Varislər
Zöhrə HÜSEYNZADƏ:
“Gözümüz yaşarana qədər atam şeir oxuyurdu”
"Varislər"in bugünkü
qonağı Azərbaycanın unudulmaz Xalq şairi, gözəl
dost, lirik şeirlər müəllifi, milli aşıq sənətinin
inkişafında xüsusi xidmətləri olan əvəzsiz
insan, uzun illər Aşıqlar Birliyinin sədri olmuş
Hüseyn Arifin qızı həkim Zöhrə xanım
Hüseynzadədir.
1924-cü ilin yayı Qazax qəzasında,
Ağstafa rayonunun Yenigün kəndində gəlmişdi
dünyaya. Bakıda pedaqoji məktəbi
bitirdikdən sonra qısa müddət müəllimliklə məşğul
olmuş, İkinci Dünya müharibəsi başlayanda -
1942-ci ildə cəbhəyə gedərək, sovet ordusu
sıralarında xidmət etmişdi. Müharibədən
sonra BDU-nun Şərqşünaslıq fakültəsində
ali təhsil almış, təhsilini
bitirdikdən sonra Moskvada M.Qorki adına Ədəbiyyat
İnstitutunun aspiranturasına daxil olmuşdu...
Bu gün o unudulmaz insanı,
gözəl şairi, adı çəkiləndə ruhumuza
xoş ovqat dolan Hüseyn Arifi xatırlayacağıq.
- Zöhrə xanım, Hüseyn
Arifin maraqlı soyadı var - Arıxov. Kim olub
Arıxovlar? Kim olub atası Camal kişi?
Gəlin bundan başlayaq.
- Əvvəlcə sizə atamı
xatırladığınız üçün təşəkkür
etmək istəyirəm. Çox təəssüf olsun ki, uzun illərdir
nə mətbuatda, nə televiziyada, nə də rəsmi dairələrdə
atam xatırlanmır, yada düşmür. Amma Hüseyn Arifin Azərbaycan ədəbiyyatı
tarixindəki xidmətlərini unutmaq olmaz.
Atam avtobioqrafik şair olub
Hüseyn qağamın yaradıcılığına əvvəldən
bələd idim, amma külliyyatını toplayıb
çapa hazırlayanda, redaktə edəndə hər şey
qüsursuz olsun deyə, bir mətnə dəfələrlə
qayıdırdım. Həmişə demişəm ki, atam
avtobioqrafik şair olub. Bəlkə də
həyatda hansısa anın, hansısa hadisənin
ovqatından təsirlənib yanlış nəsə deyə
bilər, amma şeirlərində nə yazıbsa, səmimi və
gerçək yazıb.
Atamın əslinin Göyçədən olduğunu
iddia edənlər var, amma bunu nəsə bir sənədlə,
sübutla ortaya qoymurlar. Hüseyn qağam şeirlərinin birində yazır
ki, "Qazaxda gözümü açdım dünyaya,
Dünyaya açılan gözüm Qazaxdır...". Bu artıq tərcümeyi-haldır.
"Dolandım istəkli bir bala kimi, İsti qucağına
Ağstafanın...". Yəni
Qazaxda doğuldum, Ağstafada böyüdüm. Mən yaşlı qohumlarımdan dəqiq öyrənmişəm,
atam Qazaxda, bibisinin evində dünyaya gəlib.
Atamın ana tərəfi Babaxanovlardı, ata tərəfi
Arıxovlar. Hardan gəlir bu Arıxovlar indi onu da deyəcəyəm.
Babamgili Xoydan gələndə Tiflis
yaxınlığındakı Arxlı kəndində məskunlaşıblar.
Kənd camaatı arxlılar kimi tanınıb.
Sonradan sovetlərdə siyahıyaalma
başlayanda bu sözü təhrif eləyib Arıxovlar kimi
yazıblar. Ata babamız arıq, uzun kişi
olub. Həmişə elə bilmişik bu
"arıx" sözü onun arıqlığından
götürülüb, amma dəqiqləşdirəndə məlum
oldu ki, bu, arxlı sözünün təhrif edilmiş variantıdır.
Sənədlərdə Hüseyn qağamın
ilk soyadı Arıxovdur, sonradan babası Hüseyn kişinin
adıyla Hüseynzadə soyadını götürüb.
