Müəllifin səmimi qəlbdən
inandığı həqiqət
"Ədəbiyyat qəzeti"
nin "Onun romanı" rubrikasının bu sayında
yazıçı, jurnalist Samirə Əşrəflə
belarusiyalı yazıçı Svetlana Aleksiyeviçin
"Müharibə qadın simalı deyil" romanı ətrafında
söhbət etdik.
- 2015-ci ilin Nobel mükafatının
sahibi olan Svetlana Aleksiyeviçin "Müharibə qadın
simalı deyil" romanından danışacağıq. Romanın adı artıq oxucuya əsərdə
söhbətin nədən getdiyini söyləyir. Amma bu
əsərin bir xüsusiliyi var: ənənəvi müharibə
motivli əsər deyil.
- Bəli,
əsər İkinci Dünya müharibəsi zamanı cəbhədə
iştirak edən qadın döyüşçülərin,
həm müharibə həyatından, həm də müharibədən
sonrakı talelərindən bəhs edir. Bunların
fonunda Aleksiyeviç daha çox müharibənin necə dəhşətli,
amansız hadisə olduğunu, insan həyatına hansı zərbələri
vurduğunu təsvir edir. Müharibə
haqqında çoxlu filmlərə baxmışam, əsərlər
oxumuşam. Hətta bir ara o qədər
müharibə filmlərini izləyirdim ki, dostlara zarafatla
deyirdim, qaranlıqda eyvana çıxanda elə bilirəm
uzaqdan kimsə məni silahla vuracaq.
- Mən də demək olar ki,
mütaliə vərdişimə mövzusu müharibə olan
romanları oxumaqla başlamışam. Görünür, bu,
müharibənin ortasında uşaq olmağın
yaratdığı bir travmadır.
- Birmənalı
olaraq belədir. Çünki sən də, mən
də içindən keçib gəldiyimiz Qarabağ
müharibəsi zamanı təkcə müharibədə həlak
olan insanların yox, həm də onların
yaxınlarının, doğmalarının həyatının
necə məhv olduğunun şahidləri olmuşuq. Müharibədən sonra bir insanın əlil
olması artıq onun həyatını, gələcəyini,
xoşbəxtliyini sual altında qoyur. Amma tək əlilliklə
iş bitmir axı. İnsan müharibədə
öz həyatını da itirə bilir. Bu
isə artıq başqalarının yaşantısına faciə
kimi daxil olur.
Aleksiyeviçin romanı həm də ona görə
qiymətlidir ki, əsər real faktlar əsasında
yazılıb.
Yazıçı qəhrəmanlarının həyatını
illərlə araşdırıb, öyrənib. Onlarla təkcə yazıçı kimi yox, həm
də insan kimi ünsiyyət qurub, daxili dünyalarına
giriş, çıxışlar edə bilib. Bunun üçün müəllifdən çox
geniş, oturuşmuş yaş və təcrübə,
müşahidə tələb olunur ki, Aleksiyeviç bunu
bacarıb. Məncə, müəllifi
Nobel mükafatına qədər aparıb çıxaran
vacib səbəblərdən biri də bu idi.
- Svetlana Aleksiyeviçə Nobel
mükafatı verilərkən yazarın "yeni bir ədəbi
janr" yaratdığı və əsərlərində
"hiss və ruhun bir tarixi" olduğu bildirilmişdi. Sən romanı oxuyanda müəllif haqqında nələr
düşündün?
-
Romanı oxuyarkən onun hadisələrə müstəsna
formada insani münasibət göstərməsi, qəlbinin səsinə
hörmət və ehtiramla yanaşması məni, doğrudan
da, mütəəssir etdi. Aleksiyeviçin
"Sonuncu şahidlər" romanı da müharibədən
bəhs edir. Orada o, uşaqları dinləndirir.
Hər iki romanda yazıçının
insanlara şəfqətlə yanaşması ehtirama layiqdir.
