Hərənin öz yeri

 

Hekayələr 

 

Uzunqulaqla it təzəcə dostlaşmışdılar. "Can" deyib, "can" eşidirdilər. Aralarından su da keçmirdi. Bir gün it uzunqulağa dedi:

- Gəl, biz torpağı əkib-becərək, ona-buna möhtac olmayaq.

Uzunqulaq anqırıb razılığını bildirdi, ancaq hər ehtimala qarşı soruşdu:

- əkək, it qardaş?

- Məsələn, buğda.

Uzunqulaq fikrə getdi:

- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, kökü sənin, razısan?

İt hürərək razılığını bildirdi.

Buğdanı əkib-becərdilər, sünbül hissəsini uzunqulaq götürdü, kökünü it. İt başa düşdü ki, uzunqulaq onu aldadıb. Öz-özünə fikirləşdi: "Borclu borclunun sağlığını istər".

O biri il uzunqulaq gəldi ki, it qardaş, gəl kartof əkək...

İt dostunun sözünü ağzında qoydu:

- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, altında qalan hissəsi sənin, razısan?

- Razıyam, - deyə uzunqulaq qulaqlarını şəkləyib bic-bic gülümsədi.

Əkdilər, becərdilər. İt yenə aldandığını görüb, əllərini göyə qaldıraraq dedi:

- Ay Allah, məni yaratmışdın, bəs uzunqulağı niyə yaradırdın, ?! Məni ona möhtac etməsəydin, olmazdı?

Qeybdən bir səs gəldi:

- Sən belə işlərə qarışma, küçük! İtin it yeri var, uzunqulağın da uzunqulaq! Bildin?!

 

Kasıb pul tapdı...

 

Bir neçə il bundan əvvəlin söhbətidir. Olan-olmazımı toplayıb bir köhnə maşının pulunu yığmışdım. Özüm də kirayədə qalırdım. Pulu evdə qoyub gedəndə ürəyim düşürdü ki, ya qohum-qonşu götürəcək, ya da oğru-quldur gəlib aparacaq. Pul cəhənnəmə, arvad-uşağa zərər toxuna bilər.

Çox fikirləşdim, edim, nə etməyim, axırda qərara gəldim ki, aparım rayona, verim anama, bəlkə onun bir etibarlı yeri olsun, qoysun ora, saxlasın. Elə də etdim. Anam pulu görən kimi qışqırdı:

- Ə, bu qədər pulu haradan almısan?

Dedim, ay ana, qorxma, qəpik-qəpik yığmışam. Vəzifəm yoxdur ki, rüşvət alam!

Handan-hana arvadın ürəyi üstünə gəldi, pulu götürüb qoydu çoxdan işlədilməyən köhnə bir samovarın içərisinə. Mən də arxayın qayıtdım şəhərə.

Aradan bir-iki ay keçdi, gördüm telefon aramsız zəng çalır. Dəstəyi götürdüm, anam idi. Ürəyim düşdü, dedim sən öl, pula nəsə olub. Heç demə, düz fikirləşmişəm. Anam həyəcanlı idi:

- Ay bala, durma gəl, pulun çürüyür!

Rayona gedib görsəm yaxşıdır? Həqiqətən pul şişmişdi, amma hələ çürüməmişdi. Gülmək məni tutdu, bir atalar məsəli yadıma düşdü: "Kasıb pul tapdı, qoymağa yer tapmadı".

Sözün qısası, getdim bir köhnə maşın aldım. Fikirləşdim ki, daha o boyda maşını oğurlaya bilməzlər. Maşın da nə maşın? Gündə bir hissəsi xarab olur, düzəltdirirəm. İndi qalmışam borcun-xərcin içində... Zibili sata da bilmirəm, canım qurtarsın. Amma ürəyim sakitdir ki, daha pulum yoxdur...

 

Toy nə üçündür?