1976-cı ilə qədər bütün
kitabları Hüseynzadə imzasıyla çap olunub. Qardaşım Arifin faciəli ölümündən
sonra təxəllüsünü dəyişib Hüseyn Arif
elədi.
Zal qızı Gülnazın nəvəsi
Ata babam
Camal kişi Zal qızı Gülnazın
nəvəsidir. Qçaq Kərəmin, Zal İsgəndərin
bacısı nəvəsi sayılır. Qaçaq
Kərəmgili səkkiz qardaş olublar. Atamın
"Zal qızı Gülnaz" poeması var, həm də
bizə o barədə çox danışırdı. Zal Qızı Gülnaz həmişə deyirmiş
ki, axırıncı uşaqdan yarımadım. Səkkizinci oğlunun adı Alıhüseyn olub.
Balacaboy, cil-çil, kürən kişi
imiş. İndi Hüseyn Arifin səkkiz
yaşlı bir nəticəsi var, uşağın
saçları qıpqırmızıdır, kürəndir.
Həmişə fikirləşirdim ki, bu
uşaq kimə çəkib. Bir ay olar
Alıhüseyn kişinin şəklini tapmışam. Doğrudan da, gendə heç nə itmir. Sən demə, uşaq Alıhüseyn kişiyə
çəkib. Altıncı nəsildir.
Zal qızı Qaçaq Kərəmin bibisi olub. Zal
qızı Gülnazla İsgəndər bacı-qardaş
olublar. İsrafil ağayla düşmənçilikləri
düşüb. Ələs adlı
oğlunun toyunda İsrafil ağanın adamları Ələsi
tikə-tikə doğrayıb, arabaya qoyur, toy yerinə
göndərirlər. Zal qızı deyib
ki, düşməni güldürə bilmərəm, toy davam
eləyəcək. Mağarı yarı
bölürlər, bir tərəfində toy, bir tərəfində
yas keçib. Zal qızı, hətta qol
qaldırıb, toyda oynayır, sonra o biri tərəfə
keçib, göz yaşı tökür.
"İkiyə
bölünsün məclisdəkilər,
Bir gözümdə sevinc, birində kədər.
Vayda
ağlayacam, toyda güləcəm...".
Bəzən əsassız bir fikir atırlar
ortalığa, bizimkilər bir-birini qırıb, Koroğlu elə
türklərlə mübarizə aparıb, amma bunun sinfi
mübarizə olduğunu unudurlar. Qaçaq Kərəmlə
İsrafil ağanın konflikti də sinfi mübarizə idi.
Biri bəy idi, biri rəiyyət. Qaçaq Kərəm itaət qəbul eləmədiyi
üçün mübarizə aparırdı. Nənəm, yəni atamın anası
görmüşdü onları. O evin gəlini idi. Qaçaq Kərəmgil dediyim kimi səkkiz
qardaş olublar. Təsəvvür eləyin də, bir
evdən səkkiz nəfər əlisilahlı adam
çıxır, bu bir orduydu elə. Qaçaq
Kərəm rəiyyət olub, amma hamı onlarla
hesablaşıb, dərdini, problemini onlara deyib.
Qaçaq Kərəmin atası İsgəndər kişi oğullarına əsl kişilik, mərdlik
təlimi keçib. At sürmək, tüfəng
atmaq öyrədib. Ayaqyalın
biçilmiş taxıl zəmisində
qaçırdırmış onları. Kürü
bu sahildən o biri sahilə üzüb keçirmişlər.
Sovet hökuməti qurulandan sonra Zal qızının
"mən bu oğlumdan yarımadım" dediyi
Alıhüseyn kişini Qazax qəzasına milis rəisi
qoyurlar. Atam görmüşdü onu. Deyir,
heç vaxt eyni evdə gecələmirdi, heç vaxt işə
eyni küçəylə getmirdi. Çünki
düşməni çox idi və söz düşəndə
deyirmiş ki, nəslimin yeddi arxa dönən düşmənlərindən
qisas almışam. Bax Hüseyn Arifin həmin
kürən nəticəsi Alıhüseyn kişiyə
oxşayır.
- Hüseyn əmi Qorki adına
Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmədi,
deyəsən... Şərqşünaslıqdan
sonra birbaşa rus dilində təhsil almaq nəyə lazım
idi ki?
