"Bu
günləri görəcəyimi, Zəfər yolu ilə
Şuşaya qayıdacağımı
düşünmürdüm"
Bu
yaxınlarda mədəniyyət paytaxtını ziyarət edən
sabiq səfir sonuncu dəfə Şuşaya 1990-cı ilin
oktyabrında getdiyini söyləyib:
Şuşanın
işğalına hələ il yarım
qalsa da, şəhərdə hökm sürən
inamsızlıq əhval-ruhiyyəsini görməmək
mümkün deyildi. O zaman söhbət etməyə imkan
tapdığım bütün adamlar taleyin ümidinə
buraxılmalarından şikayətlənirdi. 1987-ci ildə
sonuncu dəfə Ümumittifaq formatında keçirilən Vaqif poeziya
günlərində gördüyüm səs-küylü,
şən, hər guşəsindən musiqi, muğamat
eşidilən, hər addımda gülərüz, mehriban
adamlar gördüyüm qeyri-adi şəhərdən əsər-əlamət
qalmamışdı. Məğlubiyyət fikrini yaxın qoymaq
istəməsəm də, yadımdadır ki, 31 il əvvəl Şuşanı narahatlıq və
nigaranlıq içində tərk etdim.
Ayrılığın
ardınca 30 illik Şuşa niskili,
Şuşa kədəri... Şuşanı qoruya bilmədiyimiz
üçün çəkilən üzüntülər, qəm-qüssə
və ağrıdıcı təəssüf hissi...
Şuşa ilə bağlı həyata keçirmək
istədiyim bir arzum vardı. Xalqımızın
Şuşanı mütləq geri qaytaracağına
inanırdım. Amma bu günləri
görəcəyimə, Zəfər yolu ilə düşmən
tapdağından xilas edilmiş Şuşaya qayıda biləcəyimi
düşünmürdüm. Arzuların həqiqətə
çevrildiyi günü yaşadıq. Azərbaycan
xalqının, Azərbaycan əsgərinin, Ali Baş
Komandanın müstəsna hünəri, şücaəti sayəsində
Məkkəmiz, Mədinəmiz, Qüdsümüz olan
Şuşanı yağı düşməndən geri
aldıq. Bir insanın, bir nəslin həyatında bundan
daha xoşbəxt gün ola bilməz. Taleyimə minnətdaram ki, yüz minlərlə
soydaşım kimi mən də bu xoşbəxtliyi
yaşadım.
2012-ci ildə Şuşanın Ermənistan ordusu tərəfindən
işğalının 20 illiyi münasibəti ilə
Macarıstanda, Macar Poçtu xətti ilə tariximizin bu faciəvi
səhnəsi ilə bağlı xatirə markası
buraxmışdıq. Onu ölkəmizdə və dünya
miqyasında geniş yaysaq da, 00001 saylısını azad
Şuşaya aparmaq niyyəti ilə özümdə
saxlamışdım. Onu Şuşada,
Prezidentin səlahiyyətli nümayəndəsi Aydın
müəllimə təqdim edəndə arzumun çin
olmasından sonsuz dərəcə də fərəh hissi
duydum.
Şuşada gördüklərimin təəssüratı
altında ölkəmizin mədəniyyət paytaxtı elan
olunan və addım-addım paytaxta çevrilən
Şuşadan sarsılmaz inamla geri döndüm. Şuşada,
Qarabağda, bütün ölkə miqyasında
arzularımız çin olacaq. Çünki
biz qalib xalqıq. Bu qələbənin ən
böyük simvolu Şuşadır.
Vilayət QULİYEV
Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 23.