Şuşada
ilk elmi simpozium
"Ədəbi
müstəvidə Qarabağın dünəni və
bugünü"
Xəbər verdiyimiz kimi, Vaqif Poeziya Günləri
çərçivəsində avqustun 31-də Şuşada
elmi simpozium keçirilib. "Ədəbi müstəvidə
Qarabağın dünəni və bugünü" adlı
simpoziumda ədəbiyyatımızın qarşısında
duran vəzifələrdən, son 30 ildə
yaradılmış ədəbi nümunələrdən,
Vaqif Poeziya Günlərinin ədəbiyyat adamlarına verdiyi
stimuldan və Molla Pənah Vaqifin bənzərsiz
yaradıcılığından söz açılıb.
Simpoziumda Azərbaycan Yazıçılar Birliyinin katibi,
yazıçı-dramaturq İlqar Fəhmi, akademik, millət
vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami
Cəfərov, AMEA-nın müxbir üzvü Tehran
Əlişanoğlu, "Ədəbiyyat qəzeti"nin
baş redaktoru Azər Turan, filologiya elmləri doktoru,
"Ədəbiyyat qəzeti"nin və Ədəbiyyat
İnstitutunun şöbə müdiri, YAP İdarə Heyətinin
üzvü Elnarə Akimova, "Ədəbiyyat qəzeti"nin
baş redaktor müavini, şair Adil Cəmil,
yazıçı-publisist Mustafa Çəmənli, tənqidçi
Əsəd Cahangir, BDU-nun dosenti, filologiya üzrə fəlsəfə
doktoru, yazar Ələmdar Cabbarlı, gənc şair Ramil
Əhməd çıxış ediblər. Simpoziumun
materiallarını təqdim edirik.
İlqar FƏHMİ
Əziz dostlar, sizin hər birinizi Vaqif Poeziya Günləri
çərçivəsində keçirilən
"Qarabağın dünəni və bugünü ədəbi
müstəvidə" adlı simpoziumda salamlayıram. Biz bu gün həqiqətən
də tarixi bir hadisənin içindəyik. Uzun illər fasilədən sonra azad Şuşada
Vaqif Poeziya Günlərinin keçirilməsi, simpoziumun təşkil
olunması, həqiqətən də əlamətdar və
yaddaqalan bir hadisədir.
Təbii ki, biz istərdik bu simpozium daha geniş tərkibdə,
daha böyük alimlərimizin, ədəbiyyatşünaslarımızın
iştirakıyla keçirilsin, lakin mövcud pandemiya vəziyyətini
və burdakı məhdud şəraiti nəzərə alaraq
bu dəfə simpoziumu yığcam şəkildə, məhdud
heyətlə keçirmək qərara alındı. Üzümüzə gələn
illərdə isə təbii ki, Vaqif poeziya günləri
çərçivəsində daha möhtəşəm, hətta
beynəlxalq bir elmi simpozium keçirməyi
düşünürük...
Ancaq nə qədər yığcam şəkildə
olsa da, əminəm ki, bu simpozium bir ilk kimi ədəbiyyatşünaslıq
tariximizin səhifələrinə həkk olunacaq. Mən
bütün iştirakçılarımızı bir daha
salamlayıram və tədbirimizi açıq elan edirəm.
Nizami
CƏFƏROV
Bu günlərdə keçmiş Qarabağ
xanlığının paytaxtı Şuşada belə bir
simpoziumun keçirilməsi, heç şübhəsiz, tarixi
olduğu qədər də təbiidir. Və biz Şuşanın,
ümumən dağlı-aranlı Qarabağın həm bir
neçə onillik işğaldan, həm də bir neçə
yüzillik iddialardan xilas olması üçün Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün
dünyanın gözləri qarşısında
nümayiş etdirdiyi milli iradəyə minnətdarıq.
Molla Pənah
Vaqif Poeziya Günlərinə yeni həyat verilməsi, bu
günlər çərçivəsində Qarabağın dünəni,
bugünü və sabahı barədə məhz ədəbi
müstəvidə söhbət açılması bir daha
göstərir ki, dövlətimiz xalqımızın mənəvi
yüksəlişində ədəbiyyata böyük əhəmiyyət
verməklə ulu öndər Heydər Əliyevin hər cəhətdən
əsaslı mədəniyyət siyasətini inamla davam etdirir.
Əlbəttə, Qarabağda ədəbi mühit Vaqiflə
başlanmır, ancaq Vaqif realizm
adlandırdığımız ədəbi cərəyanın
təməllərini məhz Qarabağda, Şuşada
atmış, bütövlükdə, Qarabağ ədəbi
mühitini Azərbaycan ədəbiyyatının ön
sıralarına çıxarmışdır. Və bunu da
etiraf etmək lazımdır ki, ədəbiyyatda Vaqif
dövrü ideya-estetik xarakterinə görə güclü
bir intibah hadisəsi idi. Çox keçmədi
ki, Qarabağ Azərbaycan mədəniyyətinə Zakir, Natəvan
kimi böyük şairlərlə yanaşı, milli
şüurun inkişafına ciddi təsir göstərmiş
"Qarabağnamə"lər bəxş etdi. Həmin əsərlərin hər birində
Qarabağın tarixi o qədər müfəssəl təsvir
olunur, olub-bitmişlərin dərinliklərinə o qədər
təfərrüatı ilə varılır ki, burada erməniyə
yer olmamasının özü artıq bu mənfur qəbilənin
Qarabağa ərazi iddialarının əsassızlığını
təsdiq edir.
Biz
Şuşaya yeni salınmış Zəfər yolu ilə gəldik,
Vaqifin təmir olunmuş məqbərəsi önündə
müzəffər dövlət başçımızın
dərin məzmunlu (və qürurverici)
açılış nitqini, ədəbiyyatımızın
canlı klassikləri Anarın, Nəriman Həsənzadənin,
Elçinin çıxışlarını dinlədik... Elə bilirəm ki, bu gün Vaqif Poeziya Günlərində
iştirak edən üç nəsil yazıçı
nümayəndələrinin şəxsində Azərbaycan ədəbiyyatı
yeni bir yaradıcılıq impulsu aldı. Neçə
illərdi ki, ədəbiyyatımızın Şuşa
nəfəsi çatışmırdı...
XXI əsr Azərbaycan mədəniyyətinin yüksəlişinə
öndərlik edən, bugünkü unudulmaz günlərimizin
də təşkilatçısı olan Heydər Əliyev
Fonduna, onun rəhbəri Mehriban xanım Əliyevaya da təşəkkürlərimiz,
əlbəttə, tükənməzdir. Şuşanın
hələ məskunlaşmadığı, düşməndən
azad edilmiş şəhərin yaşayış
infrastrukturunun bərpa olunmasına yenicə
başlandığı bir şəraitdə Vaqif Poeziya
Günləri iştirakçılarına bu qədər
gözəl şəraitin təmini böyük məmnunluq
doğurur.
Tehran
ƏLİŞANOĞLU
1.
Dirçəliş. Bugün Qarabağ
dirçəliş dövrünü, özünəqayıdış
dönəmini yaşayır. Otuz illik əsarətdən
qurtularaq tədricən canlanır, real həyatına
qayıdır. Bunu biz Vaqif Poeziya günlərində əyani
olaraq gördük; otuz ilin özgəliyindən, qorxunc
yuxularından xilas olaraq isti nəfəsi ilə, gülümsəyən
siması ilə bizi qarşılayan, ağuşuna alan doğma Şuşanın timsalında
gördük. Bütün cismi hələ yaralı olsa da, qəlbi
qəmgin, ağrılı xatirələrdən hələ
qopmasa da, Şuşanın ruhunu diri gördük; Azərbaycan
Prezidentinin dediyi kimi: "Şuşanın bərpası 14
yanvardan başlamışdır. Şuşanın
dirçəlişi çox sürətlə gedir".
Gecələr orda-burda, hardasa çənbərində
gizlənməyə çalışan hər cür
qaranlıqları yarıb sayrışan Şuşanın
işıqlarını gur, inamlı, günəşli
günlərə açılan səhərlərini əzmli
gördük. Otuz ilin
qaramatlığından sonra biz Şuşanı gülərüz
gördük.
Qarabağın dirçəlişini Azərbaycan
Prezidentinin Vaqif Poeziya günlərinin
açılışında etdiyi yığcam və məzmunlu,
xalqa, ictimaiyyətə hesabat xarakterli növbəti
çıxışından da eşitdik, bilavasitə təsdiqini
gördük.
Prezidentin Şuşaya hər səfəri
intibaha və inkişafa sübut addımlarla müşaiyət
olunur. M.P.Vaqifin məqbərəsinin bərpası və
ikinci açılışı ilə birgə, şairin
büstünün, dahi bəstəkar Üzeyir Hacıbəylinin
heykəlinin, xalq artisti Bülbülün Ev muzeyinin,
Xalça muzeyinin, Qarabağ mehmanxanasının bərpadan sonrakı
açılışları və s. tədbirlər mədəniyyət
paytaxtı Şuşaya can gəldiyini, həyatın
qayıtdığını göstərən hadisələr
oldu.
