Ərafda ruhların mühakiməsi
Corc Sandersin "Linkoln bardoda"
romanı üzərinə qeydlər
Yazıçılıq
büsbütün illüziya sənətidir. Bu, reallıqdan
uzaqlaşmaq kimi anlaşılmasın. Biz hekayə, roman yazarkən
öz təcrübələrimizdən yola
çıxırıq. Həyatımızdan, gerçək yaşantılarımızdan
çıxış edərək bütün bunlara bir nizam
veririk. Həyatın gerçək üzü o qədər gərəksiz
ayrıntılarla doludur ki... O qədər yavandır ki... Biz
istər-istəməz təxəyyülümüzü
işə salırıq, bu reallıqlardan sehrli bir dünya
yaradırıq. Bir fokusu şlyapasının içindən
müxtəlif əşyalar çıxardığı kimi,
biz də hekayələrimizin içindən göyərçinlər
və dovşanlar çıxararaq oxucunu heyrətləndirməyin
zövqünü yaşayırıq.
İnsanın
gerçək üzü şüuraltısında gizlidir.
Yazıçı şüuraltı qazıntılarla məşğul
olan geoloqdur. Bu mənada Corc Sandersin ruhlar aləminə səyahəti
heyrətamizdir. Klassik ədəbiyyatda da, modern prozada da
reinkarnativ romanlar, hekayələr çox yazılıb. Yunan
mifologiyasında orfizm deyilən bir anlayış var. Bu
dünyagörüşünə əsasən əsl həyat
ölümdən sonra başlayır. Orfiklər ruhların
bir bədəndən başqa bədənə keçməsinə
də inanırdılar. Xronos zamanın şəxsləşdirilmiş
obrazı olaraq bütün yunan tanrılarının taleyinə
təsir edir.
"Linkoln
bardoda" romanında isə Xronos Abraam Linkolndur. Buker
mükafatı almış bu əsər Sandersin ilk
romanıdır. Edqar Posayağı fantasmaqorik təhkiyə tərzi,
təhtəlşüurun gizlinlərini açmaq
baxımından istifadə olunan sarkazm, leksik, semantik gəzişmələr
hərdən oxucunun başını gicəlləndirsə də
ideyanın sarsılmaz gücü qarşısında itaət
edirsən. İlk baxışda oxunması çətin olsa
da, hazırlıqlı oxucuya çox şeylər vəd edən
bir romandır. Səhifələri çevirdikcə Linkolnun
beynindən keçənləri, onu əhatə edən
dünya və insanların ictimai statusu, fiziki özəllikləri,
toplumdan qaynaqlanan xarakterlərini izləyə bilirik. Oxucunun
gözlənti sektorunda qısaqapanmalar baş verir, məyusluq
ərinti kimi insanın içinə yayılır. Amma hadisələrin
məntiqindən doğan nəticə, günahın
ağırlığı altında əzilən tiranın məğlubiyyəti,
günahsız bir uşağın ərafda, iki
dünyanın arasında körpüyə çevrilməsi
prosesi ustalıqla, xəsis, lakin polad kimi möhkəm, sərt
cümlələrlə oxucuya çatdırılır.
Yazıçı
Dantesayağı gedişlər etsə də forma və məzmun
büsbütün yenidir. "Linkoln bardoda" əsəri
yeni roman prinsiplərindən çıxış edərək
"XXI əsr romanı necə olmalıdır" sualına
cavab verir. Modern romançılığın bütün
elementlərindən istifadə etməklə yeni model təklif
edir.
Tarixi
gerçəkliyə əsaslanan hadisələr tarixi lətifələrlə
bir roman anlatısına çevrilir. Əslində bu tarixi
anlatılar Sandersin əliylə yoğurub-yapdığı qəhrəmanlar
vasitəsilə oxucuya çatdırılır. Əsər
Amerika prezidenti Linkolnun tif xəstəliyindən
dünyasını dəyişmiş oğlu Uillin
öldükdən sonrakı həyatını təsvir edir.
Daha doğrusu, hadisələr bardoda - ərafda baş verir.
"Bardo" Tibet buddizmində keçid halı anlamına gəlir.
