Şuşalı günlər

 

Biz bu dəfə Vaqif Poeziya Günlərində Şuşanı mənfur işğalçıdan azad eləyən, qəhrəman Azərbaycan ordusuna başçılıq edən qalib Ali Baş Komandanın özü ilə bir yerdəyik. Birinci vitse-prezident Mehriban Əliyeva ilə bir yerdəyik. Şuşada!

"Gözəl Şuşa! Sən azadsan!.." - bu tarixi sözləri ilə ilk dəfə deyən qalib Ali Baş Komandanın özüydü.

 

 Mən Şuşada kimi gördüm,

 

qürurlu gördüm,

 

"Can!" da dedim dilimdə bir

 

Tanrı duası.

 

Üzeyiri, Natəvanı,

 

Bülbülü gördüm,

 

sinəsində namərdlərin

 

güllə yarası...

 

Artıq heykəllərin hamısı öz yerindəydi.

Şuşa şəhəri, 29-31 avqust, Vaqif Poeziya Günləri  artıq təqvimin yeni səhifələrilə əvəz olundu, yaddaşlara köçdü; şeirimiz, sözümüz, ədəbiyyatımız dünya hər salnaməsində analoqu olmayan 44 günlük istiqlal döyüşlərinin tarixi anlarını yaşadı, vətəndaşlıq vəzifəsini bir daha nümayiş etdirdi.

Şuşa dağlar, meşələr bulaqlar qoynunda taleyi, tarixi olan qədim müasir şəhərimizdi.

Millətin mənəvi sərvəti, torpağın zənginliyidi.

Mən taleyimə, həyatın özünə minnətdaram ki, yaşayıb bu tarixi günlərin iştirakçısı oldum.

Şuşaya gedən bu dağ yolu, bu Zəfər yolu yaşamağa, qurub-yaratmağa çağıran bir səsdi.

Unudulmaz ulu öndərin 1982-ci il yanvarın 14-də, o qarlı gündə indiki Vaqif abidəsi önündə şairlərə, incəsənət xadimlərinə hörmətlə, ehtiramla bir-bir söz verməsi, onların həyəcanlı, vətənpərvər çıxışları indiki kimi yadımdadı. Bizə elə gəlirdi ki, göydən qar yox, çiçək yağır, çünki əhval-ruhiyyə yüksək idi. Qarabağda qar yağırdı - Qarabağda gecəydi.

Unudulmaz ulu öndər belə tədbirlərlə millətin özünü özünə tanıdır, tarixdə yeri olan, misilsiz yaradıcılıq ənənələrilə fərqlənən bir xalq olduğunu, bu danılmaz həqiqəti dünya xalqlarına da elan edirdi.

Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev Vaqif Poeziya Günlərinin açılışındakı tarixi çıxışında xatırladı ki, o vaxt ulu öndərin 59 yaşı var idi.

Məlum oldu ki, mənfur düşmənlərimizin uçurub-dağıtdıqları Vaqif abidəsini yenidən eyni şəkildə bərpa etdirən Cənab Ali Baş Komandanın da yaşı 59-dur! Abidənin önündə, Prezident atası Heydər Əliyevin dayandığı yerdə (mənə elə gəlirdi) dayanıb, poeziya iştirakçılarına müraciət edirdi. O vaxtlar cənab Ali Baş Komandanın 20-21 yaşı olardı. Mərhum anası, görkəmli alim-oftalmoloq Zərifə xanım da oradaydı.

O vaxt ağlımıza da gəlməzdi ki, gözümüzün qabağında böyüyən bu istedadlı, vətənpərvər gənc 44 günlük istiqlal döyüşlərinə, atasının, millətin arzularını yerinə yetirməyə hazırlaşırmış! İşğal edilmiş torpaqlarımızın ağır taleyi, yüz minlərlə qaçqının, köçkünün dözülməz mənəvi sıxıntıları onun yuxusuz keçirdiyi gecələrdə səbrlə, təmkinlə, siyasi dünyagörüşlə ölçülüb-biçilirmiş!

Uzun illər Beynəlxalq Millətlər Təşkilatının işğal edilmiş torpaqlarımızın qeydsiz-şərtsiz azad olunması barədə qərarlarından, ATƏT-in Minsk qrupu deyilən hiyləgər dəstəsinin gəliş-gedişindən yaramıza bir məlhəm olmadı.

Cənab Ali Baş Komandan İlham Əliyev öz xalqına arxalandı, fəxrlə "Bir millət, iki dövlət!"  deyə qürurlandığımız etibarlı türk qardaşlarımızla məsləhətləşdi. Türkiyə Respublikasının Prezidenti, dostu qardaşı Cənab Rəcəb Tayyub Ərdoğan da ulu öndərin fikirlərini təsdiq etdi: "Türkiyə Azərbaycan keçmişi bir, gələcəyi bir, dili bir, dini bir iki qardaş dövlətdir" - dedi.

 

Biz yaradıcı ziyalılar bu unudulmaz günlərin canlı şahidləriyik.

 

Vaqif Poeziya Günləri bizim tərcümeyi-halımıza qızıl xətlərlə yazıldı.

 

Artıq Şuşa şəhəri Azərbaycanın Mədəniyyət paytaxtıdır.

 

Xarıbülbül festivalı,

 

bir möcüzəydi,

 

yerlər-göylər ovsunlanıb

 

dedim, Şuşada.

 

Burda torpaq - hamiləydi,

 

yollar təzəydi,

 

Paytaxt Şuşa doğulurdu,

 

qədim Şuşada.

 

Burada ən müasir üslubda tikilən mehmanxanalar, mədəniyyət ocaqları, məscidlər, xalçaçılıq evi, inzibati mərkəzlər, Şuşanın bugünüdür, daha parlaq sabahıdır.

Şuşadan - xalqımı, onun şərəfini qoruyan qəhrəman ordumuzu salamlamaq istəyirəm, şəhid oğullarımız qarşısında baş əyirəm, qazilərimizə cansağlığı, gümrahlıq diləyirəm!

Deyiləsi, yazılası sözümüz, əlbəttə, çoxdur.

Sizə, Cənab Ali Baş Komandan, Sizə, əziz Mehriban xanım, vətənimizin sabahı naminə cansağlığı, səadət arzulayıram.

 

Yaşayın! Yaşamağa haqqınız var!

"Qarabağ - Azərbaycandır!"

Qarabağnaməm - İlhamdı!

 

 Şuşa-Bakı,

1 sentyabr, 2021

 

 

Nəriman HƏSƏNZADƏ

Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 9.