Dirçəliş havasını biz, Zəfər yolu
ilə Şuşaya doğru yüksəldikcə daha da
yaxından hiss edir, duyurduq. Bu yolla Ali baş
komandan İlham Əliyevin öndərliyi ilə ilk olaraq
misilsiz qəhrəmanlıqlar göstərmiş, şəhidlər
verərək Şuşanı yenidən fəth etmiş
müzəffər ordumuz keçmişdi.
Karvanımız sanki irreal, amma hər an,
gözümüzün qabağındaca real, görünən,
zühur edən başqa bir zamana və məkana - Vaqif Poeziya
günlərinə doğru şütüdükcə, ruhuna
min-min rəhmət oxuduğumuz şəhidləri anır,
tarix yazmış Azərbaycan əsgərinin fətholunmaz
ruhunu keçdiyi yollardan, dərələrdən-çaylardan,
dağlardan-daşlardan, çöllərdən-meşələrdən
sormağa, oxumağa çalışırdıq. Gözümüzün
qabağında vəhşi düşmənin viranə
qoyduğu Füzuli şəhəri, bir-birini arxada qoyan evlərin,
kəndlərin ağlagəlməz, heyrətamiz
dağıntıları və hər an bu mənzərənin
üstündən xətt çəkməyə, vətən
torpağını özünə-əslinə qaytarmağa
tələsən quruculuq işləri: möhkəm təməllər
üzərində irəli şütüyən Zəfər
yolu, heç vəchlə ondan geri qalmaq istəməyən
yüksək gərginlikli elektrik xətləri, işıq
dirəkləri, tikintisi başa çatmaqda olan Füzuli Hava
Limanı, dağları-daşları yarıb həyat yoluna
çevirən müasir texnika, qurulan tunellər, salınan
körpülər... Böyük Vətəndən
otuz ildir ayrı düşdüyümüz vətənə
- Qarabağ torpağına körpülər bərpa olurdu.
Baxdıqca, sevindikcə, külli-Qarabağı belə,
quruculuq içində görmək keçirdi
könlümüzdən...
2. Real və
simvolik. Bugün Qarabağda
yaşadığımız real hadisələrin sanki həm
də bir simvolik mənası vardır. Bu
məqama Azərbaycan Prezidenti də
çıxışında diqqət çəkdi. Bu il məhz yanvarın 14-də Şuşaya səfərinin
təsadüf olmadığını vurğuladı. Bu tarix
Ulu öndər Heydər Əliyevin Molla Pənah Vaqif məqbərəsinin
39 il öncə
açılışını etdiyi gündür. Həmin 1982-ci ilin iyul ayında Vaqif Poeziya günlərinin
əsası qoyulmuş, Ümummilli liderin respublikaya rəhbərliyi
dövründə daha bir mədəniyyət hadisəsinə
rəvac verilmişdir. 2021-ci il yanvarın 14-də Azərbaycan
Prezidenti İlham Əliyev tezliklə Şuşanın
dirçəldiləcəyini, mədəni həyatının
özünə qaytarılacağını, Xarı
bülbül musiqi festivalının, Vaqif Poeziya günlərinin
keçiriləcəyini bəyan edəndə nə qədər
inanılmaz görünsə də, böyük sevincimizə,
Heydər Əliyev Fondunun da təpər verdiyi bu yüksəliş
tempi gözümüzün qabağındaca artıq
reallıqdır. Bugün işığına
yığışdığımız Vaqif Poeziya günləri
bizi yarım əsr öncəyə, Azərbaycan mədəniyyətinin
daha bir dirçəliş dövrünə, möhtəşəm
yubileylər, festivallar, ədəbiyyat günləri, poeziya
bayramları ilə müşaiyət olunan Heydər Əliyev
epoxasına qaytardı. Ulu öndərin Şuşada
böyük təntənə ilə Vaqif məqbərəsini
ucaltması, sonraya saxlamadan qarlı qış günündə
açılışını etməsi, yayda poeziya günlərinin
keçirilməsi cidd-cəhdlə Qarabağı azərbaycansızlaşdırmağa
çalışan qurnaz erməni siyasətinə
qarşı düşünülmüş bir addım, Heydər
Əliyevin rəhbərliyi dövründə gerçəkləşdirdiyi
çoxsaylı tarixi-mədəni tədbirlərdən daha
birisi idi. Burda da bugünlə bir səsləşmə
görürəm. 44 günlük müharibədə
tam məğlub olmuş düşmən öz mənfur
xasiyyətindən əl çəkməyib, yenə də
bütün dünyada vay-şivən qoparır,
Şuşanın erməni şəhəri olduğunu
sübut üçün cəfəng dəlillər
axtarır...
Vaqifə qayıdış həm də elə
Qarabağın tarixinə qayıtmaq deməkdir. Azərbaycan mədəniyyəti
də, tarixi də, şəksiz ki, çox qədimdir. Amma müasir Azərbaycan mədəniyyəti, cəsarətlə
demək olar ki, Qarabağdan başlayır, xanlıqlar
dövründən nəşət tapır. Akademik Nizami Cəfərov tədqiqatlarında Vaqif
dövrünü Azərbaycan milli varlığının
intibahı kimi xarakterizə edir. Ədəbiyyatşünaslarımız,
Firidun bəy Köçərlidən başlayaraq,
istisnasız, Azərbaycan ədəbiyyatının yeni,
çağdaş dövrünü M.P.Vaqif və müasirlərinin
adı ilə bağlayır. Hələ
M.F.Axundzadə yeni şeirin banisi olaraq Qarabağda M.P.Vaqifi və
Q.Zakiri göstərirdi. Azərbaycan realist
ədəbiyyatının M.P.Vaqifdən
başlandığı bugün yekdil fikir olaraq qəbul
edilir. Orta çağlardan qoparaq dünyəvi
təfəkkürün, yeni həyat fəlsəfəsinin ilk
ifadəçisi də "Toy-bayramdır bu dünyanın əzabı"
deyən Vaqifdir. Qarabağ - Azərbaycan
muğamının, Sadıqcanın yaratdığı Azərbaycan
tarının vətənidir. Yeni Azərbaycan
musiqisinin nəzəriyyəsi də Mir Möhsün Nəvvabın
simasında, praktikası da ustad muğam
ifaçılarının nümunəsində Şuşada,
Qarabağda yaranmış, tüm Azərbaycanı əhatə
etmişdir. Şuşanın özü,
Nizami Cəfərovun dediyi kimi, intibahın yetirməsi, intibah
hadisəsidir. Şəhərin əsası 1752-ci ildə
Qarabağ xanı Pənahəli xan tərəfindən
qoyulmuş, Azərbaycan milli ruhunun ifadəçisinə
çevrilmişdir...
Nizami Cəfərov:
Hər xanlıq mini-Azərbaycan dövlətini təmsil
edirdi.
Daha bir intibah faktı. XIX əsrdə, sanki xanlıqlar
dövründən yadigar qalan məclislər hərəkatı
hər xanlıq mərkəzində bir məclislə təmsil
olunurdusa, Xan qızı Natəvanın yaşadığı
Şuşada iki idi: "Məclisi-üns" və "Məclisi-fəramuşan
və ya xamuşan"ın timsalında. Əlbəttə,
hamımıza məlum bu hadisələri təkrar
xatırlatmaqda məqsədim: dirçəliş
havasını yaşadığımız bu günlərin
real olduğu qədər də simvolik mənasına diqqət
çəkməkdir.
Belə
ki, Azərbaycan adına müstəqilliyimizin
də ilki XVIII əsr xanlıqlar hərəkatına
gedib-çıxır. Müasir Azərbaycan cəmiyyəti
və dövlətçiliyi məhz xanlıqlar
dövründə formalaşmış, təşəkkül
tapmış, ilkin müstəqillik təcrübəsinin
dadına baxmışdır. İbrahimxəlil
xanın - xan, Molla Pənahın vəzir olduğu Qarabağ
xanlığı bunun ən parlaq təzahürlərindən
idi. Ruhları şad olsun! Qarabağ
xanlığının o zamankı geopolitika şəraitində
yaşadığını bugün Azərbaycan dövləti
eynən, daha böyük miqyasda yaşayır, dəf etməli
olur.
Azərbaycan xalqı 200 ildən də çox işğal
faktoruna rəğmən, müstəqillik ehtirası və əzmini
ən müxtəlif və çətin dövrlərdən
keçirib bugünə gətirmişdir. Azərbaycan cəmiyyəti,
Azərbaycan varlığı heç bir şəraitdə
inkişafından qalmamış, intibah ruhunu XIX əsrdə
çar üsul-idarəsinə qarşı etiraz və maarifçilik
hərəkatında, XX yüzilin əvvəllərində
romantizm və milli istiqlal hərəkatında, sovet dönəminin
Azərbaycan naminə müqavimət hərəkatında hifz
edərək bizə ötürə bilmişdir. 1918-1920-ci
illərdə Azərbaycan Xalq Cümhuriyyətini də və
üstündən yetmiş il keçəndən
sonra müstəqil Azərbaycan dövlətimizi də yetirən
həmin milli intibah ruhu - müstəqillik əzmidir.
