Ədəbiyyatın fəlsəfəsi  və ədəbiyyatda fəlsəfə

 

Birinci məqalə

 

Belə bir yanlış təsəvvür yarana bilər ki, guya məqsədimiz fəlsəfənin bədii ədəbiyyata təsirini və metodoloji önəmini vurğulamaqdan ibarətdir. Əslində isə tam tərsinə, bizcə, fəlsəfə, xüsusən milli fəlsəfi fikir, ədəbiyyata daha çox möhtacdır. Və bu ehtiyac sadəcə müasir dövrün tələbi deyil, tarixən, - həmişə belə olmuşdur.

Qədim yunan fəlsəfəsinin təməlində Hind, Şumer və Misir düşüncə ənənələrinin və ilk növbədə Krit mədəniyyətinin dayandığı güman olunur. Bu doğrudur, amma bir əlavə ilə ki, öncə ədəbiyyat gəlir. Antik fəlsəfə tarixçiləri o düvrün fəlsəfəsini Falesdən başlamağa çalışarkən, mühüm bir amili unudurlar. Bu amil isə möhtəşəm antik ədəbiyyatdır. Falesdən öncə Homer var idi, Hesiod var idi və onların yaradıcılığı fəlsəfi təfəkkür üçün daha böyük qida verirdi.

Sadəcə, Falesin, Anaksimen və ya Heraklitin metafizik düşüncələrindən Platon fəlsəfəsi kimi həyati bir təlim hasil ola bilməzdi. Onun təməlində həm də Homer, Esxil, Sofokl və s.-in timsalında ədəbiyyat-mifologiya sinkretizmi dayanır. Yəni bədii düşüncənin iştirakı olmadan, dünyanın hər hansı mükəmməl bir modeli oluşa bilməz. Necə ki, biliklərin əsasında təəssüratlar dayanır və bu təəssüratlar məntiqi konstruksiyalar vasitəsilə ifadə olunana qədər böyük bir duyğu yolu keçir ki, onun da ən yaxşı ifadə forması mifik qəhrəmanlar, bədii obrazlardır. Təsadüfi deyil ki, Platonun öz yaradıcılığı da bədiiliklə rasionalizmin sintezi kimi dəyərləndirilir.

Bəlkə də o dövrün filosofları özləri bunun fərqində deyildilər və min illər keçəndən sonra bunu da Eynşteyn kəşf edəcək, Dostoyevskinin ona Qaussdan daha çox təsir etdiyini vurğulayacaqdı...

Elm, əlbəttə çox önəmlidir, o, xarici aləmin sirr qapılarını üzümüzə açır, bizi özümüzdən kənara çıxarır, təsir dairəmizi genişləndirir,

Ədəbiyyat isə bizə özümüzü tapmaqda yardımçı olur - içimizdəkiləri kənardan müşahidə və mühakimə etmək şansı verir.

"Elmsiz sənət, sənətsiz elm - təkqanadlı quş kimidir, uça bilməz.", - deyirdi Xudu Məmmədov.

Fəlsəfə ilə Elmin münasibətindən danışarkən, müxtəlif baxışlar adətən iki qütb: "Bütün elmlər Fəlsəfənin çuxasından çıxmışdır" tezisi ilə "Fəlsəfə də elmlərdən biridir və onun meyarlarına uymalıdır" tezisi arasında paylanır. Amma birinci yanaşmanı tarixi keçmişə aid edib, ikincini günün tələbi kimi dəyərləndirənlər çoxluq təşkil edir.

Bəs əslində necədir?!

Əslində hər şey özü olanda daha gözəldir... "Başqasının çuxası" məsələsinə gəlincə, bu ancaq retrospektivdə belə görünür. Ona qalsa, Fəlsəfə də Ədəbiyyatın, ədəbiyyat da mifin, mif də ibtidai düşüncənin çuxasından çıxmışdır, - yəni söhbət sinkretik ilkdən və ondan ayrılmalar və fərqli doğuşlardan gedir. Mənşə birdir, amma fərqli idrak formaları fərqli zamanlarda doğulmuşdur. Yəni mif, ədəbiyyat, fəlsəfə, elm... əslində bacı-qardaşdırlar, sadəcə ən kiçik qardaş olan Elm sivilizasiyanın aparıcı ünsürünə çevrilməklə, bir növ taxta çıxmışdır və sanki zamanı geri döndərərək, hər kəsi öz çuxası altına salmağa çalışır.

