Mən
Şuşada yazıram
Doğrusu, Bakıda olanda yazacağım məqalənin
adını "Şuşanın dağları, başı
dumanlı (sız)" qoymağı
düşünürdüm, amma alınmadı. Bunu ona görə fikirləşmişdim
ki, Şuşa iki yüz ildir (onun otuz ili
ermənilərin payına düşür) əsarətdə
idi. Heydər Əliyev Fondu tərəfindən
təklif ediləndə ki, avqust ayının 29-u Vaqif məqbərəsinin
açılışında iştirak edəcəksən, məmnuniyyətlə
razılaşdım. Otuz illik işğaldan sonra
Şuşanı, mənəvi paytaxtımızı, illərdir
içimizi sızladan, dağına-daşına həsrət
qaldığımız bu şəhəri kim
görmək istəmir ki? Bu şəhər
bizim ideologiyamızı və musiqilərimizi dünyaya
çatdıran insanlarımızın ana yurdudur. Bu şəhər zəfərimizin təsdiqidir.
"Şuşa alınmasa qələbəmiz
yarımçıq olar" - belə demişdi 44
günlük müharibə zamanı cənab Prezident.
Doğrudan da, yarımçıq olardı...
Qırx beş illik yazı-pozu fəaliyyətimdə
ilk dəfədir Şuşada oturub yazı yazıram. Şuşada yazı yazmaq. Bu
bilirsinizmi nə deməkdir? Bu, müharibə
sonrası savaşı qələm davam etdirməlidir deməkdir,
etdiririk də. Bu, müstəqil dövlətimizin
müharibədən sonra savaş diplomatiyasının qələbəsidir.
Mən Şuşada yazı yazıram.
Doğrusu, bir az da kövrəldim.
Proqramımız çox zəngindir. Hələlik
yol təəssüratları.
Təbiidir, bunsuz olmaz, iki dəfə koronavirus testindən
keçdikdən sonra Filarmoniyanın həyətindən on
bir mikroavtobus (hər oturacaqda bir nəfər oturmaq şərtilə)
Şuşaya yola düşdü. Bizimlə bir yerdə
Prezident Aparatının Humanitar məsələlər üzrə
şöbə müdiri Fərəh xanımla yanaşı,
Azərbaycanın yaradıcı insanları, elm və ədəbiyyat
adamları Zəfər yoluna uğurlandıq. Qoy onların bir neçəsinin adını
sadalayım. Hörmətli oxucularım
başa düşsünlər ki, Şuşaya doğrudan Azərbaycanın
ictimai-siyasi fikir, bədii ədəbiyyatına təsir edə
biləcək insanlar (vaxtilə 1982-ci ildə Heydər
Əliyev tərəfindən açılışı edilən,
həmin ilin yayında Vaqif Poeziya Günləri keçirildi)
bu dəfə erməni vandallarının
dağıtdığı məqbərənin yenidən bərpasına
toplaşmışdılar. Açılış cənab
Prezident tərəfindən sabah olacaq. Təbiidir
ki, hələ 1982-ci ilin açılışında Heydər
Əliyevlə birlikdə olan Yazıçılar Birliyinin sədri
Anar və onun katibləri Elçin Hüseynbəyli, İlqar
Fəhmi, AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza
da iştirak edəcəkdilər. Daha sonra akademiklər
İsa Həbibbəyli, Nizami Cəfərov, Teymur Kərimli,
keçmiş səfirlər, millət vəkilləri Qənirə
Paşayeva, Aqil Abbas, Fazil Mustafa, Əziz Ələkbərli,
hocam, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq şairi, dəyərli
Nəriman Həsənzadə, Xalq yazıçısı
Mövlud Süleymanlı, qələmlərinə hər
zaman hörmət etdiyim Vilayət Quliyev, Həsən Həsənov,
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər
Turan, tənqidçilər Elnarə Akimova, Vaqif Yusifli, Tehran
Əlişanoğlu, şeirlərinə həmişə
hörmət bəslədiyim və sevdiyim dostum Elçin Mirzəbəyli,
gənc şairlərdən Şəhriyar del Gerani, Fərid
Hüseyn, "525-ci qəzet"dən Yusif Rzayev və
başqaları.
Nə isə, yola düşdük, Şuşaya
doğru.