O, qəhrəmanları ilə ünsiyyətdə həm ana,
həm bacı, həm qız, həm də sözün əsl
mənasında qadın olur. Ümumiyyətlə,
Svetlana Aleksiyeviç deyəndə mənim təsəvvürümdə
yazıçıdan çox, doğma insan, qadın obrazı
canlanır. Bu qadın müharibə filmlərində
xəstələrə, yaralılara təmənnasız xidmət
göstərən, yaralarını yuyub, dərmanlayan tibb
bacılarını xatırladır. Romanda can verən əsgərin
ölüm ayağında sinəsinə baxmaq istədiyi tibb
bacısını yəqin ki, xatırlayırsan. Bax, Aleksiyeviç həm də həmin tibb
bacısını yada salır.
- Həmin epizod həqiqətən
romanda ən dəhşətli epizodlardan biri idi. Və əlbəttə
ki, bununla müəllif həm də müharibə atmosferində
yüzlərlə kişinin arasında qadın olmağın
çətinliyini göz önünə sərir.
-
Aleksiyeviç eşitdiyi, duyduğu hadisələrin
hamısını öz içindən keçirib
yaşamağı bacaran nasirlərdəndir. Təbii
ki, qadın olduğu üçün hadisələrə
yanaşması da müəyyən məqamlarda qadın kimi
olur. Amma məsələ təkcə
bununla bitmir. Yazıçıda yazı
masasının arxasına keçəndə qəhrəmanlarla
empati hissini qurmaq bacarığı da lazımdır. Bilmirəm, bəlkə də bayaq dediyim kimi Svetlana
Aleksiyeviç əsərinin qəhrəmanları ilə
canlı təmasda olduğundan, hadisələri şahidlərin
dilindən eşitdiyindən onların hisslərini də dərindən
yaşamağı bacarıb. Bütün
hallarda canlı ünsiyyət tamam başqa məsələdir.
Ancaq yazıçının öz
gücünü bilməsi, hesablama aparması, hisslərinin sərhədini
tanıması vacibdir.
Hər
yazıçının öz mətbəxi var. Və biz az, ya çox bu mətbəxdən xəbərdarıq.
Çünki özümüz də yazı
adamıyıq. Amma əminəm ki,
Aleksiyeviçin mətbəxində, yəni həm də
daxili dünyasında fərqli qaydalar da mövcuddur.
- Bu əsərdə müəllif
müharibədən sonra qadınların həyatında yeni
bir müharibənin baş qaldırdığından bəhs
edir həm də. Sən də uzun illərdir
müharibənin ağrılarına yoldaşlıq edən
insanlarla bağlı reportajlar yazırsan. Sənin
reportajlarının da qəhrəmanlarının çoxu
qadınlardır.
- Bəli,
artıq üç ilə yaxındır ki, Lent.az saytında
"Şəhid əmanəti" adlı layihəni
hazırlayıram. Hər buraxılışda
bir şəhid ailəsi ilə görüşüb söhbət
edirik. Bu günə qədər xeyli şəhid
xanımı, övladı, bacısı və valideynləri
ilə ünsiyyətdə olmuşam. Həmsöhbətlərimlə
inanılmaz dərəcədə ağır situasiyalar yaşamışam.
Təsəvvür edə bilməyəcəyin
qədər göz yaşı görmüşəm.
Otuz il bundan əvvəl şəhid olan
insanların həyat yoldaşlarının necə
hönkürtü ilə ağlamalarının, illərlə
xörək çəkəndə, yoldaşımın
heç vaxt gəlməyəcəyini bilə-bilə onun
üçün də bir boşqab xörək ayırmalarını
deməsini eşitmişəm. Bir dəfə Milli Qəhrəman
Əliyar Əliyevin qızı ilə söhbət edəndə
dedi: "Mən atamın öldüyünü bilə-bilə
hər dəfə cəbhədən kimsə gələndə
onların içində atamı axtarırdım, adamlardan cəbhədə
hündürboy, qarayanız kişi görmədiniz, deyə
soruşurdum". İnan, onun bu sözlərindən
sonra günlərlə özümə gəlməmişdim.
Yəni bu baxımdan "Müharibə
qadın simalı deyil" əsəri mənim bildiyim,
gördüyüm və eşitdiyim mövzulardan bəhs edir.