Çıxışlarının
birində Azərbaycan Prezidenti İlham Əliyev
xatırladırdı ki: 44 günlük Vətən
müharibəsində biz yalnız torpaqlarımızın
azad olunması ilə, erməni işğalına son qoymaqla
qalib olmadıq, həm də 200 ildir Qafqazda yuva salmış
erməniçilik üzərində qələbə
çaldıq. Bu faktora diqqətli
olmalıyıq.
3. Ədəbiyyatın
dərsləri. Vətən müharibəsində
qələbənin qazanılmasında bütün Azərbaycan
xalqı, müzəffər Azərbaycan ordusu ilə birgə,
şəksiz ki, ədəbiyyatın da öz payı
olmuşdur. Ən azı
barışmazlıq ruhunu yaşatmaqla, gənc nəsli
Qarabağ məsələsi ətrafında səfərbər
etməklə ədəbiyyat Azərbaycan cəmiyyətini bu
qələbəyə hazırlamışdır. Təkcə
onu demək kifayətdir ki, son 30 il ərzində
Azərbaycan ədəbiyyatının başlıca bir
mövzusu olmuşdur - Qarabağ müharibəsi. İkinci
Qarabağ savaşının qələbə ilə başa
çatması münasibətilə bir məqalə
yazdım, "Ədəbiyyat qəzeti"ndə dərc
olundu: "Qalibiyyət və ədəbiyyatın dərsləri".
Məqalədə göstərməyə
çalışırdım ki, otuz ilin
ağrı-acıları, çıxılmazlıq əhval-ruhiyyəsindən
sonra dirçəliş ruhu, intibah havası yenidən ədəbiyyata
qayıdır. Diskurs dəyişir.
Diqqət etsək, müharibə günlərində Azərbaycan
Prezidentinin hər çıxışı
çağırış ruhlu: "Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!" şüarı ilə
bitirdisə, bu gün qalibiyyət ruhlu: "Yaşasın
Qarabağ! Yaşasın Azərbaycan!"
nidası ilə tamamlanır.
Ədəbiyyatımızın qarşısında yeni
üfüqlər açılır. Əgər əvvəl
yazıçılarımız, şairlərimiz, ədiblərimiz
dünyaya dekadans acısından, məğlub xalqın
ağrıları açısından baxırdılarsa,
bugün onu qalib xalqın nəzərlərindən görməyi,
qalibiyyət nöqtəsindən yazmağı
bacarmalıdırlar. Həm də
yalnız son otuz ilin kontekstində deyil, əslində həmin
otuz ilin mənzərələrinin özü də son 200 ilin
tarixi təcrübəsindən süzülərək qələmə
gəlməlidir. Milli ruhun
oyanışı, mülli qürur, fəxarət notları
yalnız pafos, patetika, ritorik mövqelərdə ifadə
olunmur ki; bunu da danmadan ardınca analitika gəlməlidir.
Dirçəlişimiz özünə-qayıdışla
sona yetmir, yalnız başlayır.
Qəhrəman Azərbaycan əsgərinin böyük
şücaətlə açdığı tarixi Zəfər
yolunu ləyaqətlə başa vurmaq indi həm də,
başqa sahələrdə olduğu kimi, ədəbiyyatın
da öhdəsinə düşür. Düşünürəm ki, gələn
il qırx illiyinə
yığışacağımız Vaqif Poeziya günlərində
ədəbiyyatımız həmin hesabata daha da müntəzir
olacaqdır.
Adil
CƏMİL
Dahilərin
ruhu dolaşan müqəddəs Şuşa
torpağını, tarixi şəhərimizi ziyarət etmək
bizim üçün böyük şərəf və fərəhdir.
30 il ərzində xalqımız
bütün məhrumiyyətlərə səbriylə sinə
gərdi. Nəhayətdə Ali Baş Komandanımız, dəmir
yumruqlu sərkərdəmiz İlham Əliyevin və müzəffər
ordumuzun qüdrəti və qeyrəti sayəsində Şuşa işğaldan qurtuldu. Elə
Qarabağın digər bölgələri - Ağdamı,
Füzulisi, Zəngilanı, Cəbrayılı,
Laçını... Kəlbəcəri kimi.
İndi Vaqif Poeziya bayramına toplaşmaq, böyük
şairin məqbərəsi önündə şeir oxumaq əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin
sadəcə davamı deyil, həm də özunəqayıdışın
bir rəmzidir.
Nə xoşbəxtik ki, bu tarixi günləri
yaşamaq bizə də nəsib oldu.
Bəllidir ki, Şuşanın bir adı da Qaladır. Şuşa
sal daşlar, sıldırım qayalar üzərində
"göyərən" bənzərsiz şəhərdir.
"Daş haqqında düşüncələr"
şeirimi oxusam güman edirəm, yerinə düşər:
Torpaqdımı
daşın kökü,
Daşın nəsli hardan başlar?
Min illərdir
insan ilə
Qardaşlaşıb qara daşlar.
İldırımlar
qoparmayıb
Bu torpaqda bitən daşı.
İnsan
yoxkən daşlar olub
Yer üzünün vətəndaşı.
Bu
torpağa ömür qıyan
Bizdən əvvəl daş olubdur.
Baxıb
vətənin daşına
İnsan
vətəndaş olubdur...
Bir məramlı
yolçulara
Nədənsə, "yoldaş" dedilər.
Bir
qarından çıxanlara
Nədənsə, "qardaş" dedilər.
Közərtili,
qızartılı
Ocaq
daşı, od daşı var.
Yer
üzünün daş yaddaşı,
Yaddaşların yad daşı var.
Yaman
gündə sipər olub
Bu torpağın bürcü, daşı.
Həsrət
çəkən iki qəlbi
Qovuşdurub elçi daşı.
Ulu babam
keçmişimi
"Daş" fırçayla daşa çəkib.
Bu
dünyadan gedəndə də
İnsan
daşı başa çəkib...
Deməyin
ki, bu daşların
Damarında qan işləməz.
Daş
urzalı, urvalıdır -
Daşsız
dəyirman işləməz...
Daş
ömrünə bələd olub
Bu
daşları daşımışıq;
Daş
üstdə daş evə dönüb -
Daş
içində yaşamışıq...
Şan-şöhrətli
şəhərlərin
Daş naxışlı küçəsi var.
Daş
köksündən bulaq çıxır,
Daşda
qızıl külçəsi var...
Ömrümüzə-günümüzə
Gün calayıb daş beləcə.
Gözlərimin
yaddaşında
Daş
qalaydı kaş beləcə...
Heyiflər
ki, belə deyil,
Belə deyil daş başatan.
Bəzən
daşı gözdən salır
Çəpərimə
o daş atan...
Bəzən
"daşa dəyir" başım,
Bəzən çörək "daşdan
çıxır".
Belə
vaxtlar insan ağlı
Havalanıb başdan çıxır.
O zaman ki,
daşqəlblilər
Yollarımı
daşa salır,
Gecəm
keçir... yuxum köçür -
Kirpiyimdən
daş asılır...
İstəyirəm
bu daşları
O
daşlarla daşa basım -
Yolumuzda
qara daşlar
Fürsət
tapıb yaşamasın...
Azər
TURAN
Poeziyamızda Qarabağı vəsf edən ilk şair
Mir Həmzə Seyid Nigaridir. Məncə, ədəbi
təfəkkürdə Qarabağ probleminə bir də bu
kontekstdən nəzər yetirmək gərəkdir. Nigari başqaları kimi bir gözəlin
zülfü ilə buxovlanmırdı, onu müjgan oxu
yaralamırdı. Nigarinin "gülşən
içində güllər ilə gülən" sevgili ilə
irtibatı yox idi. Nigari Qarabağı ilahiləşdirməklə
məşğul idi: "Kövsərü Tuba imiş
çayi-çinari-Qarabağ, // Aləmi-cənnət
imiş dari-diyari-Qarabağ". Yəni
Qarabağın çayları və çinarları Cənnətdə
Tuba ağacının altından axan Kövsər
bulağıdır. Qarabağın
yeri-yurdu cənnət aləmidir. Təbii
ki, sufizmin fəhmi, pərdələr arxasındakı aləmi
seyr gücü fərqliydi. Hələ,
üstəlik, Seyid Nigarinin nəqşbəndi şeyxi və
müridizmin Azərbaycandakı liderlərindən biri
olması da onun Qarabağa baxışının elmi təsnifatının
verilməsini zəruri edir. Nigari şeirləri
Azərbaycan sufizminin Qarabağ amilinə hansı aspektdən
yanaşdığını öyrənmək
baxımından çox önəmlidir. Bunun
şübhəsiz ki, metafizik bir anlamı da olmamış
deyildi. Bu baxımdan, təbii ki, Azərbaycan
bədii təfəkküründə Qarabağ nəqşəsini
ilk növbədə Qarabağ türklərinin metafizik
düşüncə dünyası yaradır. Seyid Nigarinin şeirindəki Qarabağ
ağrısı "Məclisi-fəramuşan"ın təsəvvüründə
yoxdur. Onların təsəvvüründə yoxdur, amma
bunun təsəvvüfündə var... Biz
Qarabağı həm də təsəvvüfdə
araşdırmalıyıq. Sənətin
bir də bu tərəfi, yəni yüksək estetik
materiyası vardır. Bizim vətən cənnətimiz
səkkizguşəli cənnətdir. Bayrağımızdakı
səkkiz guşəli unikal ulduzun etimolojisi də bu amillə
bağlıdır. Əhməd Ağaoğlunun türk
şamanizimi motivlərində yazdığı "Tanrı
dağında" hekayəsində keçən "səkkiz
guşəli ana kainat" frazası bizə Azərbaycan
bayrağındakı səkkiz guşəli ulduzun mifoloji mənşəyini
dərk etməkdə yardımçı olur. Qarabağın
etnoqrafik-romantikasını biz həm də Ağaoğlunun
epistolyar irsinə nəzərən araşdıra bilərik.
