Onlar bunu bacardılar...

 

Televiziya verilişləri hazırlayarkən arxivə daxil oluram. Köhnə ağ-qara lentlər arasında məni həmişə 2 hadisə daha çox özünə çəkir. Əslində, başqa kadrları axtarıram, lakin bəzən əlimin altındakı çoxsaylı kasetlərin sırasından həmin iki hadisə ötür. Lakin nəyə görəsə ordakı detallar məni onlardan ayırmır. Məhz detallar. Bəzən rejissorun hansısa detalına görə disklər almışam, internet zonasına daxil olmuşam. İnsan münasibətlərində o detallar məni özünə çəkir. Qeyd etdiyim iki hadisədən biri Üzeyir Hacıbəylinin dəfn mərasimidir. İkincisi, 1982-ci ildə Şuşada Vaqif məqbərəsinin açılışı tədbiri.

Hacıbəylinin dəfn mərasimində insanların nəzərlərinə baxıram. Kimisi qəmlidir ki, bir dahi aramızdan getdi. Kimisi narahatdır ki, görəsən, tələbələri onun yolunu davam etdirəcəkmi? Görəsən, Azərbaycanda yenədəmi belə dahi yetişəcək?  Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovun mərasimə qatılması, tabutun yanındakı fəxri qarovulu əvəz etməsi, köhnə kameranın dığıltılı səsi. yaxşı, bunları lentə alıblar.

Gözümü çəkə bilmədiyim ikinci ağ-qara lent Şuşada Vaqif məqbərəsinin açılışıdır. Necə qar yağır, amma Mərkəzi Komitənin birinci katibi necə qarşıda gedir, məqbərənin qarşısında o qarlı gündə necə sevinclə çıxış edir. Bir var tədbirə kameralara görə gülümsəmək, bir var o sevincin içdən gəlişi. Heydər Əliyevin 1982-ci ilin yanvarın 14-də o cür sevinməsinə səbəb vardı. O, torpağın yad əllərə keçməməsi üçün atdığı addımlardan birini Vaqif məqbərəsinin açılışında görmüşdü. Özü bunu incəliklə həyata keçirmişdi.

Aşağıda yazdıqlarım 1979-cu ildə baş verib. "Oqonyok" jurnalının baş redaktoru Safronov Heydər Əliyevə məktub ünvanlayır. O, əslən qarabağlı, atası Bakıda  fəhlə işləmiş, özü isə Yerevanda yaşayan erməni həkim Georgi Ter-Akopovun 5 səhifəlik məktubunu öz məktubuna əlavə edərək Azərbaycan MK-nın birinci katibinə göndərmişdi. Ter-Akopov məktubda yazmışdı ki, "Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız azərbaycanlılar yaşayan hissəsini abadlaşdırır, ermənilər yaşayan rayonlar isə ağır vəziyyətdədir". Akopov niyə birdən-birə məşhur jurnala məktub ünvanlamışdı? Jurnalda SSRİ-nin məşhur jurnalisti Mesxinin imzası ilə oçerk dərc edilmişdi. "Biz Qarabağdanıq" adlı yazıda iki yaşlı erməni sakini müsahibə verərək vilayətin sosial-iqtisadi mədəni həyatındakı uğurlarından bəhs etmişdi. Həmin oçerk Ermənistanın dırnaqarası ziyalıları şovinistləri tərəfindən narazılıqla qarşılanır.

Heydər Əliyev başa düşür ki, Safronova göndərəcəyi məktuba mütləq erməni vəzifə sahibinin məktubu əlavə edilməlidir. Necə deyərlər, düşməni öz millətindən olan şəxsin əli ilə vurmaq siyasəti. O, DQMV-nin birinci katibi Boris Gevorkovdan iqtisadi göstəriciləri istəyir. Gevorkov ermənilər yaşayan rayonların yüksək iqtisadi göstəricilərlə inkişaf etməsinə dair məktub göndərir. H.Əliyev bir erməninin məktubunu öz məktubuna tikərək Safronova göndərir, Ter-Akopovun məktubu dərc edilmir.