Fenomenal yaddaşlı adam
- Nəsə
həvəsdən düşüb, elmi işini yarıda
saxlamışdı... Hüseyn qağam onillik
orta məktəbi yeddi ilə bitirmişdi. Fenomenal yaddaşı vardı. Müəllimin
dediyini nöqtə-vergülünə qədər yadında
saxlayırmış. Oturub xüsusi dərs
hazırlamayıb, elə müəllimin başa
saldığı dərsi qavrayıb vəssalam. Amma heç vaxt yaddaşıyla qürur duymur,
lovğalanmırdı. Atam Aşıq
Ələsgərin, Qurbaninin, Səməd Vurğunun şeirlərinin,
demək olar, əksəriyyətini əzbər bilirdi. Hansı şeirdən deyirdin ondan sitat gətirirdi.
Onun bütün həyatı şeir idi, ancaq
sözlə, şeirlə nəfəs alırdı. Biz ailədə onu atadan əvvəl şair kimi
tanımışıq.
- Bəs ailədə onun yolunu davam
eləyən oldumu?
- Mən qətiyyən heç nə yazmadım, yaza bilmədim.
Yəni şeirdən gedir söhbət. Amma məqalələrim var. Amma bacım Səhər
uşaq vaxtı bir-iki şeir yazmışdı. Səhərin qızı Günel isə həm azərbaycanca,
həm də rusca yazdı. Ərə gedəndən
sora o da yazmadı daha.
Çox qəribədir, Hüseyn qağamın nəslində
indi nə şeir yazan, nə də sazçalan var. Heç
buna meyil eləyən də yoxdur. Evimizdə həmişə
saz olub, amma birimiz o sazı götürüb
çalmamışıq. Atam evdə
tez-tez saz çalırdı. Sevdiyi havalar vardı, amma
qardaşım Arifin ölümündən sonra atam olan məclisdə
heç kəs "Dilqəmi", "Yanıq Kərəm",
"Ruhani" çalmadı onun yanında. Bilirdilər ki,
onu kövrəldə bilərlər, ürəyini
ağrıda bilərlər...
- Söz düşəndə
hamı Hüseyn Arifi hazırcavab adam, dərviş
timsalı biri kimi xatırlayır. Haqqında
çoxlu lətifələr dolaşır. Lətifələr kitabı da
qarşımızdadır. Amma onun
içində sağalmayan bir yara vardı - nakam oğul
itkisi. Necə yaşaya bilirdi bu kədərlə?
Necə yaranırdı kədərli adamın lətifələri?
Öz kədəriylə sizi də incidirmi?
-
Qardaşımın faciəsindən sonra, demək olar, hər
axşam bizi başına toplayıb, şeirlərini oxuyurdu. Onlar silsilə şeirlər idi. O vaxt mən
rayon səhiyyə şöbəsinin müdiri idim. Səhər tezdən işə getmək məcburiyyətindəydim.
Gözlərim ağlamaqdan qızarır,
üz-gözün şişirdi. Bizi
ağlatmadan, gözümüzdəki yaşı görmədən
şeirin nöqtəsini qoymurdu. Başa
düşürdü ki, biz o şeiri yaşaya bildik, yəni
başqa sözlə desək, oxucu onun hisslərinə
köklənə bildi.
Atam şeiri heç vaxt yazıb qaralamazdı. Birbaşa
yazılırdı, hazır gəlirdi içindən,
köçürürdü kağıza. Onun ömrünün sonuna qədər bir yerdə
yaşadıq, bircə dəfə də olsa
yazdığını qaralayanda görmədim. Kitabda, qəzetdə çap olunandan sonra nəsə
xoşuna gəlməsə üstündə düzəliş
edirdi, vəssalam.
- Bilirik ki, ən yaxın
dostlarından biri İsmayıl Şıxlı olub. Amma
başqaları da var o uzun siyahıda...
Atamın dostları
- Hə,
İsmayıl müəllimlə dost idilər. Ancaq
o uzun siyahı məsələsini doğru qeyd elədiniz.
Atamın dostu çox idi. Məsələn,
ağdamlı Eyyub əmi vardı. Bakıya
gələndə mütləq bizə baş çəkirdi.
Atam evdə olmurdu bəzən. Yığırdı bizi aparırdı bulvara, gəzdirirdi
şəhəri, qulluğumuzda dururdu, restoranda qonaqlıq
verirdi bizə. Bu böyük ərk idi.