Əhməd Ağaoğlu Maltada sürgündəykən həyat
yoldaşı Sitarə xanıma yazdığı məktubda
Qarabağın miniatür avtoportretini yaratmışdı:
"Xatirəm ta uzaqlara, gənclik zamanıma, Qarabağa,
Qalanın o gözəl dağlarına, Başıucaya,
Daşaltına, Heydər düzünə, Şahnəçiyə
və Dəlikdaşa, o yerlərdəki gəzmələrə
getdi! Bütün keçmişlər, bütün əqrabalar,
dostlar, evimiz, sokaklar, baxçalarımız birər-birər
önümdən keçdi!". Belə
detallı təsvirlər bir də Yusif Vəzir Çəmənzəminlinin
Vaqifdən bəhs edən "Qan içində"
romanında var...
Bir halda
ki, tarixdən də bəlli olduğu kimi, ilk səma ayinləri,
yəni sufi rəqsləri XI yüzildə
Anadolu ilə yanaşı, Qarabağ dağlarında da icra
edilirmiş. O zaman bədii təfəkkürdə Qarabağ
modelini yaradan amillərin sırasında və bəlkə də
təməlində şamanizmin də əlamətlərini
aramalıyıq. Bunu yuxarıda
xatırlatdığım "Tanrı dağlarında" əsərində
Əhməd Ağaoğlu etmişdi. Ordakı
Tanrı dağlarını Xəlil Rza Ulutürkün
"Tanrılar panteonu" adlandırdığı
Qarabağ dağları kimi oxusaq və bura bir də Seyid
Nigarinin təsəvvüfünü əlavə etsək
görün nə baş verir? Qarabağ
dağlarındakı sufizm elementlərindən, yaxud
şamanist cizgilərdən Ermitaja, yaxud Ermitajda saxlanılan
Qarabağda toxunmuş 2500 yaşlı Pazırıq
xalçasındakı oğuz elementlərinə yönəlmək
də olar... Bu xalça və ondakı elementlər
Qarabağın bir türk Vətəni olaraq daha qədim
dövrlərdə, tarixin iskit-saka mərhələsində
formalaşdığının əyani dəlilidir.
Xalça doğrudan da, əgər Ermitaj kartotekalarında,
yaxud bukletlərində qeyd olunduğu kimi, Qarabağda
toxunulubsa, elə bu xalçanın görünən elementləri
"Türklər bu torpağın ilk sakinləridir"
düşüncəsini isbatlamaq üçün yetərlidir.
Bir daha təkrar edirəm, söhbət ən qədim
sivilizasiya örnəklərindən olan 2500 yaşlı
Pazırıq xalçasından gedir. Onun
Qarabağda toxunulması və özündə sak-iskit
dövrünün əlamətlərini, eləcə də
türk-oğuz yaddaşının bütün tarixi mərhələlərini,
naxışlarını bütövlükdə ehtiva etməsi
və harmoniya ilə, rəmzlərlə dolu bu sənət
abidəsinin Qarabağda yaradılması çox mətləblərə
aydınlıq gətirir.
Və nəhayət, bu gün işığına
toplaşdığımız Molla Pənah Vaqif. Onun "Görmədim"
müxəmməsi tam cəsarətlə demək olar ki,
Vaqifdən yüz il sonra Parisdə pərvəriş
tapan dekadansın bütün cizgilərini özündə
ehtiva edirdi. Milli poeziyamızda estetik qürub
Vaqifin "Görmədim" müxəmməsi ilə
başlayırdı. Və bu mənada
Vaqif Azərbaycan ədəbiyyatının təkcə dil
baxımından milliləşməsində deyil, estetikalar
baxımından da dünyaviləşməsində ən həlledici
rolu oynamış şairdir. Vaqifin, xüsusən, bu
şeirindəki missiyası XVIII yüzildə modern ədəbiyyata
doğru böyük bir sıçrayış oldu...
"Görmədim"
müxəmməsində bir antitezis vardır:
Ey xoş
onlar kim Məhəmməd Mustafanı
sevdilər,
Oldular
aşiq, Əliyyül-Mürtəzanı sevdilər,
Sidqü
ixlas ilə pənc ali-əbanı sevdilər,
Çardəh
məsumtək müşkülgüşanı sevdilər,
Dəxi onlardan gözəl yaxşı cəmaət
görmədim.
Təəssüf ki, Vaqifin sovet dövrü nəşrlərində
bu bənd ixtisar edilib. "Görmədim" müxəmməsi Firudin bəy
Köçərlinin də, Salman Mümtazın da məlum
kitablarında olduğu kimi verilsə də, bəlli səbəblərə
görə Vaqifin nə 1968-ci il, nə də
latın qrafikası ilə çap olunmuş son - 2004-cü
il nəşrlərinə daxil edilməyib. Ümumiyyətlə,
"Görmədim" müxəmməsi Vaqifin
kitabxanalarımızda olan heç bir nəşrində
bütöv görünmür,
xatırlatdığımız bənd dediyim kimi,
bütün kitablarda ixtisar edilib və bu günə qədər
də bərpa edilmir. Bu mənada
Şuşanın işğaldan azad edilməsi, Qarabağda
yaranan yeni tarixi situasiya Vaqif külliyyatının yeni nəşrini
də labüdləşdirir. Külliyyatın
sovet dövrü nəşrlərindən ixtisar edilmiş bu
misralar Vaqifin bərpa edilən məqbərəsi kimi,
"Görmədim" müxəmməsinin tərkibində
yenidən bərpa edilib tarixə və Azərbaycan
xalqının yaddaşına təhvil verilməlidir. Vaqifin, ümumiyyətlə, türk ədəbiyyatının
ilk dekadans şeiri - "Görmədim"in İkinci
Qarabağ savaşından sonra yeni təhlili verilməlidir.
Dəyərli simpozium iştirakçıları, biz təkcə
Qarabağın işğaldan azad edilməsindən sonra deyil,
ümumən, müstəqillik dövrümüzdə
Şuşada keçirilən ilk elmi simpoziumun
iştirakçılarıyıq. Bu simpoziumda iştirak
etmək hər birimizin tərcümeyi-halını zənginləşdirir.
Tərcümeyi-halımızı, ömür
yolumuzu zənginləşdirdiyi üçün Heydər
Əliyev Fonduna sonsuz şükranlarımız vardır.
2014-cü
ildə Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubiley
tədbirində məruzə edərkən demişdim ki,
beş ildən sonra Hüseynzadənin ən yaxın dostu,
"Yaxın Şərqdə avropalaşma hərəkatının
ən səmimi ideoloqu" adlandırılan Əhməd
Ağaoğlunun 150 yaşı tamam olacaq. Və onun da 150 illik
yubileyini doğulduğu Şuşa şəhərində
qeyd etməyi bizə nəsib etməsini Tanrıdan təmənna
etmişdim. Dəyərli dostlar, bu gün biz tarixi
möcüzələrin qoynundayıq... Nigari
demişkən, cənnət ağacının kölgəsindəyik.
Ağaoğlunun vətənindəyik. Şuşada böyük quruculuq işlərinin
getdiyini gördük. Mən həm də
bu şəhərdə bir behişt rayihəsi duydum. Əlbəttə, bu, Şuşaya müqəddəslik
statusu verən şəhidlərimizin rayihəsidir. Şuşa başdan-başa məbəddir.
28 il əvvəl Azərbaycan Qarabağı itirəndə
insanlarımızın yaddaşında Seyid Nigari nəqşəsi,
şüurunda Ağaoğlunun "Səkkizguşəli Ana
Kainat" fəlsəfəsi yox idi. Bu gün
biz "Səkkizguşəli Ana Kainatımızın"
bütövlüyünə və Qarabağa həm də
qarabağlı Seyid Nigarinin düşüncə
dünyası ilə bir yerdə qayıdırıq.
"Kövsərü Tuba imiş
çayi-çinari-Qarabağ..."