Vallah iştirakçıların hamısını
yazsam, üç-dörd səhifə olacaq. Odur ki, kimin
adlarını yazmadım, gərək məni
bağışlasınlar. Hamısına
hörmətim olmaqla yanaşı, məqsədim gedənlərin
tam siyahısını vermək deyil. Dəvət
olunanların (bunu xüsusi olaraq qeyd etmək istəyirəm) əksəriyyəti
Azərbaycanın ictimai-siyasi mühitində fərqli fikir
söyləməklərilə həmişə ictimaiyyəti
özlərinə cəlb ediblər.
Yollar, doğrusunu deyim ki, bu yollar ideal vəziyyətdədir. Kürdəmirdən
birinci dərəcəli yoldan ikinci dərəcəli yola
İmişliyə döndük. Yenə də
ideal. Vallah, tərifləmirəm. İllərdir görülən işlər bəhrəsini
verir. Əlbəttə, Ziya Məmmədovsuz.
Çünki...
Şanlı əsgərlərimiz Şuşanı
hansı yolla almışdılarsa, cənab Prezident də həmin
cığırla Zəfər yolu çəkdirdi. Gəldik
çıxdıq Şuşaya, "Xarıbülbül"
otelinə. Sevincimizi, həyəcanımızı,
gərginliyimizi dillə demək mümkün deyildi. Şuşa bizim sehrli gibləgahımız idi
bütün bu işğal illərində. Bu nə möcüzəli sevgi imiş? Hər kəsin üzündən nur, işıq
yağırdı.
Deyəndə ki, mən Şuşada yazıram, bir-iki nəfər
xəfifcə gülümsədi. Sonra bunun mənasına
dərindən vardıqda, ayrı-ayrılıqda məni
çəkdilər qırağa, xahiş etdilər ki,
olarmı bu sözlərin müəllifi mən olum? Qəti şəkildə etiraz etdim. Bunu ona görə yazıram ki, hər kəs nəsə
etmək istəyirdi. Hər kəs
özünü göstərmək istəyirdi. Ona görə yox ki, Heydər Əliyev Fondunun xəttilə
Şuşaya gəlib. Ona görə ki, bu
yaradıcı adamlarda bir nisgil vardı, Şuşa
nisgili. Bu nisgil hər kəsin ruhuna təsir
edirdi. Biz Şuşada təkcə fiziki cəhətdən
gəzmirdik. Arada mənə elə gəlirdi
ki, ruhum buralarda min ildir dolaşır. Hətta
ünlü türkçü şairimiz Elxan Zal səhər-səhər
mənə bir yuxu da danışdı. Onu
burda yazmayacam. Müəlliflik hüququ
onundur. İstəsə, qoy özü
yazsın. Gəlişimizin birinci günü heç kim yatmaq istəmirdi. Bəs nə
bilmişdiniz? Bilirsiniz, Prezidentə, sayın Mehriban
xanıma o qədər deyilməli sözüm vardı? Amma Şuşa giley etmək üçün məkan
deyildi. Sağ olsunlar, bizə bu Şuşa
günlərini yaşatdılarsa, hər ikisinə
böyük eşq olsun! Sadəcə olaraq hər ikisinə
bir cümlə dedim, o da Vaqif Poeziya Günlərinin
açılışından sonra görüşdə
vurğuladım: "Cənab Prezident! Mən
Şuşada yazıram". Bu
yazının birinci hissəsi mətbuatda gedəndə bəziləri
fikrimi təhrif etdi. "Mən
Şuşadan yazıram". Qəti etiraz
etdim. Bildirdim ki, Bakıda da oturub
Şuşadan yaza bilərəm, necə ki, illərdir bunu
etmişəm. Amma mən Şuşada
yazıram. Əsgərlərimizin canı
bahasına, Ali Baş Komandanımızın aldığı
Şuşadayam. Otuz ilin həsrətinə
son qoyuldu. Eşq olsun onlara!
Bu şəhərdə olanda başa düşdüm
ki, bura gələ bilməyənlər niyə giley edirlər? Səhər
altıya işləmiş balkona çıxdım. Şuşadan şam ağacının ətri gəlirdi.