Böyük qızlar idik artıq. Əsl əmiydi o. Yaxşı xatirimdədir, bir dəfə
hansısa restoranda olanda rəhmətlik Nəzakət Məmmədova
oxuyurdu. Çağırdı yanımıza, tanış elədi bizi, dedi bunlar Hüseyn
Arifin qızlarıdır. Bərdənin raykom katibi Aydın
müəllimlə dost idi. Hüseyn qağam bircə dəfə
ölümündən bir il qabaq xəstəxanada
yatdı, vəssalam. Xəstəlik nədir,
dava-dərman nədir bilməzdi. Aydın
müəllim deputat idi o vaxtlar. Məzuniyyət
götürmüşdüm, hər gün atama baş çəkirdim.
Və demək olar hər gün mən
qayıdana yaxın Aydın müəllim başının dəstəsiylə
gəlirdi xəstəxanaya, atamı yoluxmağa. Yəni atamın elə dostları çox idi,
onların əksəriyyətini qohum bilirdik. Tələbə Qəbulu Komissiyasının sədri
Məleykə Abbaszadənin atası Mehdi müəllim
çox yaxın idi atamla. O qədər doğma, o qədər
yaxın idilər ki, elə bilirdik qohumdur.
- Adamlar necə tapırdılar onu,
niyə tapırdılar onu? Nəyə görə, hansı
xüsusiyyətinə görə onunla dost olmaq istəyirdilər?
-
Çox təmiz, sadəlövh, saf adam
idi. Konfliktdən uzaq adam idi. Külliyyatını toplayanda müxtəlif
adamların xatirələrini də saldım kitaba. Vəzifəli adamlardan biri xatirəsində yazır
ki, Hüseyn Arif rayona gələndə icazə verməzdi
maşının yük yerinə nəsə sovqat qoyaq.
Götürməzdi. Amma
çoxu gələndə diliylə deyidi ki, filan-filan
şeyləri qoyarsız "baqaja". Təsəvvür
eləyirsiniz, yağ-ət talonla satılırdı. Qıtlıq idi. Atam istəsəydi
hər ay hansısa rayondan kimsə bizim aylıq
yağımızı-ətimizi göndərərdi. Amma elə şey olmadı. Biz
rüşvət, haram görməmişik. Amma əvəzində aclıq bilmişik nədir,
paltar olmamaq, ayaqqabısız qalmaq nədir bilmişik.
Atam gözütox adam olduğundan belə
şeyləri heç vaxt dərd eləməmişik.
"Şəkər
qorxutmayır artıq heç kimi
Xərçəng azarı da keçər, şübhəsiz.
Görəsən,
bacara biləcəyikmi
Bu
rüşvət adlanan xəstəliklə biz?".
Bakı paltosu geyən müdir
Ailədə o cür tərbiyə almışdım, səhiyyə
şöbəsinin müdiri işləmək çətin
idi mənə. Səhiyyə Nazirliyində kollegiya
üzvüydüm. Mən Bakı
istehsalı palto geyinirdim, Bakı ayaqqabısı geyinirdim.
Bunu qətiyyən özümə ar bilmirdim.
Ailədə hamımız elə olmuşuq.
Anam dil-ədəbiyyat müəllimi idi. Bir qutu konfet belə şagirdlərindən
götürmədi heç vaxt.
- Anadan, Məleykə xanımdan
söz düşdü, gəlin ondan danışaq. Bilirəm
ki, Hüseyn Arifin qapısı yaşından asılı
olmayaraq əksər ədəbiyyat adamının üzünə
açıq olub və demək olar, az qala
hər gün o evdə süfrə açılıb, qonaq
qarşılanıb. Məleykə xanım
yorulmurdu bundan? Qınamırdı Hüseyn əmini ki, bəsdir
də, nə qədər olar...
- Ailə
üçün bişən yemək qonağın
qabağına gedirdi. Evdən saz-söz əskik
olmazdı. Biz çox sevinirdik buna. Anam qulluğunda dururdu qonaqların. Biz oxuyurduq ya məktəbdə, ya institutda,
vaxtımız olmurdu anama çox kömək eləməyə.
Qonaqlar atamın başını
qatırdılar elə bil, dərdini unutdururdular ona. Arifdən sonra elə bil hamımız
baş-başa qalmağa çəkinirdik.
- Necə
tapışmışdılar. Sevib evlənmişdilər,
ya böyüklərin məsləhətilə ailə
qurmuşdular?
- Atam orta
məktəbi bitirəndən sonra Bakıda pedaqoji məktəbdə
oxumuşdu. Sonra onu Tovuza müəllim göndərmişdilər.
