Şuşa
Ömrümdə,
bu yaşımacan
iki dəfə Şuşaya getmək istəyim
olub. 1973-cü ildə, kənddə müəllim işləyirdim,
mənə rayon maarif şöbəsinin həmkarlar
ittifaqından putyovka verdilər ki, get, yay
istirahətini Şuşada keçir. Amma gedə
bilmədim, xəstələndim. 1984-cü ildə,
"Azərbaycan" jurnalı "Qarabağ səhifəsi"
hazırlayırdı, mən də jurnalın bir əməkdaşı
kimi o dəstədə idim, Füzulidə, Ağdamda oldum,
çox kəndləri gəzdim, əmək adamları ilə
görüşdüm, bu iki rayonun ədəbi-mədəni həyatı
ilə tanış oldum, amma yenə Şuşaya gedə bilmədim,
təcili Bakıya çağırdılar.
Əslində,
Şuşaya getməsəm də, Azərbaycanın təriflərə
sığmayan bu gözəl məkanında olmasam da, Şuşa mənim içimdə idi.
"Qarabağnamələr"i oxumuşdum, bədii və sənədli
əsərlərdə Şuşa və
şuşalıların obrazları ilə tanış
olmuşdum, onun qədim abidələri, Vaqifin, Natəvanın
gəzdiyi yerləri xəyalən mən də gəzmişdim.
Bu Musiqi konservatoriyasının tarixinə bələd idim:
başda Üzeyir bəy olmaqla
Hacı Hüsü, Sadıqcan, Məşədi İsi,
Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd,
Segah İslam, Zülfü Adıgözəlov, Bülbül,
Qurban Pirimiov, Seyid Şuşinski, Xan Şuşinski kimi ölməz
musiqi dühalarının yaradıcılığına bələd
idim. Ədəbi yaddaşıma həkk olunan
"Məclisi-üns" və "Məclisi-fəramuşan"
şairlər məclisi üzvlərinin
yaradıcılığını izləmişdim. Və
belə bir qənaətə gəlmişdim ki, Şuşa
şeir-sənət məkanı nəinki Azərbaycanın,
nəinki Şərqin, hətta dünya mədəniyyətinin
bənzərsiz bir parçasıdır.
Amma oxumaq, məlumat əldə etmək, bilgilənmək
başqa, Şuşanı görmək, romantik
duyğularını reallığa çevirmək başqa. Nəhayət,
mənə də qismət oldu ki, Vaqif Poeziya Günlərində
iştirak edim. Amma çətindir 29-31
avqust günlərində Şuşada keçirdiyim o gözəl
anlar, hətta dəqiqələr haqqında təəssüratlarımı
dolğunluğu ilə ifadə etmək. Buna
azacıq cəhd edəcəyəm. Şuşa,
əgər belə demək mümkünsə, qənirsiz bir
gözələ bənzəyir. Necə ki, klassik
poeziyada və aşıq şeirində gözəlin tərifi
bitmir-tükənmir, Şuşa gözəli
də elə.
Mənim doğulduğum Masallı rayonunun Ərkivan kəndində
adı Vaqif qoyulan ilk adamlardan biriyəm. Səməd
Vurğunun "Vaqif" pyesinin təsiri, şöhrəti o
dərəcəyə çatmışdı ki, Azərbaycanın
bütün kəndləri və şəhərlərində
yeni doğulan oğlan uşaqlarına Vaqif adını qoyurdular.
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatının
ən parlaq simalarından biridir. Onun poeziyası təkcə
bir şairin mənəvi aləmi deyil, həm də estetik
fikrimizin güzgüsüdür. Şuşa
deyəndə, onun tarixini izləyəndə yada düşən
ilk şəxslərdən biri Vaqifdir. Şair-diplomat,
ictimai xadim Vaqif... Onun şərəfinə
ucaldılan məqbərə, həm də Azərbaycan
poeziyasının şərəfinə ucaldılan bir abidədir.