Sadəcə, bu əsərin əsas qəhrəmanları
qadınlardır. Kişilər bu əsərdə
hərdən görünürlər. Bu
romanda qadınların daha maraqlı, daha həssas və cəsarətli
olduqlarını öyrənirik. Təsəvvür et ki, on beş, on altı yaşı yenicə
tamam olmuş qızlar müharibəyə yollanırlar. Onlar təbii ki, müharibənin məşəqqətlərindən
xəbərsizdirlər. Amma bütün
hallarda onları müharibəyə aparan hansısa
keçici duyğu, hiss olmur. Bu qızlar,
qadınlar döyüşə sevgi ilə gedirlər. Müharibə isə onlara tamam başqa şeylər
- ölüm, itim, xəyanət, ayrılıq təqdim edir.
- Müharibədən sonra evinə
qayıdan qadınlar cəmiyyət, hətta ailələri tərəfindən
təsəvvürlərindəkindən xeyli fərqli və
amansız münasibət görürlər. Mənə
görə bu reallıq cəmiyyətin ən ədalətsiz
yanaşmasıdır. Səncə,
Aleksiyeviçin qəhrəmanları öz həyatlarını
belə bir cəmiyyət üçün qurban verdiklərinin
peşmanlığını çəkirlər?
- Cəmiyyət,
kütlə hər zaman amansız olub. Bir insanı xırda
bir səhvinə görə daşlamaq üçün
iki-üç nəfərin çıxıb o adam haqqında mənfi nə isə söyləməsi
kifayətdir. Ona görə də mən tam səmimi
sənə deyirəm ki, dəfələrlə cəmiyyətin,
kütlənin, hətta ən savadlı insanların birliyi belə
məndə təəccüb və qorxu yaradıb. Müqayisə yersiz olsa da, yaxşı bir misal var.
Deyir "bir dəli quyuya bir daş atdı, 100
ağıllı yığışdı, çıxara bilmədi".
Aleksiyeviçin əsərində də məhz
cəmiyyətin, kütlənin bu tərəfi ziyanlı
mövqeyi qabardılır. Canlı qəhrəmanlar
müəllif vasitəsilə cəmiyyətə sual verir.
Axı biz sizin uğrunuzda canımızı,
sağlamlığımızı, gəncliyimizi, səadətimizi
qurban verdik. Digər tərəfdən də,
romanın qəhrəmanları mənə görə
artıq baş verənlərlə barışmış, hətta
müəyyən mənada daxilən yorulub sakitləşmiş
insanlardır. Geri dönüşü
mümkün olmayan hadisələr, reallıqlar insanı bəzən
sakitcə yerində oturmağa vadar edir.
Müharibədə qocalan bu qızlar evlərinə gələndən
sonra da heç kimə lazım olmurlar. Məlum olur
ki, ailələri, yaxınları onlardan utanır, səngərdə
çiyin-çiyinə döyüşdükləri
kişilər onlardan qaçır, yeni, müharibəsiz, arxa
cəbhənin qadınını axtarırlar.
Kimdir günahkar desək, bir doğru cavab da tapa bilməyəcəm. Amma həm də
müharibə və bunu yaradan insanlar günahkardır deyəcəm.
Müharibə o qədər amansızdır ki,
ona qoşulan insanların canlarını,
sağlamlıqlarını almaqla yanaşı, həm də
onların gələcəklərini zədələyir, zərbə
vurur.
Təbii
ki, əsərdə müharibə zamanı qadın kimi olmaq
və görünmək istəyən, amma buna nail ola bilməyən qadınlar məni təsirləndirmişdi.
Onlar müharibəyə özləri ilə rəngli
paltarlar, tuflilər aparmışdılar. Hətta
bir neçə dəqiqəlik bu paltarları, tufliləri
geyinib gəzənlər də vardı. Onlar
qadın olduqlarını unutmaq istəmirdilər. Qadınlıqlarını unutmamağa
çalışırdılar.
İkinci təsirləndirici məqam isə müharibədən
sonra onların ailə qura bilməməsi idi. Uğrunda
döyüşdükləri insanlar, qoruduqları cəmiyyət
onlara xor baxır, onları qəbul etmirdi. Bu çox ağrılı məsələdir.
- Aleksiyeviç bizə bu romanda həm
də medalyonun görmədiyimiz üzünü göstərdi.
Səncə, müəllif əsərdə
qadınların hansı hisslərini daha qabarıq ifadə
edib?
