı, iztirab üzdən sakit görünən gerçəkliyin qəlbinə, bağrının başına nüfuz edir, qısa bir şeirdə yelkənlər sonra açılır. Ancaq onun digər və daha çox ömrün son illərində yazdığı bəzi mətnlər az qala qəlibdən çıxmış təsiri bağışlayırdı. Yada salın onun "Dünyanın ən ağır qanteli" şeirini, yaxud "laylay meyitləri ilə dolu səhrada" misrasının olduğu mətni (yaxud belə bir şeirini: yavaş-yavaş açılacaq // laxtalanmş quzu qanı rəngində //məxmər, ağır pərdə // Səhnədə bir ağac // bir çay // bir Günəş olacaq // nə şər, nə xeyir // monoloq deməyəcəklər // o axşam // çünki səhnədə // yalnız ağac // yalnız çay // yalnız Günəş olacaq...), mənanın kəskin, gözlənilməz kəsişmə bucağında alındığı mətnlərin enerjisi bitib-tükənmir, nə deməsi yox, nə deyəcəyi, dilinin altında qalan sözləri çatdırır. Poeziya həm də deyilənlərin əksini düşünmək, dilin altında qalan sözləri "oxumaq" sənətidir və belə olduğu üçündür ki, metaforanın dəyişmə, nələrəsə çevrilmə dinamikası ağla çətin gələn yollardan keçə bilir.

 

Bilirəm, bu gecə nə olur-olsun,

Yuxuma yenə də atam girəcək.

Ulduzlar sayrışır vətən göyündə,

Ölən balıqların çırpıntısıtək.

 

Poeziyada nə qədər forma, janr, ənənə, modernite oppozisiyası olsa da, yazılmalı, dünyaya gəlməli, qulaqlara çatmalı olan şeir, nəğmə bunlardan xəbərsiz, bunlar "yuxudaykən" gəlib yer üzünə yayılır, Günəşin doğması, səhərin açılmasıyla bir insan qəlbinə damır. Vaqif Səmədoğlu məhz bu anı şeirdə dilləndirməyə çalışırdı, ona görə də onun başqaları ilə eyni olan metaforaları əslində tamam başqa, tamam "yad" bir dildə danışırdı. Ağalar Qut yazırdı: "Mənim burada yazdıqlarım Vaqif Səmədoğlu şeirlərinin mənaları deyil, izahları heç deyil. O şeirlərin mənim daxili qulağımın membranında yaratdığı titrəyişlərdir, məndə çaldıqlarıdır, məndə açdıqlarıdır. Şairin şeirlərindən seçdiyim parçalar və yaxud misralar bir oxucu kimi mənim indiki şeir anlayışımın, şeir zövqümün və öz şəxsi hallarımın göstəricisidirlər həm də...".

Bir qoşmada, gəraylıda, varsağıda misralar arasından sürüşüb yox olan hisslər, ifadə olunmağa macal tapmayan nəsnələr bəzən illəri, əsrləri dolaşıb hansısa şairin dilində, şeirində, misralarının arasında bitir, yəni şair heç zaman nələrsə yazmır, icad heç etmir, o həmişə əsrlərin, üfüqlərin o tayından gələn nələrəsə sahib çıxır və bunu bir anlığa gözünə görünən tül kimi elə rəsm edir ki, özündən başqa kimsə görmür, şeir anidən toxunub unutduğun ilahi sirrə dönür. Və bunun izi, möhürü hər bir şeirdə, hər bir şairin yaratdığı mətndə qalır, aşağıdakı mətn sanki həm də "şeir nədir?" sualına verilən cavabdır, eyni zamanda bu cavabdan yan keçməkdir, cavabın yerinin boş saxlanmasıdır, şeir həmişə ən dəqiq olsa belə, anlayışı yüzdə yüz göstərsə belə yeri boş saxlanan sözlərdir, diqqəti o boşluğa yönəltmək, o boşluqla insan hissləri arasında körpünü təsəvvür etməkdir.