Ulu öndər Heydər Əliyevin 1982-ci ilin 14
yanvarında - o soyuq qış günündə -
Şuşada Vaqifin şərəfinə keçirdiyi o təntənəli
mərasim Vaqif Poeziya Günlərinin stimuluna çevrildi.
Şuşa öz ədəbi ənənələrinin
yeni bir dövrünə qədəm qoydu. Amma erməni vandalları, bütün tarix boyu bizə
düşmənçilik edən, insan olmayan ermənilər
Şuşanı da, Vaqifin məqbərəsini də
dağıtdılar.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Vaqif
Poeziya Günlərinin açılışında dedi ki, Şuşa heç bir vaxt əyilmədi,
sınmadı, öz qürurunu saxladı. Hörmətli
Prezidentin təmirdən sonra Vaqif məqbərəsi
önündəki çıxışı Şuşaya və
oraya toplaşan Azərbaycan ziyalılarına bir qətiyyət,
bir əminlik çağırışı idi. Heydər
Əliyev Fondunun, onun prezidenti Mehriban xanımın Şuşa ilə bağlı
gördüyü işlər isə göz qabağında
idi. Şuşa öz tarixinin, əgər belə
demək mümkünsə, pleyada mərhəsinə qədəm
qoyur. Doğrudur, hələ görülməli çox
işlər var, Şuşanın dünyanın ən gözəl
şəhərlərindən birinə çevriləcəyinə
heç bir şübhə yoxdur... Amma Şuşa
elə bu görkəmdə də cazibəlidir.
Biz incəsənət
adamları böyük bir heyranlıqla Şuşanın əlçatmaz
qayalarını (Azərbaycan igidlərinin o qayaları aşıb
düşmənlərə qan uddurduqlarını unutmuruq,
Şuşada həlak olan şəhidlərimizi də, qazilərimizi
də unutmuruq), tarixi abidələrini (onların bərpa
edilib öz əvvəlki görkəminə çox tezliklə
qayıdacağına da inanırıq), muzeylərini, təzə
tikililərini ("Qarabağ" otelini və s.),
Cıdır düzünü, Üzeyirin, Natəvanın,
Bülbülün heykəllərini, bir sözlə, tarixi və
real, təbii Şuşa mənzərələrini
qarış-qarış gəzdik. Şuşa mənim
içimdəki, ruhumdakı Şuşa ilə
qovuşdu.
Mən Şuşanın axşamlarını da seyr
etdim. Xan əminin
oxuduğu mahnını xatırladım: "Şuşada
axşamlar yanan ulduzlar"... Bir də Məmməd Arazın
"Şuşada bir gecə" şeirini...
Gecənin
qoynunda yanır dağ şəhər,
Fəzadan asılı, çilçıraq şəhər.
Dağlar
öz ovcunda yandırıb onu,
Ulduzlar qoynuna qaldırıb onu.
Bu dağlar vüqarı, bu dağlar gücü.
Bu gecə
kəşf etdim bir Şuşa
bürcü
Bir Şuşa bürcü, tamaşa bürcü.
Vaqif Poeziya Günlərində
müasir Azərbaycan şeirinin şanlı qələbəmizlə,
şəhidlərimizin və qazilərimizin igidliyilə,
Qarabağımızın və Şuşamızın tərənnümü
ilə bağlı şeirlərini də dinlədik. Və
hiss etdik ki, müasir Azərbaycan poeziyası işğal
dövründəki təbii sıxıntılardan, pessimizmdən
xilas olur, indi qələbədən doğan sevinci, yüksək
əhval-ruhiyyəni, nikbinliyi öz sinirinə çəkir.
Bakıdan Şuşaya yol alanda və Şuşadan
Bakıya geri qayıdanda mənim ürəyimi sıxan vaxtilə
işğal olunmuş ərazilərdə və elə
Şuşanın özündə
dağıdılmış, xarabalığa çevrilmiş
evlər oldu.
Amma bəlkə bir il sonra Şuşaya
növbəti dəfə gəlsəm, başqa, ürəkaçan
bir mənzərə ilə rastlaşacağıma heç
bir şübhəm yoxdur.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2021.- 4 sentyabr. S. 24.