- Sevgi, fədakarlıq,
cəsarət bu əsərdə ön plandadır. Əsərdəki bütün qadınlar sevgi
doludur. Onlar nə edirlərsə, sevgi ilə
edirlər. Ümumiyyətlə,
qadınların heç bir qorxu, hürkü bilmədən
müharibəyə getməsi artıq fədakarlıq deməkdir.
Əbəs deyil ki, müəllifi də cəlb
edən məhz həmin nöqtədir. Əminəm
ki, o, keçmiş döyüşçülərə,
qadınlara "Nə idi sizi müharibəyə çəkib
aparan?" sualını verib. Cavab da
dediyim kimi fədakarlıq və sevgidir.
Çox istərdim ki, Birinci Qarabağ müharibəsi
zamanı döyüşən azərbaycanlı qadınlara
da bu sualları verim, onlar haqqında kitab olmasa belə silsilə
yazılar hazırlayım. Amma bizim qadınlar
müharibə və orada baş verənlər barədə,
qadın hissləri ilə nə qədər cəsarətlə,
açıq şəkildə danışa biləcəklər
və cəmiyyət onların bu danışıqlarına
hansı münasibəti göstərəcək.
- Xarakterindən, zövq və
düşüncələrindən asılı olmayaraq demək
olar ki, dünyada bütün qadınlar müharibəyə
qarşıdır. Svetlananın qəhrəmanları
isə həm də müharibənin bir
parçasıdır. Bu qadınların
müharibə meydanındakı işləri, hekayələri
fərqlidir. Onların hekayələrini
oxuduqca səni ən çox nə
düşündürdü?
- Təbiət
etibarilə çox zəifəm. Yüngülvari
soyuq olan kimi üşüyən, xəstələnən
adamam. Ona görə də müharibə
mənim üçün həmişə kabus təsiri
bağışlayıb. Misalçün,
"bir həftə, iyirmi gün saçlarımı yumasam,
nə olar, başıma sirkə bit düşsə nə edərəm?
Və yaxud aclıq və susuzluğa, hər
hansısa işgəncəyə dözə bilərəmmi?"
kimi suallar ətrafında tez-tez düşünmüşəm.
Hələ bunun təbii ehtiyacını, vacib
gigiyenik qaydalarını demirəm. Buna
görə də müharibə həm də bu tərəfləri
ilə məni qorxudub. "Müharibə
qadın simalı deyil" əsərində bu qorxuları
bir də yaşadım. Gördüm ki,
müharibə həqiqətən, biz nə qədər desək
də qadın simalı deyil. Bütün
hallarda təbiətin öz qanunları var. Qadın təbiət
etibarilə elə yaradılıb ki, o, məişətlə,
evlə iç-içə olmalıdır.
- Qadın və duyğuları
arasındakı qopan bağlar əsərdə hansı
qadınların hekayələrində daha qabarıq ifadə
olunub. Məsələn, kitabda qadınlardan biri deyir ki,
müharibədə o qədər çox insan
öldürdüm ki, evlənəndə uşaq doğmaqdan
qorxdum. Mənə görə ən dəhşətli
itkidir bir qadının analıq hissini itirməsi.
- Romanda məni
ən çox təsirləndirən məqamlardan biri
müharibə zamanı sevgili olub, sonradan ayrılan
cütlükdür. Belə çıxır
ki, müharibə həm də onların xoşbəxt
olması üçün şərait yaradıb. Müharibə çoxlarına bədbəxtlik gətirsə
də, bu iki nəfərə, sevgiliyə xoşbəxtlik, həzz
gətirib. Amma müharibənin bitməsi
ilə yolların ayrılması, həm də onların
sevgisinin bitməsinə səbəb olub. Bir
də oxuyanlar bilir. Orada qadınların
xüsusi günlərdə əziyyət çəkməsi,
kişilərin paltarlarını oğurlayıb özləri
üçün istifadə etməsi dəhşətlidir.
Həmin səhnələr də dil açıb
danışır, sanki qadına öz yerini göstərir.
Bəşəriyyətə isə mesaj
ötürür ki, müharibə dəhşətli bəladır.
- Bu romanda cəbhədə
qadınlar sevgi hisslərini boğa bilirmi?