Ali Baş Komandan İlham Əliyev təkcə milli
ordunu deyil, bütövlükdə milli təfəkkürü
və milli hissiyyatı hərəkətə gətirib
Qarabağı işğaldan azad etdi. Bu gün Şuşanı xilas edən
dəmir yumruqla yanaşı, Vaqif məqbərəsi də Vətən
müharibəmizin zəfər simvollarından birinə
çevrilir...
Azərbaycan
Respublikasının Prezidenti dünən Vaqif məqbərəsinin
açılışında 1982-ci ili
xatırladıb dedi ki, "Vaqif Poeziya Günləri
keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri
hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi
məna var". Prezidentin bu sözləri
mənim yadıma 59 yaş simvolikası ilə bağlı
başqa bir məqamı saldı. Hüseyn
Cavidin qızı Turan Cavid də Cavidin həyatında rəqəmlərin
rəmzi və mistik bir yeri olduğuna inanırdı. Bir dəfə ondan bu mistik məqama nə
üçün belə ürəkdən
inandığını soruşdum. Cavab verdi
ki, Cavid 59 yaşında vəfat edib. Sibirdəki
qəbrinin nömrəsi də 59 idi. Ölüm
aktı da 59 nömrəliydi. Məqbərədə
Cavidlər 59 ildən sonra (1937-96) görüşdülər.
Məqbərənin inşaya başladığı gün (3
iyun 1996) Cavidin düz 59 il əvvəl (3
iyun 1937) həbs olunduğu gündü. Cavid cib
dəftərçəsinə başının
ölçüsünü qeyd edib - 59. Maraqlıdır
ki, bu yaxınlarda köhnə sənədlərimi
araşdıranda tələbə biletimə rast gəldim - o
da 59 nömrəliymiş. 1982-ci ildə
Cavid vətənə gətiriləndə mən də, bu
işin təşəbbüskarı Heydər Əliyev də
- hər ikimiz 59 yaşındaydıq".
Müqəddəs
kitabımızda deyildiyi kimi, burda düşünüb ibrət
alanlar üçün dəlillər vardır...
İlqar
Fəhmi: Dəyərli fikirlər üçün çox sağ olun Azər müəllim. İstərdim
ki, Elnarə xanım Akimova həm Şuşa
təəssüratlarından, həm də ədəbiyyatşünaslıqda
Vaqifin tədqiqi məsələlərindən bəhs etsin.
Elnarə
AKİMOVA
Bu gün Şuşada olmağımız, burada Vaqif
poeziya günlərinin keçirilməsi o qədər
böyük hadisədir ki, bundan layiqincə danışmaq
üçün ilk növbədə özümüzün
şüuraltımız idrak etməlidir. Bu tarixi hadisə ilk növbədə,
1982-ci ilin 14 yanvarında Ümummilli liderimiz Heydər
Əliyevin Şuşada Molla Pənah Vaqif məqbərəsinin
açılışının bir növ başqa formada,
amma eyni missiya çərçivəsində təkrarlanması
nöqteyi-nəzərindən əhəmiyyətlidir. Aradan keçən 39 illik zaman müddəti bizim
üçün sınaq məqamı oldu. Bakıdan
Şuşaya gətirən uzun yolda
yaşadığımız ağrıları, itkilərimizi,
fəci və nisgil dolu illəri birər-birər
xatırlayarkən qəfil qarşımızda görünən
"Zəfər yolu" gözəl, işıqlı bir
sabahın rəmzi kimi sanki bütün ağrıların
üzərindən sığal çəkdi. Bu
duyğunu bizə qazandıran Ali Baş komandan İlham
Əliyevə, qəhrəman əsgərlərimizə sonsuz
şükranlıq borcumuz var.
Şuşada ilk elmi simpoziumun iştirakçısı
olmaq isə insana bir başqa fəxarət duyğusu
yaşadır.
Görünür, möcüzələrə
inanmaq lazımdır.
Molla Pənah Vaqif ədəbiyyat tariximizdə mərhələ
yaradan sənətkardır, realist şeirin ilk
yaradıcılarındandır, sevgiyə və gözəlliyə,
kədərə və əzaba yanaşması ilə fərqli
müstəvidə qərarlaşan şairdir. Əlbəttə
ki, Vaqif öz dövrünün tanınmış
ictimai-siyasi xadimi, diplomatı olub, Qarabağ
xanlığında ən mühüm qərarların verilməsində
öz ağlı və səriştəsi ilə iştirak
edib. Amma hər şeydən əvvəl
Vaqif şairdir, bu günə qədər sevilən bir
çox misilsiz poetik örnəklərin müəllifidir.
Bəs Vaqifin Azərbaycan ədəbiyyatında
yeri, rolu hansı xüsusiyyətləri ilə seçilir?
Bunu ilk növbədə, dövrün
özünün izahını verməklə
aydınlaşdırmaq mümkündür. Məlumdur ki, XVII-XVIII əsrlər Azərbaycan mədəniyyətinin
inkişaf tarixində intibah, oyanış dövrüdür.
Bu dövrü fərqləndirən əsas cəhətlər
milli dilin ədəbi yaradıcılıqda hakim mövqe tutması,
xalq yaradıcılığının və milli folklor
janrlarının tam təşəkkülü ilə əlamətdardır.
Bu mənada, dövrünün şairi kimi
Vaqifin üslubu özündən əvvəlki klassiklərin
üslubundan fərqlənib. Daha rəvan,
sadə üslub, hamının başa düşəcəyi,
anlayacağı dil, milli bədii təfəkkürün və
özünüdərketmənin təzahürünün
güclənməsi və s.
Vaqif mərhələsinin özünün əvvəlki
və sonrakı ədəbiyyata böyük təsiri oldu, bir
növ körpü rolunu oynadı. O, özündən əvvəlki ədəbiyyatı
milli zəmində yekunlaşdırdı və sonrakı ədiblərin
bir çox maarifçi məsələlər və istiqamətlər
yönündə fəaliyyət göstərmələrinə
yol açdı. Təsadüfi deyil ki, Vaqifin
açdığı işıqdan yola çıxan XIX əsr
dühalarının - Mirzə Fətəli Axundzadənin,
Mirzə Şəfi Vazehin və Abbasqulu ağa Bakıxanovun
milli ədəbiyyatı və dili inkişaf etdirmək
yönündə çabaları onların öz sahələrində
yeniliklərə imza atmaları ilə nəticələndi. Zənnimcə, biz "Vaqifə qədər"
olan bir dövrü tədqiq etmişik, indi qarşıda duran
problemlərdən biri Vaqifdən sonrakı mərhələni
öyrənmək, onun təsir etdiyi məqamları üzə
çıxartmaq olmalıdır.
Vaqif yeni tipli ədəbiyyatın
yaradıcısıdır. Onun şeirlərində
təbiət öz zənginliyi və
çoxçalarlılığı, insan öz mühiti və
məişəti, xasiyyət və rəftarı, gözəllik
və incəliyi ilə tərənnüm obyektidir.
Professor Rüstəm Kamalın bu dövrlə bağlı
maraqlı qənaəti var: "XVIII əsr Azərbaycan mədəniyyətini
əslində "göz mədəniyyəti"
adlandırmaq olar. Şuşanın tikilməsi
də, Vaqifin poeziyası da "göz mədəniyyəti"nin
təzahürüdür". Burada
"görmə" məqamı üzərində
dayanmağa ehtiyac var. Daha çox içə, daxilə
yönəlmək mənasında. Yəni
bu qüdrətli şair gerçəklərin yalnız zahiri
tərəflərinin təsvirinə yönəlməmiş,
acı və sərt həqiqətlərin görünən tərəfləri,
zahiri əlamətləri ilə yanaşı, daxili mahiyyətini
də mənalandırmış, bəzən isə hətta
ziddiyyətləri ilə birlikdə əks etdirmiş, batinin
dərkini verməyə nail olmuşdur. Şairin
"Bayram oldu", "Görmədim" müxəmməsi
və s. kimi şeirləri buna nümunə ola
bilər.
Molla Pənah Vaqifin ilk tədqiqi Firudin bəy
Köçərlinin, Salman Mümtazın adı ilə
bağlıdır. Sonrakı illərdə Həmid
Araslı, Araz Dadaşzadə, Əziz Mirəhmədov,
Yaşar Qarayev ilə sahə böyüyüb. Hər birinin də dövrə və Vaqif
yaradıcılığına fərqli yanaşması olub.
Həmid Araslı onu realist şair, Araz Dadaşzadə realist ədəbi
metoda yiyələnmiş ilk sənətkar, Əziz Mirəhmədov
təsviri realizm üslubunun nümayəndəsi, Yaşar
Qarayev realizmin hazırlıq mərhələsini yaradan ədib
kimi xarakterizə edib. Bütün bu tədqiqatlar
sovet dövründə gerçəkləşən işlərdir.
