Ulduz” jurnalının Nizami Gəncəvinin 880

illik yubileyinə həsr olunmuş özəl sayı

 

"Ulduz" jurnalının oktyabr sayı işıq üzü görüb. Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş dərginin sözügedən  özəl sayı "Ulduz" jurnalının, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat qəzeti"nin  ortaq layihəsi olaraq ərsəyə gəlib.

Dərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin  "Nizami Gəncəvi ili" elan edilməsi haqda 5 yanvar 2021-ci tarixli Sərəncamının bütöv mətni ilə açılır.

Xalq yazıçısı Anarın "Nizami bizilmlədir, burdadır" başlıqlı yazısında, eləcə   Xalq yazıçısı Elçinin "Cism ilə ruhun vəhdəti" adlı araşdırma məqaləsində Nizami Gəncəvinin  şəxsiyyətinə,  yaradıcılığına   bəşəri ideyalarına işıq tutulur. Akademik İsa Həbibbəylinin "Ədəbiyyat fatehi və əbədiyyətin fəthi", akademik Nizami Cəfərovun "Dahinin portreti" kimi  yazılarında Nizami poeziyasının Şərq və Qərb ədəbiyyatının söz mülkünə çoxşaxəli təsirləri vurğulanır,  öz dövrünün ictimai-siyasi təlatümləri fonunda  təşəkkül tapan Nizami Gəncəvinin ədəbi portreti diqqətə çatdırılır.

 Nömrənin redaktoru Azər Turan, nömrəyə məsul Elnarə Akimova, Nəsib Göyüşov, Eynulla Mədətli, Firudin Qurbansoy, Mayıl İsmayılov, İlham Abbasov, Mətanət Vahid, Seyfəddin Rzasoy, İmamverdi Həmidov, Mehdi Kazımov, Ataəmi Mirzəyev,  Aygün Bağırlı və Yaqub Babayevin məqalələrində Nizami Gəncəvi yaradıcılığının məziyyətləri açılır, fəlsəfi fikir tarixinin formalaşmasında Nizami fenomeninin danılmaz rolundan geniş söhbət açılır.

"Dərgidə kitab" rubrikasında Nizami Gəncəvini qəzəllərindən örnəklər yer alıb. "Sərgi" rubrikasında isə şairin ilk təsviri sayılan Qəzənfər Xalıqovun "Nizaminin portreti" adlı məşhur rəsm əsəri yer alıb.

 

Ədəbiyyat qəzeti.- 2021.- 30 oktyabr.- S.23.