İki fatehi var indi dünyanın...

 

Rədifin kim pozar Tanrı yazanın?

 

Hər sözdə cəsarət, mərhəmət, inam.

 

İki fatehi var indi dünyanın;

 

Birisi - Ərdoğan, birisi - İlham.

 

 

Sevdim həm keçmişi, həm gələcəyi,

 

Suyundan çəkiblər Dədə Qorquda.

 

Oldular bir canın iki ürəyi,

 

O da Türk övladı, Türk oğlu bu da!

 

 

Onlar elə igid, o cürə sirdaş -

 

Türklərdən, bax, belə ərlər doğulur.

 

İlhamla - Ərdoğan əbədi qardaş,

 

Azadlıq torpaqla - qannan yoğrulur.

 

 

Elə qucaqlaşdı bu iki nəhəng -

 

Tanrı gülümsədi göyün üzündə.

 

Düşmən nəkarədi? - dağ da yenəcək,

 

Kişi dayananda Kişi sözündə!

 

 

Bitdi Qələbəylə hicranın sonu,

 

Xəbərdən bülbüllər gəldilər cuşa.

 

Gənclik illərində görmüşdü onu -

 

Səsindən tanıdı İlhamı Şuşa.

 

 

Əlini çiyninə qoyub oğlunun,

 

Öndər danışırdı - hər sözü almaz!

 

Mən canlı şahidi olmuşdum bunun:

 

"Şuşanı qorusan - Vətən basılmaz!".

 

 

Ellər yaşadacaq xatirələrdə -

 

Dastanlar yazdırar xilaskar oğlu;

 

İlhamı kövrəldən sevinc qəhəri,

 

Hamıda qürurlu göz yaşı oldu...

 

 09.11.2020

 

Vahid ƏZİZ

Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 15.