Fəlsəfə sanki könüllü olaraq bu yeni çuxaya girdi, amma çuxa dar gəldi və fəlsəfə bölündü; klassik fəlsəfə/metafizika ilə yanaşı bir "fəlsəfə elmi" də yarandı. Və bu "fəlsəfə elmi" əslində Elmin qulluqçusuna çevrildi.

Bədii ədəbiyyat bu çuxaya heç uyğun gəlmədi, amma o da Elmə xərac vermək üçün balalarından birini ona ərmağan etdi: "ədəbiyyat nəzəriyyəsi" ədəbi prosesdən ayrılmasa da, Elmin bayrağa altına keçdi.

Ədəbiyyatın mahiyyətini açmaq üçün də Platon fəlsəfəsi Aristoteldən, onun "Poetika"sından qat-qat verimlidi, - əgər onu bu baxış bucağında nəzərdən keçirə bilsək. Aristotel poeziyaya artıq oluşmuş bir şey, hazır reallıq, fakt kimi baxır və bu faktın formalarını ələ alır. Amma mahiyyət və missiya formada açılmır. Nə yaxşı ki, Platon var; onun ideyalar konsepti xaricində nə gözəlliyi, nə də bədiiliyi doğru-dürüst dəyərləndirmək mümkün deyil.

Sonrakı dövrlərin böyük filosofları da bədiiliyin dərkində daha çox Platondan bəhrələnirlər. A. Şopenhauer yazır: "Estetik mühakimə qabiliyyətinin tənqidində Kant əyanidən, gözəlin özündən, bilavasitə gözəldən deyil, gözəl haqqında mühakimədən çıxış edir." Arxa planda yenə də Platon görünür: gözəlliyin hər hansı bir konkret nümunəsi, təzahürü deyil, ideyanın özü! Gözəllik ideyası və ideyanın gözəlliyi!

Bəli, hər şeyin gözəlliyi onun öz ideyasına uyğunluq dərəcəsi ilə ölçülür. Kant da gözəl şeyin özünü deyil, ideyasını önə çəkir və deməli, onu konkret təzahürlər üçün meyar, etalon hesab edir.

Bütün böyük filosoflar sənətin missiyasını həyatdan ideala yüksəliş yolunda axtarırlar. Fəlsəfənin öz missiyası isə bu idealların müəyyənləşdirilməsi, olanları deyil, olmalı olanları öyrənməkdir. Fəlsəfənin predmetinə ancaq ideya qatındakı münasibətlər aiddir; hissi dünyadan ideyaya və ya əksinə, ideyadan gerçək həyata yol bədii təfəkkürün və praktik düşüncənin payına düşür.

Hər bir insan üçün dünya və həyat haqqında ümumi təsəvvür vacib olduğu kimi, həyatın heç olmasa, hansı isə güşələrinin canlı və rəngarəng təqdimatı, onun nəfəsini duymaq da bir o qədər vacibdir.

Fəlsəfi mənada özünüdərk öz-ün, fərdi Mən-in yox, universal insanın, - insan ümumisinin dərkidir və tarixi bir prosesdir. Ədəbi-bədii müstəvidə isə "mən" fərdiləşdiyindən, cismani dünyanın müxtəlifliyinə və rəngarəngliyinə bürünür və özünüdərk də şəxsi həyatın özəlliklərindən dolayı, xüsusiləşmiş olur. Elmdə hər paradiqma hüdudunda həqiqətə cəmi bir yol olduğu halda, ədəbiyyatda min bir yol var. Hər yolun da öz labirintləri, öz dramatizmi mümkündür ki, yazıçının da məqsədi bu yollardan ən parlağını, rəngarəng və yaddaqalanını seçməklə oxucunun şüuraltısına unudulmaz izlər buraxmaqdır.