 

Mən bir gün üfüq olmuşdum,

duman çökdü dənizə...

Görünmədim.

Mən bir gün cığır olmuşdum,

gedib-gələn olmadı, ot basdı üstümü...

Görünmədim.

Mən bir gün təbəssüm olmuşdum,

oldu bilmədim.

Görünmədim...

 

Bəzən el arasında, el ağzında işlədilən ifadələr mətnə elə bir kontekstdə qoşulur ki, enerji birdən-birə, həm də kardinal şəkildə dəyişir, bir anlığa hansısa boşluğa gur işıq düşür, onu görmək, seçib-ayırmaq əvəzində o gur işıq boşluğu daha da dərinləşdirir, "Korluq" romanında olduğu kimi daxili duyum, intuisiya o qədər güclənir ki, sətirlərdə, misralarda, sözlərin ayrıcında nöqtə və vergülə ehtiyac qalmır. Mənim atam süfrəli bir kişiydi // El əlindən tutmaq onun işiydi // Gözəllərin axıra qalmışıydı // Ondan sonra dönərgələr dönüblər // Məhəbbətin çıraqları sönüblər. Saramaqonun əsəri ilə Şəhriyarın şeiri arasında, şübhəsiz ki, birbaşa əlaqə yoxdur, ancaq Ağ korluq Şəhriyarın şeirindən başlayan bir cığır kimi gözlərimiz önündə rəsm edilir. Baxın:

 

Bir soruşun bu qarğınmış fələkdən,

Nə istəyir bu qurduğu kələkdən?

Deynə, keçirt ulduzları ələkdən,

Qoy tökülsün, bu yer yüzü dağılsın,

Bu şeytanlıq qurğusu bir yıxılsın.

 

Bir uçaydım bu çırpınan yelinən,

Bağlaşaydım dağdan aşan selinən,

Ağlaşaydım uzaq düşən elinən,

Bir görəydim, ayrılığı kim saldı?

Ölkəmizdə kim qırıldı, kim qaldı?

 

Ələkbər Salahzadənin "Uzun çay" şeiri var, mətndə Araz sözünü, Araz çayının adını işlətmədən onun bütün tarixini ələkdən keçirir, ənənəvi şeirdən gələn dəqiqliklə (təsəvvür edin nəfəs elə alınıb verilir ki, mətn boyu hansı misra, heca, sərbəst döngəsindən keçsən də, yaddaş, dünəni bitdə-bitdə xatırlama ardıcıllığı pozulmur, əksinə, mətn boyu daha da dolğunlaşır və bu şeir Araza həsr edilən bütün mətnlərdən seçilir, sanki tam başqa bir çay kimi, yəni digər şeirlərdəki Arazla bu şeirdəki uzun çay ayrı nəsnələrdir, tam fərqli bir çaydır, Ələkbərin şeirində Araz təkcə səth suları, bir yurdu iki yerə bölən çay deyil, həm də dərinlik ölçüsüdür, ölümlə həyatın, ayrılıqla vüsalın, olmuşla onun xəyaldakı əksinin, yuxulardakı variasiyalarının ayrılıb son dəfə görüşmə nöqtəsidir, həm də: sanki ayrılıq da yoxmuş, bu çay miflərdən, əfsanələrdən gəlirmiş, haçansa üfüqlərdən axırmış, haçansa damcı-damcı yerə, torpağın ovcuna enib, indi göylərin həsrətilə durulub lillənir, zamanın içilə axıb gedir:

 

Uzundu,

Uzundu,

Uzundu bu çay,

nağılı Muğandan, Mildən uzundu.

Daşsa da

Səbrdi, dözümdü bu çay,

Hər anı ay ola

İldən uzundu.