İnsanın şüuru özündə ikən bədənlə
olan bütün bağların kəsildiyi an. Ölümlə
doğuluşun sərhədində toplaşan xəyalatlar
bir-birilə söhbətləşirlər, onlar öldüklərinin
fərqində deyillər. Onların nəzərində qəbiristanlıq
xəstəxanadır, tabut isə azar qutusu. Azar qutusunda hər
kəs özünü olduqca rahat hiss edir, gündəlik
yaşamdakı sorunlarla uğraşırlar. Onların
hamısının ortaq bir özəlliyi var: həyata geri
dönəcəklərinə inanırlar. Arzuları fəqrlidir,
amma məqsəd eynidir. Ərafın baş qəhrəmanı
isə uşaq ikən bura düşmüş Uilldir. O, ərafdakıların
düzənini pozan yeganə şəxsdir.
Ərafın
yüzlərlə sakininin yenidən bu dünyaya qayıtmaq vəsvəsəsi
ilə kor olmuş gözlərini açan adam balaca, məsum
Uilldir. Ətrafındakı adamlar yarımçıq
qalmış işləri varmış kimi geriyə dönməyə
tələsirlər. Bu gözləntilər sona yetməlidir
ki, yarımçıq qalan bütün işləri
tamamlansın. Günahkar ruhlar Tanrıya sığınıb
mərhəmət diləyir. Onlar güman edir ki, tələyə
düşüblər və burdan azad olmalıdırlar.
İroniyaya baxın! Ərafdakı hər kəsin iddia etdiyi
də budur. Yazıçı Linkolnun hakimiyyətdə
olduğu dövrün gerçək mənzərəsini əraf
vasitəsilə gözlər önünə sərir. Orijinal
struktura malik romanda Avraam Linkoln hakimiyyətinin nəticəsi
olan dörd illik vətəndaş müharibəsinin
insanların həyatına vurduğu zərbələr ərafdakı
qurbanların dilindən nəql olunur. Linkoln bu romanda pərdə
arxasındadır, törətdiyi əməllərin nəticələri
isə xəyalatlar şəklində danışır.
Linkoln günahlarının bədəlini ödəyir. Vətəndaş
müharibəsinin günahsız qurbanlarının narahat ruhları
onu rahat buraxmır.
Uill də
qurbandır və onun məsum görünüşü
atasının hakimiyyət ehtirası fonunda olduqca
solğundur. On bir yaşlı uşaq yatağında
qızdırma içində çırpınır, Ağ
evdə isə Linkolnun şərəfinə ziyafət düzənlənib.
Tiranın mənəvi süqutu bu situasiyada üzə
çıxır. Yazıçı obrazlara zərrə qədər
müdaxilə etmir, heç bir izahat vermir, sadəcə,
lakonik, soyuq cümlələrlə mənzərəni təsvir
edir.
İç
savaşın ayaq səsləri Ağ evdə eşidilməkdədir,
tiran isə daxilən parçalanmış durumdadır. Sanki
bardoda olan oğlu deyil, özüdür. O da özünün
bardosunda mənəvi əzablar içində
qıvrılmaqdadır. Yazıçı bənzərsiz bir
üsul seçib. Linkoln tərəfdarları və əleyhdarlarının
gündəliklərində təqdim olunur. Ən dəhşətlisi,
Linkoln öz günahlarını ölmüş oğlunun
ruhu ilə təmizləmək istəyir.
Bir-birlərinin
bədənlərinə girən ruhlar bütün gizli niyyətlərdən
xəbərdardır. Roman azar qutusundakı
günahlı-günahsız adamların mediativ ritual prosesini
Amerika cəmiyyətinə, Ağ evin kluarına proyeksiya edir.
Uillin vəziyyətini isə yazıçı bir cümlə
ilə izah edir: "Onun yeganə günahı uşaq
olmaqdır".
Linkoln
sanki bir mediumdur, oğlunun ruhu qarşısında müttəhim
qismində dayanıb. Vicdan əzabı onun ruhi müvazinətini
pozur. Artıq ruha çevrilmiş uşağın xarakterini ərafda
müəyyənləşdirmək olur, onun xarakterinin əsas
cəhəti budur ki, o, atasının iblisə itaət
etdiyindən şübhələnir, əsl həqiqətə
varmaq istəyir. Şekspirin Hamleti yada düşür. Bu,
Hamletdən üzübəri Avropa insanının əsas
özəlliyidir. Sanders burada əslində sənətin ilahi
mənşəyinə işarə edir.
Bir
sözlə, Sandersin "Linkoln bardoda" romanı bəşəriyyətin
əbədi problemi olan atalar-oğullar toqquşmasını
reinkarnativ müstəvidə çözür. Bu isə
tamamilə yeni, orijinal bir yanaşmadır.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2021.- 30
oktyabr.- S.9.