 

Əziz dostum Qurbanqulu, sənə neçə dəfə demişəm, ağlına gələni danışma! A kişi, danışma də! Mən ölüm, danışma! Sən o balalarının canı, danışma! Sən son zamanlar sözə baxmayan olmusan, camaata ağıl öyrədirsən. Elə bilirsən, camaat öz xeyrini-şərini səndən pis bilir?

O hərəkətdir, hörmətli, alicənab, möhtərəm bir kişinin toyunda durub mikrofonu almısan əlinə, başlamısan camaata moizə oxumağa ki, bəs, gəlin, toylarımızda araq-çaxır içib keflənməyək, nə bilim, adam kimi musiqiyə qulaq asaq, qab-qacaq sındırmayaq, qışqırıb-bağırmayaq...

Ay Qurbanqulu, indi nəsihət vaxtıdır camaata verirsən? Bəs, toy nə üçündür, hə? Toyda içərlər də, keflənərlər də. Qonaqlar zəhmət çəkib filan qədər pul salırlar, əvəzində o ki var, yeyib-içməlidirlər, yoxsa yox? Yeri gələndə boşqab da sındırmaq olar, qışqırıb-bağırmaq da, hələ o tərəfə keçmək də! Toya kef eləməyə gələrlər də... Qaldı musiqiyə qulaq asmaq məsələsinə, Azərbaycan musiqisi oldu, "moltanı" musiqisi oldu, fərqi yoxdur. Təki mikrofondan  səs gəlsin.

Doğrusu, səndən heç gözləməzdim, Qurbanqulu! Yaxşı, içmə, keflənmə, qab-qaşıq sındırma, oynayıb köynək-köynək tər tökmə, daha o nə toy oldu, hə?

Qurbanqulu, özün bilirsən, toya cürbəcür adamlar gəlir. Onların içərisində pullu, vəzifəli, ağıllı-kamallı adamlar da olur. Belə isə niyə ortalığa düşüb camaatı özünə güldürürsən? Adam var bütün günü özünü ac saxlayır ki, axşam gedib toyda o ki var, yesin-içsin. Sənin qəsdin nədir, istəyirsən toylarımızda qayda-qanun yaradasan? Ay yaratdın ha! Bir toyda ki, vur-çatlasın, dava-dalaş olmadı, şabaş tökülmədi, daha o nə toy oldu?

Deyirsən ki, muğamatın şirin yerində biri gəlir musiqiçilərin qabağına göy kağızdan bir "yüzlük" atır ki, "ala, bir "Tormoz Hüseyn" çal, oynamaq istəyirəm". İndi deyirsən, çalğıçılar muğamatı yarımçıq kəsib "Tormoz Hüseyn" çalmasınlar? Bir başqası "yüzlük" atıb deyəcək ki, "ala, bir "Bakılı balasıyam" oxu". Müğənni də başlayacaq ki, "Bakılı balasıyam, Bakıda qalasıyam". Guya bunu Bakıdan qovan var! Adama deyərlər, nə qədər istəyirsən Bakıda qal da, bə. Gərək toyxanada belə şeylər də çalıb-oxusunlar, axı! Ağzında "toy" deyirsən, zalım oğlu, zalım! Bəs, çalğıçılar pul qazanmasınlar? İstəyərlər "Hopstop" çalarlar, istəyərlər "Çal, oynasın Əjdər əmi!" Sən belə şeylərə qarışma, adın-sanın var, ayıbdır!

Sənin sözlərindən biri bu olub ki, toylarda pul yığılmasın. A kişi, dəli olmusan? ixtiyarın var ki, xalqın adətlərinə qarşı çıxırsan? Toy sahibi bir ətək pul töküb məclis düzəldir ki, camaata havayı yemək-içmək versin? Kişi gərək verdiyini çıxarsın, hələ qazanc da götürsün. Sənə var? Mərdiməzarlıq sənə qalıb?

Qurbanqulu, bir belə işlər görsən, səninlə dostluğumuz tutmayacaq. A kişi, yerini bil, ağır otur, batman gəl! Gedib toyda-mağarda ağzına gələni danışma!

 

Xeyrəddin QOCA

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.23.