Müəllim kimi bronu olur, müharibə
başlayan kimi onu göndərmirlər cəbhəyə.
1942-ci ildə Göyçə mahalının
Cil kəndində müəllim işləyəndə onu
orduya çağırırlar. Nənəm
deyirdi ki, Aşıq Mirzə vağzalda Hüseyni yola salanda
saz çaldı.
Atam əsgər gedəndə anasına deyib ki, mən
Aşıq Mirzənin qızı Bənövşəni sevirəm,
davadan qayıdandan sonra onu alacağam. Mən qayıdana qədər
gözün o qızın üstündə olsun. Atam müharibədə olanda Bənövşə
gözləmir, özündən yaşca böyük vəzifəli
bir adama ərə gedir, amma çox çəkmir bu evlilik,
ayrılır. Bənövşə
xalanı mən də tanıyırdım. Övladı yox idi. Heç vaxt
bu söhbəti açmırdım, çünki sağ idi,
Bənövşə xala. Nəsə... Atam
müharibədən qayıdandan sonra nənəm ürək
eləmir Bənövşə xəbərini ona deməyə.
Sonra Bənövşə özü də uzun
illər dövlət qulluğunda işləmişdi.
Bir neçə il olar dünyasını
dəyişib.
Nəsə, atam qayıdır əsgərlikdən,
anasına deyir ki, mən Bənövşənin eşqiylə
getmişəm, onun eşqiylə də qayıtmışam. Gedək o
qızı alaq. Nənəm cavab verə
bilmir. Atam başqalarından eşidir Bənövşə
əhvalatını.
Atam gedib
Bakıda universitetin Şərqşünaslıq fakültəsinin
fars dili şöbəsinə qəbul
olur. Nənəm onu evləndirmək istəyir.
Atam surətpərəst kişiydi, gözəllik
aşiqiydi, sevmədiyi, könlünə yatmadığı
biriylə dünya dağılsa da evlənməzdi. Ata nənəmin qohumu Aslan dayı Kirovka kəndində
məktəb direktoru olub. Nənəm
söz salanda Aslan dayım deyib ki, məktəb də, kənd
də gözəl, ağıllı qızlarla doludur, birini
seçsin evləndirək Hüseyni. Anam
Aslan dayının bacısıdır. Anam
gözəl qadın idi. Heç birimiz ona
çəkmədik. Onun zil qara
saçları vardı. Darağı
isladıb darayırdı saçlarını,
barmağıyla bururdu, saçları elə də burulub
qalırdı. Qırmızı
yanaqları, ala gözləri vardı. Atamın
da gözləri yaşıla çalan alaydı.
Ala gözlü Məleykə...
Bir axşam anamı Hüseyn qağama göstərmək
istəyiblər. Bir bəhanəylə anamla atamı
görüşdürürlər. Anamı
sevən çox olub. Anam deyirdi ki,
Hüseyn məni sevirdi. Bu çox dəyərli
sözdür. Qadın sevildiyini biləndə
xoşbəxt olur. Elçi gələndə
anam deyib, mən təhsil almalıyam. Toydan
sonra anam Qazax Pedaqoji Texnikumunda oxuyur. Biz
Bakıya köçəndən sonra anam pedaqoji institutun
üçüncü kursuna qəbul olunur. İsmayıl Şıxlı dərs deyib ona. Anam deyirdi, hər dəfə imtahanlar
yaxınlaşanda İsmayıl qardaş zəng vurub deyirdi
ki, ay Məleykə, xəngəl hazırdımı?
Anam müəllimlikdən zövq alırdı. Məktəblə,
şagirdləriylə yaşayırdı. Bizim tərbiyəmizlə əsasən anam məşğul
olub. Məktəbə gedənə qədər
yazıb-oxumağı öyrənmişdik. Nənəm bizə dastanları əzbərlətmişdi.
Ağlımız kəsəndən evdə
oyuncaq görmədik, oyuncaqlarımız kitab-dəftər, qələm
idi.
- Siz keçmiş Hüsü
Hacıyev küçəsindəki məşhur
yazıçılar binasında yaşamısınız,
orada böyümüsünüz. Maraqlı
qonşularınız olub. Kimlər
qalıb yaddaşınızda?
İlyas Əfəndiyevin oğlu həyətə
düşən kimi...
