İspan əsilli şair, rəssam, pianoçu və bəstəkar Federiko Qarsiya Lorka 1898-ci ildə İspaniyanın Qranada bölgəsindəki
Fuente Vaqueros şəhərində
doğulub.
Lorka əsrin ən böyük iki ispan şairindən
biri kimi qəbul edilir. 1928-ci ildə yazdığı "Romancero
Gitano" (Qaraçı Balad)
əsəri ilə şöhrət qazanan Lorka, Salvador Dali ilə birlikdə İspaniyanın
çağdaşlaşması üçün çalışan
sənət adamlarından
biri olub.
Şeirlə yanaşı, teatr
üçün yazdığı
və səhnələşdirdiyi
dram əsərləri ilə
də məşhur olan Lorka Qanlı
Toy (Bodas de sangre,
1931), Yerma (1934), "Bernarda
Albanın evi" kimi dramları uğurlu nəticə göstərmiş, ölüm
və həyat, sonsuzluq kimi, ziddiyyətlər arasındakı
enişli-yoxuşlu xətti
vurğulamışdır.
O, İspaniya vətəndaş müharibəsi
başlayanda 38 yaşında
millətçilər tərəfindən
öldürülmüşdür.
***
Yuxularım
sənin bədəninin
ətrindədir.
Bəlkə lap uzaqlarda,
Gecə
yarı
Məni bağrına basırsan?!
Röya
Yat,
Rahatca yat...
Bayağı baxışlardan çəkinmə,
Sənə nə kəpənəkdən
nə sözdən,
nə də qıfılın deşiyindən
saçan işıqdan
ziyan gələr...
Yat,
Sevgini gözləyər kimi
sən mənim ürəyimdə bir bağçaya bənzəyirsən...
rahatca yat,
yalnız sonuncu öpüş dodaqlarında
can
verərkən oyan!..
Oyan!
Qayıdacağam
Qanadlarıma görə geri
qayıdacağam,
qoy geri qayıdım,
ağ rəngli bir diyarda ölmək
istəyirəm,
Dünənlərin diyarında...
Qanadlarıma görə geri
qayıdacağam
qoy geri qayıdım,
dənizin gözündən
uzaqda,
Sərhədsiz bir diyarda ölmək istəyirəm...
Lolita üçün...
Çayın kənarında
su üzərində
dalğalanan gecəni
izləyin...
Və Lolitanın sinəsi üzərində
Gül dəstələri
sevgidən ölürlər.
Gül dəstələri
sevgidən ölürlər.
Dekabr ayının körpüləri
üstündə,
Üryan
gecənin bəm nəğməsi duyulur,
şor və sünbül dolu sularda
Yuyur bədənini Lolita...
Gül dəstələri
sevgidən ölürlər.
Gümüş gecə
Şəhərin damında parlayır...
Gümüşlü sular güzgülər kimi
sənin çiçək
rəngli ağ ayaqlarında...
Gül dəstələri sevgidən
ölürlər...
Acı
Gülümsədi dəniz
ucqarlarda,
Dişləri köpüklü və dodaqları göy üzü.
- Sən nə satırsan,
Sinəsi açıq qəmli qız?
- Mən dənizlərin suyunu satıram, bəy.
- Qara dərili oğlan,
qanına qarışan
nəsə vardımı?
- Dənizlərin suyu varımdır, bəy.
- Bu duzlu göz yaşların hardan axır, ana?
- Mən dənizlərin suyunu ağlayıram, bəy.
- Mənim ürəyim və bu sonsuz
acılığın
qaynağı hardandır,
görəsən?
- Dənizlərin suyu yaman acıdır, bəy.
Gülümsədi dəniz
ucqarlarda,
dişləri köpüklü
və dodaqları göy üzü.
İcazə verin!
Küləkdə fəryad
Yaradır bir sərvin kölgəsini
icazə verin bu əkin sahəsində
ağlayım...
Paramparça olmuş dünyada
Qaranlıqdan başqa nəsə
yoxdur
icazə verin bu əkin sahəsində
ağlayım...
İşıqsız üfüqləri
Qığılcımlar dişləriylə
sancıb...
Sizdən
istədim ki,
icazə verin bu əkin sahəsində
ağlayım...
Mahnı
Əsla
oxumayacağım mahnı,
Uyuyubdur dodaqlarımın üzərində.
Əsla
oxumayacağım mahnı...
Sarmaşıq gülünün üzərində
Atəşböcəyi vardı,
Və göy üzündəki
Ay
İşığı ilə sancırdı suları.
Belə
oldu ki, mən gördüm röyamda,
Əsla
oxumayacağım mahnı,
Dodaqlarla
dolu bir mahnı
Və uzaq yollardan ibarət...
Bulanıq kölgələrin,
didərgin saatların
mahnısı...
Ağ günlərin,
Canlı
ulduzların mahnısı...
Federiko Qarsiya Lorka
Tərcümə: Ümid NƏCCARİ
Ədəbiyyat qəzeti.- 2021.-
30 oktyabr.- S.11.