Ciyərdolusu nəfəs aldım. Və
özümdən asılı olmayaraq qışqırdım:
"Sabahın xeyir, Şuşa". Səhərə
qədər yatmadıq. Hamı elə bil
bir ürək idi. Qocaman nəhənglərimiz
İsa Həbibbəyli, Anar, Mövlud Süleymanlı, Rafael
Hüseynov, Elçin (adlarını çəkə bilmədiklərimdən
üzr istəyirəm) sanki biz yaşda idilər. Gənclər, orta yaşlılar, cavanlar hamı bir
yaşda görünürdülər. Prezident
Aparatının şöbə müdiri Fərəh
xanım, Mədəniyyət naziri Anar müəllim çox
səmimi idilər. Elə bil hamı bir
cisim olmuşdu. Əlbəttə, burada
Prezidentin, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanımın bizə yaratdığı şəraitə
görə yalnız şükranlığımızı
bildirirəm. Biz bir cisim idik, 44
günlük Vətən müharibəsində olduğu kimi.
Səhərə
qədər oteldə müxtəlif nəsillərdə
söhbət etdiyim heç yadımdan çıxmaz: Vaqif
Yusifli, Azər Turan, Elnarə Akimova, Elçin Mirzəbəyli,
Elçin Hüseynbəyli, Elxan Zal, Gülhüseyn Kazım
oğlu, Salam Sarvan, Xəyal Rza, Əkbər Qoşalı, Sərvaz
Hüseynoğlu, Şəhriyar, Fərid, Şahanə
Müşfiq, İntiqam, Yaşar və başqaları hərəsi
bir aləm, bir dünya idi. Bilə-bilə rəsmi
çıxışlardan heç nə yazmıram, beyninizi
yormuram. Onsuz da bizim cənab Prezidentin hər
dəfə Şuşada olması ermənilərin olmayan
yuxusunu qaçırır, min hiylə qurmaqda davam edirlər.
Onlar zaman-zaman bütün Qarabağdan rədd
olub gedəcəklər. Biz isə səbrimizlə
daş deşəcəyik. Tədbirin
özü möhtəşəm idi. Ermənilər, deyəsən,
indi başa düşürdülər ki, Prezidentin dediyi kimi:
"Qarabağ sizlik deyil". Biz
addım-addım irəliləyirik. "Qarabağ Azərbaycandır!
Nida. Vəssalam-şüttamam! Şuşa meydanını gəzəndə nəsə
kefim yox idi. Başımda dünya
qarışmışdı. Heykəllərə
atılan güllələr əhvalımı lap pozmuşdu.
Amma, vaxtı ilə fikir babalarımıza da bu
ermənilər güllə atmışdılar. Hətta onlardan biri haqqında pyes yazıb səhnəyə
qoymuş, bezikdirib Türkiyəyə yola
salmışdılar. Bəli, düz
başa düşdünüz. "Difai"
Partiyasının əsasını qoyan, fikirlərini həyata
keçirən 1907-ci ildə bütün əhalinin ümid
yeri olan Əhməd bəy Ağaoğlundan söhbət
gedir. Axı o da Şuşada doğulub.
Dərdimi
dedim. Prezidentin Şuşa üzə
xüsusi nümayəndəsi, bacım Qənirə xanım,
Vilayət Quliyev, Gülhüseyn Kazımoğlu dərhal
reaksiya verdilər. Hətta Qənirə xanım "Bacın
ölməyib ki, indi gedib fikir babalarımıza baş çəkərik"
dedi. Əhməd bəy Ağaoğlu, Mir
Möhsün Nəvvab, Firidun bəy Köçərlinin
yurdlarına baş çəkdik. Hiss etdim ki, fikir
babalarının ruhları bizə göydən
razılıqla baxır. Əlbəttə,
onların, başqalarının yurdlarını sahmanlamaq
lazımdır.
Bu gün rəhmətlik Heydər Əliyev ilə bir
yerdə Şuşanı görmək qismət olmadı. Amma Prezidentin
Şuşadakı çıxışından hiss etdim ki, o,
atasını içində gəzdirir. Hər zaman ondan məsləhət alır,
atasını sevindirir.
Görmədiyimiz
günləri yaşayırıq!
Mən
Şuşada yazıram!
29-31.08.2021,
Şuşa
Yunus Oğuz
Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 19.