-
Çox maraqlı məhəlləydi. Yanımızda
bəstəkarlar binası idi, onun da yanında rəssamlar
binası. Çox böyük tarix
vardı o binada. Bayram Bayramovun əkizləriylə
bir sinifdə oxumuşam. Az.TV-nin
aparıcısı vardı, Gülşən Əkbərova,
yazıçı-jurnalist Məhəmməd Əkbərin
qızıydı. Bir yerdə oxumuşuq.
Salam Qədirzadə... Ənvər Əlibəyli
bizdən bir mərtəbə aşağıda
yaşayırdı. İsmayıl
Şıxlı o biri blokda yaşayırdı. Bəxtiyar
Vahabzadə... Qasım Qasımzadə... Demək
olar, dövrün ən məşhur
şair-yazıçılarıyla bir məhəllədə
yaşayırdıq. İlyas Əfəndiyevin
kiçik oğlu Timuçin həyətə düşəndə
biz qaçıb gizlənirdik. Çox
şuluq uşaq idi. Elçin böyük
idi, ağayana aparırdı özünü, Timuçin
balacaydı, göz verir-işıq vermirdi bizə
(gülür). Asıb-kəsən,
vurub-yıxan oğlan idi.
- Deyirlər, Hüseyn Arif çox
yerlibaz olub. Hətta siz də mənimlə
telefonda danışanda ilk sualda haralı olduğumu
soruşdunuz? Ümumiyyətlə, sizin zonada
yerlibazlıq, deyəsən, bir az
ifratdır...
- Axı
mən sizə dedim, illərlə Hüseyn Arif heç kəsin
yadına düşmür, xatırlanmır.
- Məncə, burda bir az səhv edirsiniz. Hüseyn Arif, bəlkə də,
ən çox xatırlanan şairlərdən biridir. Bizim elə
bir məclisimiz olmur ki, Hüseyn qağa yada düşməsin,
hansısa lətifəsini deyib gülməyək...
- Yox, o
başqa şeydir. Mən rəsmi xatırlanmağı
nəzərdə tuturam. Mətbuatı,
televiziyanı nəzərdə tuturam. Ona görə siz
"Ədəbiyyat qəzeti"ndənəm deyəndə
mat qaldım.
- Mən sizi çox axtardım,
sağ olsun Barat Vüsal, axırda o yadıma düşdü
və elə o da kömək elədi sizinlə
görüşməyimə... Yerlibazlıqdan
danışırdıq...
- Bu,
yerlibazlıqdan çox, saza-sözə həvəsdir, bəlkə
də. Bizim zonada yazmayan, saz çala bilməyən az adam tapılar. Atam da sözlə
nəfəs alırdı. Amma rayon-rayon, kənd-kənd
gəzib istedadlı uşaqları tapırdı, onlara kömək
eləyirdi. Aşıqlar Birliyi xəttilə
tədbirlər keçirirdi. Atam
Aşıqlar Birliyini yaradanda rəhmətlik ulu öndərimiz
Heydən Əliyev qəbul eləmişdi onu, bütün
şəraiti yaratmışdı. Televiziyada
"Aşıq Pəri məclisi" xeyli davam etdi...
- Biz bilirik ki, 1976-cı ildə
oğlunu itirəndən sonra Hüseyn əmi çox
sarsıldı və bu sarsıntı sona qədər onu tərk
etmədi. Son günləri necə qalıb
yaddaşınızda?
Sağalmayan yara...
- Hə,
Arif təkcə onun yox, hamımızın belini qırdı.
Atam təskinliyi məclislərdə
tapırdı. Son vaxtlar həkimlər qəti
qadağa qoymuşdular içkini ona, amma özünə
baxmadı, harda qırılar, qırılar deyib, yenə
içirdi. Hətta dostları da baş
çəkməyə gələndə bilə-bilə ona
içki olmaz, xəlvətcə içki gətirirdilər.
Atam sanki yaşamaq istəmirdi daha. 1990-cı ildə Xalq şairi adı
almışdı, Bakıda komendant saatıydı o vaxt.
Bu adı qeyd eləmək üçün məclis
olmuşdu, sonra gecəyə, komendant saatına
düşmüşdü. Tutub komendaturaya
salmışdılar səhərə qədər onu. Orda bir aşıq da olub. Komendaturada
səhərə qədər atam şeir demiş, aşıq
da saz çalmışdı. Belə qeyd eləmişdi
Xalq şairi adını...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.16-17.