Artıq ermənilər 70-ci illərin sonunda yenidən Qarabağın onlara məxsusluğu barədə Kremlə məktublar ünvanlayırdılar. Həmin məktubların bir nüsxəsi Heydər Əliyevə göndərilsə , bəziləri gizlədilərmiş. Lakin sonradan Siyasi Bürodakı dostlar tərəfindən gizlədilmiş məktubları da əldə edərmiş. O, öz növbəsində, tarixçilərimizin hazırladığı faktları Sovet rəhbərliyinin qarşısına qoyarmış.

Əlbəttə, yalan uydurmalara tarixi faktlarla cavab verilirdi. Lakin Heydər Əliyev başqa bir siyasi taktika işlətdi. Molla Pənah Vaqifin qəbrinin abadlaşdırılması, üzərində məqbərənin tikilməsi barədə göstəriş verdi. Siyasi taktikanın unikallığı onda idi ki, Heydər Əliyev əslində üzdə bir Azərbaycan şairinə məqbərə ucaldıldığını əsas gətirmişdi. Dərinlikdə isə Qarabağ xanının vəzirinə məqbərə qoydurmuşdu. Bu ona işarə idi ki, burada Qarabağ xanlığı olub. Rəhbəri azərbaycanlı, vəziri azərbaycanlı. bu məkan ermənilərə məxsus ola bilməz. Diqqətlə fikir verin, Heydər Əliyev Xan qızı Natəvanın da qəbrini sarayını Azərbaycan şairəsi kimi əsas gətirərək təmir etdirmiş, abidəsini qoydurmuşdu. Çünki artıq Qarabağın onlara məxsusluğu barədə ermənilərdən axışan məktubların sayı yüzlərlə ölçülürdü.

1982-ci ilin o qarlı 14 yanvarından sonra məktubların sayı artmağa başladı ki, Heydər Əliyev qəsdən Qarabağ xanının vəzirinə məqbərə ucaltdırıb, Vaqifin adı Sovet ideologiyasının süpürüb atdığı xanlığın nümayəndəsi kimi çəkilməməlidir. Belə olan surətdə Heydər Əliyev fikrini belə əsaslandırmışdı ki, "Vaqif Rusiyanı sevən şəxs olub öz siyasəti ilə Şimal ölkənin himayəsini qəbul edib. Əgər belə olmasaydı, onu edam etməzdilər". Bununla da ikili məna daşıyan taktikasını alındırmağı bacarmışdı. Hətta o vaxt Mərkəzi Televiziyada Vaqifin məqbərəsinin açılışından süjet yayımlananda Vaqifin şairliyi ilə yanaşı, Qarabağ xanının vəziri olmasını da sözarası sızdırmışdı. Necə deyərlər, ox kamandan atılmışdı.

O, hava proznozu vasitəsilə 1982-ci ilin yanvarın 14-də qar yağacağını bilirdi. Dövlət rəhbərləri ölkənin hansısa bölgəsinə səfər edərkən hava proqnozu mütləq nəzərə alınır. Lakin vulkan da püskürsəydi, məqbərənin açılışını təxirə salmayacaqdı. Çünki Kreml hər an öz qərarını dəyişə bilər, açılışı yarıda saxlayardı. Fotolarda onun üzündəki sevincə diqqətlə fikir verin. Bu şadlıq həm siyasi taktikanın təntənəsi idi.

o sevinc 2021-ci ilin avqustunda da yaşandı. Vaqifin qəbri yenidən abadlaşdırılanda, məqbərəsi yenidən ucaldılanda. Həyatda heç təsadüfən baş vermir. Heydər Əliyev məqbərəni 59 yaşında ucaltmışdı, İlham Əliyev həmin yaşda. Rəqəmlər eyni, anlamadığımız mifik düşüncə fərqli. Ancaq bir məsələ tam aydındır ki, onların hər ikisi bunu etməyi bacardılar. Bacarıq isə ancaq möhkəm iradə prinsipiallıqdan keçir.

 

Azər QİSMƏT

Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 17.