Vaqifin müstəqillik illərində ədəbi
prosesə yeriməsi akademik Nizami Cəfərovun adı ilə
bağlıdır. Nizami Cəfərov 1988-ci ilin
sonlarında "Ədəbiyyat və incəsənət"
qəzetində çap etdirdiyi "Azərbaycan intibahı:
problemlər, mülahizələr" məqaləsində,
daha sonra isə 1991-ci ildə işıq üzü görən
"Füzulidən Vaqifə qədər" kitabında
mifoloji yaddaş, folklor potensialı ilə Yeni dövr
kontekstinə daxil olan XVIII əsri və Vaqif
yaradıcılığını milli oyanış, intibah mədəniyyətinin
zəmini kimi təqdim etdi. Bu fikir həmin dövr ədəbiyyatşünaslığında
geniş polemikalara rəvac verdi, müxtəlif
ədəbi instansiyalarda, o cümlədən Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda müzakirəsi təşkil
olundu. Ölkənin demək olar ki, bütün
ciddi alimləri bu tezislə bağlı fikir və mülahizələrini
bölüşdülər. "Müstəqillik
dövrünün ədəbi tənqidi" adlı tədqiqatım
üzərində çalışarkən bu tezis ətrafında
necə geniş müzakirələr
aparıldığının şahidi olmuşdum. Bu müzakirələr sonucunda həm XVIII əsrə
və onun yaradıcı şəxsiyyətlərinə, o
cümlədən Vaqif irsinə münasibətdə
çoxsaylı yanaşmalar meydana qoyuldu.
Vaqif irsinə son yanaşma kimi bu yaxınlarda çap
olunan İsa Həbibbəylinin "Molla Pənah olan Vaqif"
monoqrafiyasının adını çəkə bilərik
ki, bu kitabda İsa müəllim Vaqifi erkən realizm ədəbi
cərəyanının banisi kimi təqdim edir. Və nəinki
XVIII əsr, ona qədər davam tapmış bütün ədəbi
mərhələlər, klassik ədəbiyyat "Vaqif ədəbi
mərhələsi"nə nəzərən tədqiq və
şərh olunur.
Təbii ki, Vaqif elə bir parlaq ədəbi istedada malik
sənətkardır ki, özü ilə bağlı ədəbiyyatşünaslıqda
fərqli və modern sənət prinsipləri kontekstində
araşdırmalara imkan verəcəkdir. Bu sırada, "Ədəbiyyat
qəzeti"ndə çap olunan son dörd yazını da
qeyd etmək istərdim: Cavanşir Yusiflinin "Formanın
müqəddəs sirri" silsiləsindən Vaqif haqqında
yazdığı II məqaləni, Azər Turanın
"Poeziyada "Görmədim" müxəmməsi ilə
başlayan estetik qürub, yaxud Vaqif ömrünün və
türbəsinin faciəli aqibəti", Tahirə Məmmədin
"Şuşa ədəbi məclisləri: funksiya və
missiyası" və Səadət Şıxıyevanın
"Nisgilli könüllərin tərcümanı
Şuşa Qarabağ şairlərinin şeirləri əsasında"
məqalələrini. Bu kitab və məqalələri
niyə xatırlatdım? "Ədəbi
müstəvidə Qarabağın dünəni və
bugünü" mövzusunu müzakirə ediriksə gələcək
tədqiqatçılara geniş müstəvilərə
adlamağa impuls verən mətnlərlə bələdçilik
etməliyik.
Məlumdur
ki, Molla Pənah Vaqif ilk şeirlərini müəllimliklə
məşğul olduğu illərdə yazmış, pedaqoji
fəaliyyətinin Şuşa mərhələsində
bədii yaradıcılıqla daha intensiv şəkildə məşğul
olmuşdur. Lakin Molla Pənah Vaqif
ömrünün son günlərini çox bədbin
yaşamış, bu kədəri özünün
"Görmədim" müxəmməsi ilə hərtərəfli
ifadə etmişdir. Həyatının
faciə ilə bitən sonluğu da şairimizin qoca
vaxtında yazdığı şeirlərdə əsk
olunmuş estetik qüruba adekvat olaraq
yekunlaşmışdır. Cavanşir
Yusiflinin yazdığı kimi, "gözəlliyi hiss etdiyinə,
bildiyinə görə faciələrə tuş gəlmişdi",
cəzalanmışdı sanki. Ancaq bu
gün sevinirik ki, böyük şairimizin ruhu şaddır.
Otuz ilə yaxın işğal dönəmindən
sonra o, öz azadlığına, ruhsal
bütövlüyünə qovuşub. Vaqifin
türbəsi hər zaman Şuşada ziyarətgah olub. Allaha şükürlər olsun ki, hər şey əzəli
və əbədi gerçəkliyinə qayıdır.
Şairin bizə heç zaman yadlaşmayan məqbərəsi
artıq indinin və sabahkı nəslin daim ziyarət edəcəyi
müqəddəs mehraba, qutsal məkana çevrilməkdədir.
Mustafa ÇƏMƏNLİ
Mən də hər kəs kimi, Zəfər yolu ilə mənəviyyat
paytaxtımız Şuşaya gəldiyim üçün
böyük məmnunluq duyuram. Mən Qarabağın tacı Şuşa qalasına sonuncu dəfə
işğaldan əvvəl - 1984-cü ildə gəlmişdim.
O zaman ağlıma da gəlməzdi ki, 8 il
sonra Şuşa erməni daşnakları tərəfindən
işğal olunacaqdır. Xalqımız 28 il
Şuşa həsrəti ilə yaşadı. Nəhayət,
2020-ci ilin 8 noyabrında Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dönməz
iradəsi, müzəffər ordumuzun şücaəti sayəsində
Şuşa qəsbkarların işğalından azad edildi. Dərhal mənəviyyat paytaxtımıza
qovuşmağımız üçün Şuşaya Zəfər
yolu çəkilməyə başladı. Tanrıdan
arzum budur Zəfər yolumuz əbədiyyətə qədər
uzansın
Gələn
il ölkə
başçısının Sərəncamı ilə
Şuşa şəhərinin 270 illiyini keçirəcəyik.
Şübhə etmirəm ki, bu şəhərin
bünövrəsini qoyan Pənahəli xan Cavanşiri də
minnətdarlıq hissi ilə yad edəcəyik. Pənahəli xan sağlığında öz
qalası uğrunda Məhəmmədhəsən xan Qacarla, Fətəli
xan Əfşarla, oğlu İbrahimxəlil xan Ağaməhəmməd
şah Qacarla vuruşmuşdur. Biz görkəmli
şairlərimizin, yazıçılarımızın, elm-sənət
adamlarının adını əbədiləşdirdiyimiz
kimi, zaman-zaman xalqının xidmətində durmuş onun
yolunda hər bir cəfaya dözmüş
şahlarımızın, xanlarımızın da
adını əbədiləşdirməliyik. Arzu edirəm
ki, Şuşa şəhərini bizə bəxş
etmiş Pənahəli xan Cavanşirin heykəli onun öz
doğma şəhərində ucaldılsın. Biz Şuşa şəhərinin təkcə
gözəlliyi ilə fəxr etmirik, burada böyüyüb
başa çatmış ədəbiyyat, incəsənət,
mədəniyyət xadimləri ilə də fəxr edirik. Bu
şəhər bizə Qasım bəy Zakiri, Xan qızı
Natəvanı, Mir Möhsün Nəvvabı, Nəcəb bəy
Vəzirovu, Haşım bəy Vəzirovu, Əbdürrəhim
bəy Haqverdiyevi, Əhməd bəy Ağaoğlunu,
Süleyman Sani Axundovu, Üzeyir bəy Hacıbəylini,
Süleyman Ələsgərovu, Soltan Hacıbəyovu, Hacı
Hüsünü, Cabbar Qaryağdıoğlunu, Seyid
Şuşinskini, Segah İslamı, Xan Şuşinskini və
daha onlarca istedad bəxş etmişdir. Biz Ali
Baş Komandan İlham Əliyevin dönməz iradəsi,
müzəffər ordumuzun parlaq qələbəsi nəticəsində
adlarını çəkdiyimiz bu görkəmli şəxslərin
vətəninə gəlmişik. İnanıram
ki, bu gün onların da ruhu şaddır. Qoy qələbəmiz
əbədi olsun! Üçrəngli bayrağımız həmişə
Cıdır düzündə dalğalansın!
Əsəd CAHANGİR
Möhtərəm
simpozium iştirakçıları! Sizi 27 illik
ayrılıqdan sonra bu əlamətdar tarixdə - Vaqif Poeziya
Günlərində Şuşada salamlamaqdan məmnunam!
On ay
öncə Şuşada olmaq, onun küçələrində
gəzmək, havasını udmaq, Natəvan bulağından
içmək, Gövhər Ağa məscidində ibadət
etmək, Cıdır düzündən Xəznə
qayasına baxmaq hamı kimi, mənə də əlçatmaz
xəyal kimi görünürdü. Odur ki, Ali Baş Komandanımız,
Respublika Prezidenti Cənab İlham Əliyevə öz
adımdan və bütün ziyalılar adından bu
mümkünsüzü mümkün elədiyinə, belə
xoşbəxt anları bizə yaşatdığına
görə ürəkdən gələn səmimi minnətdarlığımı
bildirir, Şuşanın alınması uğrunda canından
keçən şəhidlərimizin ruhu qarşısında
baş əyir, qazilərimizə uzun ömür
arzulayıram. Arzu edirəm ki,
Respublikamızın Birinci vitse-prezidenti, birinci ledi Mehriban
xanım Əliyeva bundan sonra yalnız "Vaqif Poeziya Günləri"ndə
olduğu kimi, ancaq sevincdən ağlasın.