 

Bu fraqmentdə, yəni şeirin başlanğıcında həm intonasiya, ritm, həm təkrarlar fiziki və metafiziki ölçüləri kontrastlar, bir-birini itələyən, bir-birinə təpədən-dırnağa zidd olan mənalar vasitəsilə, onların dolanbaclarından keçərək göstərir, ənənədə nağıl danışdıqca uzanır, bütün şifahi mətnlərdən fərqli olaraq, nağıllar bitmir, Mil, Muğan, bütün düzlər hardasa onun bir dalğasının boyuna ancaq çatar. Bu ölkədə ən uzun, göz işlədikcə uzanan Mildən, Muğandan uzun, daşsa da səbrdi, dözümdü, hər anı ay olan ildən uzundu... Köhnə, ənənəvi şeirlə, onun nəfəsi bir ölçüdə saxlama arxayınlığı ilə modern şeirin intonasiya, qəliblərdən çıxma sərbəstliyi elə bir kontekstdə birləşib, elə bir ayrılıq anında qovuşub ki, misralar arasından baxanda həmin ayrılıb qovuşma ayrıcını bütün detalları ilə görə bilirsən, həm də ən ümdəsi, ayrılıqla qovuşmanın tən ortasında bunu qaçılmaz edən dərdin közlərini də...

Bu şeirdə bir az zorla sezilsə də, Araza həsr edilən yanıqlı şeirlərə ironiya da var, uzun bir dərdi, ucu-bucağı görünməyən həsrəti layla səsiylə, yanıqlı və pafoslu sözlərlə ovutmaq olmaz, dünyada ovunmayan şeylər var:

 

Suyunu yandırıb-yaxan

Həsrət baxışlardan uzun,

Bütün çaylardan dərindi,

Bütün yağışlardan uzun,

...uc-uca calanan ucuz sözlərdən uzun,

Vecsiz söhbətlərdən,

Aciz sözlərdən uzun.

Axır uzaqlardan,

Yaxınlarda dolanır.

Yazılarda köpürür,

Yuxularda bulanır.

 

Təsvirə görə, həm də metaforanın bütün enerjisi və gücüylə uzandıqca uzanan çay dinamikanın, bütün dünyanı, onun içində dolanan hər bir hadisə və hərəkəti heydən salan becidliyin, xaos və kosmosun, oppozisiya və qovuşmanın... özüdür, çay ona həsr edilən şeirlərin sözlərindən süzülür, çaylığından qırağa çıxır, adı hansı kitaba, vərəqə yazılsa, o vərəqin, o kitabın canı, qəlbi olur, susduqca uzanır, uzandıqca susur, Araz həm də hamının bağırdığı, ancaq heç kimin yada sala bilmədiyi sözdür. Demək, ona yazılan şeirlərin sözlərinin arasından keçir, o sözlərin içindəki səsi sükuta çevirir, bu sözlərə uyub neçə-neçə susqun çay yaradır, ancaq o çayların suları nə qədər yaxınlaşsalar da birləşə, bir-birinə toxuna bilmirlər, şeirin mayasında həm də matafizik çay obrazı var:

 

Mən azıb dolaşaraq ölüm bulağına yetişdim,

Suya çatmadan suqabı çatladı...

 

Xaqani

 

Burda da, Ələkbərin şeirində də necə deyək, "çay çaya qovuşmur", qovuşub birləşmənin bir addımlığında dalğalar sınır, axın burulub şahə qalxır, geri qayıdır, bardaq çatlayır, burda sevinclə kədərin, vüsalla həsrət və ayrılığın təmas etdikləri yox, heç zaman bir-birlərinə toxunmayacaqları yer göstərilir.

Sonda bir sitat. Lidiya Ginzburq yazırdı: "Böyük şair heç də hamıdan gözəl şeirlər yazan şair deyil, bu baş versə belə, qəti şərt deyil (XIX əsrdə Puşkin istisnadır). Böyük şair, Şekspir demişkən, zamanın obraz və təzyiqini ən geniş masştabda tutub ifadə edəndir, XX əsrdə Blokdan daha gözəl şeirlər yazan kimlərsə var idi, ancaq Blok ayrı-ayrı gözəl şeirlərin müəllifi yox, hadisə idi...".

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.22.