Fəlsəfə hamı üçün ümumi olan həyat idealı, universal meyar, kateqorik imperativ axtardığı halda, ədəbiyyat həyat spektrinin bütün açılışını təqdim edir, amma bir əsərdə, bir dəfəyə deyil... Təbii ki, hər təqdimat rənglər qammasının ancaq məhdud sayda çalarını, fraqmentini ehtiva edir, ona görə də,  bədii əsərin, ədəbiyyatın həyatı/dünyanı bütövlükdə ehtiva etmək iddiası yoxdur. Fəlsəfə isə məhz belə bir bütövlüyə, universallığa iddialıdır. Amma mücərrədlik dərəcəsi artdıqca, dünyanın mənzərəsi bütövləşsə də, rənglər itir; uzaqdan görünüş solğun və cansız olur. Bədiilik mücərrədlikdə itirilənləri bərpa edir. Çünki ədəbiyyat həyatın həmin anda təsviri deyil; arada bir zaman və məqam məsafəsi, fəlsəfə yolçuluğu var: öncə konkretdən mücərrədə yüksəliş, sonra dönüş. Həqiqi böyük ədəbiyyat - dönüşdəki təsvirdir. Başqa sözlə desək, ədəbiyyat fəlsəfədən fərqli olaraq, göydəkiləri deyil, yerdəkiləri tərənnüm etsə də, bunun üçün sənətkar özü göyə yüksəlir, yəni yerdəkilərin təsvirini/şəklini göydən çəkir. Yerlə göy arasında vargəl etmək isə, təbii ki, ancaq ilham qanadları sayəsində mümkün olur. Bu məqamda bir daha "şairə ilhamdan maya gərəkdir" hökmü yada düşür. Amma ilhamdan ilhama da fərq olur. İlham sadəcə sözün axarına düşmək deyil; fikrin axarına düşmək ilhamın daha yüksək məqamıdır.

Şeirdə - söz sözü gətirir, fəlsəfədə fikir fikri. O başqa məsələ ki, söz özü ilə məna da gətirir və fikir də sözlərə bürünüb gəlir; önəmli olan hansının nə zaman aparıcı olmasıdır. Fikrin yüyəni sözün əlində olanda - şeir, sözün yüyəni fikrin əlində olanda - fəlsəfə yaranır. İlhamlar qoşa gələndə - fəlsəfi poeziya.

Qafiyə şeirin zahiri ahəngidir. Məzmunun da öz ahəngi var. Amma bu - məntiqlə deyil, məna ilə açılır. Bədii təfəkkür məntiqə sığmır, onu aşır.

Məntiq fikrin sadəcə formasına aiddir. Önəmli olan - məzmundur, süjetdir, ideyanın açılışıdır. Ona görə də, məntiqi nə şerin, nə də fəlsəfənin əsas göstəricisi saymaq olar. Onların ikisi də məntiqin fövqündəki ənginliklərə üz tutur.

Bu baxımdan, fəlsəfə və poeziya elmdən çox fərqlənir. Bəhmənyar hələ o vaxt bu məsələyə çox gözəl aydınlıq gətirib: "Məntiqin düşüncəyə nisbəti rammatikanın nitqə, əruzun şeirə nisbəti kimidir." Bu yığcam deyim, dünya fəlsəfi fikrinin hələ indi-indi yan aldığı fəlsəfi-estetik məsələlərə işıq tutmaqdadır. Təəssüf ki, bu gün də düşüncəni məntiqlə, dili dilçiliklə, poeziyanı poetik formalarla təqdim etmək tendensiyası var. Xüsusən təhsil prosesində. Hər şeyi onun haqqında elmlə təqdim etmək - elmin mənəviyyatı qapsamasına səbəb olur.