Tarixdən məlumdur ki, Yer üzündə həyat Azərbaycandan,
Qarabağdan, Azıx mağarasından başlayır və
Qarabağda da bitə bilərdi. Lakin Tanrıya şükür olsun
ki, Respublika Prezidenti, Ali Baş Komandanımız cənab
İlham Əliyevin apardığı uzaqgörən iqtisadi və
siyasi kurs, Azərbaycan əleyhinə yaradılan beynəlxalq
informasiya blokadasının yarılması, ordumuzun ən
müasir texnika ilə təchiz olunması 44 günlük
qısa zamanda 30 illik problemi zəfərlə başa
çatdırmağa və bununla da, dünya dövlətlərinin
Üçüncü Cahan Savaşına cəlb olunması,
bütöv xalqların, millətlərin fəlakətə
sürüklənməsi kimi ümumbəşəri faciənin
qarşısını almağa bizə imkan verdi. Çünki Qarabağ müharibəsi sadəcə
regional olay deyil, dünyanın taleyinin həll olunduğu bir
müharibə idi.
Qarabağ faktına mən bir neçə aspektdən
yanaşıram. Dediyim kimi, Qarabağ regional yox, planetar
faktdır. Qarabağ
xanlığının əsasını qoyan Cavanşirlər
qədim türk xalqlarına mənsub olduqlarından
Qarabağ ümumtürk faktıdır. Onlar
Pənahəli xanın başçılığı ilə
Güneydən gəlib Qarabağ xanlığının əsasını
qoyduqları üçün Qarabağ həm də
quzeyli-güneyli bütöv Azərbaycan faktıdır.
Məhz buna görə o, Qarabağdır, yəni
Böyük Bağdır. Qarabağ
anlayışı Qarabağ xanlığının tarixindən
qat-qat dərin, Qarabağın önəmi Qarabağın ərazisindən
qat-qat genişdir.
Hər bir xalqın tarixi və mədəni taleyində
böyük önəmi olan bir məkan olur. Qədim
yunanlar üçün onları səmavi qüvvələrə,
kosmosa bağlayan belə bir məkan Olimp dağı idi.
Azərbaycan xalqı üçün isə belə
bir müqəddəs məkan Qarabağdır. Odur ki, Qarabağı itirmək bu kosmik, ilahi rabitəni
itirmək, onu geri almaq isə bu kosmik, ilahi rabitəni bərpa
etmək deməkdir. Və beləliklə,
Qarabağ həm də kosmik, ilahi xarakter daşıyan məkandır.
Təsadüfi deyil ki, hər dəfə
xalqımızın tarixi taleyində dönüş
başlayanda Qarabağ amili də yeni bir qüvvə ilə
üzə çıxır. Müasir Azərbaycan
dövlətçiliyinin əsası Qarabağda qoyulub.
Müasir Azərbaycan poeziyasının banisi
Qarabağ xanının vəziri, görkəmli şair Molla
Pənah Vaqif olub. Müasir Azərbaycan ədəbi
dilinin əsasında Qarabağ dialekti durur. Azərbaycan, türk, Şərq və dünya
musiqisi tarixində inqilabi çevrilişin banisi olan dahi bəstəkar
Üzeyir Hacıbəyli Qarabağda dünyaya göz
açıb. Dünya musiqisinin nadir incisi olan ilk
muğam operası - "Leyli və Məcnun"un əsası Şuşada qoyulub. Milli-mədəni
varlığımızın əsas göstəricilərindən
biri olan muğamın beşiyi Qarabağ, xüsusilə də
onun paytaxtı Şuşa şəhəridir.
Bədxah
ermənilərin Qarabağı, Şuşanı ələ
keçirmək cəhdlərinin əsasında məhz o
dururdu ki, onlar neçə minillik etnik
yarımçıqlıq kompleksini aradan qaldırmaq, özlərini
bir millət kimi təsdq etmək istəyir, bu məkrli siyasətlərini
istər Səfəvilər, istər Çar Rusiyası, istərsə
də Sovet hakimiyyəti illərində dönmədən həyata
keçirirdilər. Ümummilli öndər Heydər
Əliyev cənabları məhz bu məkrli erməni-daşnak
siyasətini alt-üst etmək üçün 1982-ci il yanvar ayının 14-də, qarlı bir
qış günü Azərbaycan ziyalıları ilə
birlikdə böyük Azərbaycan şairi və dövlət
xadimi Molla Pənah Vaqifin Şuşada məqbərəsinin
açılması ilə bağlı möhtəşəm
tədbiri həyata keçirdi. Bu, bədxah qonşularımıza
da, onların Kremldə oturan havadarlarına da "Qarabağ
Azərbaycandır!", "Şuşa Azərbaycandır!"
mesajı idi.
Qarabağın,
eləcə də Şuşanın erməni vandalları tərəfindən
talandığı son 30 il ərzində ən
böyük dağıntıya məruz qalan memarlıq
nümunələrindən birinin məhz Molla Pənah Vaqifin məqbərəsi
olması da təsadüfi deyildi. Xəstə
erməni-daşnak düşüncəsinə görə,
bununla da Qarabağın həqiqi tarixi yer üzündən
silinməli idi. Azərbaycan dövlətinin
apardığı məqsədyönlü iqtisadi-siyasi kurs və
bu kursa əsaslanan hərbi qələbəmiz erməni-daşnak
qaragüruhunun arzularını gözündə qoydu.
Şuşa bu gün azaddır! Qarabağ əbədi Azərbaycandır!
Və bu gün Respublika Prezidenti cənab İlham Əliyev,
Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla,
dövlət xadimləri və görkəmli
ziyalılarımızın Vaqifn məqbərəsinin ikinci
açılışına yığışması ilk
öncə bu tarixi həqiqətin təsdiqidir. Bu, Azərbaycan Prezidentinin uzaqgörən iqtisadi və
siyasi kursunun nəticəsi, onun bir sərkərdə kimi
bacarığının göstəricisidir. Bu, Azərbaycan ordusunun yenilməzliyi, Azərbaycan əsgərinin
rəşadəti, xalqımızın qələbəyə
sarsılmaz inamının təzahürüdür. Bu, tarixi və ilahi ədalətin təntənəsidir.
Ələmdar
CABBARLI
Hörmətli simpozium iştirakçıları, hər
birinizi salamlayıram. İki gündür ki, həyatımızın
ən xoşbəxt günlərini yaşayırıq. Bu xoşbəxtliyi bizə bəxş eləyən
Tanrıya sonsuz şükürlər olsun. Bu günləri bizə yaşadan şəhidlərimizin
ruhunu ehtiramla anırıq, qazilərimizə şəfalar diləyirik.
Biz bu tarixi qələbəyə ulu öndərimiz
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin,
möhtərəm cənab Prezidentimiz İlham Əliyevin
müdrik və cəsarətli qərarlarının sayəsində
nail olmuşuq. Tarixin ən müdrik qərarları
qeyri-standart qərarlardır. Ən
yaxşı nəticələr bu cür qərarların sayəsində
əldə edilir. 2020-ci il
sentyabrın 27-də - bütün dünyanın işğal
olunmuş ərazilərimizi hələ də
danışıqlar yolu ilə əldə edəcəyimizi
düşünəndə cənab Prezidentimiz İlham
Əliyev qeyri-standart, tarixi qərara imza atdı. 44 gün ərzində
30 illik işğala və yalnız 30 illik işğala deyil, ən
azı 200 illik bir münaqişəyə son qoyuldu.
Tarixi zəfərlə bitən Vətən müharibəsindən
sonra Qarabağda misilsiz quruculuq işləri başlayıb. Cənab
Prezidentimiz 44 gün ərzində ön cəbhənin,
diplomatiya cəbhəsinin və eləcə də informasiya
savaşının Müzəffər Ali Baş Komandanı
kimi tarixi xidmətlər göstərdi. Bu
gün isə hörmətli Prezidentimiz quruculuq cəbhəsinin
Müzəffər Ali Baş Komandanıdır. Biz bu quruculuq işlərinin həcmini, mahiyyətini
çox qısa zaman ərzində çətin relyef şəraitində
yüksək səviyyədə çəkilmiş tarixi Zəfər
yolu ilə Şuşaya gələrkən daha parlaq şəkildə
gördük. Şuşanın hər tərəfini
işıqlandıran elektrik təsərrüfatının, bərpa
edilmiş heykəllərin, muzeylərin, Xarıbülbül
Musiqi Festivalının, artıq fəaliyyət göstərən
və təməli qoyulan otellərin timsalında
gördük. Çox qürurvericidir ki,
quruculuq, bərpa işləri yalnız təmir-tikinti, yol təsərrüfatını
əhatə etmir. Şuşanın zəngin
mənəvi, ədəbi, mənəvi, ictimai mühiti də
yenidən qurulur. Mədəni-mənəvi quruculuq isə
daha çətindir, məsuliyyətlidir, burada çox incə,
həssas məqamlar var. Bu gün burada - tarixi şəhərimiz,
qeyrət qalamız, mədəniyyət paytaxtımız
Şuşada cənab Prezidentimiz hörmətli İlham
Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti hörmətli
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Vaqif
Poeziya Günlərinin keçirilməsi Şuşanın,
Qarabağın zəngin mədəni, ədəbi
mühitinin yenidən bərpası yolunda tarixi bir hadisədir.
