Böyük
Qayıdışın ədəbi və əbədi təntənəsi
Azərbaycan
Respublikasının Prezidenti, qalib Ali Baş Komandan kimi
İlham Əliyevin qədim Azərbaycan torpağı olan
Qarabağı erməni işğalından azad etməsi
ölkəmizin çoxəsrlik tarixinin misilsiz və nadir
tarixi hadisəsidir.
Bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata
keçirilməkdə olan Böyük Qayıdış hərəkatının
işığında Molla Pənah Vaqifin erməni qəsbkarları
tərəfindən dağıdılmış məqbərəsinin
əsaslı şəkildə yenidən qurulması ilə
xalqımızla birlikdə Azərbaycan ədəbiyyatının,
milli mədəniyyətimizin və ictimai fikrimizin də
Qarabağa Böyük Qayıdışı hadisəsi
baş verir.
Cənab Prezidentimizin çox dəqiq şəkildə
bəyan etdiyi kimi, ulu öndər Heydər Əliyev sovet
dövründə Qarabağ xanının vəzirinin şərəfinə
məqbərə ucaltmaqla fövqəladə qeyri-adi tarixi bir
missiyanı həyata keçirmişdir. Hesab edirəm ki, Sovet
hakimiyyətinin sərt dövründə ulu öndər Heydər
Əliyevin Molla Pənah Vaqifin məqbərəsini
Qarabağda ucaltması siyasi-tarixi mahiyyəti etibarilə Azərbaycan
Sovet Respublikası rəhbərinin Hüseyn Cavidin nəşinin
Sibirdən Azərbaycana gətirməsi kimi təkraredilməz
tarixi hadisədir.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Qarabağın
işğaldan azad olunması və Molla Pənah Vaqifin məqbərəsinin
yenidən Şuşa şəhərində
əzəmətlə ucaldılması XXI əsrin əfsanəsidir.
Qarabağın 30 ilə yaxın
işğalından sonra düşməndən xilas edilməsi
ölkəmizin sovet ideologiyasının məngənəsindən
qurtarması qədər, hətta xeyli dərəcədə
artıq çətin, məsuliyyətli və şərəfli
xidmət işidir.
Azərbaycan
Respublikasını inkişaf etdirərək möhkəmləndirmək,
Qarabağı 30 ilə yaxın
işğalından sonra azad etmək və Molla Pənah
Vaqifin məqbərəsini yenidən möhtəşəm
şəkildə ucaltmaq XXI əsrdə əfsanələrin
həyata keçirilməsinin mümkünlüyünün
isbat olunması deməkdir.
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyev XXI əsrdə əfsanələri gerçəkləşdirən
qüdrətli dövlət xadimidir.
Sovet
hakimiyyəti illərində ulu öndər Heydər
Əliyevin çoxmillətli tərkibə malik olan
Qarabağın dağlıq hissəsində, Şuşa
şəhərində Molla Pənah Vaqifə
ucaltdığı əzəmətli məqbərə
möhtəşəm azərbaycançılıq abidəsidir.
Prezident
İlham Əliyevin müstəqillik dövründə ermənilər
tərəfindən vəhşicəsinə
dağıdılmış Molla Pənah Vaqifin məqbərəsini
böyük memarlıq əsəri kimi Şuşa
şəhərində bərpa etməsi işğaldan azad
edilmiş Qarabağ torpağının Azərbaycan
möhürüdür.
Molla Pənah
Vaqifin ölməz sənəti əbədi olduğu kimi,
Molla Pənah Vaqifə Şuşada ucaldılmış məqbərə
də azərbaycanlıların özlərinin doğma
torpaqlarına əbədi qayıdışının rəmzidir.
Molla Pənah Vaqifin yenidən ucaldılmış məqbərəsi
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla həyata keçirməkdə olan Böyük
Qayıdışın dönməzliyinin paroludur.
Molla Pənah Vaqifin məqbərəsi Azərbaycan ədəbiyyatı
və incəsənətinin əsas beşiyi və
mühüm inkişaf mərkəzlərindən olan
Qarabağda ucaldılmış ədəbiyyat heykəlidir. Dünyanın
heç bir ölkəsində ədəbiyyata və incəsənətə
Molla Pənah Vaqifin məqbərəsi səviyyəsində
böyük sənət abidəsi
ucaldılmamışdır.
Vaqif
Poeziya Günləri - Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
böyük hesabat və təntənəsidir.
Vaqif
Poeziya Günləri - ədəbiyyatın və incəsənətin,
Qarabağın daha böyük inkişafa və parlaq gələcəyə
çağırışlarının şeir dili ilə
ifadə olunmuş direktivləridir.
Böyük Qayıdış ilinin Vaqif Poeziya Günləri
yalnız mühüm ədəbiyyat tədbiri olmayıb, həm
də mühüm ictimai-siyasi hadisədir.
Dahi
Üzeyir Hacıbəylinin, xan qızı Natəvanın, məşhur
xanəndə Bülbülün gülləbaran edilmiş
heykəllərinin 30 ildən sonra yenidən Şuşaya,
öz əzəli yerlərinə qaytarılması Azərbaycan xalqının və
onun liderinin məğlubedilməzliyinin rəmzidir.
Bu il
Cıdır düzündə qalib Ali Baş Komandan İlham
Əliyev tərəfindən Novruz tonqalının
alovlandırılması milli mənəvi dəyərlərimizin,
Azıx mağarasına yol açılması qədim
tariximizin, Molla Pənah Vaqifin məqbərəsinə
Şuşa şəhərində yeni həyat verilməsi isə
zəngin ədəbiyyatımızın və incəsənətimizin
xalqımıza Böyük Qayıdışının əfsanəsi
yox, gerçək reallığıdır.
Nizami Gəncəvi
ilində Şuşa şəhərində
Molla Pənah Vaqif Poeziya Günlərinin keçirilməsi
ölkəmizdə müdrik sözə, böyük sənətə
və qüdrətli sənətkarlara dövlət səviyyəsində
göstərilən böyük qayğının növbəti
əməli təntənəsidir.
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında Məhəmməd
Füzulidən sonrakı və Mirzə Fətəli Axundovdan
əvvəlki dövrün ən böyük sənət zirvəsidir.
Erkən
realizmin banisi olan, yeni realist şeir məktəbi yaradan Molla Pənah
Vaqifin heca vəzni üstündə köklənmiş zəngin
yaradıcılığı Qarabağın timsalında
geniş mənada Azərbaycanın "abu-həyatı"nın poeziyasıdır.
Azərbaycan ədəbiyyatında ümumi şəkildə
tərənnüm olunan Vətən və doğma torpaq
anlayışlarına Molla Pənah Vaqif xalq həyatı və
ölkə coğrafiyası səviyyəsində həyatilik
və konkretlik gətirmişdir.
Azərbaycan yaradıcı ziyalılarının Molla Pənah
Vaqifin məqbərəsi önündə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ətrafında
birləşməsi ölkəmizdə formalaşmış
möhtəşəm birliyin canlı təcəssümüdür.
Vaqif
Poeziya Günləri - Qarabağa Böyük
Qayıdışın möhtəşəm
başlanğıcı, mühüm start nöqtəsidir.
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 22.