-
Ümumiyyətlə, mənə elə gəlir ki, sevgi
heç bir situasiyada boğula bilməz. Bunun
imitasiyası, bəlkə də, mümkündür. Amma səni inandırıram ki, bu da bir yerə qədər
davam edər. Sevgi elə bir hissdir ki, o, hər
yerə öz toxumlarını səpir. Misalçün,
mənə həmişə rahib həyatı maraqlı gəlib.
Onların həyatına dair əsərlər də
oxumuşam. Onların öz sevgi hisslərini
boğmağa çalışması, oxucu kimi mənə də
əziyyət verib. Aleksiyeviçin
romanında da qadınlar bu hissi boğmurlar, əksinə,
onlar müharibədə özlərinə daha çox
güvənirlər.
- Cəbhədə kişilərin
bu qəhrəman qadınlara münasibətləri məndə
ikrah hissi oyadır, nədənsə. Əsərdəki
qadınlardan biri deyir ki, "Gecələri əsgərlərin
əllərini itələməkdən yuxu yata bilmirdim, hətta
yaralanandan sonra belə huşsuz vəziyyətdə əllərimi
havada yellədirdim". Bu, hər gecə təkrar olur və
müəllif müharibədə qadın olmağın ən
real tərəfini göstərir bizə: qadın müharibədə
gündüzlər Vətən uğrunda, gecələr isə
öz iffəti uğrunda savaşır.
- Bilirsən,
istənilən vəziyyətdə kişilərin
qadınlara münasibəti belə olur. Bacarırsan, et, kim
qoymur, kim maneçilik törədir. Müharibə
məsələsində də qadın-kişi bərabərsizliyi
olub, olacaq da. Biz bilirik ki, müharibəyə
kişilər getməli, qadınlar arxa cəbhədə
qalıb evi qorumalı, uşaqlara baxmalıdır. Yox, əgər hansısa qadın bunun əksini iddia
edirsə, onda buyursun, meydana. Şüuraltı
artıq bu fikir baş qaldırır. Qadının
müharibəyə və yaxud da kişilərin edəcəyi
işlərə girişməsi, özünü yükün
altına verməsi kişilərin ona qarşı
çıxmasına şərait yaradır. Loru dildə
desəm, qadının kişi işinə
qarışması, onun taleyinə qarşı
çıxmasıdır. Necə ki, bir insan
öz ömrünü qoyur bir kənarda, başqa yeni bir
ömrü yaşamağa çalışır, qəhrəmana,
seçilmişə çevrilir. Amma qəhrəmanlığın,
şöhrətin bir əvəzi də var axı. Bu həyatda heç nə insana havayıdan verilmir.
Nə qazanırsansa, mütləq onun əvəzini
verməlisən. Ən azından, təbiət,
tale sənə verdiyinin əvəzində gəncliyini, illərini
əlindən alacaq. Bu da asan məsələlər
deyil. Qadının müharibəyə
getməsi, sonradan yaşadığı məşəqqətlər
də həmin əvəzlənmədir. Kişilər
üzə vurmasalar da, onların işinə qarışan
qadınların cəsarətindən, özünə inamından,
onlarla ayaqlaşmaq istəyindən qəzəblənir,
qadınların onlarla bir cərgədə dayanmasına
şüuraltı etiraz edir və onu bəlkə də
özləri fərqində olmadan cəzalandırır.
Ümumiyyətlə, mənə görə
qadın-kişi bərabərliyi deyilən sözlər cəfəngiyatdan
başqa bir şey deyil. Bu heç
lazım da deyil. Şəxsən mən bir qadın
olaraq odun yarmaq, ev tikmək, maşın
ustası olmaq fikrindən çox-çox uzağam. Siyirmədəki dodaq boyalarını, əl kremlərini
çeşidləmək mənim üçün daha
maraqlıdır.
- "Müharibə
qadın simalı deyil" romanında müəllifin əsas
vurğularından biri nədir?
- İnsan. Müəllifin əsas vurğusu
insandır. O, bütün qələm adamları kimi,
müharibəsiz və sağlam cəmiyyət istəyir və
bütün bunların nə zamansa dünyada bərqərar
olacağına səmimi-qəlbdən inanır.
Söhbətləşdi: Günel MUSA
Ədəbiyyat qəzeti.-2021.- 30
oktyabr.- S.20-21.