Bu gün bizim ruhumuzun diriliş
günüdür. Şuşa Azərbaycanın
ictimai-siyasi, ictimai-mədəni, elmi mühitinə, təhsil
tariximizə əvəzsiz töhfələr verib. Eyni
zamanda da Şuşa ədəbiyyatımıza
böyük simalar bəxş edib. Burada zəngin
ədəbi mühit olub, ədəbi məclislər, şeir
günləri keçirilib. Mirzə Rəhim
Fəna ilə Hacı Abbas Agahın yaratdığı "Məclisi-üns"
ədəbi məclisi şöhrətlənərək
öz fəaliyyətini sarayda və birbaşa Xan qızı
Natəvanın rəhbərliyi ilə davam etdirib. Ondan başqa Mir Mövsüm Nəvvabın
yaratdığı "Məclisi-fəramuşan" ədəbi
məclisi Qarabağ ədəbi mühitinə böyük
töhfələr verib. Bu mənada ulu öndərimiz
Heydər Əliyev tərəfindən 39 il əvvəl
Şuşada Vaqifin məqbərəsinin ucaldılması,
poeziya günlərinin təşkili, bu gün isə möhtərəm
cənab Prezidentimiz İlham Əliyevin və birinci xanım
Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi
ilə Vaqif məqbərəsinin ikinci dəfə
açılışı, azad Şuşada Vaqif Poeziya
Günlərinin keçirilməsi tarixi ənənələrin
bərpasıdır. Bu hadisənin çox böyük
ictimai, mədəni, siyasi əhəmiyyəti var. Bu hadisə
ədəbi mühitimizə yeni impulslar verəcək, mahiyyətcə
yeni əsərlərin, obrazlar sisteminin yaradılması
üçün stimul olacaq, ədəbiyyatımıza yeni
mövzular, yeni obrazlar gətirəcək. 30
illik işğal dövründə ədəbiyyatımızda
daha çox həsrət, itirilmiş yurd acısı əks
olunurdu. Bundan sonra isə ədəbiyyatımızda
qələbə ruhlu şeirlər, poemalar, dram əsərləri,
romanlar yaranacaq. Bu məqamda onu da
vurğulamaq istəyirəm ki, bu illər ərzində
Qarabağ ruhunun yaşadılmasında, xalqımızın
mübarizə ovqatının formalaşmasında ədəbiyyatımız
çox böyük rol oynayıb. Vaqif
Poeziya Günləri isə bundan sonra qələbə ruhlu əsərlərin,
şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarını
əks etdirən əsərlərin yazılması
üçün bir vəsilə rolunu oynayacaq. Bu mənada gələcəkdə bu tədbir, onun
tarixi mahiyyəti haqqında elmi məqalələr, tədqiqat
əsərləri yazılacaqdır.
Əziz dostlar, simpozium Vaqif Poeziya Günləri çərçivəsində
keçirildiyi üçün sonda tarixi zəfərimizə
həsr etdiyim şeirimi oxumaq istəyirəm.
Şuşasız
işimiz yarımçıq qalar -
Yarımçıq
qalmadı işimiz - şükür!
Gözün
aydın olsun, Pənahəli xan
Zillətdən
qurtuldu Şuşamız - şükür!
Açılmaz
bir düyün çıxdı tilsimdən,
Əla
qiymət aldıq Vətən dərsindən!
Müzəffər
Ordumun ayaq səsindən -
Silindi
gözlərdən yaşımız - şükür!
Millət
soykökünə, əzələ döndü,
Hər
şəhid sönməyən məşələ
döndü!
Oğullar
hərə bir heykələ döndü -
Qayamız
- Mübariz! Daşımız - Şükür!
Bayquş
kəsə bilməz Vaqifin dilin,
Şaqraq nəğməsini Xanın,
Bülbülün.
Çiçəyi
çırtlayıb Xarıbülbülün,
Bahara
çevrilib qışımız - şükür!
Yaddaşım
dirilib, ruhum oyanıb,
Hamı səngərində sayıq dayanıb.
Yurdum
başdan-başa nura boyanıb -
Ta bir də
qaralmaz qaşımız - şükür.
Gerçəyə
çevrildi hər arzu, murad,
Qarabağ təzədən açdı qol-qanad.
Gözün
aydın olsun, qəhrəman Polad,
Aldı
qisasını Paşamız - şükür!
Diqqətinizə görə təşəkkür edirəm.
Ramil
ƏHMƏD
Şuşada olmağın mənim üçün iki
tərəfi var - şəxsi və peşə tərəfi. Birincisi odur
ki, anam və atam Şuşada texnikumda təhsil alıblar.
İlk dəfə burada tanış olublar
və ailə həyatı qurublar. Şuşada
olduğum müddətdə onların təhsil
aldığı, yaşadığı yerləri tapmaq,
onların xatirələri olan yerlərdən keçmək məndə
qəribə bir həyəcan, sevinc yaratdı. İkincisi isə bir yazar olaraq Vaqif Poeziya Günləri
kimi gözəl bir ədəbiyyat festivalının bərpa
olunması, qırılan ənənənin qaldığı
yerdən davam etməsi məni sevindirir. Burada
dəyərli ədəbiyyatşünaslarımız,
şairlərimiz Molla Pənah Vaqiflə bağlı fikirlərini
səsləndirdi. Hər birinin qısa
nitqində diqqət çəkən maraqlı məqamlar
vardı. Buna birini də mən əlavə
edim. 1940-cı illərin qəzetini oxuyarkən
Vaqifə abidə qoyulacağı yazısına rast gəlmişdim.
Demək ki, sonra İkinci Dünya müharibəsi səbəbi
ilə 42 il bu abidənin qoyulması
gecikdi. Yalnız 1982-ci ildə ulu öndərin
sayəsində Vaqifin abidəsi ucaldı və şeir
günləri keçirilməsi ənənəsinin əsası
qoyuldu. Gecikmələr olsa da, 1982-ci ildəki
abidə 1940-cı ildə nəzərdə tutulandan daha
böyük, daha əzmətli idi. 1940-da
abidənin 13 metr olacağı
planlaşdırılmışdısa, 1982-də 18 metrlik bir
abidə ucaldı. Təəssüf ki,
1990-cı illərdə yaşanan müharibə yenidən bu
abidənin taleyində mənfi bir rol oynadı. Cənab Prezidentin 2021-ci ilin yanvarında
Şuşaya səfəri zamanı abidənin önündə
etdiyi tarixi çıxışında Vaqif məqbərəsinin
halı insanı kövrəldirdi. Bu
gün çox şükür ki, bu abidə qısa bir
müddət ərzində əvvəlki üslubunu qoruyaraq
yenidən bərpa olundu, çox şükür ki, ölkəmizin
həyatında önəmli olan bir ədəbiyyat
festivalı yenidən keçirilir. Son
çıxışçı olduğum üçün
vaxtınızı çox almaq istəmirəm.
Arzulayıram ki, gələn il yenidən
bu doğma şəhərdə görüşək,
bir-birimizdən öyrənək, ədəbiyyat söhbəti
etmək üçün belə toplantılara
yığışaq, təbii ki, maskasız, pandemiyasız
bir gündə!
İlqar
Fəhmi: Əziz dostlar, dəyərli həmkarlar, bu gün
qısa zaman kəsiyində olsa da, çox dəyərli
fikirlər dinlədik, həm Molla Pənah Vaqifin
yaradıcılığının
araşdırılması, həm də Qarabağ mədəniyyətinin,
ədəbiyyatının öyrənilməsi ilə
bağlı qiymətli fikirlər səsləndi. Hətta verilən bir neçə maraqlı təklif
oldu ki, zənnimcə, gələcəkdə bunların
reallaşması istiqamətində ciddi işlər
görülə bilər. Şuşada Seyid Mirhəmzə
Nigarinin irfan dünyası, Əhməd Ağaoğlunun
sosioloji və milli görüşləri ilə bağlı
ideyaları konsepsiya halına salıb beynəlxalq tədbirlərin
həyata keçirilməsinə çalışmaq
lazımdı...
Sonda, həm ümumilikdə Vaqif Poeziya günlərinin,
həm də bu simpoziumun təşkilinə görə Heydər
Əliyev Fonduna təşəkkür edirəm. Əminəm ki, növbəti
illərdə Şuşa şəhəri
daha böyük elmi konfranslara, simpoziumlara ev sahibliyi edəcək.
Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 10-14.