Ədəbiyyatın fəlsəfəsi ilə estetika arasında, estetika ilə ədəbiyyat nəzəriyyəsi arasında yenə də bir yaxınlıq var: bu yaxınlığı görmək üçün elmi səviyyədən fəlsəfi səviyyəyə; empirik elmi idrakdan nəzəri idraka, ordan da fəlsəfi təfəkkürə keçmək kifayətdir. Yəni fərq üfqi deyil, vertikal ox üzrədir, piramidanın oturacağı, - tədqiqatın mövzusu və predmeti isə aşağı-yuxarı eynidir, sadəcə təfəkkür səviyyələri və metodlar fərqlənir.

İkinci sahə - "Ədəbiyyatda fəlsəfə" isə hüdudsuz bir fəlsəfə dünyası, fəlsəfi problematikanın cövhəri, qaymağı, almamateri deməkdir. Başqa sözlə desək, burada ədəbiyyat və fəlsəfə problematika, mövzu baxımından eyni tərtiblidir, söhbət sadəcə dil və metod fərqindən gedir: "Ədəbiyyatda fəlsəfə" fəlsəfənin fərqli bir müstəvidə, bədii dil və üslubda alternativ mövcudluğu; ikinci, bəlkə də əsil, ilkin həyatı kimidir. Doğrudur, elə mövzular var ki, ədəbiyyat fəlsəfənin, fəlsəfə də ədəbiyyatın işinə qarışmaq istəmir, istəsələr də çətin ki, bir nəticə hasil olsun; bunlar ilk növbədə naturfəlsəfə, neopozitivizm və epistemoloji problemlərdir. Qalan cərəyanlar - həyat fəlsəfəsi, ekzistensializm, linqvistik analiz, hermenevtika və s. elmdən daha çox, ədəbiyyatla bağlıdır. Eləcə də etika və estetika.

Ədəbiyyatda elə mövzu tapmaq çətindir ki, onun həm də fəlsəfə qatı olmasın. İnsan-Dünya münasibətləri, mənəvi və maddi həyat, fərd və cəmiyyət, iç və dış dünyalarının mücadiləsi, ağıl və sevgi, gözəllik və ləyaqət, həqiqət və güc, zülm və ədalət, dini hiss və azadfikirlik, azadlıq və məsuliyyət, əxlaqi dəyər və vəzifə borcu və s. Biz bunun kiçik bir örnəyini, orta əsr şairlərimizin qoyduğu məsələlərin müasir fəlsəfi mündəricəsini "Fəlsəfə və Poeziya: Nizami, Nəsimi və Füzuli timsalında" adlı məqaləmizdə (Ədəbiyyat qəzeti, 31 iyun) vermişdik.

Ədəbiyyatda fəlsəfə məsələləri ilk növbədə ədəbi tənqidin predmetinə aiddir. İstər-istəməz tənqid özü də iki istiqamətə ayrılır: hər hansı bir bədii əsərin bədii-estetik prinsiplər baxımından dəyərləndirilməsi və bir də, məzmunun ideya mündəricəsinə görə, tərənnüm olunan fəlsəfi prinsiplər baxımından nəzərdən keçirilməsi. Əlbəttə, peşəkar tənqidçi həvəskardan fərqli olaraq əsəri şəxsi zövqü baxımından, xoşuna gəlib-gəlmədiyinə görə deyil, məhz məlum fəlsəfi prinsiplərdən çıxış edərək, müəllif mövqeyinin mövcud fəlsəfi təlimlər və cərəyanlarla müqayisəsini verməklə araşdırır. Bunun üçün isə sadəcə ədəbiyyatçı olmaq yetərli deyil və tənqidçidən yüksək fəlsəfi hazırlaq tələb olunur.

Bu mövzu çox genişdir və ədəbi tənqidin elmə, "ədəbiyyat elmi" və ya ədəbiyyatşünaslığa deyil, daha çox fəlsəfəyə bağlı olduğunu, ədəbi-bədii qiyafətin altındakı rasional özəyin fəlsəfi məsələlərə aparıb çıxardığını, ədəbiyyatşünaslığın strukturu, bölmələri haqqında, ədəbi tənqidin statusu haqqında oturuşmuş yanlış müddəalara yenidən baxılması zərurətini vurğulamaqla kifayətlənirik.

 

Səlahəddin XƏLİLOV

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.14.