Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb
Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı
da maraqlı məqamlarla zəngin idi.
Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin
orta nəsil və gənc şairlərin çıxışları,
muğam sənətkarlarının
ifaları dinlənilib,
“Nizamidən Vaqifə”
adlı poetik kompozisiya təqdim edilib.
Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda
şəhid olanların
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən
Azərbaycanın Xalq
şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin
hər kəs üçün xoşbəxt
anlar yaşatdığını
vurğulayıb. “Şuşaya gəlməyimizlə bizim
ruhumuz yüksəlir,
əhvalımız yüksəlir,
başımız dikəlir
və öz tariximizlə, öz varlığımızla qürur
duyuruq”, - deyən Xalq şairi bu ucalığı xalqımıza bəxş
edən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan
əsgərinə minnətdarlığını
bildirib.
“Bu günlərdə təşkil olunun Vaqif Poeziya Günləri,
əslində, sözümüzün,
şeirimizin, ədəbiyyatımızın
bayramıdır. Biz Şuşaya
gələndə gördüyümüz
o keçilməz yolları
bizim ər oğullar Vətən sevdası, Şuşa
sevgisi ilə qısa bir zamanda,
çox sürətlə
keçərək bu
yerə gəlib çatıblar. Bu, misli görünməmiş
bir qəhrəmanlıqdır.
Əslində, bu, 30 il çox
çətin günlər
yaşamış ədəbiyyatımıza
Azərbaycan əsgərinin
verdiyi bir töhfədir. Bu, Azərbaycan əsgərinin
göstərdiyi tarixi
bir igidlikdir. Dünən
Ali Baş Komandan bu qələbələrin
nəticəsi olaraq Azərbaycanın söz ordusuna Vaqif məqbərəsini qaytardı.
Sözün və silahın
bir olduğu yerdə ölkə basılmaz. Məhz bu gün burada əyləşən
söz, sənət adamları da daim Azərbaycan Ordusuna dayaq olmağa, onları yeni döyüşlərə
ruhlandırmağa çalışıb.
Bu gün nə
yaxşı ki, sözümüzlə silahımız
birdir. 44 günlük müharibə
də bu birliyi bir daha
göstərdi. Amma
bu birliyin ən gözəl nümunəsini Azərbaycan
Prezidenti, Müzəffər
Ali Baş Komandan göstərdi”, - deyə Sabir Rüstəmxanlı vurğulayıb.
Xalq şairi
Vətən müharibəsində
Qələbəyə həsr
etdiyi “Qarabağa dönüş” poemasından
bir parçanı oxuyub.
Vaqif Poeziya Günlərinin ikinci günündə Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar
Birliyinin (AYB) Xəzər
bölməsinin sədri
Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikasının Yazıçılar
Birliyinin sədri Asim Yadigar, “Əli Kərim poeziya evi”nin rəhbəri şair İbrahim İlyaslı, “Söz” ədəbi layihəsinin rəhbəri
şairə Nigar Həsənzadə, AYB-nin
mətbuat katibi şair Xəyal Rza, şairə Rəsmiyyə Sabir, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət
Şurasının sədri
şair Əkbər Qoşalı, AYB-nin Gənclər Şurasının
sədri şair Faiq Hüseyn çıxış edərək
şeirlərini oxuyublar.
Tədbirdə Muğam Beynəlxalq
Müsabiqəsinin qalibləri
Nisbət Sədrayeva və Xəyal Hüseynovun ifaları dinlənilib.
“Nizamidən Vaqifə”
adlı poetik kompozisiyası isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri
Mehriban Zəki, Pərviz Məmmədrzayev,
Əməkdar artistlər
Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları
alqışlarla qarşılanıb.
Vaqif Poeziya Günlərinə “Qarabağ,
ana yurdum” mahnısı ilə yekun vurulub.
Bu tədbir bir daha göstərdi ki, Şuşa
Qarabağın mədəniyyət
mərkəzi, musiqi beşiyidir. Bəli, Şuşa sarayı
yenidən ucalır.
Ədəbiyyat qəzeti.-
2021.- 4 sentyabr. S. 8.